')

Bu gün:


FutbolPress.Az | Yunis Hüseynov: “Elə keçmişi olan futbolçu Azərbaycana baxışa gəlməz” (MÜSAHİBƏ)

Yunis Hüseynov: “Elə keçmişi olan futbolçu Azərbaycana baxışa gəlməz” (MÜSAHİBƏ)


oxunma sayı: 1628 Paylaş:

FutbolPress“Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun “FutbolPress”ə müsahibəsi...

- Hazırlıq necə gedir?
- Normal gedir. Hər hansı şikayətim yoxdur. Futbolçuların çoxundan razıyam. Özlərini yaxşı tərəfdən göstərirlər. Belə bir problemimiz yoxdur.

- Məşqləriniz neçə futbolçu ilə davam edir?
- Dario Federiko ilə bir yerdə 19 futbolçudur. İki oyunçumuz U-21 millisindədir. Bir futbolçu gələcək baxışa. Ukraynalı mərkəz müdafiəçisidir. 30 yaşı var. 3 futbolçu ilə də danışmışıq. Onlar da baxışa gələcəklər.

- Ümumiyyətlə, bundan sonra neçə futbolçu cəlb etmək istəyirsiz?
- Bundan sonra iki futbolçu gətirmək fikrimiz var. İkisi də legionerdir. Artıq yerli futbolçu transferi olmayacaq. Gələnlərin biri hücumçu, digəri də arxa xətt oyunçusu olacaq.

- Yoldaşlıq oyunları ilə bağlı planda dəyişiklik yoxdur ki?
- Xeyr. İlk oyunumuz “Vitorul”a qarşıdı. Anlaşılmazlıq olub və oyunu səhər saat 11-ə salıblar. Əfsuslar olsun ki, belə bir vaxtda oynayırıq. Amma digər oyunları saat 4-5-də keçirəcəyik.  Ayın 25-də Cənubi Koreya klubu “Daejeon Citizen”lə, sonra 28-də Polşa “Yagelloniya”sı ilə qarşılaşacağıq. Axırıncı oyunumuz yanvarın 31-də Serbiyanın “Spartak” klubuna qarşı olacaq. Bir də ola bilsin ki, fevralın 2-də daha bir oyun keçirək. Çünki həmin gün axşamtərəfi qayıdırıq Bakıya. Alınsa, günün birinci yarısı yoxlama oyunu keçirə bilərik.

- Rəqib varmı həmin gün üçün?
- Rəqib var, danışmışıq. Vyana “Qarabağ”ıdı. Belə bir fikrimiz var. Ancaq hələ dəqiq bilinmir.

- Çoxları sizin “Kəpəz”i zirzəmidən çıxaracağınıza inanır. Ancaq söz-söhbətlər də səngimir. Çoxlu futbolçunun gətirilməsi, heyətdə bu qədər dəyişikliklərin olması birmənalı qarşılanmır. Buna münasibətinizi bilmək istərdik...
- Biz Bakıda İdman Akademiyasının stadionunda məşq edəndə də mən jurnalistlərə demişdim ki, baxın, görün, komandada baxışda olan legioner varmı? Belə yazıların olduğunu bilirəm. Mən gələndən 4 legionerlə müqavilə bağlamışıq: Dario Federiko, Dieqo Souza, Giuli Manjqaladze və Sergey Litovçenko. Bunlardan başqa bizdə “Mançester Siti”də oynamış Aleks Nimeli baxışda oldu. Onun CV-sinə baxsaz, belə keçmişi olan futbolçu Azərbaycana baxışa gəlməz. O, “Mançester Siti”, “Midlsbro” kimi komandalarda oynayıb. Yaşı da az idi, cəmi 26. Amma ayağında zədə oldu deyə göndərdik. Nimeli bizimlə cəmi 3 gün bir yerdə oldu. O, kollektivimizə elə öyrəşmişdi ki, indi zədəsini müalicə edib, yenidən baxışa gəlmək istəyir. Mən də demişəm, gəlsin.

- Deməli, çox ciddi zədə deyildi...
- Yox. Amma vaxt aparan prosesdir. Ayağında ağrı var. Ola bilsin, 1 aya özünə gələr. Bu da bizə sərf eləmir. Mənə hazır futbolçu lazımdır. Çünki yaya qədər oynamalıdır. İndi o, İngiltərədə zədəsini müalicə edib. Deyir, özümə güvənirəm və gəlib oynamaq istəyirəm. Mən də dedim ki, gəlsin. Böyük ehtimalla, yenə onu yoxlayacağıq.

- Belə çıxır ki, o informasiyalar həqiqəti əks etdirmir...
- Əlbəttə ki, etdirmir. Olmayan şeyi gərək deməsinlər də.

- Siz komandaya gələndə qarşınıza bu mövsüm üçün hansısa konkret məqsəd qoyulubmu?
- Bu mövsüm üçün bir məqsədimiz yoxdur. Əsas işimiz yaxşı bir komanda yaratmaqdır. Bu mövsümün bitiminə qədər mübariz komanda formalaşdırmaq istəyirik. Yəni meydana çıxanda görünsün ki, bəli, yaxşı bir komanda mübarizə aparır. Fikrimizdə budur. Amma yaydan sonrakı planlarımız böyükdür. Bunu oturub analiz etməliyik. Lap yaxşı komanda qurmalıyıq yaydan sonra. Əminəm ki, bunu edə biləcəyik.

- Komandanın güclənməsi üçün yaxşı futbolçular gətirilməlidir. Bəs arzularla klubun imkanları uyğun gəlirmi, əl-qol aça bilirsizmi?
- Əl-qol açırıq. Amma yaydan sonra daha yaxşı əl-qol açacağıq. İndi qış fasiləsidi. Elə futbolçular var ki, onları gətirmək mümkün deyil. Hamısının müqaviləsi var. Bəzi futbolçuları icarəyə götürmək istəyirdik, onları da buraxmadılar. Yaya kimi bizə kömək etmələrini istəyirdik. Klublar müqavilələrinə görə imkan varmədilər. Ancaq yayda mənim fikrimdə olan bir çox futbolçunun müqaviləsi bitəcək. Onlarla danışıq aparıb, çalışacağıq ki, razı salaq və komandamıza gətirək.

- Buyaxınlarda AFFA prezidenti Rövnəq Abdullayev bildirdi ki, Premyer Liqanın sonuncusu çempionatı tərk edəcək. Hazırda bu pillədə “Kəpəz”dir. Necə fikirləşirsiz, bu vəziyyəti düzəltmək olarmı?
- Bizim əsas məqsədimiz də budur ki, sonuncu pilləni tərk edək. Bu dəqiqə biz 3-4-cü yerə iddia edə bilmərik. Əsas fikrimizi axırıncı yerdən qurtulmağa yönəltmişik.


oxunma sayı: 1628 | Paylaş:




?>