Revanşla gələn tarixi uğur
Paylaş:
Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun ¼ final mərhələsi sürprizlə başa çatıb. Son oyunda “Sumqayıt” “Qarabağ”a qalib gələrək (2:0), ilk oyundakı məğlubiyyətin (1:2) əvəzini çıxıb və yarımfinala çıxıb.
Bu, “Gənclik şəhəri” təmsilçisinin tarixi ərzində ən böyük uğurudu. 2010-cu ildən fəaliyyət göstərən komanda Premyer Liqada olduğu kimi kubok yarışında da heç vaxt mükafat qazana bilməyib. “Sumqayıt” Azərbaycan Kubokunda indiyə qədər ən çoxu ¼ finala çıxa bilmişdi və bu mərhələdə dayanmışdı.
Belə hal 2 dəfə - son 2 mövsümdə baş verib. Bunların hər birində “Sumqayıt”ın qarşısını “Qarabağ” kəsib.
Bu, “Gənclik şəhəri” təmsilçisinin Azərbaycan Kuboku yarışında ümumilikdə 7-ci iştirakıdı. Komanda indiyə qədər qatıldığı 6 turnirin 4-də 1/8, 2-də ¼ finalda dayanıb.
Maraqlıdı ki, “kimyaçılar”ı bütün hallarda yalnız iki komanda dayandırıb. Söhbət “Qarabağ”dan və hazırda fəaliyyətini davam etdirməyən “Bakı”dan gedir.Paytaxt klubuna 3 dəfə 1/8 finalda məğlub olan “Sumqayıt”ı ağdamlılar 1 dəfə 1/8-də, 2 dəfə isə ¼ finalda mübarizədən kənarlaşdırıb.
Beləliklə, dünənki qələbə “Sumqayıt” üçün revanş xarakteri daşıyıb. Komandanın "Bakı"ya qartşı bunu etmək imkanı artıq olmasa da, belə bir sensasiya "Qarabağ"la olan sindromu qıra bilib.
“Sumqayıt” kubokun əvvəlki mövsümlərində
2011/12 – 1/8 final: “Sumqayıt - “Qarabağ” 0:3
2012/13 – 1/8 final: “Sumqayıt” - “Bakı” 1:3
2013/14 – 1/8 final: “Sumqayıt” - “Bakı” 1:3
2014/15 – 1/8 final: “Sumqayıt” - “Bakı” 0:0; pen. 3:4
2015/16 – ¼ final: “Sumqayıt” - “Qarabağ” 0:2; 1:4
2016/17 - ¼ final: “Sumqayıt” - “Qarabağ” 0:6: 2:5
| Paylaş: