Bu gün:


FutbolPress.Az | Gündüz Abbaszadə: “Şərhçiliyimiz “şpaqat” vəziyyətində qalıb” (MÜSAHİBƏ)

Gündüz Abbaszadə: “Şərhçiliyimiz “şpaqat” vəziyyətində qalıb” (MÜSAHİBƏ)


oxunma sayı: 849 Paylaş:

FutbolPress“CBC Sport”un şərhçisi, bu gün “Qəbələ” – “Səbail” oyununda iş başında olan Gündüz Abbaszadənin “FutbolPress”ə müsahibəsi...

- Şərhçi tribunasından oyun necə görünür?
- Çox çətin. Adi azarkeş kimi baxmaqdan xeyli fərqlidi. Birincisi efir məsuliyyəti var. Hər dediyin sözün məsuliyyətini hiss etməlisən. Mənə elə gəlir ki, şərhçi tribunasından yox, kənardan oyuna baxanda daha rahat oluram, baş verənləri daha detallı görürəm. Çünki orda təzyiq altında oluruq. İstər-istəməz baş verən hər şeyi tamaşaçıya çatdırmaq üçün maksimum diqqətli olmalısan. Bəzən şərhçiləri qınayırlar. Amma burda kənar amilləri də nəzərə almaq lazımdı. Yolun yorğunluğu var və ya bu gün ikinci hissədə üşüdüyümü hiss edirdim. Bunlar hamısı şərhə təsir edir. Özüm bugünkü reportajımdan heç razı qalmadım. Qəbələdə şərhçi mövqeyi də rahat deyil. İstəmirəm, dediklərimi qıraq kimsə eşitsin. Üz üzdən utanır. Başa düşürəm ki, şəraitsizlikdi. Amma daha yaxşı olardı ki, kənarda sərbəst şərh üçün yer düzəldilərdi. Jurnalist həmkarlarımın burda olması maneçilik törətmir, əksinə, köməkləri dəyir.  Ancaq klub nümayəndələrinin yanımda olmasını istəməzdim. Bu, istər-istəmız təsir edir.

- “Topaz”ın sponsoru olduğu jurnalistlərin bölgələrə səfəri layihəsi çərçivəsində bəzən yazı, bəzən proqnoz müsabiqəsi olur. Bu dəfə hər ikisi var idi. Təbii ki, sənin şərhini, yazını qiymətləndirə bilmərik. Ancaq yəqin ki, hesab təxminin var idi...
- 4:1 demişdim. Həmkarlardan soruşdum, bu variantı deyən var idi. 1 top çatmadı. Halbuki buna imkan oldu. Mən müsabiqədə iştirak etmədiyim üçün bu təxmini edən həmkarımın qalib gəlməsini istəyirdim.

- Ümumiyyətlə, oyunlara pul qoyuluşu edirsən?
- Əvvəllər edirdim. Ancaq son iki ildə yox.

- Səbəb nə oldu?
- Dəfələrlə “Topaz”da uduşum olub. Ancaq həmin pulu yeyə bilməmişəm. Məsələn, maşına benzin vurmuşam, bir az sonra maşının özünü vurmuşam. İndi ola bilsin ki, arada hansısa oyuna maraq qatmaq üçün 2 manat pul qoyuluşu edərəm. Ancaq qazandığımı heç vaxt özümə xərcləmirəm, imkansız kiməsə verirəm.

- Oynayanları həvəsdən salmırsan ki?
- Heç vaxt. Oynamağa çağırış eləmirəm, amma oynayanlara qarşı da deyiləm. Hərənin öz fikri, yanaşması var.

- Oyuna pul qoyuluşu edəndə baxışın fərqlənirmi?
- Çox. Şərh elədiyim oyunlara ümumiyyətlə pul qoyuluşu etmirəm. Çünki bu, özünü çox hiss elətdirir. Məsələn, bu gün “Qəbələ”nin qələbəsinə proqnoz versəydim, şərhimdə özünü büruzə verəcəkdi. Bunu yaşamışam. Çempionlar Liqasında “Çelsi” səfərdə “Valensiya” ilə qarşılaşırdı, mən də bu komandanın qalib gələcəyinə pul qoymuşdum. Əlavə dəqiqələrdə Maykl Essien qələbə qolunu vurdu. Necə qışqırmışdımsa, oyundan sonra dostum mesaj yazdı ki, “Çelsi”yə qələbə yazmışdın, hə? Ondan sonra heç vaxt şərh elədiyim oyuna pul qoyuluşu etməmişəm.

- Beynəlxalq miqyasda simpatiyan olan klublar hansılardı?
- “Yuventus”, “Fənərbağça”... Ümumiyyətlə, İtaliyada “İnter”dən başqa bütün klublara simpatiyam var. Şərhdə bunu hiss elətdirmirəm.

Gündüz Abbaszadə "Qəbələ" - "Səbail" oyununun şərhində


- Şərh zamanı ekstrim vəziyyətlər olubmu? Olubsa, vəziyyətdən necə çıxmısan?
- Bir çox belə hallar olub. Ancaq indi dəqiq xatırlayıb deyə bilmirəm. Azərbaycan çempionatı oyunlarında texniki problemlərlə qarşılaşırıq. Mikrofon işləmir və s. Çalışırıq ki, tez zamanda problemi aradan qaldıraq.

- Gənc həmkarlarla olanda necə, çətin olmur ki, belə vəziyyətdən çıxmaq?
- Onlarla olanda da problemlər yaranır. Məsələn, gənc həmkar səhv edib, çalışmışam düzəldim. Ümumiyyətlə, televiziyada bizə belə öyrədilib ki, səhv edirsənsə, üstündən keç. Əgər düzəltməyə çalışsan, daha da qabarır. Yəqin ki, məndən inciməz, bir dəfə Murad Axundov şərhdə kobud səhvə yol vermişdi. Növbəti dəfə düzəldəcəyini fikirləşib üstündən keçdim. Ancaq gördüm, yenə eyni səhvi etdi. Yumşaq formada düzəltməyə çalışdım. Mənlə “dirəşməyə” başladı, haqlı olduğunu sübut etmək istəyirdi. Yəni belə hallar da yaşanır.

- Azərbaycan futbolu nəticə baxımından müəyyən qədər inkişaf edib. Bəs şərhçiliyimizdə vəziyyət nə yerdədi?
- Şərhçiliyimiz də inkişaf edir. Bizdəki ən böyük problemi obrazlı şəkildə belə demək olar ki, şərhçiliyimiz qalıb “şpaqat” vəziyyətində. Yəni Türkiyə və Rusiya şərhçilik məktəbləri arasında qalmışıq. Bilmirik, hansına meyl edək.

- Səncə, hansı daha yaxşıdı?
- Rusiya. Ancaq burda vəziyyət bir az qəribədi. Sosial şəbəkələrdə yazılanlara fikir verən adamam. Hansısa reportajı Rusiya şərhçiliyi tipində aparırsansa, görürsən sosial şəbəkədə yazırlar ki, gördüyünü danış, yəni türklər kimi. Əksinə olanda isə Rusiya şərhçiliyini tələb edirlər. Vasili Utkin bir dəfə Azərbaycanda olanda demişdi ki, sizin bəxtiniz gətirib, həm rus, həm də türk dillərini bilirsiz. Mən özüm ingilis, rus və türk şərhçiliyi ilə maraqlanmışam və bu üçü arasında üstünlüyü ruslara verirəm.

- Təcrübəli şərhçilərdən kimləri bəyənirdin və yeni gələn nəsildə kimləri perspektivli görürsən?
- Asif Bağırov, Siyavuş Əliyevi bəyənmişəm. Fikrət Adıgözəllinin şərhçiliyində bəyənilməyən xüsusiyyətlər çox olsa da, Azərbaycan dilinin incəliklərini o qədər gözəl bilir ki, bu baxımdan xoşuma gəlir. Əgər yeni nəsil saymaq olarsa, Rüstəm Əfsərli ən bəyəndiyim şərhçidi.  Gənclərdən “CBC Sport”da Ürfanı fərqləndirə bilərəm. Bir də “İdman Azərbaycan”da İqbalın potensialı var. Onun videoyazı oyun şərh etməsi qarşıma çıxmışdı. 10 dəqiqə qulaq asdım və hissənin sonuna qədər gözlədim ki, görüm hardasa dayanacaqmı... Çox xoşuma gəldi. Sonradan özünə də bildirdim bu barədə.

- Əvvəllər də hazırda söhbətləşdiyimiz bu avtobusda jurnalistlərlə birgə səfərlərdə iştirak etmisən. Pis və yaxşı tərəfləri sadalaya bilərsənmi?
- Yaxşı tərəflərin hamısı həm də mənimdi. Çünki mən də idman jurnalistiyəm. Əgər pis tərəflərdən danışmağa başlasam, mənə elə gəlir ki, yeməyə gecikəcəyik (gülür). Təəssüflər olsun ki, pis tərəflər bir az çoxdu. Ancaq konkret sadalamaq istəmirəm bunları.

- Bir neçə gün öncə “Qarabağ”la birgə Madriddə idin, indi Qəbələ səfərində. Ümumi nə fərqlər var?
- Oyun olaraq fərqdən danışmağa ehtiyac yoxdu. Səfər kimi isə sadəcə biri təyyarə ilə olub, digəri avtobusla. Böyük fərq qoymaq istəmirəm.

Elçin Cəlilov


oxunma sayı: 849 | Paylaş: