Bu gün:


FutbolPress.Az | Natiq, Müslüm baba və Fatih Terim

Natiq, Müslüm baba
və Fatih Terim


oxunma sayı: 694 Paylaş:

FutbolPress
qismet1986@gmail.com
“Brat, futbol mama uşaqları üçündür, yaxşı oğlan gərək fitə dönməsin!”

Yuxarı məhlənin say-seçmə cayıllarından Natiq papirosundan bir qullab da vurub xorultuyla tüpürəndən sonra bu unudulmaz cümləni deyəndə, Zinəddin Zidan Braziliyanı təzəcə udmuşdu. Gəl gör ki, bütün yekəqarın day-daylar Zidana Zirəddin, Roberto Karlosa “balacaboy mator”, Ronaldoya “həvədiş gədə” deyirdilər.

Kasıbların hamısı deyirdi: Braziliyada kasıbçılıqdı, ona görə pelegil oyunu satıblar.
Varlıların hamısı deyirdi: Braziliyada kasıbçılıqdı, platinigil pul verib, oyunu alıblar.
Dindarların hamısı deyirdi: Emanuel Peti üçüncü qolu vuracağını yuxuda görübmüş, Allah böyükdür!
Ateistlərin hamısı deyirdi: Peti qol vurmasa da Fransa udurdu, nağıl danışmayın!

Amma kimə deyirsən, Natiq sözündən dönmürdü: “Brat, kimsə məni yıxacaq, durub üzünə baxacam ki, nədi-nədi qaraköynək gədənin biri fit çalmayıb?! Yaxşı oğlan gərək kəlləni qoyub uzatsın!”
Bu əxlaqlı cümlədən iki il sonra Natiqi tutub içəri basdılar, anasının qır-qızılını oğurlayırmış.
Bu həbsdən illər sonra Zidan futbolçu kariyerasını skandalla bitirdi: Materaziyə kəllə atdı.

                                                      ****
                                              
90-cı illərdə Müslüm baba adlı bir kişi vardı, xalq təbabəti ilə ən sağalmaz xəstəlikləri belə sağaltdığını iddia edirdi. Kitabı da çıxmışdı. Bu günlərdə Fatih Terim təzədən (dördüncü dəfə) "Qalatasaray"a baş məşqçi təyin olunanda Müslüm babanı xatırladım.
Yadıma gəlir, babam ikinci dəfə ağır xəstələnib yatağa düşəndə, yəni məlum olanda ki, bu xına o xınadan deyil, iki universitet bitirmiş, Moskvada oxumuş ali savadlı dayılarım çarəsizlikdən Müslüm babanı çağırdılar ki, amandır,  gəl, kişi əldən gedir. Müslüm baba da bir sellofan göy-göyərti, ot-ələf yığıb Əzrayılı aldatmağa gəlmişdi. İbn-Sina yadigarı düz bir ay bizimlə yaşadı, hər gün ardıc, zirinc, boymədərən, qarğıdalı saçağı, biyan kökü, dəvədabanı, itburnu və s. dəmləyib babama içirtdi, amma xəstənin vəziyyəti düzəlmədi, əksinə, lap pisləşdi. Məlum oldu ki, bu xalq təbabəti yox, xalq cinayətidir. Axırda Müslüm baba da təslim oldu. Həmin gün Müslüm baba şəfalı bitkilərini "nazpəri setkalarından" birinə yığıb suyu süzülə-süzülə həyət qapısından çıxanda, evdəki qadınlardan birinin çığırtısını eşitdim. Mənim babam da təslim olmuşdu...

Yazarın bütün yazıları

oxunma sayı: 694 | Paylaş: