Bu gün:


FutbolPress.Az | Mənasız fasilə və Region Liqası naməlumluğu (LAYİHƏ)

Mənasız fasilə və Region Liqası naməlumluğu (LAYİHƏ)


oxunma sayı: 418 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkədaxili yarışlara güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız yazıları davam etdirir. Bu dəfə Topaz Premyer Liqasında tez-tez fasilələrin olması və yeni yaradılacaq Region Liqası ilə bağlı naməlum vəziyyətə nəzər yetirəcəyik...
 
Bu gün (17 noyabr) Topaz Premyer Liqasında XII tura start veriləcək. “Qarabağ”la “Sumqayıt” Premyer Liqada növbəti fasilənin sonunu gətirəcək. Budəfəki dayanma mövsüm başlayandan 3-cü belə haldı və nisbətən az davam etdi.
 
Mövsümdə ilk fasilə III – IV turlar arasında baş verdi. Bu, 26 avqustdan 9 sentyabraqədərki iki həftəlik dönəmi əhatə etdi. İlk dayanmanın səbəbi milli komandanın DÇ-2018-in seçmə mərhələsində iki oyuna çıxması idi. Həmin vaxt yığma Norveç və San-Marino ilə qarşılaşdı.
 
İkinci fasilə oktyabrın 1-dən 13-dək davam etdi. Bu, VII və VIII turları bir-birindən “ayırdı”. Həmin dayanma da yığma ilə bağlı idi. Milli Çexiya və Almaniya ilə rəsmi oyunlarla dünya çempionatının seçmə mərhələsinə yekun vurdu.
 
Son fasilə isə bu gün başa çatacaq. Noyabrın 5-də TPL-də XI tur oyunundan sonra klublar istirahətə yollandılar. Bu dəfə fasilə digərlərindən cüzi də olsa, azdı. Ancaq daha ciddi fərq dayanmanın səbəbsiz olmasıdı. Əvvəlkilərin hər biri əsas yığmanın seçmə mərhələ oyunları ilə bağlı olurdusa, bu dəfə milli toplanmadı, oyun keçirmədi. Düzdü, bu dövr yığma komandaların yoldaşlıq oyunları və U-21 millilərinin 2019-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçları üçün nəzərdə tutulmuşdu və ilk baxışdan bu cür təəssürat yaranır ki, TPL-də fasilə də məhz onunla bağlıdı.
 
Ancaq Azərbaycan əsas millisi bu dəfə nə rəsmi, nə də yoldaşlıq oyunu keçirdi. U-21 yığmasına çağırılanlar isə Premyer Liqa klublarının əvəzedilməzləri deyillər. Bir çoxu ya əvəzedici komandanın üzvüdü, ya da əsas heyətdə az görünən futbolçulardı. Başqa bir məqam isə çempionatımızda çıxış edən legionerlərin öz millilərinə çağırılmaması ilə bağlıdı. Bu dövr ərzində yalnız “Qarabağ”dan Dino Ndlovu Cənubi Afrika Respublikası, “Zirə”dən David Manqa isə Mərkəzi Afrika Respublikasının yığmasına cəlb edildi. Beləliklə, klubların öz oyunlarını keçirmələri üçün hər hansı maneə nəzərə çarpmır.
 
Bəs klublar yaranan fasilədən necə istifadə etdilər?
 
TPL klubları fasilə yarandıqdan sonra bir qayda olaraq, əvvəlcə heyətə qısa, 3-4 günlük istirahət verdilər. Daha sonra bir araya gələn komandalar əsasən ənənəvi hazırlıqla kifayətləndilər. Yalnız 3 komanda bu fasilə zamanı yoldaşlıq oyununda qüvvəsini sınadı. Söhbət “Qəbələ”, “Zirə” və “Səbail”dən gedir. Görünür, bu görüşlərin keçirilməsində təşəbbüskar “qırmızı-qaralar” olub. Çünki həm “Zirə”, həm də “Səbail”in rəqibi məhz “Qəbələ” idi.
 
Əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk bu dönəmdə iki legioneri də yoxladı. O, kolumbiyalı futbolçu Kevin Penan və qvineyalı Abdul Karim Kontenin nəyə qadir olduğuna şahid oldu. Hər iki oyunçu ukraynalı mütəxəssis tərəfindən bəyənilmədi. İki yoxlama oyununda iştirak edən futbolçular düşərgədən göndərildi. Baxmayaraq ki, Penan “Səbail”lə matçda (1:1) komandasının yeganə qolunun müəllifi olmuşdu.
 
TPL-dəki son fasilə barədə qeyd ediləcək əsas məqamlar da elə “Qəbələ” ilə bağlı olanlardı. Digər klublar fasiləni sadəcə məşq prosesi ilə keçirdilər.
 
Çempionatda belə dayanmaları ən çox “Qarabağ”ın xeyrinə hesab etmək olar. Çempionlar Liqasının qrup mərhələsində də mübarizə aparan Ağdam klubu fasilələr zamanı fiziki cəhətdən daha hazır vəziyyətə gəlir, vacib oyunlar ərəfəsində yeni zədələrin olması riski azalır və s.
 
