')

Bu gün:


FutbolPress.Az | “Qəbələ” və “Neftçi”yə optimist baxış (TƏHLİL)

“Qəbələ” və “Neftçi”yə optimist baxış (TƏHLİL)


oxunma sayı: 571 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında VI turun “Qəbələ” ilə “Neftçi” arasındakı bağlanış oyunu hər iki komanda üçün böyük əhəmiyyətdə idi. Çempionluğa iddialı sayılan, amma mövsümə o qədər də yaxşı başlamayan “qırmızı-qaralar” özlərindən irəli buraxdıqları “Qarabağ” və “Zirə”dən çox geri qalamamaq, sonuncunun xal itkisindən yararlanıb fərqi minimuma endirmək niyyətində idilər. “Ağ-qaralar” isə yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında mövsümdə ilk 3 xalı qazanmaq və uzunmüddətli qələbəsizlik seriyasına son qoymağı düşünürdülər.
 
Sonluq əyalət təmsilçisinin ürəyincə oldu, turnir cədvəlinin zirzəmisində qərarlaşan bakılılar isə tarixinin daha bir antirekorduna yaxınlaşdı.
 
“Qəbələ” oyuna öncədən, bəlkə də ən optimist azarkeşlərinin də gözləmədiyi qədər yaxşı başladı. Artıq 4-cü dəqiqədə Asif Məmmədovun topu Anton Krivotsyukdan oğurlaması sonda komandanın ilk qola sevinməsinə səbəb oldu. “Qırmızı-qaralar” bundan sonra da hücumlarının sayını azaltmadı. Fasiləyə qədər komanda ikinci qolu da vurdu. Baqali Dabonun fərqləndiyi epizodda “Neftçi” müdafiəçiləri yenə hərəkətsiz görünürdü. İkinci qol böyük ölçüdə qarşılaşmanım taleyini həll etmiş oldu.
 
Fasilədən sonra oyunun gedişatı dəyişdi. Tərlan Əhmədovun soyunub-geyinmə otağında komandaya dediklərinin təsiri idi ki, “Neftçi” ikinci hissəyə sürətli başladı və tezliklə qollardan birinin əvəzini çıxdı. Dmitri Bezotosnı Namiq Ələsgərovun uzaq məsafədən göndərdiyi topun sadəcə trayektoriyasını izləməklə kifayətləndi. Matçın qalan hissəsi qarşılıqlı hücumlar şəraitində keçdi və sonadək hesab dəyişmədi.
 
***                 ***                 ***

Növbəti məğlubiyyətə baxmayaraq, “Neftçi”də oyun baxımından ciddi irəliləyiş müşahidə olunur. Ümumiyyətlə, yeni baş məşqçi təyinatından sonra “ağ-qaralar” belə demək olarsa, futbol oynamağa başlayıblar. Bir çoxları hətta komandanın ən böyük uğurlarını qazandığı Böyükağa Hacıyev dönəmindəki (Tərlan Əhmədov həmin zaman məşqçilər korpusunda idi – red.) kimi göründüyünü deyirlər. Komandanın ən böyük problemi isə müdafiə xəttiylə bağlıdı. Bir tur əvvəl “Zirə”yə qarşı matçda olduğu kimi bu dəfə də adi apizodlarda iki qol buraxıldı və bundan sonra vəziyyəti düzəltmək üçün cəhdlər boşa getdi. Rəqib hücumları zamanı madafiəçilərin olduqca ləng, süst görünməsi, az qala hər hücumun qapıya zərbə ilə tamamlanması komandada görünən ən böyük problemdi. Bunda sözsüz ki, orta xətt oyunçularının – Rəşad Sadiqov və Derlis Meza Kollinin formada olmamasının da təsiri olmamış deyil. Bunun səbəbi isə onların hər ikisinin “Neftçi”yə gələnə qədər bir müddət futbolsuz qalmasıdı.
 
Daha bir uzun zaman futboldan kənar qalan “Neftçi”li Emin Mahmudov da dünənki oyunda “ağ-qara” formada debüt etdi. Xeyli vaxt oynamayan, Bakı klubuna gələnə qədər məşq də etməyən millinin futbolçusu ilk oyunda xüsusi heç nə ilə yadda qala bilmədi.
 
İstənilən halda, komandanın oyununda irəliləyiş göz önündədi. Bir qədər banal ifadə olsa da, “Neftçi” oynayıb uduzdu. Azərbaycanın ən titullu klubu üçün bu, bəraət ola bilməz, sonuncu pillə isə ümumiyyətlə, qəbulolunmazdı. Ancaq keçən mövsümün gedişi və bu çempionatın ilk turlarındakı biabırçı futboldan sonra komanda artıq hücum edir, yaradıcılıq müşahidə olunur,  “Qəbələ” və “Zirə” kimi rəqibləri bir hissə ərzində təzyiqdə saxlaya bilir – bunlar hamısı yaxşı nəticələri gözlənilən edir. Qalır bircə uğursuz dönəmdən qurtulmaq...

***                 ***                 ***
 
Çempionata gözləniləndən zəif başlayan “Qəbələ” də get-gedə toparlanır. Düzdü, “Neftçi”ylə görüşdə Krivotsyukun səhvindən yaranan erkən qol olmasaydı, oyunun gedişinin necə olacağını demək çətindi. Üstəlik turnir cədvəli baxımından götürdükdə autsayderlə görüşdə qələbə heç də asan başa gəlmədi. Bura rəqibə çoxlu qol imkanlarının verilməsi və yaradılan epizodlardan istifadə olunmamasını da gəldikdə “qırmızı-qaralar”ın vəziyyəti ürəkaçan görünmür.
 
Ümumiyyətlə, “Qəbələ” keçən mövsümlə müqayisədə zəifləyib. Hiss olunur ki, yeni transferlər baş məşqçi Romaq Qriqorçukun sisteminə uyğun gəlmirlər. Legioner limiti isə komanda üçün əməlli-başlı bəlaya çevrilib – əcnəbilər oynamır, yerlilər effekt vermir.  Ancaq mövsümün əvvəliylə müqayisədə komanda get-gedə düzəlməyə başlayır. Ardıcıl iki qələbə yəqin ki, sonrakı görüşlərdə komandanın özünəinamını da artıracaq.
 
“Neftçi”ylə oyundan sonra baş verənlər isə klubda daxili ab-havanın da qaydasında olmadığını göstərdi. Final fitinin ardınca Cozef Monroz və Ruslan Qurbanov yumruq davasına çıxdılar. Daha doğrusu, əcnəbi futbolçu ona iradını bildirən Qurbanovu vurdu.
 
Roman Qriqorçukun rəhbərlik etdiyi kollektivdə belə intizamsızlığın olması bir qədər qəribə görünür. Yəqin ki, hər iki futbolçu, xüsusilə Monroz ciddi cəzaya məruz qalacaq.

"Qəbələ"nin I dövrədə son iki oyunu heç də çempionatların ən güclülərinə qarşı deyil. "Kəpəz" və "Sumqayıt"la matçlar komandanın ikinci dövrəyə "Qarabağ"ın əsas rəqibi kimi başlamasına imkan verə bilər və bu alınsa, Qriqorçukun komandası Ağdam klubuna ötənilki rəqabəti göstərə bilər.


oxunma sayı: 571 | Paylaş:




?>