Bu gün:


FutbolPress.Az | I dövrənin ekvatoru və növbəti tura önbaxış (LAYİHƏ)

I dövrənin ekvatoru və növbəti tura önbaxış (LAYİHƏ)


oxunma sayı: 171 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız bu dəfə Topaz Premyer Liqasında I dövrənin geridə qalan hissəsinin maraqlı məqamlarına nəzər yetirəcək və V turun oyunlarına önbaxışı təqim edəcək...
 
Həftəsonu Topaz Premyer Liqasında V tura start veriləcək. Bu artıq I dövrənin II hissəsinin rəsmən başlanması deməkdi. Geridə qalan 4 tur çempionatın ümumi gedişatı barədə müəyyən fikirlər irəli sürməyə imkan verir. I dövrənin ekvatoruna qədər baş verənlərə nəzər salaq...
 
4 turdan sonra turnir cədvəlinin zirvəsində “Zirə” qərarlaşıb. Bakı klubu 10 xalla liderdi. Ancaq bir oyun az keçirən “Qarabağ” maksimal nəticəyə sahibdi. 9 xalı olan ağdamlılar 2-ci yerdə möhkəmlənib və elə bu turun nəticələrindən asılı olaraq, liderliyə yüksələ də bilər. Ardıcıl iki qələbə ilə başlayıb, sonrakı oyunlarda əsas rəqiblərindən birinə uduzan, digəriylə heç-heçə edən “Qəbələ” ilk “3-lüy”ü qapayır. Hərəyə iki dəfə 3 xala sevinən “İnter” və “Zirə” növbəti sıraları bölüşdürürsə, debütant “Səbail” 6-cıdı. Son iki pilləni isə ölkənin ən köklü klubları – “Neftçi” və “Kəpəz” bölüşdürür.
 
Geridə qalan 15 oyunda qapılara 35 qol vurulub.  Bu isə orta məhsuldarlığın 2.33 olması deməkdi. O qədər də yüksək olmayan göstərici Azərbaycan çempionatları üçün yuxarı sayılır. Keçirilən 15 oyunun yalnız birində qol vurulmayıb (“Neftçi” – “Kəpəz”). TPL-in ən məhsuldarı lider “Zirə”di. “Qartallar” 4 matçda 9 dəfə seviniblər. İkinci “Qarabağ” 3 top geri qalır. “Qəbələ” və “İnter”in aktivində 5, “Sumqayıt”da 4 qol var. “Kəpəz” 3, “Səbail” 2 dəfə fərqlənibsə, “Neftçi”də bu göstərici 1-ə bərabərdi. Maraqlıdı ki, “ağ-qaralar”ın yeganə qolunu da rəqib oyunçu “vurub”.  Rahid Əmirquliyevin avtoqolu geridə qalan turlarda “Neftçi”nin yeganə sevinci olub.

Çempionatın bombardiri Mahir Mədətovdu. “Qarabağ”ın gənc forvardı 3 dəfə topu tora qovuşdurub. “Kəpəz”in futbolçusu Kərim Diniyev isə nadir qol vurması ilə fərqlənib. IV turda “İnter” səfərində o, təxminən 60 metrdən topu Orxan Sadıqlının qoruduğu qapıya göndərməyi bacarıb.


via GIPHY

 
TPL-in ən intizamlı komandası “Kəpəz”di. Gəncə klubunun futbolçuları cəmi 5 dəfə cəzalandırılıblar. Bu baxımdan “Qarabağ” və “Səbail”də fərqlənir. Rəqiblərindən bir oyun az keçirən kollektivlər 3 matçda 5 dəfə sarı vərəqə görüblər. Bu baxımdan ən pis göstərici “İnter”dədi. Bakı klubunun oyunçuları 8 “sarı” ilə yanaşı 1 dəfə də “qırmızı” ilə üzləşiblər. Ümumiyyətlə, sabiq “bankirlər”in müdafiəçisi Tərlan Quliyev indiyə qədər qırmızı vərəqə alan yeganə futbolçudu. “Qəbələ” və “Neftçi”də də nizam-intizam problemi görünür. Hər iki komandanın oyunçuları 8 dəfə sarı vərəqə görüblər. Bu göstərici “Sumqayıt”da 8-ə, “Zirə”də isə 7-yə bərabərdi.


 
AFFA Hakimlər Komitəsi 4 turda 9 referiyə baş hakimlik həvalə edib. Onların arasında ən çox etimad görənlər FIFA referiləridi – Əliyar Ağayev və Ömər Paşayev. Hər iki hakim 3 matçda iş başında olub. Fariz Yusifov və Rəhim Həsənov hərəyə 2 oyuna təyinat alıblar. Rəvan Həmzəzadə, Ramil Diniyev, Rauf Cabbarov, Orxan Məmmədov, İnqilab Məmmədov isə hərəyə 1 görüşdə idarəçilik ediblər.
 
TPL-in keçən mövsümü ilə müqayisədə hakimliklə bağlı problemlər o qədər də qabarıq deyil. İlk 4 tura nəzər saldıqda, yalnız 2 oyunda idarəçiliklə bağlı narazılıq qeydı alınıb. Maraqlıdı ki, bunların hər ikisi Qəbələ şəhər stadionunda FIFA referiləriylə bağlı olub. II turda Əliyar Ağayevin idarəçiliyi yerli azarkeşləri özündən çıxarmışdı. Hətta matçdan sonra fanatlar hakimə kəskin etirazlarını ifadə etmişdilər. Keçən tur isə Ömər Paşayevin son dəqiqələrdə “Zirə”nin qapısına penalti təyin etməsi bakılıların baş məşqçisi Ayxan Abbasovun narazı salmışdı. Görüşdən sonra güclənən etirazlara sonradan polislər müdaxilə etməli oldu.
 
Premyer Liqanin ən ciddi problemi yenidən azarkeş sayı ilə bağlıdı. PFL-in açıqladığı rəsmi rəqəmlərə inansaq (bilet satışı aparılmadığı və hesablama gözəyarı edildiyi üçün dəqiq olmama ehtimalı yüksəkdi – red.), keçirilən 15 oyunu ümumilikdə 25426 tamaşaçı stadiondan izləyib. Bu isə hər matçda orta hesabla 1695 nəfərin tribunalarda olması deməkdi.
 
Ən çox azarkeş çempionatın açılış oyununda qeydə alınıb. “Neftçi”ylə “Qarabağ” arasındakı Azərbaycan derbisini 4800 tamaşaçı stadiondan izləyib. Həm say baxımından, həm də 4000+ azarkeşin izlədiyi ikinci görüş də “Qarabağ”ın oyunudu. Ağdam klubunun evdə “Qəbələ”ni qəbul etdiyi III tur matçında 4200 izləyici tribunada yer alıb. Bu baxımdan 3-cü göstərici “qırmızı-qaralar”ın ilk ev oyununda qeydə alınıb. “Qəbələ” – “Sumqayıt” qarşılaşmasında 2500 azarkeş stadionda olub.
 
Azarkeş sayında antirekord isə “Səbail” – “Neftçi” görüşündə qeydə alınıb. “Dalğa Arena”dakı qarşılaşmanı cəmi 200 nəfər izləyib. “İnter”in ev oyunlarında da tribunalar boş olub. “Qəbələ”yə qarşı oyunda 500, “Kəpəz”lə matçda 800 azarkeş qeydə alınıb.
 
Klubların ev oyunları üçün azarkeş sayı cədvəli

Yer Klub Stadion Oyun Azarkeş Orta rəqəm
1 Neftçi Bakcell Arena 2 6600 3300
2 Qarabağ
 
Azersun Arena 2 5800 2900
3 Kəpəz
 
Yevlax şəhər stadionu (müvəqqəti) 1 2000  
2000
4 Qəbələ Qəbələ şəhər stadionu
 
2
 
3700 1850
 
5 Sumqayıt Kapital Bank Arena 2
 
2826
 
1413
 
6 Zirə Zirə Olimpiya Kompleksinin stadionu 2 2000 1000
7 İnter İnter Arena 3 2300 777
8 Səbail Dalğa Arena 1 200 200
 
 
Azarkeşlərlə bağlı daha iki məqamı xüsusi qeyd etməyə ehtiyac var. “İnter”in 3 oyununu ümumilikdə 2300 tamaşaçı izləyib. Bu çox aşağı göstərici olsa da, real rəqəm daha da azdı. Məsələ burasındadı ki, “İnter” Arena” üçün bu mövsüm rekord hesab edilən 1000 azarkeş sayı, heç də həmin stadiona futbol üçün gəlməyib. “Keşlə” adlandırılacaq komandanın oyununa yerli dövlət müəssisələrində çalışanlar, bir növ məcburən gətiriliblər. Hansı ki, bu barədə əvvəlki, yazılarımızda qeydlər etmişik. Onu da vurğulayaq ki, hətta 800 kimi aşağı bir göstəricinin qeydə alındığı son turda belə analoji qəbildən olan şəxslər tribunada yer alıb.
 
“İnter”lə bağlı neqativlikdən əlavə geridə qalan turlarda “Sumqayıt”ın ev oyunlarındakı tragikomik məqam qeyd olunmağa dəyər. Məsələ burasındadı ki, Sumqayıtda azarkeş var, ancaq onların oyunu rahat izləyə biləcəkləri tribuna yoxdu. 1326 nəfər tutuma malik “Kapital Bank Arena” adlandırılan stadion yerli azarkeşlər üçün kifayət deyil. Fanatlar bir çox oyunlarda stadionun kənarında ayaq üstə qalaraq, komandalarına dəstək olmağa çalışırlar. “Neftçi”yə qarşı keçən tur yaranan qarışıqlıq da problemin nə qədər dərin olduğunu aşkar göstərdi. Həmin görüşlə maraqlı daha bir məqam isə oyunun protokolunda 1326 yerlik stadionda matçı 1500 nəfərin izlədiyinin qeyd olunmasıdı. Deməli, 174 nəfər komandaya stadionun ətrafında dayanaraq, dəstək olub. Təbii ki, bu, rəsmi rəqəmdi, güman ki, say daha artıq olub.


 
Fanatların narazılığına səbəb olan bu məqamla bağlı onlar artıq klub rəhbərliyinə müraciət ediblər. Rəsmi olmasa da, onlar sosial şəbəkə vasitəsilə stadiona əlavə tribuna əlavə edilməsini tələb ediblər. Daha bir təklif isə yararsız vəziyyətdə olan və daha iri tutuma malik Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən bərpa edilməsiylə bağlıdı.

Sumqayıtlı azarkeşlərin təklifi

 
 
I dövrənin ilk hissəsinə nəzər yetirdik. Bu həftə isə V turun oyunları keçiriləcək. Turu bir qədər obrazlı şəkildə əks qütblərin mübarizəsi də adlandırmaq olar. Məsələ burasındadı ki, ilk sıradakılar son pillədə qərarlaşanlarla üz-üzə gələcəklər. Turnir cədvəli baxımından “İnter” – “Sumqayıt” görüşü mərkəzi xarakterlidisə, “Neftçi” – “Zirə” matçı daha maraqla gözlənilir. “Qarabağ” və “Qəbələ”nin işi isə asan görünür. Turla bağlı daha bir maraqlı məqam yenidən bütün görüşlərin paytaxtda keçirilməsidi.
 

“İnter” – “Sumqayıt”
 
Açılış oyunu “İnter Arena”da keçiriləcək. Burda get-gedə çempionatın ən döyüşkən komandası imicini formalaşdıran “Sumqayıt” “İnter”in qonağı olacaq.
 
Turnir cədvəlində eyni yerə - 4-cü pilləyə şərik olan komandaların dueli gərgin mübarizə vəd edir. Yalnız vurduğu qol sayında rəqibindən geri qalan “Sumqayıt” səfər görüşündə uğurlu nəticə ilə ən azı 4-cü yerin yeganə sahibi olmaq və liderlərə yaxınlaşmaq iddisaındadı. Samir Abasovun komandasının çempionatın startından göstərdiyi proqressiv oyun da bu ehtimalı artırır. “İnter”də isə işlər yolunda getmir. Ötən mövsümlə müqayisədə gücsüz görünən Zaur Svanadzenin komandası qazandığı iki qələbəni də böyük çətinlik hesabına əldə edib. Son görüşdə “Kəpəz”lə matçda da komanda 3 qoldan sonra qapısında ardıcıl 2 top gördü və oyun baxımından da sabiq “bankirlər” rəqibindən üstün görünmürdü. Problemləri açıq-aşkar nəzərə çarpan bakılılar üçün “Sumqayıt”la oyunda 1 xal da yaxşı nəticə hesab oluna bilər.
 
 
“Neftçi” – “Zirə”
 
V turun ən maraqla gözlənilən oyunu “Bakcell Arena”da keçiriləcək. “Neftçi” doğma meydanda lider “Zirə”ni qəbul edəcək.
 
Bu oyun “ağ-qaralar” üçün bir sıra məqamlara görə əhəmiyyətlidi. Komanda indiyə qədər çempionat oyunlarında bu rəqibinə qalib gələ bilməyib. Sonuncu qarşılaşmada isə məşqçilər heyətinin legioner limitinə əməl etməməsi səbəbindən 2:2 bitən matçdan sonra “Neftçi”yə texniki məğlubiyyət verilib. Prinsipial məqamlardan əlavə “ağ-qaralar”a yeni baş məşqçinin təyin olunması da görüşün komanda üçün əhəmiyyətini artırır. Tərlan Əhmədovun yeni götürdüyü “Neftçi”də qısa müddətdə nələri dəyişə bildiyi kifayət qədər maraqla gözlənir. Komandanın heyətinə bir neçə gün əvvəl cəlb edilən Rəşad Sadiqov da yəqin ki, qalmaqalla ayrıldığı sabiq klubuna və problem yaşadığı baş məşqçi Ayxan Abbasova qarşı xüsusi motivasiyada olacaq.
 
“Zirə” isə “Neftçi” önünə lider kimi çıxır. Keçən tur Qəbələ səfərində son dəqiqə qolu ilə 3 xalı əldən verən qəsəbə təmsilçisi autsayderlə görüşdə bunu unutdurmağa çalışacaq. Turnir cədvəli baxımından hazırda ən ciddi rəqibi “Qarabağ”ı özündən irəli buraxmamaq üçün Ayxan Abbasovun komandası “Neftçi” ilə oyundan mütləq qələbə ilə ayrılmalıdı
 
 
“Qarabağ” – “Kəpəz”
 
İkinci oyun günü Tofiq Bəhramov adına Respublıika stadionunda start götürəcək. “Azersun Arena”nı UEFA Gənclər Liqasının oyunlarına hazırladığı üçün mərkəzi arenaya köçən “Qarabağ” turnir cədvəlinin zirzəmisində qərarlaşan “Kəpəz”i sınağa çəkəcək.
 
Həftəiçi Çempionlar Liqasında “Çelsi”yə 0:6 hesabı ilə uduzan Ağdam klubu, əslində həmin matçda şans qazanmayan heyətiylə belə gəncəlilərlə matçda 3 xal qazanmaq gücündədi. Heyət baxımından kifayət qədər rotasiya imkanı olan Qurban Qurbanovun daha çox az şans qazanan oyunçulara imkan yaradacağı ehtimal edilir. Yeni transferlər – Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayevi də TPL-də ilk dəfə məhz “Kəpəz”lə görüşdə meydanda görə bilərik. Zədəlilər – Ansi Aqolli və Dani Kintana isə bu oyunu buraxacaqlar.
 
Çempionata uğursuz start verən “Kəpəz” son pillələrdən qurtulmaq üçün “Qarabağ”la görüşdə mütləq uğur qazanmalıdı. Keçən tur “İnter”lə matçda ilk oyunlarla müqayisədə daha hərəkətli görünən Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv 1 xal qazana bilsə, buna sevinməlidi.
 
 
“Səbail” – “Qəbələ”
 
Turun bağlanış matçı Mərdəkanda keçiriləcək. Müvəqqəti olaraq “Dalğa Arena”ya sığınan “Səbail” – “Qəbələ”ni qonaq edəcək.
 
Bu görüşün aşkar favoriti “qırmızı-qaralar” sayılır. Ardıcıl iki qələbə ilə başlayıb, son oyunlarda uğursuzluğa düçar olan Roman Qriqorçukun komandasını debütantla oyunda qələbədən başqa heç bir nəticə qane etməyəcək. “Qəbələ” üçün istənilən xal itkisi çempionluq mübarizəsində böyük zərbə sayılacaq. Baş məşqçi bu görüşdə iki əsas oyunçusunun xidmətindən yararlana bilməyəcək. Ötən mövsümün bombardiri Filip Ozobiç və Cozef Monroz “Zirə” ilə matçda zədələndikləri üçün “Səbail”lə oyunu buraxmalı olacaqlar.
 
Bakı klubu isə oyuna daha çox uduzmamaq məqsədiylə çıxacaq. Samir Əliyevin komandası güclü rəqibinə maksimum problem yaratmaq əzmindədi.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb




oxunma sayı: 171 | Paylaş: