Bu gün:


FutbolPress.Az | Məşqçi, yoxsa idarəçi Rəşad? (QEYD)

Məşqçi, yoxsa idarəçi Rəşad? (QEYD)


oxunma sayı: 1086 Paylaş:

FutbolPressYaxın keçmişin, xüsusən 80, 90-lar nəslinin "Milan"da daha yaxından izlədiyi (PSJ, "Çelsi") əfsanəvi futbolçulardan Corc Vea Liberiya Respublikasının prezidenti seçilib.

O,  2005-ci ildən sonra ikinci dəfə qatıldığı seçkidə qalib olmağı bacardı.

1995-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən Veanın 51 yaşda ölkəsinin prezidenti seçilməsi sıradan hadisə deyil, ilkdir. Ancaq siyasətlə məşğul olan məşhur futbolçular az deyil.

Ağla gələn ilk məqamlardan biri də "Bizdə niyə beləsi yoxdu?" sualı olur. Söhbətimiz elə bu ətrafda cərəyan edəcək.

Məsələn, Braziliya millisində 3 dünya çempionatında forma geyinmiş Ziko 1991-ci ildə ölkəsinin idman naziri seçilmişdi. Ondan sonra bu postu 1995-ci ildə qol kralı Pele tutur. Sonralar açıqlamasında demişdi ki, idmanda rüşvətin kökünü kəsə bilmədiyi üçün vəzifəsindən istefa verib və bir daha siyasətlə məşğul olmamaq qərarına gəlibmiş. Daha bir braziliyalı - Bebeto da siyasətlə məşğul olub. O, 2010-ci ildə Demokratik Fəhlə Partiyasının namizədi kimi Riodan seçilərək Braziliya parlamentinə düşmüşdü. Onunla bərabər Romario da millət vəkili seçilmişdi. Bundan başqa italiyalı Cianni Rivera deputat seçilib, müdafiə nazirinin müşaviri olub, Avropa Parlamentində təmsil olunub. Belə adlar çox sadalamaq olar. Elə qonşu Gürcüstanda Kaladze nümunəsi...

Azərbaycanda da idmandan siyasətə, dövlət idarə strukturuna keçənlər olub. Məsələn, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, hazırkı millət vəkilləri Adil Əliyev, Ülvi Quliyev, Ağacan Əbiyev, idarəetmə strukturlarında yer alan olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli və s.

Fikir verirsinizsə, bu adların arasında heç biri komanda növlərindən çıxan idmançı deyil, təkbətəkçilərdi.

Bunun fəlsəfəsi ətrafında qat-qat yazmaq olar.

Hərçənd, belə bir ad var (idi). Son illərin Rəşad Sadıqovu inamla siyasi persona istiqamətində irəliləyirdi. Məsələ mütləq hansısa futbolçudan siyasi tipaj əmələ gəlməsi deyil, niyə bu sahədən bircə nəfər də olsun, idarəçilik strukturunda yer almayıb...

Təkcə İsgəndər Cavadovu qeyd eləmək olar, o da nə siyasətçi ola bildi, nə də idarəçi. Yubileyini AFFA-nın vəsaiti hesabına keçirən İsgəndər yoldaşın tədbirdə pul kassası qoyması, camaatın toya gedibmiş kimi məclisdən çıxanda pul yazdırması... Ayıb oldu, uzatmayaq.

Futbol industriyasında ciddilik indi-indi yaranmaqdadı. Pulsuzluq-Pul bumu-Pulsuzluq periodunda ələnmələr baş verdi və yeni etap artıq özlüyündə müəyyən sistemin əmələ gəlməsi konturlarını büruzə verir.

Bu sistemin rüşeymləri məhz Qurban Qurbanov - Rəşad Sadıqov tandemindən qaynaqlanır. Hazırkı format daha çox onların dəbi ilə formalaşıb. Bu da geniş izaha ehtiyac duyan tezisdir. Ancaq əsas başqa detalı qabartmaq istəyirik.

O tandemin bir qolu - Qurbanov məşqçi kimi daxili bazarın zirvəsinə nail oldu. Rəşad Sadıqov da məşqçi karyerası başlamamış çox mütəxəssisdən "əla məşqçi olacaq" rəyini qazanıb. Əlbəttə, "böyük kapitan"ın futbolçu karyerasını yaxından izləyən, onunla şəxsi tanışlığı, ünsiyyəti olan kəslərin hər biri bunu qəti fikir kimi bildirə bilər ki, o, bişmiş bir məşqçi kimi bu sahəyə rahatca qədəm qoyar.

Hərgah, Rəşadın daha çox siyasi kimliyi maraqlı ola bilərdi. Bu, subyektiv müşahidədən doğan fikirdir. Məsələ onun məhz politikaya can atıb, karyera qurmasında da deyil. Sadıqov elə futbol aləminin siyasətində ən aparıcı fiqur ola bilərdi.

Bunadək "Neftçi"nin idarəçiliyində ona təklif olsa da, sonradan alınmayıb. Sadıqovun U-21-ə baş məşqçi təyin olunması gözəldir. Ancaq istənilən halda, kollektiv idman növlərində xarakter, persona kimi formalaşan və ən çox önə çıxmağı bacaran, ətrafında ciddi elektorat toplaya biləcək birinin məşqçi karyerasından çox idarəçi kimliyi daha ciddi dəyişikliklərə səbəb olacaqdı.

Bəlkə də daha güclü politika buna mane oldu...

Ancaq əlbəttə ki, nə yolun başlanğıcıdı, nə sonu. Sadıqov da bilir bunları, güman böyükdür. O da gözəl anlayır. Özünün potensialını da, perspektivini də yaxşı dərk edir. Özünü dəqiq təhlil edə bildiyi üçün uğurlu persona kimi diqqət mərkəzinə düşüb.

Və ehtimal ki, Rəşad subyektivinə yeni faktura əlavə edəcək. O, məşqçi karyerasında, yoxsa funksioner kimi daha rahat hiss edir özünü - hələ qəti qərar verənə oxşamır.

Bizimçün funksioner Rəşad Sadıqov daha ciddi və lazımlı görünür...

Elçin Cəlilov


oxunma sayı: 1086 | Paylaş: