')

Bu gün:


FutbolPress.Az | I Divizion naməlumluğu (LAYİHƏ)

I Divizion naməlumluğu (LAYİHƏ)


oxunma sayı: 916 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız bu dəfə I Divizionda növbəti mövsümöncəsi mövcud olan naməlum vəziyyəti təhlil edəcək.
 
Topaz Premyer Liqasında artıq iki tur geridə qalıb. Həftəsonu III turun oyunları keçiriləcək və daha sonra uzunmüddətli fasilə yaranacaq. Premyer Liqaya klub hazırlanan I Divizionla bağlı isə naməlum vəziyyət davam edir. Hələ də yarışın konkret başlama tarixi, iştirakçıların sayı, kimliyi dəqiq bəlli deyil. Peşəkar Futbol Liqası I Divizionun startını növbəti ayın ilk 10 günlüyünə planlaşdırılır.
 
Bu barədə PFL-in Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verdi: 

"I Divizionun dəqiq başlama tarixi bəlli deyil. Bunu sentyabrın ilk 10 günlüyünə planlaşdırmışıq. Startdan bir neçə gün gün əvvəl isə yeni mövsümün püşkatması keçiriləcək".

Dəqiq tarix məlum olmadığı kimi iştirakçı sayı da bilinmir:

"Bu ildən I Divizionda iştirak etmək istəyən klublarla bağlı yeni müraciət qaydaları müəyyənləşdirilib. Hansı ki, bu barədə mətbuata açıqlama verilmişdi. Hazırda komandaların müraciətləri qeydə alınır. Yaxın zamanda xüsusi komissiya buna baxacaq və ondan sonra hansı komandaların iştirak edəcəyi dəqiqləşəcək. İndidən say tərkibi və klubların adlarını demək mümkün deyil. Müraciət edənlərin hamısı iştirak edə də bilər. Bu, komissiyanın qərarından sonra bilinəcək".
 
Yeni mövsümdə I Divizionda iştirak etmək istəyən klublardan bunlar tələb olunacaq: zəmanət məktubu və iki iştirak ərizəsi. Bu ərizələrdən birində sponsor kimi dövlət təşkilatı, digərində isə qeyri-dövlət təşkilatının adı olmalıdı. Bütün bunlar klubun “çempionatın yarısında yarışı tərk etməməsinə” hesablanıb.
 
AFFA və PFL-in birgə müzakirələrindən sonra qəbul edilən qərarlar əsasında I Divizionda iştiraka görə tətbiq edilən yeniliklər konkret olaraq, növbəti mövsüm üçün təsdiq olunmuş büdcə proqnozunu, klubun yazılı strategiya planı (gələcəyə baxış inkişaf konsepsiyası), mövsüm ərzində istifadə edəcəyi infrastrukturla və klubun rəsmi saytı ilə bağlı məlumatları əhatə edir. Klubların müraciətindən sonra xüsusi orqan və ya komissiya buna baxıb, son qərarı verəcək.
 
Əvvəllər I Divizionda iştirak üçün belə tələblər qoyulmurdu və az qala hər istəyən turnirdə iştirak edirdi. Yeni qaydalara görə, maliyyə imkanları aşağı olan, stadionu tələblərə cavab verməyən, rəsmi saytı fəaliyyət göstərməyən klublara oynamaq icazəsi verilməyəcək. Belə görünür  ki, əgər hər şey yeni qaydalara uyğun edilsə, I Divizionda çıxış edəcək klub tapmaq asan olmayacaq.
 
Açıqlamalara görə, növbəti mövsüm 12 komandalı çempionatın təşkili planlaşdırılır. Ancaq yeni qaydalar iştirak icazəsi alanların çox olmayacağını demək üçün ciddi əsasdı. Çünki heç bəzi Premyer Liqa klubları sözügedən tələblərə cavab vermirlər.
 
Maliyyə məsələləri, infrastruktur və s. ilə bağlı problemlər aydın məsələdi, yeni qaydaların arasında xüsusi diqqət çəkən və bir qədər qeydi-adi görünəni isə rəsmi saytla bağlı məlumat hissəsidi. Düzdü, bu, mütləq tələb kimi göstərilməyib və müraciət məktubu formasında yalnız tövsiyə olunduğu qeyd edilir.
 
İstənilən halda, klubun rəsmi saytının fəaliyyət göstərməsi vacibdi. Ancaq daha yaxşı olardı ki, əvvəlcə TPL klubları qarşısında rəsmi veb-səhifələrin normal fəaliyyət göstərməsi tələbi qoyulardı. Fikrin davamı olaraq, qeyd edək ki, yüksək liqanın debütantı və artıq ilk qələbəsini də qazanan “Səbail”in saytı hələ də “under construction” mərhələsindədi. Belədə I Divizionda iştirak etmək istəyən klubun qarşısında rəsmi sayt tələbi qoymaq məntiqli deyil.
 
Mövcud vəziyyətdə buna hazır olan klubların sayı neçədi? Kiçik araşdırmadan sonra bəlli oldu ki, I Divizionda oynamağa iddialılardan yalnız ikisinin haqqında məlumat yaza biləcəyi saytı var. Söhbət debütantlar – “Binə” və “Şüvəlan”dan gedir. Birinci, ümumiyyətlə, bütün tələblərə cavab vermək gücündədi, ikinci isə AZAL-dan qalanların hesabına yarışda iştirak etmək üçün tələblərin hamısını yerinə yetirə bilər.
 
Ümumiyyətlə, I Divizionda oynaması planlaşdırılan bir neçə klubun adı bəllidi. Onların bəziləri keçən mövsümdən bu turnirdə çıxış edənlərdisə, debütantlar da olacaq. Bütün iddialılar və ümumiyyətlə, mövcud olanlar barədə müəyyən məlumat topladıq:
 
Sponsor tapa bilmədiyi üçün Premyer Liqaya buraxılmayan “Turan Tovuz”un yaşayıb-yaşamayacağı indi də bəlli deyil. Yay fasiləsi zamanı komandanı çoxlu futbolçu tərk edib. Növbəti mövsüm I Divizionda oynayıb-oynamayacağı, çıxış edəcəksə, nə uğrunda yarışacağı bilinmir. Keçənilki iddiasından əsər-əlamət olmayacağını ehtimal etmək olar – o da oynayarsa.


 
Yay fasiləsi zamanı xeyli gücləndiyi deyilən MOİK-in düşərgəsindən gələn məlumatlara görə, klub yalnız yüksək yerləri düşünür. Komandanın heyətinə bir neçə yeni futbolçu cəlb olunub və I Divizionda güclülərdən olması gözlənilir.  “Qaradağ Lökbatan” da növbəti mövsümdə çıxış edəcək. Bu komanda yay fasiləsi zamanı boş dayanmayıb. “Qaradağ Lökbatan”ı bir neçə yoldaşlıq oyununda iş başında görmüşük. Ancaq komandanın keçənilkindən daha zəif olacağı dəqiqdi.
 
Ötən mövsüm  I Divizionun güclü komandalrından olan “Ağsu” yenə iddiaçılar sırasındadı. Komandanın çempionatda çıxış edəcəyi dəqiqləşib. Ötən mövsümdən qalacaq daha iki komanda isə “Zaqatala” “Mil Muğan” olacaq. Birinci barədə məlumat olmasa da, İmişli klubunda son zamanlar yeni təyinatlarla bağlı xəbərlər gəlir. Komandanın məşqçilər heyəti bir neçə gün əvvəl dəyişdirildi.
 
“Şahdağ”  da yenə I Divizionda oynayacaq. Ancaq bu komandadan gələn xəbərlər də ürəkaçan deyil. Bugünlərdə klubun vitse-prezidenti Rüstəm Əzimov postundan istefa verdi. Komanda hazırlığa yeni başlayıb və yalnız bir yoxlama oyunu keçirib.
 
Debütantlar isə daha səs-küylü gəlir. “Binə” növbəti mövsümə ən yaxşı hazırlaşandı. Bir neçə il həvəskarlar liqasında yarışan qəsəbə təmsilçisinin heyəti tamamilə yenilənib, Bəxtiyar Soltanov, Amil Ağacanov kimi futbolçuların da olduğu çoxlu yeni oyunçular cəlb olunub. İlk il üçün əsas məqsədin yaxşı komanda qurmaq olduğu deyilsə də, “Binə”nin çempionluğa – Premyer Liqaya vəsiqəyə iddiaçı olacağına şübhə yoxdu. Komandanın hazırlığı da yüksək səviyyədə keçib. Əvvəlcə Bakıda, aralarında TPL klublarının da olduğu sparrinq rəqiblərlə gücünü sınayan “Binə” ardınca Gürcüstana yollandı. Qonşu ölkədə yüksək liqa təmsilçiləriylə görüşlər yəqin ki, komandanın hazırlığını yüksək səviyyəyə çatdıracaq.


 
Adını dəyişib “Şüvəlan”a çevrilən AZAL da yeni mövsümə ciddi hazırlaşır. Komandaya baş məşqçi kimi Aqil Nəbiyev təyin olunub. Heyət də tamamilə dəyişdirilib. Tez-tez klubun yeni oyunçular cəlb etməsi, yoxlama oyunları keçirməsiylə bağlı xəbərlər verilir.
 
Yaxşı maliyyə vəziyyəti və sponsoru olduğu iddia olunan “Göyçay”ın da aşağı liqada oynayacağı gözlənilir. Məlumatı birbaşa PFL prezidenti Ramin Musayevin verməsi bu komandanı turnirdə görəcəyimizi dəqiqləşdirir.
 
Daha bir debütant “Masallı” ola bilər. Əvvəllər yalnız həvəskarlar liqasında çıxış edən cənub təmsilçisinin I Divizionda oynamaq niyyətində olduğu deyilir. Yeni yaradılan və I Divizionda oynamaq iddiasında olan növbəti klub “Xəzər”di. Bakıda məskunlaşan  komandanın artıq PFL-lə razılıq əldə etdiyi və növbəti mövsüm aşağı liqada oynayacağı deyilir. “Vətən” də I Divizionda debüt edəcək. “Neftçi” ilə Azərbaycan çempionu olan Arif Əsədovun baş məşqçi postuna təyin olunduğu komanda bir neçə transferlə gündəmə gəlib. Qeyri-adi heç nə baş verməsə, “Vətən”i də növbəti mövsüm I Divizionda görəcəyik.
 
Aşağı liqanın daimi iştirakçılarından olan “Şəmkir”, “Energetik”, “Göyəzən” və “Bakılı” isə sanki qeybə çəkiliblər. Bir müddət əvvəl “Şəmkir”in fəaliyyətini davam etdirməsi üçün səylər olsa da, deyəsən bu qərb bölgəsi növbəti mövsüm yenidən futbol üzünə həsrət qalacaq. Digərləriylə bağlı isə ümumiyyətlə, heç nə edilmədi.
 
***                   ***                   ***
 
Ümumi mənzərəyə və ayrı-ayrı potensial iştirakçılara nəzər yetirdik. Mövcud vəziyyətə görə, yeni yaranan bir neçə klub I Diviziona yüksək yerlərə iddiaçı qismində qatılacaq. Əvvəlki mövsümlərdə iştirak edənlərin isə az qala hamısı iddiasını itirib. Adıçəkilən klublardan hansıların yarışa buraxılacağı yaxın günlərdə dəqiqləşəcək. Görünür, 12 komanda tapıb turniri keçirmək mümkün olacaq. Ancaq onu da nəzərə almaq lazımdı ki, səs-küylə yaranıb, mövsümün ortasında dağılan klub “praktikası”na əvvəllər şahidlik etmişik və adıçəkilən yenilərin ipi ilə quyuya enmək təhlükəli ola bilər.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb




oxunma sayı: 916 | Paylaş:




?>