Bu gün:


FutbolPress.Az | Bir həftəyə iki dəfə bəyanat yaymağa məcbur olan "Neftçi" (QEYD)

Bir həftəyə iki dəfə bəyanat yaymağa məcbur olan "Neftçi" (QEYD)


oxunma sayı: 194 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsini növbəti iclasında “Keşlə” klubunun əməkdaşı Ağakişi Mehdizadə barədə ömürlük futboldan uzaqlaşdırma qərarı verib. Qərarda deyilir:

“İnter” Peşəkar İdman Klubunun (hazırkı “Keşlə” klubu) və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin".

Araşdırma davam edir.

Klub az əvvəl yenidən bəyanat yayıb və bu, son bir həftədə ikinci belə hadisədi. Bəyanatda bir detala fikir verək: 

"Araşdıma zamanı topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. "Neftçi” PFK olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq".

Haciyevlə Seyidovun qovulmasında gah "Neftçi"yə qarşı bilərəkdən zəif oynaması, gah komandanın oyunlarını bukmekerə qoymaları kimi ittihamlar səsləndi. Ancaq dəqiq detallar hələ də aşkarlanmayıb. Cəzalar dəqiq ittihamlar və etiraflar əsasında verilib, ictimaiyyət, mətbuat isə demək olar ki, heç nə bilmir.

İndi də günahkarı tapdınız, qovuldu, ancaq üçüncü tərəfin adı niyə hallanır? "Neftçi"  adı episentrə gəlir/gətirilir.

Bu, şəbəkənin olduğuna işarədir, yoxsa nədir?

Yəni hansısa "Keşlə"li cəzalanacaqsa, bunda mütləq "Neftçi"nin də adı hansısa formada hallanmalıdır - deyə bir xəyali xətt var?

Anlaşılandır ki, bu qədər cəza qərarları verilibsə, üstəlik, araşdırmalar davam edirsə, deməli, hansısa trübilensiyalar mövcuddur. Ancaq hər naməlum-məlum qərardan əvvəl və sonra məhz "Neftçi"nin adının hallandırılması sanki klubu bilərəkdən prosesə sürükləməyə bənzəyir. Ya da ki, əksinə, klub bu və ya başqa hansısa formada prosesin iştirakçısı olub.

AFFA-nın, "Keşlə" tərəfinin bu prosesdə diqqətli davranması vacibdir. "Neftçi" isə artıq bəyanatlardan başqa, prosesdə hansı rakursda olduğunu aşkara çıxarmalıdır. Nə qərarların, nə də adıçəkilən obyekt və subyektlərin niyə cəzalanması, hallandırılması anlaşılmazlıq yaradır və düyün daha da böyüyür. "Neftçi" araşdırmaların aparılmasında maraqlı tərəf olduğunu açıq bəyan edir, bu, özünə arxayınlıq deməkdir, ancaq həm də durmadan təqsir quyruğu bu tərəfdə bulanır...

Prosesi diqqətdə saxlayırıq.


oxunma sayı: 194 | Paylaş: