Bu gün:


FutbolPress.Az | Şahin Diniyevin “Kəpəz”dən yapışmaqlığı (QEYD)

Şahin Diniyevin “Kəpəz”dən yapışmaqlığı (QEYD)


oxunma sayı: 472 Paylaş:

FutbolPressTəkrar, yenə təkrar qeyd edirik: maliyyə maxinasiyalarına görə auditin ifşa etdiyi Mikayıl Nərimanoğlu “Kəpəz”in Müşahidə Şurasından geri çağırılandan sonra klub ətrafında analoji informasiyalar hər gün yenilənir.

Məlum oldu ki, baş məşqçi Şahin Diniyev üçün 10+ min manat maaş yazılsa da, o, 7 min alırmış. Diniyev bu məsələni təkzib etsə də, problemi təsdiqləyən kifayət qədər ciddi  və aidiyyatı mənbələr var. Yaxud təkzibi qəbul eləyib, inanmağımızçün rəsi sübut yoxdur…

Hər halda, klubətrafı araşdırmalar davam edir. Aşkarlanan çatışmazlıqlar tam açıqlanmasa da, “səsi çıxacaq”.

Toxunmaq istədiyimiz məqam isə məhz Diniyevlə bağlıdır.

Əvvəlcə gəlin Topaz Premyer Liqasında iştirak edən komandaların baş məşqçilərinin məvaciblərinə nəzər yetirək:

Qurban Qurbanov (“Qarabağ” ) -  60000+
Roman Qriqorçuk (“Qəbələ”)  -  35000+
Şahin Diniyev (“Kəpəz”)  -  10000+
Ayxan Abbasov (“Zirə”)  -  8000+
Ramiz Məmmədov (“Keşlə”)  -  4000+ (Sələfi, Zaur Svanadze – 5000+)
Samir Abasov – (“Sumqayıt”)  -  4000+
Tərlan Əhmədov (“Neftçi”)  -  3000+ (Hələlik)
Samir Əliyev (“Səbail”)  -  3000+

(Məbləğ manatladır və rəqəmlər minimum göstəricidir*)

Diniyev üçüncü ən çox məvacib alan məşqçidir. Turnir cədvəlindəki sıralama təxminən məvaciblərlə düz mütənasibdir. Yalnız Diniyevi çıxmaqla. Komandası daim autsayderlər sırasında olsa da, maaşı nəticələrinə nisbətdə fantastik fərqlənir. Niyə?

Diniyevin ölkədə Qurbanov və Qriqorçukdan sonra ən yüksək məvacib almasının əsası nədir?

Əgər “Kəpəz”in komanda  və klub olaraq böhrandan çıxması alınmırsa, onda bu qədər məvacib necə rahatlıqla alına bilər, Diniyev?

Məlumatlara görə, “Kəpəz”in illik büdcəsi  1.200.000 manatdır. Belədə Diniyevin maaşı ümumi büdcənin 10 faizini təşkil edir.

Diniyev hər məğlubiyyətdən sonra “bütün günahlar məndədir” deyir.  Bunlar özünü şirin satmaqdan başqa bir şey deyil. Anlamadıq, adam bu qədər günaha batar?  Belə maaşla bu qədər günah çox olmadı?

“Mənim istefam haqda yazılanlar məntiqli deyil“ deməyinizin əks məntiqi budur, hörmətli Diniyev.

Fikir verirsinizsə, hakimlikdə və məşqçilikdə kütləvi gəncləşmə prosesi gedir. Hazırda TPL iştirakçılarının, demək olar, hamısını gənc mütəxəssislər çalışdırır. Elə bu detalı da nəzərə alaraq, faydalılığınızın bundan yuxarı qalxmadığını görüb, istefa verə bilərsiniz. Tam məntiqli olaraq...

Sizin istefanızın labüdlüyü haqda yazılanları məntiqsiz sayırsınız, bu yalnız hiddətləndiyinizi göstərir.  Ünsiyyətcil, loyal təəssürat bağışlayan Diniyevin məhz belə məqamlarda əsl mahiyyətinin üzə çıxması, özünü idarə eləyə bilməməsi, aqressivləşməsi də bir həqiqətdir. 10 min manat maaş niyə almalısınız? “Kəpəz”çün neyləmisiniz? Təyinatınızdan sonra komanda yalnız bir dəfə Avropa Liqasında iştirak edib. Onda da lisenziya ala bilməyən “İnter” və “Zirə”dən boşalan yerlərdən birinə görə. Daim turnir cədvəlinin autsayderləri sırasında olan komandanın baş məşqçisi ölkədə üçüncü ən çox maaş alandırsa, bu, məntiqlidir, eləmi, Diniyev?

Şahin müəllimin müdafiəsinə ehtiyac yoxdur. Olsaydı, bunu onun adı naminə ən əvvəl elə biz edərdik. Ancaq yuxarıda sadaladıqlarımız, ortaya çıxan həqiqətlər buna imkan vermir.  Bunadək ona kifayət qədər vaxt verildi, imkan yaradıldı və o, Gəncə futbolu adına potensialını, verə biləcəyini maksimum verdi. Göründü ki, alınmır. İnfrastruktura, uşaq futboluna heç bir yatırım eləyə bilməyən klubun imkanından çox-çox yuxarı ödənişli məşqçiylə çalışması da peşəkarlığa və reallıq hissinə yaxın deyil.

Elçin Cəlilov


oxunma sayı: 472 | Paylaş: