')

Bu gün:


FutbolPress.Az | Dörd oyuna sözardı

Dörd oyuna sözardı


oxunma sayı: 962 Paylaş:

FutbolPress
anargerayli@gmail.com

Qurban bayramı münasibətilə verilmiş tətil bir xeyli yararlı oldu. Ən maraqlı günüm isə bazar günü oldu. Belə ki, çox uzun müddətdən sonra televiziyada doyunca futbola baxdım. Sanki mənim bəxtimdən də, bütün ölkə çempionatlarında həddən artıq maraqlı və gərgin oyunlar keçirilirdi. Bu yazıda da bazar günümü bütünlüklə həsr etdiyim dörd oyundan danışacağam. Sıralamanı oyunların zamanına görə deyil, məndə yaratdığı əhval-ruhiyyəyə görə aparacağam.

Beləliklə, İspaniyanın iki nəhəngi "Barselona" və "Real Madrid" məşhur "Nou Kamp"da üzə-üzə gəldilər, özü də, Kataloniya nəhənginin yubileyində. Oyunun hesabını bilirsiniz yəqin. Əslində, hesab o qədər də mühüm deyil. Təsəvvür edin, dünyanın ən bahalı oyunçuları, dünyanın ən bahalı klubları, dünyanın ən böyük stadionlarından biri... 100 minlik stadion tam dolu... Möhtəşəm atmosfer... Türklər demişkən, kim takar hesabı?! Bu oyunu izlədikcə futbola bir daha aşiq oldum. Oyunda futbol adına hər şey var idi. Həyəcan, gərginlik, sarı kart, qırmızı kart və futbola gözəllik verən qol. Messinin, Ronaldonun, Xavinin, Kakanın incə ayaq hərəkətlərini seyr etmək necə də zövqlü idi, ilahi?! Kimin qələbə qazanmasından asılı olmayaraq, bu oyundan zövq almağı bacarmayan insanın futbol sevgisinə şübhə edirəm. ANS kanalında bir veriliş var idi, indi də varmı bilmirəm, "Dahilərin divanı" adlı?! Bax, əsl dahilərin- futbol dahilərinin divanı bazar günü "Nou Kamp"da idi.

İkinci oyun İngiltərənin iki divi- "Arsenal" və "Çelsi" arasaında idi. Rusiyalı multimilyonçu Abramoviçin "Çelsi"si gözlənilmədən "Arsenal"ı doğma meydanında darmadağın etdi. "Çelsi"nin qaradərili forvardı Didye Droqba yenə öz sözünü deyərək, iki bir-birindən gözəl qol vurdu. Droqbanın ikinci qoluna sadəcə, "şapka" çıxarmaq lazım idi. Adam, ona verilən pulların havaya sovrulmadığını sübut edərək, ingilis azarkeşlərin, eyni zamanda bütün futbol fanatlarının gözəl bir həftəsonu keçirməsinə səbəb vermiş oldu.

"Liverpul şəhərinin iki klubu var, biri "Liverpul", biri də "Liverpul"un əvəzedici heyəti". İddialı deyilmiş sözdür. Bazar günü İngiltərənin Liverpul şəhərinin iki klubu, "Everton" və "Liverpul" qarşılaşdı. "Liverpul" həqiqətən də şəhərinin ən güclü klubu olduğunu təsdiq etdi. Aralarında çox böyük rəqabət olan bu eyni şəhrin iki klubu arasındakı oyun çox gözəl atmosferdə keçdi. Futbolun "Fənərbağça"-"Qalatasaray" savaşlarından ibarət olmadığını, azarkeşlərin bir-birinə "güllə atmadan" da əsl azarkeş ola biləcəyini göstərdi bizə ingilis futbol seyirçisi. Yazıqların adı çıxıb doqquza, enmir səkkizə. Dünyanın ən qovğacı azarkeşi kimi ad qazanmış ingilis fanatlar bütün oyun boyu bir-birindən gözəl mahnılarla öz doğma klublarına dəstək verirdilər. Şəxsən mən, ingilis fanatları müşahidə etdikdən sonra heç vaxt həqiqi bir azarkeş ola bilməyəciyimi anladım. Çünki, təəssüf ki, bizdə həqiqi futbol olmayacaq bu gedişlə. Bu qənaətə gəlməyimdə qərəzli yanaşmanın mövcudluğunu düşünürsünüzsə, yanılırsınız. Bəli, düşünürəm ki, bizdə başqalarının oynadığı gerçək futbol olmayıb və olmacaq. Çünki mən bazar günü "Bakı"-"Xəzər Lənkəran" oyununa birbaşa olaraq, "Tofiq Bəhramov"da baxdım.

Meydandan futbol və futbolçu adına heç nə yox. Legionerlərin oyunu insanı futboldan soyudur. Mən futbolu orta səviyyəli oynayan biri kimi, iddia edirəm ki, stadiondakı bütün oyunçulardan yaxşı oynayıram. Qardaş, mənim nəyim əskikdir onlardan? Mən də stadionda ora-bura qaçaram, ildə də 100-150 min manatımı alıb qoyaram cibimə. Qadınların futbol haqqında bir tənqidləri var: Nədir axı o, 22 kişi düşüb bir topun arxasına. Bəli, qadınlarımız tamamilə haqlıdır, bazar günü "Tofiq Bəhramov"da 22 kişi düşmüşdü bir topun arxasına, o başa qaçırdı, bu başa qaçırdı. Oyunda 3 qol olmasına baxmayaraq, futboldan aldığım zövq sıfıra bərabər idi. Tövbə, bir daha getmərəm ölkə çempionatının oyunlarına.

Haqqında yazdığım bütün oyunlara baxdıqdan sonra, gecə boyu fikir məni rahat buraxmadı. Saf-saf düşündüm ki, ey Ulu Yaradan, əgər bütün insanları sən yaratmısansa, bizi niyə belə futbol zəlili etmisən? Axı, adını çəkdiyim başqalarının oynadığı oyunun adı futboldursa, bəs, bizim oynadığımız oyunun adı nədir? Axı, Ronaldo, Messi, Kaka və digərləri futbolçudursa, bəs Mahmud Qurbanov, Elvin Əliyev, Saşa Yunisoğlu, Rahid Əmirquliyev, nəçidir? Axı, bizim futbolumuza, futbolçumuza kim qarğıyıb? İlahi, bizim futbolçu adlanan adamlarımızı niyə belə səbatsız yaratmısan?

Səhərə qədər özümə və Ulu Yaradana bu cür suallar ünvanladım. Səhər də duranda düşündüm ki, bunu yazmaq lazımdı.

Yazarın bütün yazıları

oxunma sayı: 962 | Paylaş:




?>