Bu gün:


FutbolPress.Az | PFL-in büdcəsinə "qırmızı işıq"?

PFL-in büdcəsinə "qırmızı işıq"?


oxunma sayı: 967 Paylaş:

FutbolPressPeşəkar Futbol Liqası yaradılandan ilk dəfə qurumun prezidenti Ramin Musayev büdcə haqda zarafat tonunda olsa da, açıq danışdı. "Sumqayıt" - "Qarabağ" (2:0) qarşılaşmasından sonra Musayev:

- Siz “Sumqayıt”ın paltardəyişmə otağına daxil olanda səs-küy qopdu. Nə baş verirdi?
- Komandanı təbrik elədim. Hamısı yerli futbolçularımızdı.Təbrik etmək ixtiyarımız yoxdur?

- Adətən belə səs-küy mükafat veriləndə olur...
- Mükafat üçün pul var? Olsa verərəm (gülür). Pul olsa, böyük məmnuniyyətlə verərdim. Amma maddi sıxıntılar var. Büdcəmizdə qırmızı işıq yanır.

Aha... Maddi sıxıntıların olması, üstəlik, "büdcəmizdə qırmızı işıq yanır" açıqlaması rəsmən ilk dəfədi. Bu söz elə-belə deyil. Ciddi göndərmədir.

Maddi sıxıntının olmasını anlamaq olar, ancaq büdcəyə "qırmızı işıq" hardan qoyulur?

Bax, bu məqamı iki ilə yaxındır dəfələrlə yazırıq. Peşəkar Futbol Liqası (PFL) qurum kimi sıradan çıxarılmalıdır. Bu, AFFA-nın baş katibi Elxan Məmmədovun çoxdankı niyyətidir. Sadəcə, bunu ehtiyatla, müxtəlif fasilələrlə edir deyə, təsiri az hiss edilir. 

Bəs bu iki şəxs arasındakı intriqanın ictimai əhəmiyyəti o qədərdirmi ki, yazmalıyq, müzakirə etməliyik?

Əlbəttə!

Az əvvəl maddi sıxıntı məsələsini anlayışlı qarşılamağın mümkünlüyünü  qabartdıq. Tamamilə hökumətin ayırdığı dotasiyalardan asılı olan Azərbaycan futbolunda isə bəzi məmurlar bu məqamdan sui-istifadə edir. Onlar məsuliyyətini dərk etmir, ictimai qınaq isə çox zəifdir.

Deyək ki, AFFA-nın büdcəsi 5 il əvvələ nisbətən 20-25% azaldılıb. Onda məntiqlə PFL-in də büdcəsi o qədər ixtisar edilə bilərdi. Ancaq baş katibin əlindən keçən proses, manipulyasiyalara uğrayır. Onun Rövnəq Abdullayevin vəzifələrini tam icra etmək səlahiyyətlərinə rəsmən mənsub olması  imkan verir ki, bu məqamlarda öz niyyətləri üçün istifadə etsin. Musayev də əks addımlar ata bilmir. Çəkinir ki, Abdullayev qalmaqal vəziyyətində onu günahkar bilər. O, dostundan narazılıq eşitmək istəmir. Bu sakitliyi görən Məmmədov da illərlə asta-asta istədiyini "yeridir".

PFL-in büdcəsi son iki ildə üst-üstə 2 dəfədən çox azaldılıb.

Bəs bunu niyə anormallıq sayırıq? PFL-in büdcəsinin azaldılması niyə problem kimi qabardılır?

PFL ölkə futbolundakı ən böyük təşkilatçı orqandı. PFL olmasa, yəni bu qurumdakı kadraj AFFA-da olmasa, qurum hazırkı proses qarşısında defolta uğrayar.

Xırda detallarda belə, PFL-in üstünlükləri özünü büruzə verir. Məsələn, hər hansı oyunda şübhəli ofsayd epizodu var? Belədə siz 2 milyona yaxın büdcəsi olan  "CBC Sport"un çəkilişində yox, PFL-in kameralarındakı görüntülərdə daha dəqiq epizod görə bilərsiniz. Deməli, qurum lazımlıdır.

Jurnalistlərin bölgədəki oyunlara ezamiyyətini PFL təşkil edir.

Hakimlərin hazırlıq planını və prosesin təşkilini PFL nizamlayır.

Bu qədər əhəmiyyətli detalların funksionallaşması bu qurumdan asılıdırsa, AFFA-nın baş katibi niyə   xərcləri hər cəhddə "montajlayır"?

Məqsəd nədir?

Guya büdcəyə qənaət? Qətiyyən bu deyil. Elxan Məmmədov bunu düşünən şəxs olsaydı, Bernar Lippert kimi nə iş gördüyü bəlli olmayan bir almana 30 min avro məvacib ödənməsini qəbul etməzdi. Məmmədov AFFA-dakı ən vacib postlara dostlarını, tanışlarını yerləşdirib. Uşaq futbolu kimi strateji sahə Məmmədovun yaxını Yusif Vəliyevə həvalə olunub. Bu adamın isə futboldan anlayışı yoxdur. Uşaq liqaları bərbad haldadır. Oyunların yarıdan çoxu keçirilmir. Heç bir hesabata rast gəlmirik. Arabir TV-lərdə marketoloq kimi açıqlama verir. Son açıqlaması broyler toyuqları haqda idi (!).

***               ***            ***

İndiyədək bir dəfə də olsun, qurumun büdcəsinin azaldılmaqda olduğuna aid xəbərlərimizi təsdiqləməyən Ramin Musayevin Elxan Məmmədovla baş-başa gəlməkdən yayınması da anormaldı. O, öz vəzifəsini qarantda tutub, vecinə deyil nə olacaq. Bəs PFL-in 30-dan çox əməkdaşı robot  olacaq?

Heç bir layihə icra etməyəcəklər daha? Nəyə əl atılsa, "büdcədə imkan yoxdu" cavabı veriləcək?

İldən ilə, hətta ildə bir neçə dəfə layihələrini ləğv eləyən bu qurumun bu cür sıxılması bəlkə də Musayevin vecinə olmaya bilər, ancaq mətbuat üçün  qurumun əhəmiyyətlilik yükü kifayət qədərdir. Hətta AFFA-dan da çox. Bunun məsuliyyətini Musayev də, Məmmədov da anlamalıdır.

PFL-in büdcəsinin məhdud olması yolverilməzdir. Ölkədə pul qıtlığı o həddə deyil ki, Elxan Məmmədov bir qurumun büdcəsini 2 dəfədən çox qısıtlasın. 

Mətbuatı da hərtərəfli sıxan, operativliyinin məsuliyyətini vecinə almayan AFFA-nın bu keyfiyyətlərə uyğun bir qurumu şəxsi maraqları naminə sıxması qəbulolunmazdır.

"Qırmızı işıq" hardan yandırılıbsa, o nahiyəyə barmaq silkələmək vaxtıdır. 

Yoxsa yenə mikayıl nərimanoğlular ifşa etmək, o cür utanc məqamları  müzakirə etmək heç də xoş olmaz. 

Elçin Cəlilov


oxunma sayı: 967 | Paylaş: