Bu gün:


FutbolPress.Az | Niyə Mourinyu yox, Quardiola?

Niyə Mourinyu yox, Quardiola?


oxunma sayı: 432 Paylaş:

FutbolPressJoze Mourinyunun 2008-ci ildə "Barselona"nı çalışdırmağa yaxın olduğu əksəriyyətə məlumdu. Bir az prosesin gedişatı barədə...

"Barça" rəhbərliyi 2007-ci ilin sonlarına doğru baş məşqçi Frank Raykardla yollarını ayırmaq istəyirmiş. İlk düşüncə, artıq "Çelsi"dən ayrılması rəsmiləşən Joze Mourinyunu yanvarda komandanın başına gətirmək imiş. Ancaq yekunda məsələ ilə bağlı rəhbərliyin iclasında mövsümün sonuna kimi Raykardla davam qərarı alınır.

Mövsümün sonu yaxınlışdıqca məşqçi axtarışları yenidən başlayır. Təbii, Laporta, Soriano və Beqiristaynın razılığı da olmalı idi, ancaq ən son qərarı məlum adam - Yohan Krayf verəcəkdi. İlkin mərhələdə posta 4 namizəd olur: Loran Blan, Pep Quardiola, Joze Mourinyu və Ernesto Valverde. Yekun siyahıda isə say 4-dən 2-yə endirilir: Pep və Joze. Texniki direktor Çiki Beqiristayn hər iki namizədlə görüşür, klubla bağlı fikirləri ilə tanış olur. Konkret olaraq, Mourinyu ilə görüş Lissabonda baş tutur və görüşün ardından Çiki yekun qərarı Krayfın verəcəyini portuqaliyalının nəzərinə çatdırır. Bunun ardından, Mourinyu birbaşa prezident Joan Laportaya zəng edir və ondan xahiş edir ki, Yohan Krayfla görüş imkanı yaradılsın. Joze, klubla bağlı planlarının hollandiyalını razı salacağını əminliklə qeyd edir. Laporta isə cavabında, qərarın artıq verildiyini və yeni baş məşqçinin Pep Quardiola olacağını deyir.

...Vitse-prezident Ferran Soriano kitabında Quardiolanın seçilmə səbəblərini sıralayır: 1) Klubun idarəetmə sisteminə və texniki direktorun vəzifələrinə inamı; 2) Oyun tərzi; 3) Gənc oyunçuların inkişafına xüsusi diqqət ayırması; 4) Məşq metodları; 5) Paltardəyişmə otağının proaktiv idarə edilməsi; 6) Kluba sadiqlik, konservativ status, mediadan aşırı istifadədən boyun qaçırmaq; 7) Elit səviyyədə futbolçuluq və məşqçilik bacarığı; 8) Qərarvermə prosesində klubdaxili fikirlərin nəzərə alması; 9) İspaniya liqasını və klubu daha yaxından tanıması.

Mourinyu, bir Raykard sonrası "Barça"da, bir də SAF-ın xələfi kimi "Mançester Yunayted"də çalışmağı bəlkə də hər şeydən çox istəyib. İkinci qeyd etdiyim seçim prosesində, meneceri Mendeş tərəfindən "Yunayted"ə təklif olunub, lakin klubun idarəçilərindən, Ferqyusonun, özündən sonra Quardiolanı klubda görmək istədiyinə bənzər cavab alıb. Pepin MY-da çalışmasını hardasa normal qarşılayarmış, sonda postun Deyvid Moyesə tapşırıldığını öyrənəndə daha çox məyus olub.

Rüfət Məcid


oxunma sayı: 432 | Paylaş: