')

Bu gün:


FutbolPress.Az | “Dirilən” çempionat (LAYİHƏ)

“Dirilən” çempionat (LAYİHƏ)


oxunma sayı: 1421 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkədaxili yarışlara güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız yazıları davam etdirir. Bu dəfə Topaz Premyer Liqasında mövcud vəziyyətə, birinciliyin get-gedə gərginləşməsinə nəzər yetirəcəyik...
 
Topaz Premyer Liqasında X tur geridə qaldı. Keçən həftəsonu  tuta
başn oyunlar bəlkə də çempionat başlayandan ən maraqlıları, gərginləri idi. Ümumiyyətlə, IX və X turlarda baş verənlər Premyer Liqanın get-gedə “dirildiyini” göstərdi. Əgər əvvəlki turlarda “Qarabağ” və “Zirə” bütün rəqiblərindən aşkar güclü görünürdülərsə, son matçlarda hər ikisi məğlubiyyət acısını daddı. “Qəbələ” artıq keçənilki gücünü bərpa etməkdə olduğunu göstərdi, son 3 mövsümdə uğursuz çıxış edən, bu dəfə də pis başlayan “Neftçi” də 4 ardıcıl qələbə ilə 4-cü yerə yüksəldi.
 
Rəqiblərindən bir oyun az keçirməsinə baxmayaraq, 10 turdan sonra “Qarabağ” turnir cədvəlinin zirvəsində qərarlaşıb. Ağdam klubunu bir xal az toıplayan “Zirə” izləyir. “Qəbələ” də bu “ikilik”dən çox uzaqda deyil. “Qırmızı-qaralar” liderdən 3, son tur məğlub olaraq, ikinci pilləni geri verdikləri qəsəbə klubundan 2 xal geri qalır. 4-cü yer uğrunda mübarizə də çox gərgindi. Avrokuboka sonuncu vəsiqəyə “Neftçi” və “Sumqayıt” iddialıdı. Son turlaradək “gənclik şəhəri” təmsilçisi bu mövqedə xeyli möhkəmlənmişdisə, “ağ-qaralar” ardıcıl uğurlu oyunlarla və son matçda elə bu rəqibinə qalib gəlməklə əlavə göstəricilərlə onu geridə qoymağı bacardı. Daha zəif görünüən “üçlüy”ün də mübarizəsi böyük maraq vəd edir.  X turda “Keşlə”yə qalib gələn “Kəpəz” artıq daha bir qələbə ilə sonuncu pillədən yaxasını qurtara bilər. Eynilə, növbəti tur “Səbail” və ya “Keşlə”nin ən dibə yuvarlanması mümkündü.
 
Turnir cədvəli

Y K O Q H M T-F X
1 Qarabağ 9 7 1 1 15-4 22
2 Zirə 10 6 3 1 18-8 21
3 Qəbələ 10 6 1 3 13-10 19
4 Neftçi 10 4 1 5 12-10 13
5 Sumqayıt 10 4 1 5 11-14 13
6 Səbail 9 3 0 6 5-13 9
7 Keşlə 10 2 2 6 7-14 8
8 Kəpəz 10 2 1 7 7-15 7
Y – yer, K – komanda, O – oyun, Q – qələbə, H – heç-heçə, M – məğlubiyyət, T-F – top fərqi, X-xal

10 turdan sonra bombardirlər yarışında Mahir Mədətovun liderliyi hökm sürür. Çempionata fantastik başlayan “Qarabağ”ın oyunçusu son turlarda susqun görünsə də, hələlik əlçatmazdı. 5 qol vuran gənc forvard son 4 turda fərqlənə bilməyib. Onu bir dəfə az fərqlənən 3 futbolçu izləyir. Bunlar “Zirə”lilər Təmkin Xəlilzadə və Riçard Qadze, “Sumqayıt”dan isə Amil Yunanovdu. Qəsəbə klubunun iki futbolçusunun bombardirlər yarışında yer alması təsadüfi deyil. Komanda bəlkə də, mövsümün ən yaxşı hücum edən kollektividi. Ayxan Abbasovun yetirmələri ümumi 18 qolla bütün rəqibləri üçün əlçatmazdı. Bu baxımdan “Qarabağ” ikinci, “Qəbələ” isə üçüncüdü. Ən az fərqlənən debütant “Səbail”di – 5. Samir Əliyevin komandası, həm də heç-heçə etməyən yeganə kollektivdi. Qapısında daha çox top görənlər isə “Kəpəz”, “Keşlə” və “Sumqayıt”dı. Ümumilikdə baş tutan 39 görşdə qapılara 88 top vurulub. Bu da orta məhsuldarlığın 2.25-ə bərabər olması deməkdi.
 
Premyer Liqada X tur oyunlarını ümumilikdə 10050 azarkeş izlədi. Bu, mövsüm üçün ən yüksək ikinci göstəricidi. İndiyə qədər yalnız IX turdakı matçları daha çox tamaşaçı tribunadan izləyib. Daha bir maraqlı məqam ondan ibarətdi ki, ilk 8 turda 10 minlik bariyer keçilməyibsə, son iki turun hər birində bu sədd geridə qoyulub.
 
X turun azarkeş rekordu 4000 olub. Bu, iki matçda “Keşlə” – “İnter” və “Neftçi” – “Sumqayıt” qarşılaşmalarında qeydə alınıb. Digər iki görüşdə isə göstəricilər xeyli aşağı olub. Son çempion “Qarabağ”ın debütant “Səbail”i məğlub etdiyi matçda cəmi 900 azarkeş tribunada yer alıb. “Zirə”nin “Qəbələ” ilə ev oynunu isə 1150 tamaşaçı izləyib.
 
Tur üçün orta azarkeş sayı 2512 olub ki, bu da ümumi orta tamaşaçı sayından (1577) xeyli yüksək göstəricidi.
 

Tur Oyun Tamaşaçı Orta tamaşaçı
I 4 7526 1882
II 4 6300 1575
III 4 8100 2025
IV 3 3500 1167
V 4 5120 1280
VI 4 3900 975
VII 4 6575 1643
VIII 4 3870 967
IX 4 12550 3137
X 4 10050 2512
Cəmi 39 67491 1577
 
 
X turda baş tutan matçlara daha geniş nəzər yetirək...
 

“Qarabağ” – “Səbail”
 
Tur son çempionun debütantı sınağa çəkməsiylə başladı. Çoxları bu görüşdə Ağdam klubunun rahat qələbə qazanacağını düşünsə də, “Səbail” asan təslim olmadı. Rəqibinə kifayət qədər problem yeradan Samir Əliyevin komandası son dəqiqələrə qədər mübarizə apardılar. Yalnız 90-cı dəqiqədə Əfran İsmayılovun cərimə zərbəsindən vurduğu qol “süvarilər”in növbəti 3 xalını qazanmasına səbəb oldu.
 

via GIPHY

Bu görüş bir qədər qeyri-adi gedişatla da yadda qaldı. İlk hissə ərzində güclü rəqibindən çəkinməyən “Səbail” çoxsaylı hücumlarla “Qarabağ”ın müdafiə xətti və qapıçısını xeyli narahat etdi. Hətta qapı dirəyinə dəyən zərbə də oldu. Hissənin sonlarına yaxın “Qarabağ”dan Ansi Aqollinin qırmızı vərəqə alaraq, meydandan çıxmasından sonra gözləmək olardı ki, matçın qalan hissəsində də “Səbail” hücumlarını davam etdirəcək və rəqibinin azlıqda qalmasından istifadə etməyə çalışacaq. Ancaq əksinə oldu. Son çempion fasilədən sonra gözəl oyunla meydanda tam dominantlıq etdi.

Oyunun taleyinin son dəqiqələrə qədər həll edilməməsi isə Ağdam klubunun zəif oyunundan çox matçın baş hakimi Rəvan Həmzəzadə ilə bağlı idi. Referi bir neçə anlaşılmaz qərarı ilə”Qarabağ”a cidi problemlər yaratdı. Çempionatın əvvəlindən hakim idarəçiliyi əvvəlki mövsümlərlə müqayisədə xeyli yaxşı görünsə də, son turda baş verənlər problemlərin olduğunu aşkara çıxardı. Həmzəzadənin azı iki epizodda səhv etdiyi aşkar idi. Bununla belə, “Qarabağ” sonda lazım olan qolu vuraraq, 10 nəfərlə və əleyhinə yönələn hakim səhvləriylə də “Səbail”dən güclü olduğunu göstərdi.
 

“Keşlə” – “Kəpəz”
 
X tur “İnter”in adının “Keşlə”yə çevrilməsinin rəsmiləşməsiylə əlamətdar oldu. Sabiq”bankirlər” bu adla ilk oyununu evdə keçirmək məqsədiylə “Kəpəz”lə səfər matçının “İnter Arena”ya dəyişdirilməsinə nail olmuşdu. Ancaq yeni ad komandaya uğur gətirmədi. Gəncə klubu iki cavabsız qolla qələbə qazanaraq, autsayder mövqeyindən xilas olmaq istiqamətində ciddi addım atmış oldu.
 
“Keşlə”nin isə işləri yolunda getmir. Maliyyə problemlərini heç cür həll edə bilməyən klubda idman nəticələri də getdikcə pisləşir. Son mövsümün bürünc medalçısı artıq 7-ci yerə qədər geriləyib. Ardıcıl 4 məğlubiyyət alan komanda belə davam etsə, tezliklə sonuncu pilləyə düşə bilər.



Klubda ad dəyişikliyi ilə əsas komandanın baş məşqçi dəyişikliyi də eyni ərəfəyə düşdü. “Kəpəz”ə məğlubiyyətdən sonra qarşılıqlı razılıq əsasında gürcüstanlı mütəxəssis Zaur Svanadze ilə yollar ayrıldı. Onun əvəzinə komandaya qışadək buna qədər əvəzedici heyətin koordinatoru olan Ramiz Məmmədov rəhbərlik edəcək. Qışdan sonra nə baş verəcəyinə isə Məmmədovun klubdakı işi aydınlıq gətirəcək.
 

“Zirə” – “Qəbələ”
 
Turun ən maraqlı və gərgin oyunlarından biri Zirədə baş tutdu. Eyniadlı komanda artıq prinsipial rəqibə çevrilən “Qəbələ”ni qonaq etdi. Bu komandalar arasındakı növbəti oyun da əvvəlkilər qədər xeyli gərgin alındı. 3 qolun vurulduğu matçda qələbəni “Zirə” bayram etdi – 2:1.
 
Qonşu pillələrdə qərarlaşan komandaların duelində ilk dəqiqələrdən meydan sahibləri hücuma atıldı. Bunun da nəticəsi olaraq qısa zamanda qəsəbə təmsilçisi iki top vurmağı bacardı və böyük üstünlük qazandı.

Bundan sonra “Qəbələ”nin oyunu “çevirəcəyi” xeyli çətin görünürdü ki, komandaya daha bir zərbə kapitan Cavid Hüseynovdan gəldi. O, meydanın mərkəzində adi epizodda rəqib komandanın futbolçusu Milan Duriçin üzünə zərbə endirdi. Nəticədə görüşün baş hakimi Fariz Yusifov birbaşa qırmızı vərəqə ilə Cavidi meydandan qovdu. Belədə “qırmızı-qaralar”ın qalan dəqiqələrdə nəsə edəcəyinə inam qalmamışdı. Ancaq matçın ikinci hissəsi xeyli fərqli başladı. 3 əvəzetmənin hər birindən istifadə edən Roman Qriqorçuk böyük riskə getsə də, komandanın hücum potensialını xeyli artırmış oldu. Ardıcıl hücumlar quran “Qəbələ” get-gedə böyük üstünlük qazandı və ikinci hissədəki oyunla xal qazanmağa layiq olduğunu göstərdi. Bu görüş növbəti hakim səhviylə yadda qaldı. Fariz Yusifov “qırmızı-qaralar”ın aşkar penaltisini vermədi. Əgər həmin epizodda düzgün qərar verilsə, bəlkə də əyalət təmsilçisi hesabı bərabərləşdirə bilərdi.

via GIPHY

 
“Neftçi” – “Sumqayıt”
 
Çempionatın son zamanlar daha maraqlı olmasının, gərginləşməsinin səbəblərindən biri heç şübhəsiz “Neftçi”di. Komandanın get-gedə “qara zolaq”dan çıxması ardıcıl yaxşı nəticələr qazanması uğursuz illərdən sonra artıq geri dönməkdə olduğunu göstərir. “Ağ-qaralar”ın nəvbəti qurbanı “Sumqayıt” oldu. 4-cü yer uğrunda mübarizə aparan komandaların duelində “Neftçi” qələbə qazanaraq, əsas rəqibi ilə xalları eyniləşdirdi və əlavə göstəricilərə görə onu geridə qoydu.
 
“Zirə” – “Qəbələ” görüşündəki gərginlik bir qədər əsəbi formada idisə bağlanış matçı sırf mübarizə baxımından ən maraqlısı idi və tura əlavə rəng qatdı. İlk dəqiqələrdən irəli atılan meydan sahibi “Neftçi” erkən qol vurmağa nail oldu. Keçən mövsüm “Sumqayıt”da qollarını sıralayan Mirabdulla Abbasov bu dəfə “kimyaçılar”ı cəzalandırdı. Ardınca müəyyən dəqiqələr aralığında gah “Sumqayıt”, gah da “Neftçi” rəqib qapısı önündə ciddi təhlükələr yaratdı. Bunlardan yararlanan isə qonaq komanda oldu. Tural Axundov özü qazandığı penaltini özü də dəqiq yerinə yetirdi. Bunda sonra “Neftçi” tamamilə üstünlüyü ələ aldı. Fasilədən sonra oyundakı ümumi temp xeyli aşağı düşsə də, zaman-zaman “Neftçi” olduqca təhlükəli hücumlar yarada bilirdi. “Sumqayıt” isə ümidini daha çox əks-ücumlara yönəltmişdi. Bakı klubu yalnız son dəqiqələrdə istəyinə çata bildi. Meydana ikinci hissədə daxil olan Rəhman Hacıyev əla cərimə zərbəsiylə komandasının ardıcıl 4-cü qələbəsini rəsmiləşdirdi.
 

via GIPHY

***               ***             ***

Son turlarda çempionatın bu cür gedişatı ikinci dövrənin sonuna qədər bizi olduqca maraqlı oyunların gözlədiyindən xəbər verir. Artıq getdikcə bütün komandalar bir-birləriylə gərgin mübarizə aparırlar. Bu həm ilk yerlər uğrunda, həm də aşağı pillələrdə nəzərə çarpır. Əgər belə davam etsə və gərginlik bir az da artsa, son illərin ən maraqlı çempionatını izləyə bilərik.

Faiq Tahirov

Məqalə AFFA yenında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb



oxunma sayı: 1421 | Paylaş:




?>