Məmmədov, hələ normalı Media Komitəsidir... (QEYD)
Paylaş:
Bugünlərdə Klublar Komitəsi və Məşqçilər Komitəsinin buraxılacağı/ləğv ediləcəyi haqda söz-söhbətlər səngimək bilmir. Həmçinin 2015-ci ildə yaradılan AFFA yanında Media Komitəsinin də ixtisara düşəcəyi danışılanlar sırasında idi.
"Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov MK haqda analoji suala belə cavab verib: "Biz bir imkan, platforma vermişik, Media Komitəsi fəal şəkildə işləməlidir. Təbii ki, təşəbbüs göstərdiyimiz vaxt biz, yəni, media nümayəndələri ayrı fikirlər səsləndirirdik. Lakin indi istiqamət bir qədər dəyişib. Yenə deyirəm, platforma və imkanlar yaratmışıq, büdcə də vermişik. Bundan idman mediamızın inkişafı istiqamətində effektiv istifadə etmək lazımdır. Media Komitəsindən belə bir fəaliyyət gözləyirik. Bu komitə ilə bağlı hesabat hazırlanacaq və İK-ya təqdim ediləcək. Bu, gələn ilin martında təşkil olunacaq AFFA-nın Konfransı ərəfəsində nəzərdə tutulub".
Futbol təsərrüfatıyla yaxından maraqlananlar bilirlər ki, sözügedən komitənin 6-sı seçki yolu, biri AFFA tərəfindən təyinatla formalaşan 7 nəfərlik İdarə Heyətində "FutbolPress" də təmsil olunurdu.
Ən adi ideyalara dəstək görmədiyimizi sakitliklə qarşılamaq niyyətində deyildik. Bu və başqa səbəblərdən İH-dan istefa verəndən sonra sıranı "apasport.az" və "azerisport.com" davam etdirdi. Birinci nəinki İH-dan, ümumiyyətlə, komitənin sıravi üzvlüyündən də imtina etdi.
Bütün bunlar nəyin göstəricisidir?
Layihələrin icrasına nəzarətdə kortəbii mexanizm və AFFA tərəfindən ödəmələrin çox gecikməsi ciddi problemlər idi. Layihə məqalələrinin keyfiyyətli hazırlanmasını redaksiyalardan radikal şəkildə tələb edə bilmirdik. Təsəvvür edin, üzv KİV-lərin 90-95 faizinin maddi imkanı yetmirdi ki, layihə pulları köçmədən onlar öz hesablarına bu işləri görə bilsinlər. Belədə biz dəfələrlə AFFA rəhbərliyinə, konkret hazırda komitə adına öyüd-nəsihət açıqlaması verən Elxan Məmmədova bildirdik ki, ödəmələr çox gecikir. Bəzən 3-cü aya keçən ödənişlərin gecikməsi isə heç bir əlavə iş görməyə imkan vermir.
Elxan bəy dəfələrlə hər şeyin qaydasına qoyulacağını bildirsə də, qoyulmurdu, qoyulmur və qoyulmayacaq da...
Məmmədovla bir neçə dəfə şəxsi söhbət eləməli olmuşduq. Özü də gözəl bilir, xatırlayır. Ən əvvəl, komitəyə sədr seçdiyimiz Mahir Rüstəmlinin telefon zənginə dərhal cavab verməyin vacib olduğunu ona bildirirdim. O isə "...sədrin fəaliyyətindən narazısınızsa, biz nə edə bilərik, özünüz seçmisiniz də" - deyirdi. Bilərəkdən konflikt vəziyyəti yaratmağa cəhd.
Halbuki söhbət sədrin fəaliyyətindən narazılıq mövzusuna qəti uyğun deyildi, biz sədrlə kontaktın olmamasını qabardırdıq, o isə bilərəkdən başqa məcraya yönəldirdi məsələni...
Bu və başqa proseslər narazılığımızı artırırdı. Hər dəfə çatışmazlıqları bildirəndə də baş katibin cavabı belə olurdu: "Biz imkan yaratdıq, siz özünüz seçki keçirdiniz, seçdiniz, biz nə edə bilərik". Bu cavab ən yaxşı halda manipulyasiya cəhdi sayıla bilərdi.
Təbii ki, komitəyə laqeyd, qeyri-ciddi münasibət xoş ola bilməzdi. Martda keçirilən İllik Hesabat-Seçki Konfransında Media Komitəsinin adının çəkilməməsi, təqdim olunmaması artıq ciddi siqnal idi. Hətta konfransdan sonra AFFA prezidenti Rövnəq Abdullayevə sual verdik, "Komitənin taleyi necə olacaq?". Orda olan həmkarlarımız, elə Elxan bəy, siz də - xatırlayarsınız o nə cavab verdi. "Nə, komitə?". Biz təəccüb içində boğulurduq. Abdullayev bilmirmi Media Komitəsi haqda? Dərhal da sizə tərəf baxıb, "O nə məsələdi, yoluna qoyun" - dedi və konfransdakı media nümayəndələrinə tərəf baxıb, "Bu işləri Elxan yoluna qoyacaq, problem yoxdur" dedi. Yaddan çıxmış, laqeyd baxılan komitə. "Elxan baxacaq" deyib, yola verilən və Elxan bəyin də baxması nəticəsində orda inkişaf yox, ardıcıl istefaların baş verməsi...
Büdcə ayırmışıq - deməklə deyil. Bu komitə yaradılmışdısa, inkişaf planı olmalıydı. Biz təklif elədiyimiz inkişaf planlarına üz çevirməyiniz haqda da danışın açıqlamalarınızda.
İstəyirsiniz ki, idman mediasında gərginlik olsun. Ancaq olmayacaq. Buna şəxsən biz imkan verməyəcəyik. Artıq psevdo politikanızın konturları bizə məlumdur. Buna gedən olmayacaq...
Bəli, komitənin yanlışları az deyil. Ancaq bunu birbaşa İH-nın günahı, təqsiri saymağımız da işin həllinə aparmayacaq. Əvvəla ona görə ki, İH radikal qərarlar qəbul etmək ixtiyarında deyil. Çünki ən əsas detal - büdcə İH-nın nəzarətində olmalıdır. İkincisi, radikal qərarların icrası birbaşa katibliyin iqtidarındadır, komitənin yox. Belədə İH köklü şəkildə nəyi dəyişə bilər? Qrarlar qəbul olunub, katibliyə təqdim olunandan sonra cavabsız qalırsa...
Özünüz deyirdiniz ki, çalışın, komitəyə daha çox KİV üzv olsun. OK, daha çox üzv daha çox maliyyə uman deməkdir axı. Bura üzv olanlar maddi imkansızlıqdan edir bunu, bilmirsiniz? Biz isə peşəkar mühit təklif edirdik. Peşəkar, güclü media sizə lazımdırmı, sərf edirmi - dilemma...
Komitəyə qeyri-ciddi yanaşmanızı göstərən əsas detallardan biri də istefa verən İH nümayəndələrinin yerinə keçiriləcək seçkilərin hələ də keçirilməməsidir. Hətta bir neçə dəfə elan edilsə də, keçirilməyib. İcraiyyə Komitəsində müzakirə ediləcəyi açıqlansa da, olmayıb. Niyə?!
Nəyə görə?!
Çünki istefa verənlərin yerinə namizədliyini vermək istəyən 1-2 nəfərdən çox deyil. Komitə üzərinə düşəni artıqlamasıyla edib, sizdən - AFFA-dan icra üçün cavab gözləyib. Hanı reaksiyalarınız? Yoxdur. Əvəzində qeyri-səmimi açıqlama gördük. Komitənin İH-nı işarə verdiniz bu dediklərinizlə. Halbuki...
Təşəbbüsləriniz bəlağətli, reallaşdırılması isə sıfır həddində.
Çalışın, tezliklə, ciddi addımlar atın. Ondan-bundan, komitələrdən, şuralardan addım atmağı tələb etmək haqqınız yoxdur - izahını verdik. Sizin ideyalarınızın icra mexanizmi bərbaddır. Ya ciddi ideyalarla çıxış edin, ya da Azərbaycan futbolunun idarəçiliyində sizin qalmanızın faydalılıq əmsalı bizimçün böyük sual altındadır...
Elçin Cəlilov
| Paylaş: