')

Bu gün:


FutbolPress.Az | Keşməkeşli Divizion (LAYİHƏ)

Keşməkeşli Divizion (LAYİHƏ)


oxunma sayı: 1149 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız yazıları davam etdirir.
 
Futbol üzrə Azərbaycan çempionatının I Divizionundakı fasilə nəhayət ki, başa çatır. Uzun keşməkeşlərdən sonra gələn həftə yeni mövsüm start götürəcək.
 
Artıq bəlli olduğu kimi, növbəti çempionatda 10 klub yarışacaq. Bu, ötən mövsümlə müqayisədə 4 komandanın azalması deməkdi. Düzdü, keçən çempionatı 12 klub başa vura bilmişdi, ancaq hər halda start 14 komanda ilə verilmişdi.
 
I Divizionda növbəti mövsüm 16 iştirakçı ilə də keçirilə  bilərdi. Bu sayda klub oynamaq üçün müraciət etmişdi. Ancaq AFFA-nın iştirak üçün tələbləri sərtləşdirməsi onlara mane oldu. Federasiyanın yarışı təşkil edən qurum PFL-lə birgə komissiyasının son qərarına əsasən “Şahdağ”, “Göyəzən”, “Energetik”, “Göyçə”, “Karvan” və “Bakılı” bütün tələbləri yerinə yetirmədiyi üçün çempionata buraxılmadı. Adıçəkilən klublardan birincisi və sonuncusu qərardan narazı qalıb, apelyasiya şikayəti verdilər. Ancaq bu da qəbul edilmədi və sözügedən 6 komanda yarışdan kənar qaldı.
 
I Divizionun növbəti mövsümündə iştirak edəcək komandalar bunlardı: “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Sabah”, “Şüvəlan”, MOİK, “Binə” və “Xəzər”.
 
Göründüyü kimi, Azərbaycan futbol səhnəsi üçün yeni olan 4 ad var. “Şüvəlan” keçən mövsüm Topaz Premyer Liqasında sonuncu olaraq I Diviziona düşən AZAL-ın yenilənmiş versiyasıdı. “Sabah” köhnə “Vətən”in yeni adıdsa, “Binə” və “Xəzər”, ümumiyyətlə yeni yaradılıb. Digər 6 komanda isə keçən mövsüm də I Divizionda mübarizə aparıblar. “Turan Tovuz” son çempionatın qalibidi və maliyyə məsələlərinə görə Premyer Liqada iştirak hüququ ala bilməyib. Qaydaya görə, keçən mövsüm “Ağsu” da elitaya vəsiqə qazanıb. Ancaq 3-cü olan bu komanda da lisenziya sahibi olmayıb. “Qaradağ Lökbatan”, “Mil-Muğan”, “Zaqatala” və MOİK isə müvafiq olaraq, 4,5,6 və 8-ci yerlərə sahib çıxıblar.
 
I Divizionun 10 komandasının 6-sı Bakını təmsil edir. Belədə klubların ev oyunlarını hansı stadionlarda keçirəcəyi sual yaradır. Onlardan bəziləri eyni məkanda oynamalı olacaq.
 
I Divizion klubu və stadionu
 
“Şüvəlan” – “AZAL Arena”
“Turan Tovuz”  - Tovuz şəhər stadionu
“Ağsu” – Ağsu şəhər stadionu
“Qaradağ Lökbatan” – Lökbatan Olimpiya Kompleksinin stadionu
“Zaqatala” – Zaqatala şəhər stadionu
“Mil – Muğan” – Heydər Əliyev adına İmişli şəhər stadionu
MOİK – “Bakı” FK-nın təlim-məşq bazasının stadionu
“Binə” - Binə stadionu
“Xəzər” – “AZAL Arena”
“Sabah” – Binə stadionu
 
Aydın olduğu kimi, “Şüvəlan”la “Xəzər”, “Sabah”la “Binə” ev oyunlarını eyni stadionda keçirməli olacaq. Maraqlı məqam ondadı ki, “Binə” ilk turda səfərdə “Sabah”a qarşı keçirməli olduğu görüşü öz doğma meydanında – Binə stadionunda keçirəcək və qonaq sayılacaq.
 
I Divizionda növbəti mövsüm 3 dövrədən ibarət olacaq. Komandalar ümumilikdə 27 tur yarışacaqlar. Belə qərarın verilməsi 2 dövrənin həddən artıq qısa, 4 dövrənin isə çox uzun olması ilə bağlıdı. Həqiqətən də, ikidövrəli, yəni 18 turluq çempionat qısa çəkəcəkdi. Ancaq 4 dövrənin olması 36 oyun deməkdi ki, bunu çox adlandırmaq olmaz – təbii ki, çempionatın xeyli gecikmiş olmasını, oktyabrın əvvəli başlayağını nəzərə almasaq.
 
İlk turun oyunları gələn ayın 3-ü və 4-ü tarixlərində baş tutacaq. 5 matçın 2-si bölgədə, 3-ü isə paytaxtda təşkil olunacaq. Startda keçiriləcək matçlara və ayrı-ayrı komandaların mövcud vəziyyətinə nəzər yetirək...
 

“Xəzər” – “Mil-Muğan”
 
Debütant “Xəzər” “sirli qutu” təsiri bağışlayır. Komandanın heyəti və iddiası ilə bağlı dolğun məlumat yoxdu. İlk turda “Xəzər”in keçən mövsümün güclülərindən olan “Mil-Muğan”la qarşılaşması komandanın hansı səviyyədə olduğunu göstərəcək. Hərçənd İmişli təmsilçisi ötən çempionatda olduğundan daha zəif görünür. Komandanın bir sıra əsas oyunçuları artıq digər klublarda çıxış edəcəklər. Bu mənada “AZAL Arena”da keçiriləcək görüşdə hansısa komandanın favorit olduğunu demək olmaz.
 

“Ağsu” – “Zaqatala”
 
İlk oyun gününün digər qarşılaşması əyalətdə keçiriləcək. “Ağsu” doğma meydanda “Zaqatala”nı sınağa çəkəcək.
 
Keçən mövsüm də I Divizionda iştirak edən komandaların mövcud vəziyyətində geriləmə müşahidə edilir. Əgər “Ağsu” ötən çempionatda ilk “3-lüy”ə girə bilmişdisə, bu il daha çox əziyyət çəkməli olacaq. “Zaqatala” isə daha çox zəifləyib. Bir sıra əsas heyət oyunçusu komandanı tərk edib. Xüsusislə ötən mövsümün bombardiri Oruc Balaşlının gedişi baş məşqçi Şaban Şirdanovu qayğılandırmalıdı.
 
İlk turda “Ağsu”nun doğma meydan amilindən də yararlanıb qələbə qazanmaq üçün hər şeyi edəcəyini gözləmək olar. Öz evində xeyli çətin və döyüşkən olan Rüfət Quliyevin rəhbərlik etdiyi kollektiv “Zaqatala” ilə görüşün favoritidi.
 

“Turan Tovuz” – “Şüvəlan”
 
İkinci oyun gününün bölgədə keçiriləcək yeganə qarşılaşması Tovuzda baş tutacaq. Ötən mövsümün qalibi olsa da, Premyer Liqaya buraxılmayan “Turan Tovuz” debütant “Şüvəlan”ı sınağa çəkəcək.
 
Elitaya buraxılmadıqdan sonra dağılmaq təhlükəsiylə də üz-üzə qalan Tovuz klubunun hansı iddiada olması maraq doğurur. Hətta keçən mövsümün bitməsindən sonra komandanın baş məşqçisi Əsgər Abdulayevin artıq orda çalışmaq istəmədiyi deyilirdi. Nəticədə “Turan Tovuz” hazırlığa xeyli gec başladı. Komandanın heyətində çoxlu yeniliklər baş verib. Bu da əksər oyunçuların Premyer Liqa klublarına və digər I Divizion təmsilçilərinə gedişi ilə bağlıdı. Abdullayevin yenidən güclü kollektiv qurması asan olmayacaq. Ancaq Tovuzdan həmişə yaxşı futbolçuların çıxması bu komandanın yenidən iddialılardan olacağına inam yaradır.
 
“Şüvəlan” isə keçən mövsüm Premyer Liqada sonuncu olan AZAL-ın davamçısıdı. Ancaq bu komandanın heyətində keçənilki futbolçulardan əsər yoxdu. Baş məşqçi də Tərlan Əhmədov yox, Aqil Nəbiyevdi. Yeri gəlmişkən, Nəbiyev “Şüvəlan"ı keçmiş komandasına qarşı oyuna çıxaracaq. Məsələ burasındadı ki, o, bir müdət “Turan Tovuz”da Əsgər Abdulayevin köməkçisi kimi çalışıb. Daha bir maraqlı məqam isə Aqil bəyin qardaşı Nadir Nəbiyevin “Turan Tovuz”da idman direktoru olmasıdı. “Şüvəlan”ın  baş məşqçisi yəqin ki, bütün bunlara görə komandasını Tovuz klubuna qarşı xüsusi kökləyəcək.
 

MOİK – “Qaradağ Lökbatan”
 
Növbəti mövsümün ən iddialılarından olacağı deyilən klublardan biri MOİK-di. Bu komandanın büdcəsi artırılıb, heyəti isə xeyli gücləndirilib. Ramil Əliyevin rəhbərlik etdiyi MOİK-in qarşısında yalnız Premyer Liqaya vəsiqə tapşırığı qoyulub. Məlumata görə, istənilən başqa nəticə uğursuz sayılacaq. I Divizionda kifayət qədər rəcrübəli sayılan “hərbçilər” keçən mövsüm 8-ci ola bilmişdilər. Əksər rəqiblərinin də zəiflədiyi nəzərə alınsa, MOİK-in çempionluq uğrunda yarışacağı ehtimalı yüksəkdi.
 
Keçənilki gücünü itirənlərdən biri də “Qaradağ Lökbatan”dı. Bu mövsüm komandanın yüksək yerlər uğrunda mübarizə aparacağı gözlənilmir. Hazırlıq dövründə keçirilən yoldaşlıq görüşləri də lökbatanlıların iddiasının yuxarı olmayacağını əyani göstərdi.
 
 
“Sabah” – “Binə”
 
Divizionun debütantları Binədə üz-üzə gələcəklər. Ancaq meydan sahibi “Sabah” sayılacaq. Bakıda başqa stadion tapa bilməyən keçmiş “Vətən” Binəyə sığınmaq məcburiyyətində qalıb. Bu, ən çox elə “Binə”nin və binəlilərin işinə yarıyıb.
 
Qəsəbə təmsilçisi növbəti mövsümün ən iddialı komandalarından sayılır. Mehman Babayevin rəhbərlik etdiyi kollektivin yay hazırlıq dönəmində ölkə xaricinə getməsi də məqsədin Premyer Liqaya vəsiqə olduğunu göstərdi. Üstəlik heyətə olduqca təcrübəli xeyli oyunçu dəvət edilib. Maliyyə durumunun yaxşı olduğu deyilən “Binə”də legionerlər də oynayacaq. Rusiya və İrandan olan həmin futbolçuların necə çıxış edəcəyi maraq doğurur. Xüsusilə iranlı futbolçuların Azərbaycanda hansı məqsəd və yollarla gəlməsi onların yüksək səviyyəli olmasına şübhə yaradır. İstənilən halda, “Binə” I Divizionun güclülərindən sayılırsa, “Sabah”ı məğlub etmək çətin olmamalıdı.
 
***                   ***                   ***
 
I Divizionla bağlı yayda baş verənlərə və ilk tur öncəsi vəziyyətə nəzər yetirdik. Komanda sayı azalsa da, gərgin müarizənin olacağı gözlənilir. İndiki məqamda hansısa komandanı aşkar autsayder və ya favorit saymaq çətindi. Keçən mövsümlə müqayisədə bəzi problemli klubların çempionatdan kənar qalması daha şəffaf turnirin olacağına ümidləri artırır. Oyun alqı-satqısı Azərbaycan futbolu üçün artıq daha ciddi problemlər yaradacaq. Məlumata görə, UEFA yenidən belə hallar müşahidə etsə, avrokubok iştirakçılarımızın sayında azalma gedəcək. AFFA-nın yayda bu cür şübhələrə yol açan klublara, futbolçulara qarşı sərt davranması daha şəffaf birincilik gözləməyə əsas verir.


Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb



oxunma sayı: 1149 | Paylaş:




?>