')

Bu gün:


FutbolPress.Az | AFFA-nın səhv strategiyası və “Rauf düyünü” (KİÇİK QEYD)

AFFA-nın səhv strategiyası və “Rauf düyünü” (KİÇİK QEYD)


oxunma sayı: 849 Paylaş:

FutbolPressRauf Əliyevin Albaniyanın “Kukesi” klubuna keçidi “düyün”ü hələ də açılmayıb. Son olaraq məlum olub ki, futbolçunun “İnter”lə olan müqaviləsi, həqiqətən də başa çatıb. Ancaq klub onun gedişinə mane olmaqda israrlıdı.
 
“İnter”lə Rauf Əliyev arasında yaşanan qalmaqal əslində növbəti dəfə eyni məsələni gündəmə gətirir – AFFA rəsmilərinin kütləvi şəkildə klublarda vəzifə tutması. Daha əvvəl də bu barədə qeydlərimiz olub, son hadisə problemi qabarıq formada ortaya qoydu.
 
Məlum oldu ki, bəzi klublarımızda mövcud olan ikili müqavilə sistemi Rauf Əliyevlə “İnter”in münasibətlərindən də yan keçməyib. AFFA-ya ayrı müqavilə təqdim olunub, klubla futbolçu arasındakı sözləşmə isə tam fərqlidi. Bu gün Əliyevin quruma göndərilən rəsmi müqaviləsinin surəti mətbuatda dərc olundu: iyulun 30-da tərəflər arasındakı razılığın müddəti bitib. “İnter” rəhbərliyi isə futbolçuyla müqavilənin olduğunu iddia edir.
 
Belə məqamda problemi AFFA Oyunçuların Statusu və Transferi Komitəsi yoluna qoymalıdı. Məsələnin məğzi də burda aydınlaşır. Adıçəkilən komitənin sədri Rəmiş Malıyev, həm də “İnter”də icraçı direktor funksiyasını yerinə yetirir.
 
Bunun ola biləcəyini konkret iddia etmirik, ancaq Malıyev mövcud vəziyyətdə niyə də problemi “burub”, klubun xeyrinə həll etməsin? Bəlkə hadisə bu qədər ictimailəşməsə, Rauf inadkarlıq göstərməsə, doğrudan da bu baş verəcəkdi.
 
Nəyin, necə ola biləcəyi ehtimallarından əlavə, mövcud vəziyyət Rəmiş bəyin AFFA-dakı və ya “İnter”dəki işinə mane olmurmu? Yox, əgər o, qurumdakı vəzifəsindən gedibsə - ki, bu barədə rəsmi heç nə yoxdu -, adını çəkdiyimiz komitəyə kim sədrlik edir? Bunun özü AFFA-nın işindəki növbəti bir qüsur, boşluqdu.
 
Mövcud vəziyyət başqa vaxt şəffaflıqdan dəm vuran AFFA rəhbərliyinin mənasız Müşahidə Şurası sisteminin və daha əhəmiyyətlisi prosesin qurum əməkdaşları hesabına həyata keçirilməsinin nələrə səbəb ola biləcəyinin bariz nümunəsidi. Elxan Məmmədovun maraqlarına xidmət edən  və güman ki, Rövnəq Abdullayevin sadəcə razılaşdığı ideologiya ölkə futbolunda şəffaflıq əvəzinə daha ciddi problemlər yaradır. Bu həm də Zaur Axundovun timsalında qurumdan dəstək hiss edənlərin aqressiv açıqlamalarına, “insanlıq dərsləri”nə, diktat rejim qurmalarına şərait yaradır və s.
 
Ancaq daha yaxşı olardı ki, onlar öz maraqlarını bir kənara qoyardılar və tezliklə “Neftçi” kimi bir kluba ziyandan başqa heç nə verməyən sistemdən imtina edərdilər. Yoxsa bu, getdikcə ölkə futbolundakı özbaşınalığı qarşısıalınmaz hala çevirəcək.

"FutbolPress"


oxunma sayı: 849 | Paylaş:




?>