')

Bu gün:


FutbolPress.Az | Ağasəlim Mircavadov: “İnanmıram ki, bundan sonra mənə təklif gəlsin” (MÜSAHİBƏ)

Ağasəlim Mircavadov: “İnanmıram ki, bundan sonra mənə təklif gəlsin” (MÜSAHİBƏ)


oxunma sayı: 1024 Paylaş:

FutbolPressİki gün öncə yubiley - 70 yaşını tamamlayan əməkdar məşqçi Ağasəlim Mircavadovun “FutbolPress”ə müsahibəsi...

- 70 yaşı tamamlamaq necə hissdi?
- Maraqlı sualdı (Gülür). 70 yaşı tamamlamaq yaxşı hissdi. Əslində əgər hərəkətdəsənsə yaşın elə bir fərqi olmur, 60, 70, 80 hamısı eyni gəlir. Özümü qoca hiss eləmirəm, sağlamam. Daim idmanın içindəyəm, hərəkət edirəm. Bəlkə çox hiss olunmur, amma yeməyimə də ciddi fikir verirəm (gülür). Gəzirəm, idman hərəkətləri edirəm, üzürəm. Belə 80, 90-nın da qorxusu olmaz.

- Ömrünüzün böyük hissəsini Azərbaycan futboluna həsr etmisiz. Bunun qarşılığını ala bilmisiz?
- Sağ olsun, prezidentimiz mənə şöhrət ordeni verib. Düzü, qarşılıq barədə fikirləşməmişəm. Əgər azarkeşlər mənə qarşı isti münasibətdədilərsə, bu, mənimçün hər şeydi. Çox şükür, bunu hiss edirəm. Özüm də istəkli deyiləm ki, kimdənsə bir şey xahiş edim, özüm üçün nəsə istəyim.

- Bu gün tutduğunuz mövqedən razısız?
- Razı deyiləm. Çünki mən artıq 7 ildi ki, işləmirəm. İş qabiliyyətim var, futbolumuza xeyir verə bilərəm. Əgər sənin bacarığından, biliyindən istifadə etmirlərsə, bu pis təsir edir.

- İki dövlətdə yaşamısız, işləmisiz: SSRİ-nin daxilində olan və müstəqil Azərbaycan. Müsahibələrinizdə tez-tez həmin vaxtları yada salırsız. Belə düşünürsüz ki, İttifaq zamanı olsa, ölkə futbolu üçün sizdən daha səmərəli istifadə olunardı?
- Bəli, hər iki dövrdə fəaliyyət göstərmişəm. Sovetlər Birliyinin vaxtında yaşlılardan daha çox istifadə edərdilər. Bu təkcə Azərbaycana aid deyil, bütün İttifaq dövlətlərində belə idi. Yaşlılar daim iş başında olurdu, onların tövsiyələrinə qulaq asırdılar. Gənclər yaşlı mütəxəssislərin yanında öyrənirdilər, hazır olandan sonra başlayırdılar müstəqil işləməyə. İndi belə deyil. Yaşa dolduqca uzaqlaşdırırlar futboldan, kənarlaşırsan. Amma ölkə müstəqil olanda mən demişdim ki, bundan sonra daha səylə, qat-qat artıq güclə işləməliyik. Çünki artıq yalnız öz ölkəmizin futboluna xidmət edəcəyik.

- Tez-tez işləyəcəyinizlə bağlı xəbərlər yayılır. Niyə alınmır?
- Hansısa klub məşqçini dəvət edəndə onun bacarığına bələd olmalıdı. Əvvəldən araşdırmalıdı ki, harda işləyib, necə işləyib, nə əldə edib, güclü-zəif tərəfləri hansılardı... Xaricdə belə yanaşırlar məsələyə. Bizdə isə bu alınmır. Bilmirəm, klublarda problem nədi.

- Yəni Ağasəlim Mircavadov işlədiyi hər klubda nəticə verib, amma indi özünə də qaranlıqdı ki, niyə qalıb qıraqda...
- Tam qıraqda olduğumu deməzdim. Mən elə bir adamam ki, daim hərəkətdəyəm. Elə məşqçilər olur, bir müddətdən sonra karyerasını bitirir və keçir stol arxasına. Elə məşqçilər də var ki, daim meydançada olmalıdı, baxmalıdı, danışmalıdı, ən azından tövsiyə verməlidi. Mən bir yerdə otura bilmirəm, mənimçün stol ağırdı. Bu gün Məşqçilər Komitəsində fəaliyyət göstəririk, fikirlərimizi deyirik, faydalı olmağa çalışırıq. İşləmiriksə yəqin ki, lazım deyilik, ehtiyac görmürlər. Bəlkə də indiki formada daha çox faydalıyıq.

- Belə başa düşdüm ki, təklif gəlsə yenidən aktiv fəaliyyətə həvəs, güc var...
- İnanmıram ki, bundan sonra təklif gəlsin. Amma bacarığıma hər kəs bələddi. İşləməyə həvəsim də, gücüm də, ağlım da var. Uzun müddət də futbolumuz üçün çalışmışam. İstərdim ki, yaşlı məşqçilərdən hər cür istifadə etsinlər. Nəzəriyyəni bilirik, onu praktiki tətbiq də etmişik. Qismət beləymiş... Bilirsiz, mən heç vaxt iş dalınca qaçmamışam. Bir ona heyfsilənirəm ki, futbolumuz bu illərdə daha çox inkişaf edə, mən də bu işdə daha çox faydalı ola bilərdim. Amma belə Allahdan razıyam, yaxşı ailəm, uşaqlarım, nəvələrim var. Futbolumuzun da qalxacağına inanıram.

- Karyeranızda çox klubda işləmisiz. Ən yaddaqalanı hansı olub?
- Hamısının öz yeri var. SSRİ dövründən tutmuş müstəqillik vaxtında olanlaradək. Müstəqilliyin ilk dövrlərində vəziyyət həddən artıq ağır idi. “Qarabağ”da 5 il işləmişdim. Həddən artıq çətinliklərlə üzləşirdik. Maaş yox, heç bir imkan yox... Amma heç kəs bunun söhbətini eləmirdi. Pul olanda da hamının arasında bölürdülər. Həmin vaxt çox əziyyətlər çəkmişik. Amma bunda bir şirinlik də var idi. Ağır dönəm idi, klubda hər kəs bir-birinə dəstək olurdu, ailə kimi idik. “Bakı Fəhləsi”, “Şəmkir”, “Neftçi”, “Xəzər Lənkəran”da da eyni mühiti formalaşdırmışdıq. Ən yadda qalanı, tarixə düşəni isə ermənilər üzərindəki qələbədi (2005-ci il. Birlik Kuboku. “Neftçi” - “Pünik” 2:0 - red.) Yanvar ayının 19-da biz erməniləri 2:0 hesabı ilə məğlub etmişdik. Bu, çox tarixi qələbə idi. Bir gün sonra 20 yanvar faciəsinin ildönümü idi. Əgər nəticə fərqli olsaydı, xalqımıza növbəti böyük zərbəni biz endirmiş olacaqdıq. Buna görə də yalnız qələbə qazanmalıydıq və bunu bacarmışdıq. Ona görə də heç zaman həmin görüşü unutmayacam.

- İndi mövcud olmayan “Bakı Fəhləsi”, “Şəmkir”, “Xəzər Lənkəran”ın adını çəkəndə kədərlənirsiz?
- Əlbəttə, kədərlənirəm. Biz bu klubları çox tez itirdik. Onlardan başqa, “Bakı”nın adını çəkə bilərəm, “MKT Araz”, “Simurq”, “Turan” bu gün başqa adla yarımçıq yaşayırlar. Bu klublar I Divizion yox, Premyer Liqada oynasalar, daha çox rəngarənglik olardı. Təbii ki, bunların səbəbi bəllidi, maliyyə problemləri imkan vermədi ki, yaşasınlar. Mənim həmişə bir arzum olub: klubların rəhbərləri ayrı olsun. Komandalar maliyyə cəhətdən azad olmalıdılar. AFFA çox klubu saxlayır, həm Premyer Liqa, həm də I Divizion komandalarının çoxu federasiyaya baxır. Amma mən istərdim ki, imkanlı şəxslər futbola sərmayə qoyaydılar. Belədə futbolun inkişafı sürətlə gedərdi.

- Karyeranızda heç ölkə xaricində işləmək variantınız olub?
- Konkret bir şey baş verməyib. SSRİ vaxtı ola bilərdi. Düzdü, o vaxt hamısı eyni dövlət sayılırdı. Rəhmətlik Ruslan Abdullayevlə birgə 1980-82 illərdə Moskvada akademiyada oxuduq. Bundan sonra istəyirdilər ki, başqa yerə göndərsinlər. Variantların hamısı hazırkı MDB ölkələri idi. Amma biz öz doğma şəhərimizə gəlmək istədik.

- Məşqçi kimi hansı məqsədinizə hələ çatmamısız?
- Məqsəd... (fikirləşir) Təbii ki, hamının öz işiylə bağlı bir məqsədi olur. Klub sistemində həmişə istəmişəm ki, akademiya və əsas komanda bir olsun. Bu mənada ki, uşaq yaşlarından futbolçular klubun daxilində yetişə-yetişə əsas komandaya yüksəlsin. Bunu tam reallaşdıra bilmədim. Bir də arzulamışam ki, işlədiyim klubun akademiyasında da yaxşı infrastruktur olsun. Şəxsi bir arzum, məqsədim olmayıb. Fikrim ancaq Azərbaycan futbolu, klubla bağlı olub. İstəmişəm ki, yaxşı futbolçular hazırlayıb yığmaya çıxaraq. Yaxud klub avrokuboklarda yaxşı çıxış edə bilsin. Şəraitin imkan verdiyi qədər buna nail olmağa çalışmışıq. Ancaq həmişə ağır vəziyyətlərdə işləmişik. İndi klublar ildə iki dəfə hazırlığa gedirlər. Əvvəllər çox çətin olurdu.

- Rəhbərliyiniz altında çıxış edən ən yaxşı futbolçu kim olub?
- Çox yaxşı futbolçularla işləmişəm. Bir futbolçunun adını çəkməliyəm. Zaur Tağızadənin... O, karyerasını çox tez bitirdi. Zaurla bağlı bambaşqa fikirlərim var idi. Vidadi Rzayevlə Mahmud Qurbanov da əla futbolçular idi. Vidadi haqda hər yerdə danışıram, onun meydanda hərəkətləri çox fərqli olurdu. Bu iki futbolçu haqda bir epizod heç yadımdan çıxmaz. “Pünik”ə ikinci qolu vuranda, top həmin zaman havada idi və Vidadi iki mərkəz müdafiəçisinin arasında dayanmışdı. Topun yerə düşməyi ilə Mahmudun ötürmə etməsi bir oldu və Vidadi qapıçıyla təkbətək çıxdı. Hər oyunçu bunu edə bilməz. İndi baxırıq televizorda İngiltərə, Almaniyada kimsə oxşar hərəkəti edəndə hamı ondan danışır, amma demək lazımdı ki, bizim uşaqlar da bunu bacarır axı. Zaur isə ən çox təəssüfləndiyim oyunçudu. Sürəti, texnikası, meydanda davranışı möhtəşəm idi. O, Azərbaycan futboluna çox xeyir verə bilərdi. Yığmanın da əvəzedilməzi olmaq gücündə idi...

- Zaur Tağızadənin tanınmış Avropa klublarında oynamaq variantı da var idi...
- Bir müddət Estoniyada da oynadı. Ancaq indinin özündə də belədi ki, sənin ölkədən çıxmağın çün yaxşı menecerin olmalıdı. İşbilən menecer yoxdusa, karyeran alınmayacaq. Zaurda da eyni problem yaşandı.

- “Qarabağ” son illərdə böyük uğurlar qazandı. Bu mövsüm Çempionlar Liqasının qrupuna düşdü, hətta xal da qazandı. Qurban Qurbanovu müstəqillik dövrünün ən yaxşı məşqçisi saymaq olar?
- Onu deyə bilmərəm. Gərək qıraqdan qiymət verilsin. Amma deyim ki, son illərdə həqiqətən də böyük uğurlar qazanıb, çox inkişaf eləyib. Amma bunu sırf müstəqillik dövrü üçün saymaq bir az çətin olardı. Çünki əvvəllər belə şərait yox idi. Bakıdan gedirdik Sumqayıta, “İnşaatçı” stadionuna, uşaqlarla peraşki alıb yeyirdik. Oynamaq üçün güc lazımdı. Peraşki ilə nə güc eləyə bilərsən? (gülür). İndi zaman başqadı. İşləmək üçün hər imkan var.

- Belə başa düşüdüm ki, indiki “Qarabağ”da Ağasəlim Mircavadov da işləsə eyni uğurları...
- Yox elə deyil. Mən bunu demədim. Söhbət bundan getmir. Mən yenə də işləmək üçün yaxşı şəraitdən danışmaq istəyirəm. Bu, ən vacib amildi. Bir də klub məşqçiyə inanmalıdı. “Qarabağ”da yaxşı şərait yaradıblar və uzun illərdi məşqçiyə inanırlar. Qurban da xeyli uğurlar qazanmağı bacarıb. Klubun belə səviyyədə olması bizi sevindirməlidi.

- AFFA-nın ölkə futbolundakı problemləri aradan qaldırmaq istiqamətində fəaliyyəti doğru yoldadı?
- İş görülür, özü də çox. Bunu bir az da artırmaq lazımdı. AFFA-dan futbolu qaldırmaq üçün iş görürlər.

- Amma inkişaf yoxdu...
- Həmişə mənə sual verirlər ki, milli niyə bu gündədi. İndi mən də belə bir sual verim, klublarımız niyə bu gündədi? Biz həmişə yığma və klubları bir başa düşməliyik. Hər iki tərəfin inkişafı eyni getməlidi. Çünki milliyə futbolçu klubdan gəlir. Bu gün AFFA Premyer Liqa, I Divizion klublarının əksəriyyətini saxlamaqla məşğuldu. Daha yaxşı olardı ki, əlavə maliyyə cəlb olunardı, imkanlı şəxslər futbola pul yatırardılar. Tək AFFA bu qədər komandanı saxlayanda sürətli inkişaf da ola bilməz.

- Milli demişkən, dekabrda Robert Prosineçkinin müqaviləsi başa çatır. Getsin, ya qalsın?
- Onu rəhbərlik bilər. Çağırıb hesabatına baxacaqlar, nəticələri təhlil edəcəklər. Amma qıraqdan biri kimi mən hələ 1993-cü ildə demişəm ki, yığmada yerli mütəxəssislər işləməlidi. Çünki yerli məşqçi mühiti yaxşı bilir və insanları tanıyır. Son illərdə isə ancaq əcnəbi mütəxəssislər dəvət edilir.

- Prosineçki 3 ildi Azərbaycandadı. Faəliyyətini qənaətbəxş saymaq olar?
- Onu indidən demək olmaz. Bütün fəaliyyəti analiz edilməlidi, özü ilə danışmaq lazımdı. Amma biz adətən xalı götürürük də. Siz məndən yaxşı bilirsiz, Prosineçkinin dövründə də nəticə əvvəlkilərdən yuxarı olub. Bu da uğur sayılmalıdı. Təbii ki, biz daha artığını istəyərdik. Prosineçki gələndən oyun olaraq da milli əvvəlki vaxtlardan yaxşı çıxış edir.

- Aşağı yaş millilərində əcnəbiləşmə tendensiyası var, buna münasibətiniz necədi?
- Əgər Azərbaycanı sevirsə və xeyir verəcəksə gəlib oynamasında problem görmürəm. Futbolçu təkcə, tutaq ki, U-17-də oynamaq üçün çağırılırsa, bunun əleyhinəyik. Yənə əgər kimsə milliləşdirilirsə, o, ən aşağı yaş yığmasından başlayaraq yavaş-yavaş, U-19, U-21 və əsas milliyə qədər irəliləməlidi. Belə potensialı yoxdusa, kimisə milliləşdirməyin mənası yoxdu. Məşqçilər Komitəsi olaraq özü uşaqlarımızın oynamasının tərəfdarıyıq. Bu il 6 ay ərzində bütün akademiyaları gəzdik. Hədən artıq problemləri var. Qeydlərimizi eləyib vermişik. Yenidən yoxlamaq, davamlı diqqətdə saxlamaq lazımdı bu məsələni.

- Əsas problemlər nələrdi?
- Problemlər ilk növbədə şəraitlə bağlıdı. Stadionlar, meydançalar azdı. Gəncədə ümumiyyətlə meydança yoxdu. Uşaqlar torpaqda məşq eləyirlər. Bir dənə əsas komanda üçün stadionu düzəltdilər, onlar da məşqlərini hələ də Bakıda keçirlər. Uşaq futbolunun inkişafı üçün yaxşı infrastruktur olmalıdı. Süni, təbii - fərqi yoxdu, tələblərə cavab verən stadionlar olmalıdı akademiyalarda. Uşaqlar torpaqda məşq edirlər, sonra da zədələr yaranır, istənilən effekt əldə edilmir. Bu gün uşaq futbolunun ən böyük problemi budu.
 
- Üzvü olduğunuz Məşqçilər Komitəsiylə bağlı deyirlər ki, lazımsız qurumdu, heç bir iş görmür, üzvlər ora susdurulmaq üçün qoyulub...
- Yanlış fikirdi. İş gedir. Elə böyük səlahiyyətlərimiz yoxdu. Kimisə istefaya göndərə, yenisini gətirə bilmərik. Amma baxırıq, təhlil eləyirik, tövsiyə veririk. Fəliyyətsiz qalmamışıq. O ki qaldı susdurulmaya, bu da yanlış düşüncədi. Mən sizə tam səmimiyyətimlə deyirəm. Şəxsən mənə heç kim heç nəyi danışmağı qadağan etməyib. Həmişə də mətbuata açıq olmuşam. Nə vaxt hansı sual verilibsə cavablandırmışam.

Faiq Tahirov



oxunma sayı: 1024 | Paylaş:




?>