')

Bu gün:


FutbolPress.Az | Yeni dövr (GÜNÜN STENOQRAMI)

Yeni dövr (GÜNÜN STENOQRAMI)


oxunma sayı: 1271 Paylaş:

FutbolPressBu gün verilən qərarlar Azərbaycan futbolu üçün yeni dövrün başlandığını göstərir.
 
- 09:30. Bakı Olimpiya stadionunda İK-nın iclası başladı.

- Təxminən 1 saatdan sonra iclasdakılar stadiondakı Media Mərkəzin foyesində  görünməyə başladılar. Ancaq iclas bitməmiş AFFA-nın rəsmi saytında Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunduğu əvvəl yanlış, sonra düzəldilən tarixlə yazılmışdı.
 
- Rövnəq Abdullayev Qurbanovun baş məşqçi təyin olunduğunu açıqlayır. Onunla müqavilənin 6 illik nəzərdə tutulduğunu bildirir. Qurbanov da öz növbəsində təşəkkür və məsuliyyətini açıqlayır.
 
- Ramin Musayev məmnun görünür. Kefi kök olmasına səbəb yəqin ki, stajlı oxuculara bəllidir. Çünki Qurbanovun "Qarabağ"a onun məsləhətiylə götürülməyi bunadək dəfələrlə yazılıb. Və həmin Qurbanov indi alternativsiz namizəd kimi millinin sözügedən postuna təyin edilir. Heç şübhəsiz ki, burdan Qurban Qurbanov, ordan Tərlan Əhmədov kimi təyinatlarda Musayevin müsbət rəy bildirməsi onu Rövnəq Abdullayevin nəzərində daha da ucaldır. Güman ki, bundan sonra Musayev özü hərəkətə keçib, Abdullayevdən PFL-in büdcəsinin iki dəfə azaldılmasının səbəbini soruşar. Baş katib Elxan Məmmədovun qərarı ilə atılmış bu addımın tutarlı səbəbi isə hələ bəlli deyil.
 
- Elxan Məmmədov pəjmürdə-hal görünür.
 
- AFFA-nın yeni/köhnə media və ictimaiyyətlə əlaqələndiricisi Firuz Abdulla həyəcanlı, eyni zamanda tədbirli görünür. Departament rəhbəri kimi ilk böyük addımıdır. Ondan Mikayıl Nərimanoğlunun yarıtmazlığı üzündən bərbad durumda olan AFFA - media münasibətlərini səhmana salmaqdan tutmuş, peşəkar konsepsiyaların hazırlanıb, işlənməsinədək - çox şey gözlənir. Xeyirlisi...
 
- Vaqif Sadıqov açıqlama verir. Bir neçə jurnalistə inandırmağa çalışır ki, o, Qurbanovun namizədliyini çoxdan istəyib, dəstəkləyib və s. İnandırıcı ola da bilər, olmaya da. Çünki Sadıqov bunadək millinin əcnəbilərə tapşırılmasının faydasızlığı ilə qəti razılaşmayan bəndlərdən idi.
 
- Rövnəq Abdullayev media üçün brifinq adlandırılan, ancaq əslində birifinq mahiyyəti daşımayan tədbiri tələsik bitirib, stadionun digər guşəsində - Cüdo Federasiyasının toplantısına qatıldı. O, bundan başqa daha iki tədbirdə də iştirak edib, təxminən toplam 2 saatdan sonra BOS-u tərk etdi. TV-lər və digər KİV qarışıq  ondan yenidən birifinq istənsə də, "Bayaq danışdım, elə tələsirəm ki, şey eləyin da" dedi. Və SOCAR-da, həmçinin AFFA-da vitse-prezident olan Elşad Nəsirova səsləndi: "Gəl, otur, gedək". Getdilər.
 
- Abdullayevi yola salan Elxan Məmmədov "aradan çıxmaq istəyənə" oxşayırdı. Ancaq sonadək hadisə yerində qalan bir neçə mətbuat nümayəndəsi onu yaxalayıb, müsahibəyə razı saldı. Məmmədov mətbuatı foyeyə dəvət etdi. Oturub, xeyli - hardasa, 1 saatdan çox debatşəkilli söhbət etdik.
 
- Elxan Məmmədova soruşulan ən aktual suallar: "Qurbanovun təyinatı AFFA-dakı vəzifələrdə islahatlara səbəb olacaqmı?", "Qurbanovun xarakteri bəllidir, tapşırqla iş görməz, onun təyinatı federasiyaya fərqli fəlsəfənin gəlişi demək olacaq. Fəlsəfələriniz uyğundur?", "AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun adına hallanan maxinasiyalar ciddi olaydır. Hüquqi araşdırma başladılacaqmı?", "Mətbuat xidmətindəki postda dəyişiklik mahiyyət dəyişikliyinə də səbəb olacaqmı, yoxsa yenə oxşar sistem?", "Media Komitəsi üçün islahatlar, yaxud medianın inkişafına yönəlik başqa ideyalar varmı?", "Aşağı yaş qruplarındakı böhranlı durum necə olacaq?" - Məmmdov bütün suallara müsbət mənada cavab verdi. Əslində, mənfiləri açıb tökəsi də deyildi, bəllidir. Ancaq biz zamanla bu mənfiləri yazmışıq, yazmaqda davam da edəcəyik. Ümumi söhbətimizdən anlaşılan bu oldu ki, AFFA artıq başqa cür olacaq. Başqa cür? Nə cür? Bütün bu məsələlər nə qədər qlobal  ictimai əhəmiyyətli görünməsə də, əslində futbol təsərrüfatının sağlamlaşması üçün təməl meyarlardır.
 
- Əhəmiyyətli işgüzar tədbirin sonu yaxınlaşır. Elxan Məmmədov, BOS-un direktoru Cavid Qarayev və ətrafı - sağollaşıb, stadiondan ayrılırıq. Yolda həmkarlarla belə bir zarafat edirik: deyəsən, Məmmədov qaldı dostlarıyla məsləhətləşməyə. Ki, necə eləyək? Bunadək külli-ixtiyar dəstəmizin əlindəydi, indi başqa qüvvələr gəlib. Asan olmayacaq və s.
 
- Qurbanovun baş məşqçi təyinatı bu gün Azərbaycan üzrə feysbukun ən aktual müzakirə mövzusuna çevrildi. Maraqlıdır ki, əksər insan yandığından, hirsindən, heyfsilənməyindən dolayı Qurbanovun milliyə getməsinə qarşı çıxır. Bəllidir. Onlar düşünürlər ki, ən çox imkanların yaradıldığı, ən böyük ödənişli məşqçi gətiriləndə də millinin nəticəsi yaxşı olmayıbsa, yenə alınmayacaq və Qurbanovun qazandığı nüfuza zərər dəyəcək və s. Əslində, haqlı nigaranlıqdır. Ancaq Qurbanovun kimliyinə daha yaxın olduğumuzdan müşahidələrimizə əsaslanıb bildirə bilərik ki, o, heç bir "oyuna" getməyəcək. Medianın, demək olar, bütünü niyə Qurbanovun təyinatını istədi, rəsmiləşəndə isə müsbət qarşıladı? Çünki əksəri bu illər ərzində onu yaxından tanıdı. O, bir şəxsiyyət və ən əsası, qəti xarakterdir. Qurbanov nəticəyə nail olmağın yollarını bilir və o yolda əyər-əskikliklərə qəti imkan vermir. Bizi - Qurbanovun təyinatını ölkə futbolu üçün yeni dövr adlandıranları arxayınlaşdıran da məhz bu amillərdir. Həm də AFFA-nın Qurbanovla müqavilə şərtləri pozitiv düşünməyə əsas verir. Ona kifayət qədər vaxt verilib. 6 il Qurbanov üçün, "arxayın işini gör, islahatlarını apar, nəticə də gələcək" deməkdir. Ən maraqlısı isə bütün yaş qruplarının vahid sistemə salınması və hamısına məhz baş məşqçinin nəzarət eləməsidir. Bu detallar müsbət düşünməyə əsas verir. Düşünürsüz ki, "Qarabağ" legionerlərin hesabına uğur qazandı, milidə yaxşı nəticə qazanmaq çətindir? Bu diletant yanaşmadır. Qurbanova zaman verilsə, o, sistem yaradıb, millinin sistemli futbolunu formalaşdıracaq. Ən əsası isə tapşırıqsız, sırf hazır olan futbolçular dəvət olunsa, faydalı toplanışlar keçirilsə, Azərbaycanda güclü milli formalaşdırmaqçün futbolçu bazası heç də zəif deyil. Xeyirlisi!

Elçin Cəlilov



oxunma sayı: 1271 | Paylaş:




?>