')

Bu gün:


FutbolPress.Az | Ayxan Abbasov: “Qarabağ”la “Qəbələ”nin səviyyəsinə çatmağımız üçün...” (MÜSAHİBƏ)

Ayxan Abbasov: “Qarabağ”la “Qəbələ”nin səviyyəsinə çatmağımız üçün...” (MÜSAHİBƏ)


oxunma sayı: 1035 Paylaş:

FutbolPress“Zirə”nin baş məşqçisi Ayxan Abbasovun “FutbolPress”ə müsahibəsi...

- “Zirə”nin mövsümün birinci hissəsindəki çıxışı haqda fikirlərinizi bilmək istərdik...
- Bu il ilk dəfə Avropa Liqsında çıxış etdik və mərhələ keçdik. Çempionatda nəticələrimiz yaxşıdı. İki dövrədən sonra üçüncü yerdəyik və əsas rəqiblərimizlə xal fərqi böyük deyil. Bizdən geridə olanlardan isə kifayət qədər öndəyik. Yerimiz sürükşən deyil. Deyərdim ki, komandanın nəticələri gözlədiyimizdən də yaxşıdı.

- Ancaq kubokda “Neftçi”yə uduzub mübarizəni dayandırdız. Bunu uğursuzluq saymırsız ki?
- Mərhələni keçmək istəyirdik. Çünki keçən il də elə “Neftçi”ylə oyunlarda mübarizəni dayandırıb, yarımfinala çıxa bilməmişdik. Bu dəfə də rəqib daha istəkli oldu. Öz oyunumuzu diqtə edə bilmədik. Təbii ki, planlarımızda yarımfinal var idi və bunun üçün mübarizə aparırdıq. Ancaq alınmadı. Ümumən nəticələrimizi uğursuz adlandırmaq olmaz.

- Komanda mövsümə çox yaxşı başladı. Hətta ilk vaxtlar “Qarabağ”la 1-ci yer uğrunda rəqabət aparırdız, bu komandaya uduzmadız və s. Ancaq ikinci dövrədə sanki bir qədər eniş oldu...
- Eniş bütün komandalarda olur. Heç bir klub mövsümü tamamilə eyni səviyyədə keçirə bilməz. Deməzdim ki, bizdə bu, çox kəskin şəkildə baş verdi. Bildiyiniz kimi, avrokuboklarda iştiraka görə hazırlığa erkən başlamışdıq. Bu da mövsümün əvvəlinə qədər tam hazır olmağımıza imkan verdi. Sonra heyətlə bağlı problemlər yaşadıq, zədələr oldu. İkinci dövrənin sonuna doğru bəzi futbolçular artıq komandadan getməyi fikriləşdikləri üçün istənilən səviyyədə oynaya bilmədilər. Bütün bunlar bir qədər enişə səbəb oldu. Ancaq yenə də deyirəm ki, bu o qədər də ciddi bir şey deyildi. Nəticələrimiz də çox pisləşməmişdi.

- Geriyə baxanda hansı çatışmazlıqları görürsüz?
- Çatışmazlıq deyəndə, oyun planında hər hansı problem olmadı. Bir az əvvəl qeyd etdiyim kimi, sadəcə həmişə ideal heyətlə oynaya bilmədik. Bəzən də oyuna köklənmə baxımından çətinlik yaşadıq. Məsələn, kubokda “Neftçi”yə məğlubiyyətimiz ən çox bununla bağlı idi. Rəqibin istəyi qarşısında biz eyni cür davrana bilmədik. Bəzən köklənmə cəhətdən belə çatışmazlıqlarımız oldu, ancaq ümumi komandanın mübarizə əzmi çox yaxşı idi.

- Mövsümün ikinci hissəsi üçün hədəfləriniz nədi?
- Gördüyümüz işi qaldığımız yerdən davam etdirmək istəyirik. Yenə əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdı. Çempionluq barədə düşünmürük. Bu, o qədər də real deyil.

- Çempionluq uzaq görünsə də, ikinci olmağa iddianız davam edir hər halda...
-  “Qarabağ” və “Qəbələ” ölkənin ən güclü komandalarıdı. Onlarla rəqabət aparmaq çox çətindi. Son illər avrokuboklarda etdikləriylə də hansı səviyyədə olduqlarını göstərdilər. Ancaq biz də təslim olmaq niyyətində deyilik. Şərait, imkanlar baxımından bu klublarla rəqabət aparmağımız çətindi, hər şey ortadadı. Amma meydana çıxdıqdan sonra şərtlər bərabərləşir və biz də sona qədər oynayacağıq. Mövsümün ilk yarısında da gördüz ki, heç bir rəqibə təslim olmadıq. Komanda əlindən gələni etdi. Mövsümün ikinci hissəsi üçün yalnız “Qəbələ” və “Qarabağ”la oyunları düşünsək, uğur qazana bilmədik. “Neftçi”, “Sumqayıt”la da matçlar da gərgin alındı. Qışdan sonra həm avrokuboklar, həm çempionluq, həm də son pillələrdən uzaq olmaq uğrunda mübarizə daha da gərginləşəcək. Buna görə də daha diqqətli olmalıyıq.

- “Qarabağ” və “Qəbələ” artıq ölkədə top-klublar sayılır. “Zirə” isə yeni olduğu üçün daha çox ortabab imicindədi. Həmin sıraya qoşulmağınız üçün sizə nə lazımdı? Yəqin ki, “əbədi ortabab” olmaq fikrində deyilsiz...
- “Zirə” yarandığı vaxtdan eyni səviyyədə qalmayıb. Komandamızda yüksələn templə inkişaf gedir. Bu mövsüm ilk dəfə avrokuboklarda çıxış etdik. Üstəlik mərhələ keçdik və daha da irəli getmək şansımız var idi. Meydandakı oyunla rəqibdən geri qalmadığımızı göstərmişdik. Bunlar hamısı yüksəlişin olduğunu göstərir və hər şeydən əvvəl yaxşı təcrübədi. Bütün uğurlar pillə-pillə olur. İndi ölkənin ən güclülərindən sayılan “Qəbələ” də bu səviyyəyə çatmaq üçün xeyli əziyyət çəkdi. Bu səviyyəyə çatmağımız üçün lazım olan yalnız vaxtdı. Əsas hədəfimiz get-gedə nəticələrimizi yaxşılaşdırmaqdı.

- Qış hazırlıq planı bəllidi. “Zirə”nin daha çox hansı komponentləri inkişaf etdirməsinə etiyac var?
- Bizim bəlli bir oyun sistemimiz var. Bu qış da onu əsas götürəcəyik. Hər hansı dəyişiklik planlaşdırmırıq. Öz oyun üslubumuzu daha da mükəmməlləşdirmək haqda düşünürük. Heyətdə bəzi zədəlilərimiz var. Onların da sağalıb komandaya qayıtmasını planlaşdırırıq.

- “Zirə”dən gedənlər də var...
- Onların yerini doldurmaq üçün fəaliyyətimiz davam edir. Artıq “Qarabağ”dan Elşən Abdullayevin keçidini demək olar ki, həll etmişik. Bir neçə futbolçu ilə də danışıqlarımız davam edir. Bu heyətə əlavələr etmək və gedənlərin yerini doldurmaq istəyirik.

- Legioner, yoxsa yerli futbolçular alınacaq?
- Həm legioner, həm də yerli futbolçularla danışıq aparırıq. Daha çox irəli xətti gücləndirmək istəyirik. Elşəni artıq qeyd etdim, amma digər elə yerli futbolçumuz yoxdu. Universal oyunçu axtarırıq. Yəni həm hücumun mərkəzində, həm də cinahlarında oynaya bilsin.

- Son sualımız köməkçiniz Zaur Həşimovun U-18 yığmasına baş məşqçi təyinatı ilə bağlıdı. Əvəzinə yenisini tapmısızmı?
- Hələ bunu fikirləşməmişəm. AFFA-nın qərarını gözləyirik. Nə desələr, ona uyğun hərəkət edəcəyik. Zaur hələlik bizimlə birgədi. Əgər yalnız millidə olması lazım olsa, yəni işinə tam olaraq başlasa, əvəzinə başqasını götürəcəyik.

Faiq Tahirov


oxunma sayı: 1035 | Paylaş:




?>