')

Bu gün:


FutbolPress.Az | I dövrədə nələr oldu? (LAYİHƏ)

I dövrədə nələr oldu? (LAYİHƏ)


oxunma sayı: 1029 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız yazıları davam etdirir. Bu dəfə Topaz Premyer Liqasında geridə qalan I dövrəyə nəzər yetirəcəyik...
 
Topaz Premyer Liqasında I dövrə başa çatdı. Keçən həftəsonu VII turun oyunları ilə çempionatın ¼ hissəsi rəsmən geridə qaldı. Düzdü, I dövrədə bir matç keçirilməyib. “Qarabağ”ın Çempionlar Liqasındakı oyunu ilə əlaqədar 4-cü turda “Səbail”llə keçirilməli olan qarşılaşma dekabra təxirə salındı.
 
7 turdan sonra turnir cədvəlinin zirvəsində “Qarabağ” qərarlaşıb. Ağdam klubu 16 xalla bütün rəqiblərini qabaqlayır. 2-ci yer “Zirə”nindi. Qəsəbə təmsilçisi 15 xala malikdi. Bu iki komanda çempionatda məğlubiyyət üzü görməyib. Əsas rəqibləri “Qarabağ” və “Zirə” ilə oyunlarda xal itirən “Qəbələ” son turda “Kəpəz”ə də boyun əydi və hazırda ilk “3-lüy”ü qapayır. VII turda debütant “Səbail”i məğlub edən “Sumqayıt” 4-cü yerin sahibidi. Ötən mövsümlə müqayisədə xeyli zəif görünən “İnter” 5-ci sırada qərarlaşa bilib. “Səbail” 6-cıdısa, ilk qələbələrini yalnız 7-ci turda qazanan “Neftçi” və “Kəpəz” son iki yerdə qərarlaşıb.
 

N Klublar O Q H M T-F X
1 Qarabağ 6 5 1 0 12-3 16
2 Zirə 7 4 3 0 12-5 15
3 Qəbələ 7 4 1 2 10-8 13
4 Sumqayıt 7 3 1 3 8-10 10
5 İnter 7 2 2 3 7-9 8
6 Səbail 6 2 0 4 4-8 6
7 Neftçi 7 1 1 5 5-9 4
8 Kəpəz 7 1 1 5 5-11 4
 
7 turda ümumilikdə 27 görüş baş tutub. Həmin matçlarda qapılara 63 top vurulub. Bu isə o deməkdi ki, orta məhsuldarlıq 2.33-ə bərabərdi. Keçən mövsümlə müqayisə etsək, məhsuldarlıq aşağı düşüb. Həmin çempionatın I dövrəsindəki 28 matçda qapılara 72 qol vurulmuşdu və orta məhsularlıq 2.57-yə bərabər idi. Bu mövsüm I dövrənin daha bir görüşünün təxirə salındığını qeyd etdik ki, “Qarabağ”la “Səbail” arasındakı oyunda keçənilki göstəriciyə çatmaq baxımından 9 qolun vurulması da inandırıcı görünmür.
 
Ən məhsuldar klublar “Qarabağ” və “Zirə”di. 12 dəfə fərqlənən bu komandaları 10 qolla “Qəbələ” izləyir. “Sumqayıt” 8, “İnter” 7 dəfə azarkeşlərini sevindiribsə, 6-cı “Səbail” məhsuldarlığına görə turnir cədvəlində qabaqladığı “Neftçi” və “Kəpəz”dən də geri qalır – 4 qol. Son iki klub isə 5 dəfə fərqlənib. Müdafiə xətti ən pis oynayan komanda isə “Kəpəz”di. Gəncə klubunun qolkiperi David Kərimi 7 dəfə topu qapısından çıxarmalı olub.
 
Premyer Liqada I dövrənin bombardiri Mahir Mədətov oldu. Gənc futbolçu 5 qolla hamını qabaqlayır. Onu 3 qolla 4 futbolçu – Vüsal İsgəndərli, Riçard Qadze (Hər ikisi “Zirə”), Baqali Dabo (“Qəbələ”) və Amil Yunanov (“Sumqayıt”) izləyirlər. Keçən mövsümlə müqayisədə bombardirin məhsuldarlığı da aşağıdı. 2016/17 mövsümündə Baqali Dabo I dövrəni 7 qolla tamamlamışdı. Ancaq bir məqamı qeyd edək ki, Mədətov cari dövr nəzərə alındıqda Dabodan 1 oyun az keçirib.


 
I dövrənin ən intizamlı komandası “Səbail”di. Bir oyun az keçirən debütantın futbolçuları 5 matçda 11 dəfə sarı vərəqə ilə cəzalandırılıblar. Bu baxımdan ikinci ən yaxşı göstərici “Kəpəz”dədi. Hakimlər Gəncə klubunun futbolçularını 13 dəfə “sarı” ilə cəzalandırıblar. Eyni göstərici “Zirə”də 14, “Sumqayıt”da 16-ya bərabərdi. Digər 4 komanda isə sarı vərəqələrlə yanaşı “qırmızı”nı da “dadıb”. I dövrənin ən intizamsızı “İnter”di. Zaur Svanadzenin yetirmələri 15 dəfə sarı, 2 dəfə ikə qırmızı vərəqə ilə üzləşiblər. “Qarabağ”, “Neftçi” və “Qəbələ”də “qırmızı” sayı 1-disə, “sarı”lar müvafiq olaraq, 12, 15 və 16 kimi paylanıb.
 
Çempionatdakı 5 qırmızı vərəqəni bu futbolçular görüb: Tərlan Quliyev, İlkin Qırtımov (hər ikisi “İnter”), Mirabdulla Abbasov (“Neftçi”), Miçel, (“Qarabağ”), Cozef Monroz (“Qəbələ”). Adıçəkilən sonuncu futbolçunun cəzası bir qədər qəribə alınıb. Məsələ burasındadı ki, o rəqib futbolçuya qarşı qeyri-idman hərəkətinə görə yox, öz komanda yoldaşını vurduğu üçün cəzalandırılıb. VI turda “Neftçi”ylə (2:1) matçdan sonra Ruslan Qurbanova yumruq zərbəsi endirən futbolçu buna görə qırmızı vərəqə ilə cəzalandırıldı. Monroza AFFA İntizam Komitəsi də cəza verdi. Legioner hücumçu 2-si şərti olmaqla 4 oyunluq cəza aldı və 6 ay sınaq müddəti təyin olundu.


 
AFFA Hakimlər Komitəsi 7 turda 9 referiyə baş hakimlik həvalə edib. Onların arasında ən çox etimad görənlər Ömər Paşayev və İnqilab Məmmədovdu. Onlar hər ikisi 4 matçda iş başında olubsa, Əliyar Ağayev və Rəhim Həsənov 3 dəfə oyun idarə edib. Beynəlxalq dərəcəli hakim Fariz Yusifov, Ramil Diniyev və Rauf Cabbarov da 3 görüşdə fit çalıblar. Rəvan Həmzəzadə və Orxan Məmmədov isə cəmi 2 oyuna təyinat alıb. Ötən mövsümlə müqayisədə Elvin Əsgərovun oyun idarə etməməsi diqqət çəkir.
 
Çempionatın I dövrəsi klubların yayda cəlb etdikləri legionerlərinin hansı səviyyədə olduğunu da göz önünə qoyudu. Ayrı-ayrı komandalar üzrə yayda transfer olunan əcnəbilərin TPL-dəki çıxışına diqqət yetirək. Əvvəlcədən onu da qeyd edək ki, heyətində legioner olmayan yeganə klub “Sumqayıt”dı və bununla bağlı olaraq da komanda araşdırmamıza daxil deyil. Transfer qadağası olan "İnter" də ötən yay legioner gətirə bilməyib.
 

“Qarabağ”

Anton Kanibolotski 6 matçın 5-də Ağdam klubunun qapısını qoruyub. ÇL matçlarında İbrahim Şehiç oynasa da, Qurban Qurbanov TPL-də məhz ona güvənir. Etibarlılığı ilə seçilən ukraynalı 5 oyunda 3 qola üzülüb.
 
Kanibolotski kimi Yakub Jezniçak da 5 oyunda forma geyinib. Ancaq polşalı müdafiəçi bu matçların yalınız 2-də 90 dəqiqə meydanda olub – ümumilikdə 289 dəqiqə.
 
Transfer pəncərəsinin son günündə heyətə cəlb edilən Tarik ElyunussiPedro Enrikenin göstəriciləri isə oxşardı. Onların hər ikisi 3 oyun keçiriblər. Tarik Pedrodan 9 dəqiqə çox meydanda olub, anacq braziliyalı 239 dəqiqəyə qol vurmağı da bacarıb.


 
Daha bir yeni legioner Donald Gerryue isə ümidləri doğrultmur. Hgaitili oyunçu yalnız son turda “Zirə”yə qarşı 90 dəqiqə oynadı və xüsusi heç nə ilə yadda qalmadı.
 

“Zirə”

Müdafiədə yaxşı oyunu ilə seçilən Cozef Bum 7 matçın 5-də 90 dəqiqə mübarizə aparıb. O, komandanın ilk dövrəni məğlubiyyətsiz bitirməsində böyük pay sahiblərindəndi. Elə sağ cinah müdafiəçisi Qabriel Matey də ən yaxşılardandı. Ayxan Abbasov rumıniyalı sol cinah müdafiəçisinə 7 oyunun hamısında ehtiyac duyub. O, bu görüşlərin 5-də 90 dəqiqə əvəzlənməyib.
 
Orta xətt oyunçusu David Manqa 6 görüşdə 367 dəqiqə meydanda olub. Xüsusi heç nə ilə yadda qalmasa da, Manqa da əsas heyət üzvü sayılır. Komandaya azad agent kimi cəlb olunan Sadio Tounkara isə ümidləri doğrulda bilmir. O, 1 matçda cəmi 26 dəqiqə şans qazanıb.

 
“Qəbələ”
 
“Qəbələ”nin legiionerləri isə gözlənilən qədər yaxşı çıxış etmir. Onıların arasında hələlik ən çox fərqlənən Cozef Monrozdu. 2 qolu olan forvard, 1 dəfə də qırmızı vərəqə ilə cəzalandırılıb. Dion Malone isə əsas heyətdə yerini etməkdədi. Dayaq yarımmüdafiəçisi kimi çıxış edən futbolçu meydana çıxdığı 5 matçın 4-də 90 dəqiqə oynayır. Digər yeni legionerlər – Deyv Bultuis, Endi HolideyFamussa Kone, görünür, əsas heyətdə yer tapa bilməyəcəklər. Az müddət əvvəl geri qaytarılan Ekiqo Ehiosun isə yalnız son matçda qısa müddət oynamağa imkan tapdı. Onunla bağlı xüsusi bir şey deməyə ehtiyac yoxdu.


 
“Səbail”
 
Debütant olmasına baxmayaraq, “Səbail”in heyətində kifayət qədər legioner nəzərə çarpır. Hətta müdafiə xəttinin tamamilə əcnəbilərdən təşkil olunduğunu demək də olar. Gürcü Tomazi Tsetsxladze, kurasaulu Ayrton Stati, litvalı Edqaras Zarskis və qvineya-bisaulu Maudo Jarjue 6 matçın hər birində əvəzlənmədən meydanda olublar.
 
“Səbail”in daha bir legioneri isə hücumçudu. Renan Telleş arxa xətt oyunçuları ilə müqayisədə ümidləri doğrultmur. 5 matçda 194 dəqiqə oynayan “sambaçı” qol hesabını aça bilməyib. Azad agent kimi yenicə cəlb olunan Aleksandru Popoviçi isə cəmi bir görüşdə qısa müddət oynamaq imkanı qazanıb. Komandanın yeni transferlərindən ən yaxşısı isə türkmənistanlı Elman Taqayevdi. 6 oyunda meydana çıxan 28 yaşlı yarımmüdafiəçi komandanın 4 qolundan 2-nin də müəllifidi.
 

“Neftçi”
 
Gözlənilənlərdən fərqli olaraq, yay transfer dönəmində “Neftçi”yə o qədər də çox legioner cəlb olunmadı. Bakı klubu yalnız iki əcnəbi ilə anlaşdı. Onlardan birinin də gözləniləni verə bilmədiyini demək olmaz. Söhbət Mateo Mujekdən gedir. Xorvatiyalı müdafiəçi yalnız bir oyunda 90 dəqiqə meydanda oloub ki, onda da heç nə ilə yadda qalmayıb. Derlis Meza Kolli transferini isə yaxşı saymaq olar. “Neftçi”yə gələnə qədər bir müddət futbolsuz qalan oyunçu yavaş-yavaş formasını bərpa etməkdədi. 7 oyunun hamısında meydanda olan yarımmüdafiəçi son matçda qol hesabını da açdı.
 



“Kəpəz”
 
Gəncə klubunda yalnız 4 legioner çıxış edir. Onlardan müdafiəçi Dedimar Ferreyra və yarımmüdafiəçilər – Samba DialloViktor Oseqeyl əsas heyət üzvləri sayılır. Dedimar 6 matçda oynayıbsa, digər iki futbolçu 7 görüşün hər birində meydanda olub. Oseqeyl hətta qol vurmağı da bacarıb. Yeni transferlərdən yalnız Sergey Çernışev ümidləri doğrultmayıb. Əslində, digər legionerlərin də istənilən səviyyədə çıxış etdiyini demək olmaz, ancaq məsələ burasındadı ki, rusiyalı oyunçu heyətə düşməkdə də çətinlik çəkir. O, 5 oyunda cəmi 195 dəqiqə meydanda olub.

Faiq Tahirov

Məqalə AFFA yenında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb



oxunma sayı: 1029 | Paylaş:




?>