Bu gün:


FutbolPress.Az | Hakim böhranı, yoxsa keçici durğunluq? (LAYİHƏ)

Hakim böhranı, yoxsa keçici durğunluq? (LAYİHƏ)


oxunma sayı: 480 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkədaxili yarışlara güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız yazıları davam etdirir. Bu dəfə ölkə futbolunda nəzərə çarpan hakimlik probleminə nəzər yetirəcəyik...

Azərbaycan futbolunda ən problemli və müzakirə olunan sahələrdən biri hakimlikdi. Bu, hər şeydən çox özünü oyunların idarəçiliyindəki nöqsanlarla büruzə verib. Düzdü, davam edən mövsümdə hələ ki, matçın nəticəsinə hakim müdaxiləsi, belə böyük miqyasda səhvlər müşahidə olunmayıb, ancaq başqa bir problem – hakim sayının azlığı özünü kəskin şəkildə göstərir.

Məsələ burasındadı ki, Hakimlər Komitəsi Premyer Liqa və I Divizion oyunlarına göndərməyə referi tapmaqda çəkinlik çəkir. Ümumi statistikaya nəzər yetirsək, Topaz Premyer Liqasında geridə qalan 8 turda (31 matç) 9 hakim iş başında olub. Komitə ən çox FIFA referisi Əliyar Ağayevə güvənib. 30 yaşlı hakim 5 görüşdə idarəçilik edib. Daha 4 hakim 4 matçda iş başında olub. Onların da ikisi – Ömər Paşayev və Rəhim Həsənov FIFA referiləridi. Həmişə dar məqamda HK-nın dadına yetişən təcrübəli Fariz Yusifov da bu cərgədədi. 4 oyuna təyinat alan daha bir referi isə Rauf Cabbarovdu. Digər hakimlərdən İnqilab Məmmədov və Ramil Diniyev hərəyə 3, Orxan Məmmədovla Rəvan Həmzəzadə isə hərəyə 2 matçda fit çalıblar. Ötən mövsüm Premyer Liqada idarəçilik edən Elvin Əsgərov isə yay toplanışında iştirak edə bilmədiyi üçün hələ ki, oyunlara göndərilmir.

TPL-də bu gün start götürəcək IX tura təyinatları nəzərə alsaq, Əliyar Ağayevin oyun sayı 6-ya yüksələcək, Ömər Paşayev isə 5-ci matçını idarə edəcək. Digər təyinat alanlar İnqilab Məmmədov və Ramil Diniyevdi. Tur uzun fasilədən sonra “Qəbələ” və “Qarabağ” arasındakı görüşdə Fariz Yusifovdan başqa referinin idarəçilik etməsiylə yadda qalacaq. Keçən mövsümün II dövrəsində “Qarabağ”ın meydanında keçirilən görüşdə Rəhim Həsənovun idarəçiliyi ətrafında yaranan söz-söhbətlərdən sonra HK bu komandaların ardıcıl 4 oyununa Yusifovu təlimatlandırmışdı. Bəlkə də “Qarabağ”la “Qəbələ”nin rəqabətinin keçənilki səviyyədə olmadığını da nəzərə alıb, Komitə görüşü Ömər Paşayevə tapşırmağı məqsədəuyğun hesab edib.

IX turda daha diqqətçəkən məqam isə “Kəpəz”lə “Neftçi” arasında Gəncədə keçiriləcək görüşə Əliyar Ağayevin təyinat alması ilə bağlıdı. İlk baxışdan normal görünsə də, məsələ burasındadı ki, Ağayev dünən Avropa Liqasının qrup mərhələsində “Vardar” – “Real Sosyedad” (0:6) oyununda idarəçilik edib. Referi hələ Makedoniyadan Azərbaycana qayıtmamış – bu gün səhər saatlarında sabahkı derbi qarşılaşmasının ona tapşırıldığı açıqlandı. Təbii ki, qərardakı absurdluq birmənalı qarşılanmamasını labüdləşdirdi. Görünür, Hakimlər Komitəsi özü də yaxşı anlayır ki, “Kəpəz”in bu mövsüm Gəncədəki ilk ev oyununda, özü də derbi qarşılaşmasında Ağayevdən başqası, çətin ki, normal idarəçilik edə bilsin. Təbii ki, bunun özü də problemin hansı səviyyədə olduğunun növbəti göstəricisidi.

Son illərə nəzər yetirsək, yeni yetişən hakimlərin arasında yalnız Ömər Paşayevin adını çəkə bilərik. 2014/15 mövsümündən elitada idarəçilik edən 29 yaşlı hakim bu ilin əvvəlindən FIFA referisi adına da yiyələndi. Xeyli araşdırsaq da, başqa hər hansı uğurlu nümunəyə rast gəlmədik.

Bəs problemin kökü nədədi? Niyə yeni hakimlər yetişmir? Hakimlikdəki mövcud böhranın, yaxud keçici durğunluğun səbəbi nədi?

Təbii ki, bu suallara HK sədri Xaqani Məmmədovun cavab verməsi daha yaxşı olardı. Ancaq onunla danışmaq mümkün olmayınca, mövcud vəziyyətlə bağlı həmkarlarımızın fikirlərini öyrəndik.

“CBC Sport”un şərhçisi Elnur Məmmədli əksər hakimlərin gərgin oyunlarıın öhdəsindən gəlmək gücündə olmadığını və Hakimlər Komitəsinin də, əslində bunun fərqində olduğunu bildirdi:

“Həqiqətən də, Əliyar Ağayev Makedoniyadan qayıtdıqdan demək olar ki, 1 sutka sonra Gəncədə oyun idarə edəcək. Çoxdan bəllidir ki, Xaqani Məmmədovun güvənib, vacib oyunları verə biləcəyi cəmi 4-5 hakim var. Əslində, onu da qınamaq olmur. Gəncədəki görüşün necə gərgin keçəcəyini təxmin etmək olar. Həm də üstəlik bu tur "Qəbələ” -"Qarabağ" qarşılaşması var. Etiraf etmək lazımdır ki, İnqlab Məmmədov, Ramil Diniyev, Rəvan Həmzəzadə, Rauf Cabbarov kimi hakimlər hələ bu cür ağır, prinsipial oyunların öhdəsindən gələ bilmirlər. Ona görə də demək olar ki, çempionatın bütün top matçlarını Əliyar Ağayev, Rəhim Həsənov və Fariz Yusifov idarə edir. Təbii ki, yaxşı vəziyyət deyil. Yəqin, bunu Hakimlər Komitəsi də bilir.  Sadəcə hələ ki problemi həll etməkdə çətinlik çəkirlər”.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli isə hər mövsüm hakimlərin sayında azalma müşahidə olunduğunu, ancaq bu sahəyə marağın azalmadığını söylədi. Onun fikrincə, rəqabət mühitinin formalaşdırılması üçün hakim sayının artırılması lazımdı:

“Ümumiyyətlə, son mövsümlərdə Premyer Liqa hakimlərinin sayında azalma müşahidə olunur. Elə ötən mövsümlə bu ilki arasında da say azlığı var. Elvin Əsgərov zədə səbəbindən normativlərdə iştirak etmədiyindən geridə qalan 9 tur ərzində təyinat almayıb. Hakimlər Komitəsi 9 turda 9 referiyə şans verib. Ən çox FİFA referilərinə (1-ci yerdə Əliyar Ağayevdi, 6 oyuna gedib, 2-ci Ömər Paşayevdi, 5 dəfə təyinat alıb) güvənilir. Xaqani Məmmədov ilk növbədə onların oyun təcrübəsini düşünür. Düz də edir. Divizionda da əsasən bu 9 hakimə şans verilir. Prinsip etibarilə 9 hakim 8 komandalı çempionat üçün normaldı, ancaq rəqabət üçün onların sayı 12-yə çatdırıla bilər. Gənclər isə əsasən, əvəzedicilərin çempionatında şans qazanır. Hakimlik peşəsinə marağın azaldığını deyə bilmərik. Əksinə, elə gənclər var ki, bildiyimə görə, Hakimlər Komitəsinin diqqət mərkəzindədilər və hətta mümkündü ki, qışa qədər onlara debüt imkanı yaradılsın. Eyni hakimlərin tez-tez görünməsi komanda sayının azlığındandı. Necə ki, komandalarımız mövsüm ərzində 4 dəfə qarşılaşmaq məcburiyyətindəndi, hakimlər də onun kimi”.

İstənilən halda, ölkə futbol hakimliyindəki mövcud mənzərə heç də xoş deyil. Hər tur eyni referilərin təyinat alması onlarda "onsuz da növbəti tur oyunum var" düşüncəsini yaradır və bu inkişafa mane olan başlıca səbəblərdəndi. Təsvir etdiyimiz vəziyyəti birmənalı şəkildə, böhran saymaq düzgün olmazdı. Ancaq bu, keçici bir dövrdüsə də, gedişat məhz böhranlı vəziyyətin yaranmasına aparır.

Faiq Tahirov


Məqalə AFFA yenında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb



oxunma sayı: 480 | Paylaş: