Bu gün:


FutbolPress.Az | Dövlət proqramı bu dəfə faydalı olsun deyə... (QEYD)

Dövlət proqramı bu dəfə faydalı olsun deyə... (QEYD)


oxunma sayı: 467 Paylaş:

FutbolPress"Cənab prezidentin tapşırığına əsasən, müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir”. Bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib.

Yeni proqramın qəbulu sıradan hadisə deyil, proqram deyib, üstündən keçməyək. Bu, hökumətin büdcə və ya büdcəyə bağlı orqanlardan ayıracağı külli miqdarda vəsait deməkdir. Bəs proqram qəbul olunandan sonra icrası üçün ciddi mexanizm, mexanizmin sağlam işləməsi üçün uğurlu kadr təyinatları olacaqmı? Əsas budur...

Daha əvvəl 2005-2015-ci illəri əhatə edən belə bir proqram olmuşdu. Yenisini imzalamağa tələb olsa da, hökumət buna qol qoymurdu. Həmin proqram çərçivəsində ölkə futboluna oliqarxiyanın, iş adamlarının cəlbi uğursuz yanaşma olmuşdu. Mübariz Mənsimovun "Xəzər Lənkəran"ı, Cahangir Hacıyevin "İnter"i, Hafiz Məmmədovun "Bakı"sı və s. iflasa uğradı. O siyasət səhv idi. Nəticədə ölkə yüzmilyonlarla manat itirdi.  Elə olmamalı idi...
Bu prosesdə işini cəmi iki klub sağlam qurdu - "Qarabağ" və "Qəbələ". Hökumətin yeni proqrama razılıq verməsinə də sırf "Qarabağ"ın ÇL-in qrup mərhələsinə qalxması səbəbdi. Bunadək bir neçə cəhd olsa da, "yuxarıdan" razılıq verilmirdi.

Az əvvəl fəaliyyətini dayandırmış klubları qeyd elədik. Burda bir haşiyə çıxmağa gərək var. Fikir verirsinizsə, adıçəkilən şəxslərin biznesi məhv olduğu/edildiyi üçün onların himayəsində olan futbol klubları da süquta uğradı. Dəfələrlə qeyd edilirdi ki, ölkədə idman prosesini oliqarxiyanın himayəsinə vermək olmaz. Çünki gəlir gətirməyən bir sahə belədə büdcəyə daha çox məsrəf bahasına başa gəlir. Sahəni peşəkarlar idarə etmədiyi üçün yatırılan maliyyənin gəlir gətirməsi prinsipi də qoyulmur qarşıya. Bir növ, pul mənim deyil, başına nə gələrsə, nəyimə gərək...

Bəs bundan əvvəlki proqramın AFFA tərəfindən icrası nə dərəcədə idi?

Futbolun kütləviləşdirilməsi bəndinə aid işlər haqda hansısa hesabat görmüşükümü? Yalnız bir neçə poster reklam, vəssalam.

Azarkeşlərlə iş - AFFA daha çox bu istiqaməti qabardır. Ki, bununçün dövlət proqramına üz tutmağa gərək yoxdu.

Uşaq futboluna ciddi yatırım? Yox. Bu sahə ən pis vəziyyətdə olan sahələrdəndi. Uşaq futbolunun kurasiyası AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın dostu Yusif adlı şəxsə həvalə edilib. Onun isə heç bir formada futbola bağlılığı yoxdur. O, marketoloqdur. Bu sahədə islahatlar, inkişaf proqramları tətbiq etməli olan Bernard Lippert adlı şəxsinsə aldığı məvacib qədər (30 min avro) faydası dəymir. Üstəlik, AFFA-dakı bəzi vəzifələrə məvaciblərin həddən artıq şişirdilməsi şübhəli məqamdır və belə məsələlərdə dəqiq olan SOCAR-ın hələ də ciddi audit yoxlaması aparmamasının səbəbi də naməlumdur.

AFFA proqramın tətbiq edildiyi 10 il ərzində milli komandanı fantastik məbləğlər qarşılığında əcnəbi məşqçilərə həvalə etdi. Gah alman modeli, gah ispan, gah da holland... Ancaq nə əsas millidə, nə də aşağı yaş komandalarında hansısa sistemin tətbiq edildiyini görmədik.

Nə 6 ildən çox Berti Foqts, nə də ondan sonra Robert Prosineçki futbolun inkişafını düşünən modelə uyğun seçim idi. Nəhayət, zaman Qurban Qurbanovu yetişdirib, milli komandanın sükanı arxasınadək gətirdi.

Ölkə rəhbərliyi də gördü ki, hər şey heç də pis deyilmiş, yaxud pis olmaya bilərmiş. Ona görə də AFFA rəhbərliyi artıq ÇL-in qrup mərhələsinə adlamaqla biziçmün fantastik olan nəticəyə nail olmuş komandaya böyük səlahiyyətlər verməyə, belə deyək, məcbur oldu.

Əslində, üçüncü dünya ölkələrində işi əcnəbi mütəxəssisə həvalə etmək ciddi seçim deyil. Bunu böyük ölkələr edir ki, orada mövcud sahənin geniş marketinq manevrləri olur, gəlir götürülür və s.

Azərbaycanda əvvəlcə bu sahəni tamamilə dövlətin maliyyəsindən asılılıqdan az da olsa xilas etmək lazım idi. AFFA rəhbərliyi bunu etmədi, etmək istəmədi.

Bütün bunlar bu illərdə buraxılan səhvlərdir. Növbəti proqramın tətbiqində belə boşluqlara yol verilməməsi üçün ən əvvəl işin icraçılarını dəqiq və şəffaf prinsiplərlə seçmək lazımdır.

Kadr məsələsi ən vacibidir. Yoxsa proqram yenə effektini gözlənilən qədər göstərməyəcək.

Elçin Cəlilov


oxunma sayı: 467 | Paylaş: