Bu gün:


FutbolPress.Az | BOS-un boşluqları (QEYD)

BOS-un boşluqları (QEYD)


oxunma sayı: 2034 Paylaş:

FutbolPress“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi qərara alındıqda bu, xeyli müzakirələrə səbəb olmuşdu. Yekunda yeganə pozitiv məqamın arenanın tutumu ilə bağlı olması böyük əksəriyyətin fikirlərindəki ortaq nöqtə kimi göründü.

Artıq Azərbaycan, Bakı, sözügedən stadion ilk qrup oyununu qəbul etdi. Məlum olduğu kimi “Roma”yla matçda (1:2) ümumilikdə II tur üçün ən yüksək azarkeş sayı qeydə alındı. UEFA-nın açıqladığı rəsmi rəqəmə əsasən dünənki görüşü 67.200 tamaşaçı tribunadan izləyib.

Əvvəlcə onu qeyd edək ki, bu rəqəm həqiqəti əks etdirə bilməz. Ən azı bir neçə sektorun tamamilə boş olması, digərlərində isə dərhal gözə batan boş yerlər 68.700 nəfərlik arenada bu qədər azarkeşin olmadığını deməyə əsas verir. Ən yaxşı halda və böyük ehtimalla dünənki oyun üçün stadiona 55.000 nəfər gəlmişdi.

Oyuna bir neçə gün qalmış bilet satışını təşkil edən “iTicket”şirkəti bütün biletlərin tükəndiyini açıqlamışdı. Bununla belə, hələ də satılmayan biletlərin qaldığı ilə bağlı söz-söhbətlər gəzirdi. Daha bir məqam vauçerlərin dəyişdirilməsiylə bağlı idi. Bu prosesdə yaranan ləngimələrin sonda ciddi problem yaradacağı əvvəlcədən məlum idi. Bizdə olan məlumata görə, son olaraq 60.000-ə yaxın vauçer biletə dəyişdirilmişdi.

Məsələnin ironik tərəfi ondadı ki, “Qarabağ” ev oyunlarını “Tofiq Bəhramov”da keçirdiyi vaxtlarda, ənənəvi bilet satışı üsulu, “qara bazar”la mübarizə ilə birgə heç bu qədər problemlə üzləşmirdi.

“Roma” ilə oyun Bakı Olimpiya Stadionunun belə səviyyəli matçlar üçün əlverişli olmadığını göstərdi. Arenanın yeri, gediş-gəliş problemləri, könüllülərin düzgün təlimatlandırılmaması, stadiona daxilolmanın minbir əziyyətlə başa gəlməsi, təşkilatçılıqdakı digər nöqsanlar  - hər şey Avropa Liqasının finalını qəbul edəcək stadiona sadəcə yaraşmadı.

BOS-un ən böyük problemi isə yəqin ki, medianın işləməsi üçün əlverişli şəraitin olmaması ilə bağlıdı. Matçdan əvvəl əminliklə həmin sektorda monitorların quraşdırılacağı söz verilmişdi. Ki, bu, jurnalistlərin meydanda baş verənlərdən agah olmasını təmin etməliydi. Ancaq vəd yerinə yetirilmədi və göyün yeddinci qatındakı tribunada yerləşən media əhli meydanda baş verənləri detallı görə bilmədi. Stadion rəhbərliyi artıq neçənci dəfədi ki, belə yalan vədlər verir. Görünür, bu vəzifələr onlara hər dəfə mediaya bu cür həqiqəti əks etdirməyən açıqlamalar vermək üçün verilib.

Get-gedə gücünü artıran yağış da fasilədən sonra heç bir jurnalistin öz işini görməsinə imkan vermədi. Sanki stadionun dam örtüyü ümumiyyətlə yox idi.

Matçdan əvvəl verilən daha bir məlumat Bakı Nəqliyyat Agentliyi və BOS-un əməkdaşlığı nəticəsində azarkeşlərin arenaya gedişi və qayıdışı üçün avtobusların ayrılacağı ilə bağlı idi. Ancaq dünən müşahidə etdiyimiz mənzərə bunun saxta PR kampaniyasından başqa bir şey olmadığını üzə çıxardı. Həmin avtobuslar nəzərə çarpsa da, fəaliyyətləri deyilən qədər yüksək səviyyədə olmadı.

Oyundan sonra stadionun çıxışında yaranan sıxlıq, metroda müşahidə olunan insan izdihamı, Bakı Nəqliyyat Agentliyinin əvvəldən daşınmalar üşün təşkil ediləcəyini açıqladığı xüsusi avtobusların normal fəaliyyət göstərməməsi yəqin ki, dünənki görüşə gələnlərin böyük hissəsinin bir daha bu “səhv”i təkrarlamamasına səbəb olacaq. Çünki onsuz da əksəriyyət BOS-a “Qarabağ”a azarkeşlik etməkçün yox, “selfi” çəkməyə gəlmişdi. Təxmini 55.000 nəfərin arasında yalnız “İmarət” qrupunun səsinin gəlməsi sual yaradır: “Nəyə lazım idi matçı BOS-a keçirməkçün bu qədər canfəşanlıq?”

Dünənki oyun Avropa Liqasının finalını qəbul edəcəyinə sevindiyimiz stadionun ən primitiv məsələlərdə belə hazırlıqsızlığını, ciddi boşluqlarının olduğunu göstərdi. İlk olmasını nəzərə aldıq. Növbətiləri gözləyək...

“FutbolPress”


oxunma sayı: 2034 | Paylaş: