Bu gün:


FutbolPress.Az | Baş katibi alqışlayarkən

Baş katibi alqışlayarkən


oxunma sayı: 191 Paylaş:

FutbolPressAFFA-nın baş katibi Elxan Məmmədov yenə alqış istəyəcək. Futbol təsərrüfatındakı hansısa biabırçı olay üzə çıxan kimi, o, qınına çəkilir, vəziyyət qismən tənzimlənəndə üzə çıxıb belə edir.

“Kəpəz”də Mikayıl Nərimanoğlunun maliyyə fırıldağı üzə çıxanda katib belə etmişdi. Qalmaqalı klubun icraçı direktoru Cabir İbrahimov faş etsə də, Gəncə icra başçısı Elmar Vəliyevin zəngi ilə məsələ böyüsə də, Elxan bəy guya ki, özlərinin şəffaflıqda maraqlı olduqlarını bildirərək, xal qazanmaq istəmişdi. O, AFFA-nın bu məsələni ictimaiyyətə açıqladığını bildirməklə, alqışlanmalarının lazım gəldiyini önə çəkmişdi.

Bu məntiqlə Elxan bəyi hələ də alqışlamalıyıq. Audit yoxlamasının nəticələrini hələ də gizli saxladıqlarına, Mikayıl bəyə evlərini satdırıb, çatışmayan məbləği yerinə qoydurduqlarına görə.

3-4 gün keçsin, Məmmədov yenə alqış istəyəcək - bu dəfə son cəzalara görə o, belə istəyə düşəcək. 2 futbolçu və 1 məşqçi-metodistin cəzalandırılması onun başının üstündən, Zaur Axundovun diqtəsi ilə reallaşsa da, katib bunu öz xidməti kimi qələmə verəcək. Necə ki, dünənki açıqlamasında məhz bunu edib.

Halbuki danışılmış oyunların vüsət alması birbaşa AFFA-nın günahıdı. Ölkə futbol təsərrüfatına rəhbərlik edə bilməyənlər divizionda bir çox klubları yarışa buraxmasa da, problemin kökünü kəsməyi bacarmadı, əksinə, virusun yayılmasına şərait yaratdı. İndi Premyer Liqada da ciddi qalmaqallar baş qaldırır.

Olayların üstü açılıb, danışılmış oyunların varlığı sübut olunub. Və bütün bunları AFFA yox, bir klubun rəhbəri reallaşdırıb. Məmmədov isə hazırına “qonur” və öz reklamı ilə məşğuldu. Qurumun rəsmi saytına verdiyi açıqlamada guya ki, bu prosesdə fəal iştirak etdiklərini diqqətə çatdırır. Halbuki onlarla komissiya və komitələr yatdığı halda, Axundov təkbaşına həqiqətlərin üstünü açıb.

“Son günlər Azərbaycan futbolunda diqqəti dərhal cəlb edən proseslər baş verməkdədir. Əlbəttə, bu proseslərdə təəssüfləndiyimiz məqamlar bir xeyli olsa da, futbolumuzun şəffaflığı naminə bu istiqamətdə addımların atılması, işlərin görülməsi vacibdir” - bu sözləri Məmmədov deyir.

Elxan bəy bunu düz deyir, amma seminar keçirməklə olmur, oyunları izləmək, peşəkar olub UEFA-dan siqnal gəlmədən əliəyriliklərin üstünü açmaq lazımdı. Cinayət Məcəlləsində idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı xüsusi maddə var. 3 nəfər futboldan ömürlük diskvalifikasiya olunubsa, həqiqətən onların günahı sübut edilibsə, niyə həmin şəxslərin cinayət məsuliyyətinə cəlbini tələb etmirsiz, cənab baş katib? Bunu etsəz, onda doğru danışdığınızı görər, sizi alqışlayarıq. İndiki durumda yalnız gözdən pərdə asmağa, özünüzün də günahkar olduğunuz olayları 1-2 nəfərin boynuna yıxmaqla sakitləşdirmək istəyirsiz.

AFFA-nın "danışılmış oyun" işi çərçivəsində ömürlük futboldan uzaqlaşdırma cəzası kəsdiyi "Neftçi"nin məşqçi-metodisti Ağakişi Mehdizadənin cəzalandırılması şok effekti verdi. Məmmədov hər nə qədər bu işin üstünü “Neftçi” rəhbərliyinin açdığını vurğulasa da, həqiqət belə deyil. "Bobo" ləqəbli bu şəxs çoxdandı belə işlərlə məşğuldu. Və yalnız Axundovun başlatdığı ifşa prosesində əməlləri sübut edildi. Ağakişi bukmeker kontorunun nümayəndəsi ilə futbolçular arasında vasitəçilik etdiyi üçün cəzalanıb. O zaman nəticəsi şübhəli olan həmin matçların nəticələri niyə ləğv olunmur?

Sportnet.az saytının yazdığına inansaq, Mehdizadə XIII turun “Neftçi” - "Keşlə" matçında bir neçə futbolçusunun ələ alınmasında birbaşa rol oynayıb, aralarında Nizami Hacıyev və Mirhüseyn Seyidovun da olduğu qruplaşmanın hər bir üzvünə 5000 dollar boyun olub. Əvəzində matçın nəticəsinin müxtəlif kombinasiyalı manipulyasiyası üçün xaricdəki bukmeker kontorlarına qoyulmuş 100 min dolların qarşılığında minimum 400 min dollar qazanc götürülüb.

Ortada belə bir fakt varkən paytaxt derbisi niyə yenidən keçirilmir? Bunu edin, sizi alqışlayaq.

Anası yunan əsilli gürcü olan "Bobo" hələ Kaxaber Tsxadadzenin baş məşqçiliyi dövründə "Keşlə"nin sələfi "İnter"də çalışıb, sonra hətta Kaxa ilə Gürcüstan millisinə yollanıb. "Neftçi"nin əvvəlki baş məşqçisi Elxan Abdullayevin istəyilə "ağ-qaralar"a analitik videoların hazırlanması üzrə metodisti təyin olunan bu şəxs barədə “əfsanələr” çoxdan mövcuddu. AFFA-nın komitə və komissiyalarında papağını günə verən “mütəxəssislər” futbol ictimaiyyəti ilə sıx təmasda olsaydı, çoxdan onun əməllərindən xəbərdar olar, vaxtında tədbir görər və belə biabırçılıq yaşanmazdı.

Cinayətkarı cəzalandırmaq asandı, əsas iş onu bu cinayətləri törətməkdən çəkindirmək, bunun üçün münbit şəraiti yaratmamaqdı. Ölkə futbolunda hər gün yeni qalmaqallar ortaya çıxarkən, Nərimanoğlunun hoqqaları, divizion qumarxanası, Premyer Liqadakı oyun alqı-satqısı məsələləri sıralanarkən, sizi necə alqışlayaq, cənab baş katib?

Mənbə: "Futbolinfo"


oxunma sayı: 191 | Paylaş: