')

Bu gün:


FutbolPress.Az | Eyni məkanda eyni rəqiblərlə: TPL-ə qaldığı yerdən davam (LAYİHƏ)

Eyni məkanda eyni rəqiblərlə: TPL-ə qaldığı yerdən davam (LAYİHƏ)


oxunma sayı: 644 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız bu dəfə TPL-də yeni mövsümün ilk turuna nəzər yetirəcək.
 
Ölkə futbolunda fasilə başa çatır. Sabah sayca 26-cı Azərbaycan çempionatı başlayacaq. Azarkeşlərin 3 ay yarımlıq həsrəti “Neftçi” – “Qarabağ” oyunu ilə bitəcək. Maraqlıdı ki, ötən çempionatın bağlanışı da Azərbaycan derbisi ilə olmuşdu. 2016/17 mövsümünün son qarşlaşması “Bakcell Arena”da oynanmışdı. Bu dəfə də komandalar eyni məkanda - 8 km-dəki stadionda üz-üzə gələcəklər. Belə demək olarsa, TPL qaldığı yerdən davam edəcək. Həm də, ümumiyyətlə, dəyişən çox şey yoxdu. Keçən mövsümün gedişində, Premyer Liqada komanda sayının 10-12 olacağı deyilsə də, bu dəfə də birtəhər 8 klub ortaya çıxarmaq mümkün oldu. “Şüvəlan”a çevrilərək I Diviziona yuvarlanan AZAL-ı yeni mövsümdə “Səbail” əvəzləyəcək. Güc-bəla yaşadılan “İnter” isə “Keşlə” adı altında mübarizə aparacaq. Çempionluğa oynayacaq komandaları da indidən demək mümkündü. Yenə əvvəlki kimi “Qarabağ” və “Qəbələ” qızıl medallar uğrunda əsas rəqiblər olacaqlar. Ötən mövsümün 4-cüsü “Zirə” “bürünc”ə iddialıdısa, tarixin ən bərbad dövrünü arxada qoymağa çalışan “Neftçi” avrokubok zonasına düşməyə can atacaq.
 
I turda baş tutacaq oyunlara daha geniş nəzər yetirək...
 

“Neftçi” – “Qarabağ”
 
Artıq qeyd etdik ki, TPL-də yeni mövsüm “Neftçi” ilə “Qarabağ” arasındakı Azərbaycan derbisi ilə başlayacaq. “Bakcell Arena”da keçiriləcək açılış oyun komandalar üçün fərqli xüsusiyyətdədi.
 
Avrokuboklarda çıxışını davam etdirən “Qarabağ”ın gələn həftə Çempionlar Liqasının pley-offunda Danimarka “Kopenhagen”i ilə çətin oyunu var. Bu baxımdan komandanın məşqçilərinin də, futbolçularının da düşüncəsi müəyyən qədər həmin görüşlə bağlı olacaq. Hətta Qurban Qurbanovun bu matçda meydana əsasən ehtiyat qüvvəni buraxacağını gözləyənlər də az deyil. Ancaq bu, o qədər də inandırıcı görünmür. Çünki “Kopenhagen”lə oyuna qədər (15 avqust) kifayət qədər zaman var. Üstəlik çempionatda keçiriləcək bir oyun belə uzun fasilədən sonra heyətin oyun praktikasının artmasında faydalı olacaq. İndiki məqamda – komandanın son oyunlarda ideal görünməməsi – oyunçuların buna ehtiyacı olduğu da aydındı.
 
“Neftçi” üçün isə bu oyun daha əhəmiyyətli xarakterdədi. Uğursuz mövsümdən sonra ciddi islahatlar aparan, heyətini yeniləyən paytaxt klubu iddiasını ilk turdan ortaya qoymağa çalışacaq. Son çempion və prinsipial rəqiblə oyunda qazanılacaq 3 xal komandanın bütün mövsümünə yaxşı təsir göstərə bilər. Elxan Abdullayev də yəqin yetirmələrini məhz buna kökləyəcək. Hazırlığın Avstriyadakı əsas hissəsini bir neçə gün əvvəl başa vuran “ağ-qaralar”ın əslində uyğunlaşma, oyun praktikası baxımından da ciddi problemi olmamalıdı. Kifayət qədər güclü rəqiblərlə görüşlər – yoldaşlıq xarakteri daşısa belə - yaxın keçmişə təsadüf edib və bunu komandanın yaxşı formada olması üçün əsas saymaq olar.
 
Bakı klubunun baş məşqçisi Elxan Abdullayev sabah ən ideal heyəti meydana buraxa biləcək. İki klub arasında Namiq Ələsgərovla bağlı ötən mövsüm mövcud olan razılıq (o, sabiq klubu “Qarabağ”a qarşı oynamırdı – red.) artıq keçərli deyil və mütəxəssis onu da meydana buraxa biləcək. “Qarabağ”da isə heyətlə bağlı peoblemlər var. Kapitan Rəşad Sadıqov zədə səbəbindən “Neftçi”yə qarşı oynamayacaq. Son məşqlərin birində sıradan çıxan yeni transfer Vilda-Donald Gerye də açılış oyununu buraxacaq. Əvəzində ÇL-in II təsnifat mərhələsində “Şerif”ə qarşı matçda zədələnərək əvəzlənən Maksim Medvedev artıq sıraya dönüb və baş məşqçi şans verəcəyi halda meydana çıxacaq. Elə həmin oyunda barmağını və burnunu qıran Yakub Jezniçak da tam hazırdı.
 
Bu, komandaların 69-cu dueli olacaq. Əvvəlki 68 görüşün 18-də “Neftçi” qalib gəlibsə, yubiley sayda – 25 dəfə “Qarabağ” 3 xalı bayram edib. Qalan 25 matçda qalib müəyyənləşməyib. Top fərqi 72:62 Ağdam klubunun xeyrinədi. “Qarabağ” son 6 oyunun heç birində əzəli rəqibinə uduzmayıb və bu matçların hər birində azı iki qol vurulub.
 

“İnter” – “Qəbələ”
 
Yeni mövsümün ikinci oyununda son gümüş medalçı “Qəbələ” və “bürünc”ə sahib çıxan “İnter” münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş Bakı klubunun stadionunda keçiriləcək.
 
Avropa Liqasında mübarizəni dayandıraraq, bütün fikrini daxili çempionata yönəldən “Qəbələ” bu görüşün favoriti sayılır. “Qırmızı-qaralar” ilk turlardaca uğurlu nəticələrlə, bir növ “başı avrokuboklara qarışan” “Qarabağ”ı üstələməyə çalışacaqlar. Yay fasiləsi zamanı heyətində köklü dəyişikliklər aparan əyalət təmsilçisini Avropa Liqasında görsək də, daxili yarışlarda necə çıxış edəcəyi maraqla gözlənilir. Heyətin əsasının legionerlərdən ibarət olan olması Premyer Liqadakı limitə görə Roman Qriqorçukun  manevr imkanlarını xeyli azaldacaq. İstənilən halda, keçən mövsüm son turlarda çempionluğu "Qarabağ"a verən "Qəbələ" bu dəfə, nəhayət ki, arzusuna çatmaq iddiasındadı.
 
Başı problemlərdən açılmayan “İnter”in də yeni mövsümdə necə təsir bağışlayacağı maraqla gözlənilir. Ötən çempionatda bürünc medalları qazanan sabiq “bankirlər”in bu dəfə mükafatçılar sırasına düşəcəyinə inam azdı. Məsələ burasındadı ki, komandanın üç əsas futbolçusu artıq düşərgədə deyil. Səlahət Ağayev “Neftçi”yə, Abbas Hüseynov “Qarabağ”a üz tutubsa, Zurab Xizanişvili karyerasını bitirib. Üstəlik maddi problemləri davam edən klubda bunun futbolçulara təsirinin olacağı şübhəsizdi. Bir sıra oyunçular da son açıqlamalarında komandanı tərk edə biləcəklərini söyləyiblər. Ötən çempionatın bombardirlərindən olan Rauf Əliyevin artıq Albaniya “Kukesi”si ilə anlaşdığı iddia olunur və s. Bütün bunları nəzərə aldıqda “İnter”in “Qəbələ”yə ciddi müqavimət göstərəcəyini gözləməyə dəyməz.
 
Zaur Svanadze “qırmızı-qaralar”a qarşı ən yaxşı “11-liy”i oynada bilməyəcək. Onsuz da kasad olan heyətdə Fuad Bayramov da məşqlərin birində zədələnib. Məlumata görə, dayaq yarımmüdafiəçi təxminən 2 ay yaşıl meydanlardan kənar qalacaq. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun isə bu baxımdan problemi yoxdu.
 
Şənbə günü keçiriləcək matç komandaların 37-ci dueli olacaq. Əvvəlki oyunların 9-da “Qəbələ” 3 xala sevinibsə, 14 dəfə “İnter” üstün olub. 13 görüşdə isə heç heçə qeydə alınıb. Top fərqində də Bakı klubu üstündü. 48:33. Komandalar arasındakı son 7 oyunda “Qəbələ” uduzmayıb. 7 qolun vurulduğu son görüşdə də “qırmızı-qaralar” üstün olublar – 4:3.
 

“Zirə” – “Səbail”
 
3-cü oyun günündə debütant “Səbail”lə “Zirə” üz-üzə gələcək. Oyun Zirə Olimpiya Kompleksinin stadionunda baş tutacaq.
 
Yay fasiləsi zamanı tarixində ilk dəfə avrokubok təcübəsi yaşayan “Zirə” göstərdiyi oyunla bu mövsüm Premyer Liqaya rəng qatacağının siqnalını verdi. Heyətində bir sıra dəyişikliklər edən qəsəbə təmsilçisinin keçən mövsümdən daha güclü olacağına şübhə yoxdu. Hətta bürünc medallara ən iddialı kollektiv də “Zirə” sayılır. Bu baxımdan “Səbail”lə görüşdə Ayxan Abbasovu qələbədən başqa heç bir nəticə qane etməyəcək.
 
“Səbail”in necə çıxış edəcəyi isə maraqla gözlənilir. Debütant mövsümə yeni baş məşqçi və tamamilə yenilənmiş heyətlə başlayacaq. İlk mövsüm üçün Samir Əliyevin qarşısına böyük məqsədlər qoyulmasa da, gənc mütəxəssisin rəhbərlik etdiyi kollektivin “Zirə” ilə oyundaca “asan yem” olmadığını sübut etməyə çalışacağına şübhə yoxdu. Yeni qurulsa da, komandanın heyəti də rəqiblərə yaxşı müqavimət göstərməyə imkan verəcək. Bir neçə legioner də cəlb edilən heyətdə Premyer Liqa təcrübəsi olan futbolçular kifayət qədərdi.
 

“Sumqayıt” – “Kəpəz”
 
Yeni mövsümün ilk turunun son oyunu Sumqayıtda baş tutacaq. Eyniadlı komanda “Kəpəz”i sınağa çəkəcək. Keçən mövsüm son turlara qədər avrokubok iddiasını davam etdirən kollektivlərin yay fasiləsindən necə qayıtdığı maraqla gözlənir.
 
Ötən çempionatın bitməsindən dərhal sonra transfer fəaliyyətinə başlayan “Sumqayıt” heyətini ən tez yığan komanda oldu. Transfer pəncərəsinin ilk ayındaca göndərilənlər və yeni gələnlər dəqiqləşdi. Başqa sözlə, komandanın baş məşqçisi Samir Abasovun kimin nəyə qadir olduğunu görməyə, heyətin uyğunlaşması və digər problemləri aradan qaldırmağa kifayət qədər vaxtı oldu. “Kəpəz”də isə bu baxımdan müəyyən problemlər ola bilər. Məsələ burasındadı ki, 2016/17 mövsümündən dərhal sonra heyətdəki bir sıra əsas oyunçuları əldən verən Gəncə təmsilçininin onların boşluğunu doldurduğöunu demək çətindi. Legionerlər və yerli futbolçular cəlb olunsa da, onların gedənləri əvəz edəcəyinə inam çox deyil. Xüsusilə, yerli bazarda digər klublara lazım olmayanları heyətə qatması nəzərə çarpan “sarı-göylər”in əcnəbilərinin hansı səviyyədə olduğu yaxın zamanda bəlli olacaq.
 
Komandalarda heyətlə bağlı ciddi problem yoxdu. