')

Bu gün:


FutbolPress.Az | Zaur Axundovun qisas arzusu (QEYD)

Zaur Axundovun qisas arzusu (QEYD)


oxunma sayı: 1249 Paylaş:

FutbolPressRauf Əliyevin “Keşlə”yə qayıdışı düyünə düşüb. Tərəflər müqavilə müddətində razılığa gələ bilmir.

Sabiq “bankirlər”in dünən “Neftçi”ylə yoxlama oyununun fasiləsində jurnalistlərə açıqlamasında klub prezidenti Zaur Axundov da bu barədə bildirdi. Onun sözlərinə görə, “Keşlə” futbolçu ilə ilyarımlıq, Rauf isə yarımillik müqavilə istəyir. Klub Əliyevin təklifi ilə heç cür razılaşa bilməz. Çünki onların da öz planları var və hər oyunçunun dediyi ilə oturub-durmaları düzgün deyil.

Bu, “Keşlə” ilə Rauf Əliyəv arasında ilk müqavilə problemi deyil. Mövsümdən öncə futbolçu Albaniya “Kukesi”sinə keçərkən də tərəflər arasında anlaşılmazlıq yaranmışdı. Həmin zaman “Keşlə” Raufu buraxmaq istəmir, futbolçu isə getmək üçün əlindən gələni edirdi. Ardınca hər iki tərəf özünü haqlı göstərən müqaviləni ortaya çıxardı və nəticədə Rauf Albaniyaya yollandı.

Orda üzləşdiyi və ictimaiyyətə hələ tam məlum olmayan problemlərə görə Əliyev 4 ay sonra geri qayıtdı. Mövsümdən əvvəl “Keşlə” ilə Avropa Liqasında çıxış etdiyi üçün UEFA qaydalarına görə onun üçüncü kluba keçməsi mümkün deyil. İndi o, ya sabiq klubuna qayıtmalı, ya da yaz-payız sistemiylə keçirilən çempionata üz tutmalıdı.

İkinci variantı ümumiyyətlə özünə yaxın buraxmaq istəməyən Əliyev problemlərlə ayrıldığı “Keşlə”yə qayıtmağı daha üstün tutur. Burda isə heç bir tərəf öz ambisiyasından əl çəkmək istəmir. Futbolçunun məqsədi çox sadədi: yaya qədər futbolsuz qalmamaq üçün bir klubda çıxış etmək, ondan sonra başqa komandaya keçmək.

Zaur Axundov da çox gözəl anlayır ki, Rauf Əliyevin “Keşlə”yə qayıtmaqdan başqa yolu yoxdu. Bu həm də yayda baş verən qalmaqalın qisasını almaq üçün ən yaxşı fürsətdi. Rauf klubdan elə adi şəkildə ayrılmamışdı ki, bu inciklik belə tezliklə aradan qalxsın. Həmin zaman hüququn qarşısında gücsüz qalan Axundov indi Əliyevin qaydalar önündə zəifliyindən yararlanmaq istəyir.

Əgər belə olmasaydı, yeni cəlb olunan futbolçularla 5 aylıq müqavilə bağlayan klub Rauf məsələsində bu qədər israr etməzdi. Təsəvvür edin, hətta təzə baş məşqçiylə də mövsümün sonuna qədər sözləşmə imzalanıb. Təkcə Rauf Əliyev məsələsində “Keşlə” belə kəskin mövqe tutur. Üstəlik onun ölkənin bəlkə də ən yaxşı hücumçusu olduğunu, milliyə namizəd sayıldığını bilə-bilə. Deməli, burda klubun planlarından əlavə həm də şəxsi problemlər rol oynayır.

Axundov müsahibəsində xüsusi şövqlə qeyd edir ki, biz Raufa deməmişik, o bizə ağız açıb. Burdan da göründüyü kimi, Zaur bəy nə qədər təmkinli görünməyə çalışsa da, mövqeyi şəxsi ambisiya tonundan fərqlənmir. Belə yanaşma olmaz. Nə fərqi var, futbolçu ağız açdı, ya siz dediz? Oyunçu müraciət edibsə, o deməkdi ki, bütün istəklərinizi yerinə yetirməlidi?

O da ayrı məsələ ki, buna qədər ölkə futbolunda analoji halın yaşanmasına dair nümunə göstərmək demək olar, mümkün deyil. Konkret bu situasiyada digər bütün futbolçularla razılığa gəlməyi bacaran “Keşlə” rəhbərliyi təkcə "Rauf Əliyevin dediyi ilə oturub-dura" bilmir.

Rauf transfer qadağası olan dövrdə “Keşlə”ni qoyub gedərkən Axundov bunun insanlığa sığan hərəkət olmadığını demişdi. Həmin məntiqlə kiminsə zəifliyindən yararlanmaq nəyə görə etik sayılmalıdı?

Komanda qış hazırlığının əsas hissəsi üçün yanvarın 21-də Türkiyəyə yollanacaq. Buna isə o qədər də çox qalmayıb. Həmin vaxta kimi razılıq əldə olunmalıdı. Əgər bu baş verməsə, böyük ehtimalla mövsümün sonuna qədər Rauf futboldan uzaq qalmalı olacaq. Son açıqlamalarında özü də 4-5 ay futbolsuz qalacağını inkar etmir. Hər halda yaxın günlərdə Raufun geri addım, yaxud karyerasını təhlükəyə atdığını biləcəyik.

"FutbolPress"



oxunma sayı: 1249 | Paylaş:




?>