Ancaq ümumən son fasilə komandalara lazımlı heç nə vermədi. Bəlkə də bu dövrə ölkə kubokunun 1/8 final oyunlarının salınması məqsədəuyğun olardı. Təqvimə diqqət yetirsək, Premyer Liqa klubları noyabrın 25-dən dekabrın 3-dək olan zaman kəsiyində çox sıx qrafiklə oyunayacaqlar. Komandalar həmin 9 günə 3 matça çıxmalıdılar. Bunlardan ikisi TPL, biri isə kubok oyunu olacaq. Həmin perioda düşən kubok matçlarını bu gün başa çatan fasilə dövrünə salmaq sıx qrafiki bir qədər seyrəkləşdirmək baxımından daha səmərəli ola bilərdi.
 
Bir qədər əvvəl fasilənin “Qarabağ” üçün bərpa baxımından faydalı olduğunu qeyd etdik. Komandanın noyabrın son 10 günlüyü və dekabrın əvvəlinə olan qrafiki isə olduqca ağır görünür. Noyabrın 22-də ÇL oyununa çıxacaq komanda 4 gün sonra TPL matçı, ayın 29-da isə kubok görüşündə meydanda olmalıdı. 3 gün sonra yenidən Premyer Liqa oyunu, dekabrın 5-də isə “Roma” ilə çətin səfər qarşılaşması. Yəqin ki, Ağdam klubunun bu oyunlarından azı biri təxirə salınacaq. Düzgün qurulmayan təqvimin nəticəsi...
 
Region Liqası naməlumluğu
 
I Diviziona bir sıra klubların buraxılmamasından sonra AFFA regionlarda futbolun mövcud olması üçün Region Liqası ideyası ilə çıxış etdi. Müzakirələrdən sonra bu yarışın keçirilməsiylə bağlı qərar qəbul edildi. Ardınca AFFA turnirin əsasnaməsini də açıqladı.
 
Əsasnaməyə görə, yeni yarış hər birində 8-12 komanda olmaqla 3 qrupdan ibarət olacaq. Oyunlar 2 dövrədən ibarət dairəvi sistemlə keçiriləcək. Hər 3 zonanın qalibi final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsi 3 komandanın iştirakı ilə 2 dövrəli sistemdən ibarət olacaq.

Region Liqasının keçirilməsini və buna nəzarəti AFFA-nın işçi qrupu (Regional Futbol Federasiyaları İctimai Birliyi, Məşqçilər Komitəsi, AFFA-nın Kütləvi Futbol Departamenti və Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsi) həyata keçirəcək. Maraqlıdı ki, daha çox həvəskar xarakter daşıyacaq yarışın təşkilatçılığında Həvəskarlar Federasiyası yer almayıb. AFFA-dan bunun səbəbi kimi adıçəkilən federasiyanın işinin istənilən səviyyədə olmaması ilə izah edirlər.
 
Daha bir maraqlı məqam yeni turnir üçün nəzərdə tutulan mükafat fondunun xeyli az görünməsidi. Region Liqasında ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla, AFFA-nın diplomları və pul mukafatı ilə təltif olunacaq. İlk 3 yeri tutan komandalara pul mükafatı təqdim olunacaq. 1-ci yer 10.000, 2-ci yer 5000, 3-cü yer 2000 AZN  əldə edəcək. Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və onlar da hədiyyələrlə mükafatlandırılacaq.
 
Mükafat fondunun bu qədər aşağı olması bir sıra klubların narazılığına səbəb olub. Hər şeydən əvvəl yarışmaq üçün ciddi stimul yoxdu. Digər tərəfdən bu məbləğ qalib olan komanda üçün səfər xərclərini qarşılamağa belə kifayət edəcək qədər deyil. Son məlumatlara görə, AFFA Region Liqasının keçirilməsində müəyyən dəyişikliklərə gedəcək və bu, əsasən region klublarının səfərlərinin az olmasına hesablanacaq. Bildirilir ki, ayrı-ayrı zonalar üzrə qruplar təşkil olunması və komandaların bu cür yarışması planlaşdırılır. Ancaq hələlik bununla bağlı dəqiq məlumat yoxdu. Bir o bilinir ki, region komandaları tez-tez uzaq səfərlər etməyin lehinə deyillər...
 
Region Liqası ilə bağlı bir sıra naməlumluqların mövcud olması, mükafat fondunun azlığı, ciddi stimulun olmaması klubların da əksəriyyətinin yarışdan imtina etməsinə səbəb olub. Bir sıra komandalar əvvəlcə bu turnirdə iştirak etmək fikrində olsalar da, sonradan bundan daşınıblar. Tez-tez regionlarda yeni klubların yaradıldığı və Region Liqasında mübarizə aparmağı düşündükləıri deyilir, ancaq çox keçmir ki, həmin klub oynamaqdan imtina edir.
 
Hər halda futbol ili artıq yarılanmaq üzrədi. AFFA-da isə yeni yarışla bağlı hələ də müzakirələr gedir, müraciətlərə baxılır. Noyabrın ilk 10 günlüyündə bununla bağlı qərar verilməli idi, ancaq hələ də dəqiq informasiya yoxdu. Görünür, yeni turnirin təşkilati problemləriylə yanaşı, başlayıb davam etməmə/sona çatmama  narahatlığı da var...

Faiq Tahirov

Məqalə AFFA yenında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb




oxunma sayı: 418 | Paylaş: