Bu gün:


FutbolPress.Az | Ümidli “İnter”, istəkli “Neftçi” – TPL-də fasilə bitir

Ümidli “İnter”, istəkli “Neftçi” – TPL-də fasilə bitir


oxunma sayı: 254 Paylaş:

FutbolPressSabah Topaz Premyer Liqasında II dövrəyə start veriləcək. Dövrənin ilk, çempionatın VIII turunun oyunları  üç gün ərzində keçiriləcək.


“İnter” – “Qarabağ”

Açılış oyunu paytaxtda baş tutacaq. “İnter” son çempion və hazırkı lider “Qarabağ”ı qəbul edəcək.

Bu, Ağdam klubunun Çempionlar Liqasının II turunda “Atletiko” ilə ev oyunu öncəsi son sınağıdı. Düşünmək olar ki, komandanın baş məşqçisi Qurban Qurbanov əsas heyət oyunçularına istirahət verəcək. İstənilən halda, müəyyən dəyişikliklərin olacağına şübhə yoxdu. Matçın süni örtüklü meydançada keçiriləcəyini də nəzərə alsaq, baş məşqçi zədələnmə riskini də nəzərə almalıdı. Amma indiki məqamda "Qarabağ"ın ikinci heyəti də "İnter"dən güclü görünür.

Son turda “Neftçi”yə uduzan sabiq “bankirlər” isə güclü rəqibinə layiqli müqavimət göstərməyə çalışacaq. Rəqibin “Atletiko” ilə oyunöncəsi öz gücünə qənaət etmək barədə düşünməsi və zədələrə qarşı maksimum ehtiyyatlı olması Zaur Svanadzenin komandasının uğurlu nəticəyə ümidini artırır. Əgər Ağdam klubu bu görüşə ciddi yanaşsa, "İnter"in heç bir şansı olmayacaq.

Bu, komandaların 53-cü dueli olacaq. Əvvəlki oyunların 23-də “Qarabağ”, 12-də “İnter” qələbə qazanıb. 17 matçda qalib müəyyənləşməyib. Top fərqi 58:32 ağdamlıların xeyrinədi.  “Qarabağ” son iki oyunda qələbə qazanıb. “İnter”in meydanındakı son iki matçda 3 qol vurulub.


“Zirə” – “Kəpəz”

İkinci oyun gününün ilk matçında “Zirə” “Kəpəz”i qəbul edəcək. Çempionatın ən yaxşılarından olan qəsəbə təmsilçisi autsayderlə oyunda favorit sayılır. Ancaq gəncəlilərin də Bakıya asan təslim olmağa gəlmədiyini söyləmək olar. Keçən tur səfərdə “Qəbələ”yə qalib gələn Şahin Diniyevin komandasında motivasiya olduqca yüksəkdi.

Bu oyun “sarı-göylər” üçün müəyyən qədər prinsipial xarakter də daşıyır. Məsələ burasındadı ki, “Kəpəz" Gəncə şəhər stadionundakı təmir işləriylə əlaqədar I dövrədəki görüşü Bakıda – “Zirə”nin meydanında oynamağı təklif etsə də, qəsəbəlilər razılaşmamışdı. Yevlaxda keçirilən matç isə “Zirə”nin 3:0 hesablı qələbəsiylə başa çatmışdı. Yəqin ki, Şahin Diniyev və komandası bunu hələ yaddan çıxarmayıb.

“Zirə” və “Kəpəz” indiyə qədər 9 dəfə üz-üzə gəliblər. Hərəyə 3 qələbə qazanan komandalar eyni sayda heç-heçəyə razılaşıblar. Yalnız top fərqində Bakı klubu üstündü – 11:10. Son 5 matçda qol vuran komanda quru hesabla qalib gəlib. “Zirə” indiyədək ev oyunundan qolsuz və xalsız ayrılmayıb.


“Sumqayıt” – “Qəbələ”

Keçən tur gözlənilmədən “Kəpəz”ə uduzan “Qəbələ” bu dəfə səfərə yollanır. “Qırmızı-qaralar” “Sumqayıt”ın qonağı olacaq.

Heç cür istənilən formanı yığa bilməyən Roman Qriqorçukun komandası çempionluğa namizəd sayılsa da, bu oyunda favorit hesab edilmir. “Sumqayıt” turnir cədvəlində “Qəbələ”nin ən yaxın izləyicisidi və bu mövsüm göstərdiyi oyunla Avropa Liqasına böyük iddiasının olduğunu sübut edib. “Kimyaçılar” yaxşı dövrlərini yaşamayan “qırmızı-qaralar” la görüşdə qalib gələcək gücdədi. Əyalət təmsilçisi üçün isə növbəti xal itkisi çempionluq yarışından qopma anlamına da gələ bilər.

Komandalar indiyə qədər 21 dəfə üz-üzə gəliblər. 14 görüşdə “Qəbələ” 2 matçda “Sumqayıt” qalib gəlib, 5 oyun heç-heçə başa çatıb. Top fərqi 39:16 “qırmızı-qaralar”ın xeyrinədi. Son 9 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb. “Qəbələ” indiyədək baş tutan bütün oyunlarda qol sevinci yaşayıb.


“Səbail” – “Neftçi”

Bağlanış oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi “Bakcell Arena”da yox, “Dalğa Arena”da keçiriləcək. Buna səbəb adıçəkilən ilk stadionun ot örtüyündə yaranan problemdi.

Keçən tur “İnter”lə qarşılaşmada mövsümdə ilk qələbəsini qazanan “Neftçi” debütantla görüşdə mütləq qalib gəlmək iddiasındadı. I dövrədə elə bu arenada keçirilən matçda məğlub olan “ağ-qaralar” həm də həmin uğursuzluğun əvəzini çıxmalıdı. Tərlan Əhmədovun gəlişindən sonra oyununda artım hiss edilən komanda “İnter”lə görüşdəki qələbənin təsadüfi olmadığını da sübut etməyə çalışacaq. I dövrəni boşa verən "flaqman" II dövrənin ilk turundakı qələbə qazanarsa, bu, komandanın sonrakı çıxışına da müsbət təsir edəcək. Bu baxımdan komandada motivasiya, istəyin maksimal həddə olacağını ehtimal etmək olar.

“Səbail” isə debütant olmasına baxmayaraq, rəqiblərinə başağrı olmağı bacarır. Samir Əliyevin komandasının ilk dövrıdəki kimi inadkar olub-olmayacağı maraq doğurur.

Bu, komandaların sayca ikinci görüşü olacaq. Əvvəl baş tutan yeganə matç “Səbail”in minimal hesablı qələbəsiylə başa çatıb.


oxunma sayı: 254 | Paylaş: