Bu gün:


FutbolPress.Az | Vüqar Məmməd: “Çalışacağıq ki, yığmada yalnız öz futbolçularımız olsun” (MÜSAHİBƏ)

Vüqar Məmməd: “Çalışacağıq ki, yığmada yalnız öz futbolçularımız olsun” (MÜSAHİBƏ)


oxunma sayı: 588 Paylaş:

FutbolPressAzərbaycan U-19 yığmasının yeni təyin baş məşqçisi Vüqar Məmmədin “FutbolPress”ə müsahibəsi...

- U-19 millisinə baş məşqçi təyin olunmağınız münasibətiylə təbrik edirik. Bu, necə baş verdi?
- Çox sağ olun. Hamıda necə, məndə də elə. Təklif gəldi, mən də çox böyük məmnuniyyətlə qəbul etdim. Çünki bu uşaqları əvvəldən tanıyırdım. 2000-ci il təvəllüdlü futbolçulardı. Potensiallarına bələdəm. U-17 yığmasına keçən seçmə mərhələdə rəhbərlik etmişdim. Az müddət bir yerdə olsaq da, nəticələrimiz pis deyildi. Millidə işləmək də hər bir mütəxəssisin istəyidi. Çalışacam ki, ümidləri doğruldum. Xoş haldı ki, mənə etimad göstərildi.

- Qurban Qurbanovun əsas milliyə gəlişi ilə aşağı yaş yığmalarının da baş məşqçi postlarında ciddi islahatlar aparıldı və həmin komandalar bu sahəyə yad mütəxəssislərə tapşırıldı. Siz isə daha əvvəl U-17-də işləmisiz. Bu amil üzərinizdə əlavə təzyiq yaratmır ki?
- Bu, mənim üçün əlavə məsuliyyətdi. Dediyim kimi, həmin uşaqları tanıyıram. Kimin, nəyə qadir olduğundan məlumatım var. Qurban Qurbanov kimi bir mütəxəssisin üzərimizdə olması məsuliyyətimizi artırır. Təzyiq yox, böyük məsuliyyət hiss edirəm.

- Yeni məşqçilərdən işinə ən erkən başlayan sizsiz. Artıq sabah ilk toplanışınız start götürür...
- Təyinatdan dərhal sonra artıq gələcək planları düşünməyə başladıq. Sabah ilk təlim-məşq toplanışımız start götürəcək. Bir həftə ərzində uşaqlara baxacağıq. 26 futbolçu çağırmışıq. Onların əksəriyyəti əvvəl də aşağı yaş yığmalarında olanlardı. 4-5 futbolçu isə son vaxtlarda öz klublarının heyətində nəzərə çarpmağa başlayıb. Onları da çağırdıq ki, baxaq, yoxlayaq.

- 26 nəfərlik siyahınızda milliləşdirilənlərin olmaması diqqət çəkdi. Demək olarmı ki, sizin bu posta gəlişinizlə legionerlərin U-19-a ayağı kəsildi?
- Legionerləşmə tək bizdə olan şey deyil. Son Avropa çempionu İngiltərənin heyətində bir neçə mövqe üzrə əcnəbi futbolçular yer alırdı. Eynilə seçmə mərhələ rəqiblərimizdə də bu hal var. Demirəm, hər mövqedə olmalıdı, ancaq bəzən elə vəziyyət yaranır ki, legioner futbolçu götürməli olursan. Bundan tam imtina etmək mümkün deyil. Biz istəyirik ki, bütün mövqelərdə yalnız öz futbolçularımız olsun. Bu, təkcə U-19-a aid deyil, düşünürəm ki, bütün aşağı yaş millilərində əsas fikir belə olacaq. Əsasən öz klublarımızın yetirmələrini və xaricdə oynayan azərbaycanlı uşaqları götürməyi planlaşdırırıq. Ancaq dəqiq deyə bilmərəm ki, legionerlər olmayacaq. Əcnəbi futbolçu götürsək də, onun gələcək perspektivini nəzərə alacağıq. Yəni, gəldi 2 il U-19-da oynadı, yoxa çıxdı – belə olmayacaq. Elə legioner ola bilər ki, gələcəkdə əsas milliyə də xeyir versin. Bu oyunçuları götürməyimiz mümkündü. Ancaq yenə də deyirəm ki, əsas fikrimiz millidə yerli oyunçuların oynamasıdı.

- Avropa çempionatın seçmə mərhələ oyunlarına hazırlıq çərçivəsində yoldaşlıq görüşləri nəzərdə tutulubmu?
- Bəli, 2018-ci ildə bir neçə yoxlama matçı keçirməyi planlaşdırırıq. Avropa çempionatının ilkin seçmə mərhələsinə ciddi hazırlaşmalıyıq. Yoldaşlıq oyunları həm burda, həm xaricdə ola bilər. Daha çox ölkədən kənarda oynamağa çalışacağıq. Bunda da əsas məqsəd futbolçuların vəziyyətə öyrəşməsidi. Çünki seçmə mərhələ oyunları Gürcüstanda olacaq. İndidən uşaqlar ab-havanı hiss eləməlidilər. Nə qədər çox yoldaşlıq oyunu keçirə bilsək, o qədər yaxşıdı.

- İlkin seçmə mərhələdəki rəqibləriniz Gürcüstan, Lixtenşteyn və İsrail olacaq. Münasib görünən rəqiblərlə mübarizədə qrupdan çıxmaq şanslarını necə görürsüz?
- İndi hamı futbol oynaya bilir. Gürcüstan ev sahibi olacaq. Buna görə də daha güclü oynayacaqlar. İsraili zəif saymaq olmaz. Lixteynşteynə gəlincə, onlar da uğurlu nəticə əldə etmək üçün oynayacaqlar. Buna görə də heç bir rəqibə zəif kimi yanaşmamalıyıq. Maksimum gücümüzlə hazırlaşmalıyıq.

- İndidən bu barədə danışmaq istəməzdik, ancaq hər halda belə qrupdan çıxmamaq uğursuzluq sayılacaq...
- Bizim məqsədimiz elit raunda vəsiqə qazanmaqdı. Ancaq inkişaf qısa müddət ərzində olmur. Son dəyişikliklərlə də ölkə futbolunda kompleks işlərin qurulması nəzərdə tutulub. Bu, 1-2 ilin işi deyil. İndiki məqamda təbii ki, biz qrupdan çıxmağı düşünürük. Bunun üçün mübarizə aparacağıq.

Faiq Tahirov


oxunma sayı: 588 | Paylaş: