')

Bu gün:


FutbolPress.Az | “Kəpəz”də mənimsənən 320 min və bəxti gətirən baş katib (QEYD)

“Kəpəz”də mənimsənən 320 min və bəxti gətirən baş katib (QEYD)


oxunma sayı: 1181 Paylaş:

FutbolPressÖtən ilin 30 oktyabrında AFFA-nın rəsmi saytında şok effekti yaradan informasiya çıxdı. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələndiricisi Mikayıl Nərimanoğlu "Kəpəz”in Müşahidə Şurasındakı təmsilçilikdən geri çağırıldı. Eyni vaxtda qurumdakı vəzifəsindən məhrum edildi.

"Nə baş verir?" deyə ətraf çaşqınlıq içindəykən kələfin ucu görünməyə başladı. "Kəpəz"də maliyyə maxinasiyası şübhəsi ilə təcili audit yoxlaması başlamış, şübhələr təsdiqini tapmışdı.

Bəs təcili yoxlamaya səbəb nə olub? Buna birazdan qayıdacağıq.

Məsələnin ört-basdır edilməsinə çalışan AFFA-nın baş katibi Elxan Məmmədovun performansı şübhə yaradırdı və yaratmaqda davam edir. Sizə bu istiqamətdə bəzi bilgilərimizi çatdırırıq.

AFFA-nın İcraiyyə Komitəsinin son iclasından sonra Rövnəq Abdullayev bu haqda suala belə cavab vermişdi: "Kəpəz"də nə qədər mənimsənilibsə, o pullar geri qaytarılıb".

Nə qədər?

Bizim əldə etdiyimiz məlumata görə, 320 min manat.

2017-ci ilin oktyabrınadək AFFA-dan "Kəpəz"çün ayrılan maliyyədən bu qədər mənimsəməyə Mikayıl Nərimanoğlu təkbaşına risk edərdi? Qətiyyən!

Bəs bunlar necə baş verib?

Xatırlayırsınızsa, həmin ərəfələrdə "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin aylıq məvacibinin 10500 manat olduğu, ancaq ona 7500-nün çatdığı haqda xəbərlər də vardı.

Əvvəlcə bütün tərəflər bu tip informasiyaları təkzib etsələr də, sonradan klubun mühasibi məsələni açıb-ağartdı. Təkcə Diniyevin adına mənimsənilən 4 min manat. Bu şəbəkənin qurduğu sistemdə müxtəlif xərclərin üstündən belə mənimsəmələr edilirmiş. Ümumi məbləğ aylıq 36 min manata çatırmış.

Bunun da 8 mini Mikayıl Nərimanoğluya çatır, yerdə qalanı - 28 mini isə VÖEN-siz açılan bir hesaba yatırılırmış. Proseslərdən məlumatlı olan mənbə bildirir ki, sözügedən hesab hər ay yenilənirmiş. Yəni bir dəfə pul köçürülən hesabdan bir daha istifadə edilmir, növbəti ay məbləğ yeni açılan VÖEN-siz hesaba köçürülürmüş. 

Bəs o pullar hara gedirdi? Bu suala yalnız audit aydınlıq gətirə bilərdi, ancaq onlar da buna nail ola bilməyib. Səbəbini izah edəcəyik.

Yuxarıda qeyd etdiyimiz məqama bir də qayıdaq. Təkrarən xatırladaq ki, Mikayıl Nərimanoğlunun "Kəpəz"dəki maliyyə mənimsəmələri səbəbindən postundan qovulmasından sonra mətbuatda da, ictimaiyyətdə də çaşqınlıq yarandı. Birdən-birə nə oldu axı? Məlum olanda ki, qərar nəyə əsaslanır, belədə Nərimanoğlunun taleyinin nə olacağı əsas suala çevrildi.

Baş katib onun qovulmadığını bildirdi. Daha sonra vəzifəsinin dəyişdirildiyini iddia elədi. Ancaq araşdırmalar, ifşalar davam etdikcə baş katib artıq Nərimanoğlunu müdafiə edə bilmədi və söhbətin məğzini başqa istiqamətə yönəltdi. Guya AFFA ayıqdır, daim mənfi hallara qarşı mübarizədədir, bu ifşa da onlardan biri.

Bəs baş katibi nə məcbur edirdi ki, ifşa edilmiş Nərimanoğlunu müdafiə etsin? Mənbənin dedikləri: "Xatırlayırsızsa, Mikayıl bəyin "Kəpəz"dəki təmsilçilikdən geri qaytarılması, eyni zamanda AFFA-dakı postundan istefaya göndərilməsi sürətlə baş verdi. O, əvvəlcə çaşqınlıq içində - susmağa qərar verdi. Elxan Məmmədov Nərimanoğluya söz vermişdi ki, heç nə deməsə, ona yeni vəzifə veriləcək. Məmmədov elə bilirdi ki, bu məsələ şişməyəcək, ört-basdır edəcəklər, beləcə Mikayıl da yenidən hansısa vəzifəyə təyin ediləcək. Ancaq bir keçə KİV dayanmadan bu haqda yazdı. SOCAR ciddi araşdırmalara başladı. Məlum oldu ki, Nərimanoğluya cinayət işi açıla bilər. Ancaq bunu etmədilər. Şərt qoyuldu ki, mənimsənilən məbləğ geri qaytarılsın. Belədə Mikayıl Elxan Məmmədova deyir ki, 320 mini hardan tapım, məni xilas edin. Məmmədov müdaxilə etməsə, güman ki, Nərimanoğlu da nələrisə açıb ortaya qoya bilərdi. 320 min manat geri qaytarılır. Bu iş kağız-kuğuzla elə düz-qoş edilir ki, guya heç Nərimanoğlu mənimsəməyib. Adama sual edərlər, 320 min manat bunadək harda idi ki, birdən-birə çıxdı ortaya?"

Doğrudan da, mənimsəmə faktı təsdiq olundu, Nərimanoğluya bütün pulların geri qaytarılması şərti qoyuldu və o pulların əksəri qaytarıldı. Bir az qəribə görünmürmü? Görünür. Yuxarıda qeyd etdiyimiz 28 min manat VÖEN-siz hesaba köçürülürdü -  həmin pullardır. O pullar hara, niyə köçürülürdü, yəqin audit bu suala cavab axtararkən, "vergi məsələləri" bəhanə gətirilərək ört-basdır edilib. Məsələnin düyün və şübhə nöqtəsi də məhz həmin hesabdır. O hesab kimin ola bilərdi?

İllər əvvəl ikili kartlar məsələsinə görə SOCAR auditinin  nəticəsində ifşa edilən AFFA-nın baş mühasibi Yusif Həmidov da bu qədər işi təkbaşına etdi, baş katibin xəbəri olmadı? Belə hallar tez-tez təkrarlanırsa, baş katib necə təmiz ola bilir?

Əslində təmiz olmadığı, şəbəkənin başında onun dayandığı bu olaylarda bəlli oldu. Ancaq AFFA-da adı "ağıllı adam" qoyulan baş katibin bu prosesdə də sayıq tərpənməsi, həm də bir az bəxti xeyrinə işləyib.

Belə ki, SOCAR-dan AFFA-ya maliyyənin ayrılmasına məsul vitse-prezident Mikayıl İsmayılovun "Kəpəz"dəki maliyyə maxinasiyalarında baş katibin də rolunun olduğu haqda məlumatlandırılmasından sonra araşdırma göstərişi verilib. Fakt aşkarlanarsa, baş katib də Mikayıl bəyin taleyini yaşayacaqmış.

Ancaq baş katibə çatacaq aylıq 28 min manat  VÖEN-siz hesaba oturulmadan araşdırma başlayıb. Mənbə bildirir ki, yoxlama bir gün tez başlasaydı, baş katib "ilişəcəkdi"

Görünən odur ki, hansısa qüvvələr baş katibin qurduğu şəbəkəni (bu haqda da qeydlərimiz olacaq) qarabaqara izləyir və məqam gözləyir.

Elçin Cəlilov



oxunma sayı: 1181 | Paylaş:




?>