')

Bu gün:


FutbolPress.Az | “Neftçi” düzələcək.. bəs “Kəpəz”? (LAYİHƏ)

“Neftçi” düzələcək.. bəs “Kəpəz”? (LAYİHƏ)


oxunma sayı: 1412 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız yazıları davam etdirir.
 
Topaz Premyer Liqasında I dövrə sona yaxınlaşır. Artıq 6 turun oyunları geridə qalıb. Çempionatın ümumi mənzərəsinə nəzər saldıqda, 8 komandadan 6-nın az-çox bir-biriylə rəqabət içində olduğunu görürük. Daha dəqiqi, klubları şərti olaraq, ilk “üçlük”, ikinci “üçlük” və son “ikilik” kimi bölə bilərik. Bu, ilk növbədə komandaların göstərdiyi nəticələr və turnir cədvəli əsasında kəskin şəkildə nəzərə çarpır.
 
“Qarabağ” və “Qəbələ”nin çempionluq mübarizəsinə bu ildən “Zirə”də qoşulub və açığı, kifayət qədər problem ola biləcəyinin siqnalını artıq verib. Məsələn, qəsəbə təmsilçisi səfərdə “Qəbələ”dən xal almağı bacarıb. Ayxan Abbasovun komandası növbəti turda “Qarabağ”la görüşdə uğurlu nəticə əldə etsə, bu artıq sürpriz sayılmamalıdı.
 
Daha üç komanda – “İnter”, “Sumqayıt” və “Səbail” indiki məqamda avrokuboklara sonuncu vəsiqə, yəni 4-cü yer uğrunda mübarizə aparırlar. İlk ikisinin əvvəldən buna iddialı olacağı bəlli idisə, debütant gözləniləndən güclü çıxdı.
 
Premyer Liqada vəziyyətləri narahatlıq doğuran komandalar isə “Neftçi” və “Kəpəz”di. Mövsümə olduqca bərbad başlayan kollektivlər qələbə nə olduğunu bilmirlər və 1 xalla son iki yeri bölüşdürürlər. “Neftçi” və “Kəpəz”in mövcud vəziyyətinə daha detallı nəzər yetirək...




“Neftçi”

Ölkənin ən yaşlı klubu, son illərdə uğursuzluq zolağından çıxa bilməyən, keçən mövsümü tamamilə itirən “Neftçi”də işlər yenidən yolunda getmir. Bakı klubu da 6 matçda yalınız 1 xal toplaya bilib. Cəmi 3 qola sevinən “ağ-qaralar” 9 dəfə məyus olublar.
 
Komanda mövsümün startından artıq 1 antirekord yeniləyib, digərinin isə astanasındadı. “Ağ-qaralar” ardıcıl 6 səfər oyununda xal üzünə həsrət qalıb. Bu da 2012 və 2016-cı illərdəki uğursuzluğun təkrarıdı. Komanda daha bir oyunda qələbə qazana bilməsə, növbəti antirekordu təkrarlayacaq. 8 ardıcıl oyunda qalibiyyət sevinci yaşaya bilməyən “Neftçi”ni 2015-ci ildəki uğursuz seriyadan cəmi bir görüş ayırır. Bu oyun isə gələn tur səfərdə “İnter”lə olacaq. Qazanılacaq qələbə iki seriyanın sonu olacaqsa, mığlubiyyət yeni antirekordlar deməkdi.
 
Mövsümdən öncə avrokuboklara namizəd olacağı deyilən “Neftçi” hazırda həmin iddiasından çox uzaqdı. Düzdü, çenpionatın böyük hissəsi hələ qabaqdadı və mövcud durumu düzəltmək üçün vaxt var, işlər də görülür.
 
Çempionata Elxan Abdullayevlə başlayan “Neftçi”də 4 turdan sonra Tərlan Əhmədov dönəmi başladı. Bu klubun böyük uğurlarında payı olan Əhmədov komandanı çətin vəziyyətdən çıxarmaq üçün kifayət qədər iş də görüb. Qısa müddət ərzində artıq “Neftçi”yə özünün futbol fəlsəfəsini müəyyən qədər qəbul etdirə bilən mütəxəssisin komandası əvvəlkindən daha hərəkətli və gözoxşayan futbol göstərir. “Neftçi” son vaxtlar öyrəşdiyimizin əksinə, artıq yalnız müdafiə olunmaq üçün yox, həm də hücum etmək üçün meydana çıxır. “Zirə” və “Qəbələ” kimi rəqibləri bir hissə təzyiqdə saxlamaq adi göstərici deyil. Bir məqamı da qeyd edək ki, ilk 4 turda 1 qolu (avtoqol) olan “ağ-qaralar” son iki matçda rəqib qapılarına iki dəfə yol tapa biliblər.


 
Komandanın ən böyük problemi müdafiə xəttiylə bağlıdı. Rəqib hücumları zamanı arxa xətt oyunçularının olduqca ləng, süst görünməsi, az qala hər hücumun qapıya zərbə ilə tamamlanması komandada görünən ilk çatışmazlıqdı. Bunda sözsüz ki, orta xətt oyunçularının – Rəşad Sadiqov və Derlis Meza Kollinin formada olmamasının da təsiri olmamış deyil. Bunun səbəbi isə onların hər ikisinin “Neftçi”yə gələnə qədər bir müddət futbolsuz qalmasıdı.
 
Bütün komanda üçün ümumi bir çatışmazlıq isə psixoloji məsələdi. Uduzmağa öyrəşən futbolçular, heç cür özünəinamı qaytara bilmirlər. Hər zəif oyun isə problemi bir qədər də dərinləşdirir. Yeni baş məşqçi Tərlan Əhmədov da açıqlamalarında məhz psixoloji cəhətdən çox iş görməli olduqlarını dəfələrlə bildirib.
 
Yeni çalışdırıcıdan əlavə “Neftçi”yə futbolçular da cəlb olunub. Azad agent kimi Rəşad Sadiqov və Emin Mahmudovun heyətə qatılması yəqin ki, komandanı gücləndirəcək. Düzdü, onlar bir müddət futboldan kənar qalıblar və paytaxt klubuna ideal formadan uzaq gəliblər, ancaq indiki məqamda “Neftçi”də yaxşı formada olan futbolçu adı çəkmək də qəliz işdi.
 


İstənilən halda, “ağ-qralar”ın heyəti, məşqçisi – hər şey komandanın hazırda qərarlaşdığı mövqedən daha yaxşısını etməsinə imkan verir. Görülən işlərin də bu istiqamətdə fayda verəcəyini gözləmək olar. Ən azı komandanın oyunu hər keçən görüş daha da güclənir, nəticə də yəqin ki, özünü çox gözlətməyəcək.

 
“Kəpəz”

"Neftçi" kimi "Kəpəz" də əslində keçən mövsümü uğursuz keçirib. Komanda yalnız son dövrədə yaxaladığı yüksələn qrafiklə ilk “5-liy”ə girə bildi. Hətta “Kəpəz” Avropa Liqasına da iddiaçı idi. Ancaq mövsümün bitimiylə birgə əksər əsas heyət oyunçuları komandadan getdilər: Tural Axundov, Nicat Qurbanov, Orxan Əliyev, Renan Silva, Dario Federiko, Julien Ebah, Serjio Kosta... Xüsusilə son 4 futbolçunun gedişi Gəncə klubuna ciddi zərbə oldu.

Yayda klub rəhbərliyinin gedən futbolçuların yerini doldurmaq üçün ciddi səylər edəcəyi gözlənsə də, bunun əksi müşahidə olundu. Əsasən digər Premyer Liqa klublarına lazım olmayan/əvəzedici heyətdə yer alan, ya da I Diviziondan oyunçular cəlb olunan komandaya yalnız hazırlığın Türkiyə mərhələsində 4 legioner qoşuldu: Sergey Çernışev, Dedimar Ferreyra, Viktor Oseqeyl və Samba Diallo. Yeni mövsümün startından əvvəl də heyətdəki bu cür dəyişikliklərin fonunda müşahidə olunan zəifləmənin komandanın oyununa mənfi təsir edəcəyini müəyyənləşdirmək çətin deyildi.
 
Gözlənilənlər özünü doğrultdu da. 6 turdan sonra “Kəpəz” yalnız 1 xal toplaya bilib. 2 qol vuran Şahin Diniyevin komandası öz qapısında 11 top görüb. Komanda 6 matçın 4-də meydanı qol vurmadan tərk edib.


 
Keçən mövsüm "Kəpəz"də əsas yükün legionerlərin üzərinə düşdüyünü qeyd etdik. Onların əvəzinə gətirilənlərin çıxışına diqqət yetirək.
 
Müdafiəçi Dedimar Ferreyra 6 oyunun 5-də 90 dəqiqə meydanda olub. 25 yaşlı futbolçu yalnız son matçda meydanda olmayıb, deməli, bir müdafiəçi kimi buraxılan 10 qola şahidlik edib. Ümumiyyətlə, Dedimar Ferreyra keçən mövsüm “Kəpəz”də müdafiə xəttinin lideri olan Renan Alveşlə müqayisəyə gəlməyəcək qədər zəif futbolçu təsiri bağışlayır.
 
Ferreyra kimi Sergey Çernışev də 5 oyunda meydanda olub. Rusiyalı futbolçu bunların 2-də start heyətdə başlayıbsa, 3 dəfə sonradan meydana daxil olub. 27 yaşlı yarımmüdafiəçi ümumilikdə 195 dəqiqə oynamaq imkanı qazanıb. Meydanda çox görünmədiyi üçün necə futbolçu olması haqda fikir bildirmək çətindi. Ancaq Çernışevin əsas işi olan irəli xətt oyunçularını topla təmin etməkdə xüsusi bacarıq göstərdiyini demək olmaz. Bir çox hallarda fərdi oyuna üstünlük verən futbolçunun lazımsız yerlərdə özünü çətinə saldığı da müşahidə edilib.
 
Çernışevdən fərqli olaraq Samba Diallo meydanda daha çox yer alıb. Şahin Diniyev 6 görüşün hər birində onu start heyətdə oynadıb. Haqqında danışdığımız ilk iki legionerlə müqayisədə Diallonun daha xeyirli futbolçu olduğu qeyd olunmalıdı.
 
Yeni transferlərdən nəsə etməyə çalışanı Viktor Oseqeyldi. Komandanın 3 qolundan birinə də məhz o imza atıb. Ancaq Oseqeylə ön xətdə lazımınca kömək edəcək futbolçu yoxdu. Əsasən start heyətdə meydana çıxan İlkin Sadıqovun yüksək səviyyədə olmadığı aşkar görünür. Dərd orasıdı ki, Oseqeyli arxa xətdən topla lazımınca təmin edə bilən oyunçular da yoxdu.


 
“Kəpəz”in uğursuz çıxışının səbəblərindən biri də komandanın “didərgin” həyatının davam etməsidi. Gəncə şəhər stadionunun təmirdə olması səbəbindən “sarı-göylər” rəqiblərini öz meydanında qəbul edə bilmir və məcburiyyətdən ev oyunları səfərə çevrilir. Bu isə komandanın bəlkə də ən üstün olduğu məqamdan – azarkeşlərindən məhrum edir. Ev komandası sayılan “Kəpəz”in ardıcıl olaraq səfər matçlarında uğursuzluqla üzləşməsi, bunun da öz növbəsində növbəti uğursuzluqları gətirməsi mövcud vəziyyətin yaranmasında ciddi faktordu.


 
Gəncə stadionunun təmiri “didərgin” həyatdan əlavə “Kəpəz”in büdcəsinə də mənfi təsir edib. AFFA-nın maliyyəsi hesabına ot örtüyü dəyişdirilən stadionun pulu məhz “Kəpəz”ə ayrılan büdcədən çıxılır. Elə legionerlərin saxlanmamasının, yaxşı transferlər edilməməsinin əsas səbəbi də budu.
 
İlk 6 turda uğursuzluğa düçar olan “Kəpəz”də əslində vəziyyətin düzəlməsi baxımından işıq da görünmür. Komandanın oyunu get-gedə düzəlmək əvəzinə daha da zəifləşir. Mövcud heyət və şərtlərlə Gəncə klubunun vəziyyətdən çıxması müşkül görünür. Bəlkə, həqiqətən də, “Kəpəz”in real gücü məhz turnir cədvəlinin son pilləsidi.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb




oxunma sayı: 1412 | Paylaş:




?>