')

Bu gün:


FutbolPress.Az | Tərlanın payı (QEYD)

Tərlanın payı (QEYD)


oxunma sayı: 772 Paylaş:

FutbolPress"Səbail"lə qarşılaşma Tərlan Əhmədovun baş məşqçi təyin edilməsindən sonra 4-cü oyun idi. "Neftçi" bunların hər birində digərinə nisbətən həm fiziki, həm psixoloji, həm taktiki baxımdan artırır(dı). "Səbail"ə qarşı (VIII tur) böyükhesablı qələbə (4:0) və nümayiş etdirilən oyun göstərdi ki, "ağ-qaralar"da əsas problem baş məşqçi postunda imiş. Daha dərindən desək, baş məşqçi ilə rəhbərlik arasında kommunikasiyanın arzulanan həddə olmaması...
 
***    ***    ***
 
Müşahidə Şurası sistemi ilə AFFA-nın baş katibi Elxan Məmmədov və dostlarının nəzarətinə keçən klubun uğursuzluqları sıralanmaqda idi. Heç cür çıxış yolu tapa bilməyən bu sistem qısa müddətdə Samir Əliyevi göndərib, Əsgər Abdullayevi, sonra onu  göndərib, Vəli Qasımovu, onu da göndərib, Elxan Abdullayevi baş məşqçi postuna gətirdi. 
 
Əliyevin nəsə eləməyə zamanı qısa oldu. Abdullayev daha çox mızıldanmaqla yadda qaldı. Qasımovun da baş məşqçi kimi karyerası şübhəli məqamlarla zəngin idi. Gah mənasız transferlər, gah sifarişli oyunçu götürmələr və s.
 
Komandanın uğursuzluq zolağından çıxmaq cəhdləri Abdullayevlə də boşa gedirdi. O, baş məşqçi kimi daha çox onunla-bununla mübahisələr elədi, nəinki real islahatlar apardı.
 
Nəhayət, bu dəfə kluba daha yuxarıdan müdaxilə baş verdi. Əvvəlcə Müşahidə Şurası sistemi "oyundan" kənarlaşdırıldı. Daha sonra Elxan Məmmədovun zərərli nəzarəti zəiflədildi. Ardınca SOCAR-dan ciddi tapşırıqlar gəldi. Bu proseslərin tərkib hssəsi kimi Tərlan Əhmədov baş məşçi təyin edildi. 
 
Komandanı belə dəyişərlər! 
 
Əhmədov bunu göstərdi. Media önünə çıxıb problemləri bir-bir sadaladı. Özü də açıq-aydın. Əhmədovu sevdirən, ona hörmət qazandıran əsas detal da məhz budur.
 
***    ***    *** 
 
"Səbail"ə ilk dövrədə uduzan (0:1) "flaqman" həm də bərbad oyunla təəssüf yaratmışdı. Bu gün isə komanda meydanda aşkar üstün idi. Həm taktiki, həm müxtəlif oyun komponentlərində dominantlıq edən "Neftçi"dəki radikal dəyişiklikdə Əhmədovun payı hər şeydən öndə durur. 
 
Onun təyinatından sonra komandada dəyişən əsas məqamlar:
 
- "Neftçi"də lider yoxluğu problemi aradan qalxır. Rəşad Sadiqovu özüylə gətirən Əhmədov sanki komandadakı rolların doğru-dürüst bölüşdürülməsinə nail olub.
 
- "Səbail" matçından sonra keçirilən mətbuat konfransında da dediyi kimi, komandada əsas narahatlıq doğuran məqam - qruplaşmanı aradan qaldırıb. Bu anlayış ənənəvi formasında başa düşülməməlidir. Qruplaşma, yəni əcnəbi oyunçularla yerlilərin ayrı-ayrı oturub-durması, ünsiyyətdə olmaması və s. bu kimi incə, vacib detallar...
 
- "Neftçi" Avropa Liqasının qrup mərhələsinə düşdüyü ərəfələrdəki oyununu xatırladır. Təsadüfi deyil. Həmin oyun üslubunun da strateqi Əhmədov idi. 
 
- Komandanın rəqibə qarşı pressinqi, hər mövqedə döyüşməsi, kompakt hərəkəti burda məşqçi işinin əsas amil olduğunu göstərir.
 
- Bütün bu məqamlar düşünməyə əsas verir ki, "Neftçi"nin yüksəlişi təsadüfi deyil, məntiqi hadisədir və davamiyyətli olacağına zəmanət vermək olar. Ancaq mütləq buna ən vacib detalda da nail olmaq lazımdır. Klub sponsorlarıyla komanda idarəçiləri arasındakı anlaşmanın olması. Bir-birini istəmələri. Bu olmasa, "Neftçi"nin son 3-4 ildə yaxaladığı ən ciddi yüksəliş yarıda sonlana bilər. İki qol müəllifi olan Uqo Barqasın da dediyi kimi: "Biz var-gücümüzü meydanda qoyuruq. Baş məşqçi komandada möhtəşəm inam hissi yaradıb. İndi biz özümüzü daha çox komanda şəklində hiss edirik. Nəticələrimiz də buna görə yaxşılaşıb. Ancaq bunun davamlı olması elə asan deyil. Dəqiq qurulmuş məşq prosesləri, yerində yanaşmalar çox vacibdir. Həm də bu gözəl əhval-ruhiyyənin yerində qalması".

Elçin Cəlilov


oxunma sayı: 772 | Paylaş:




?>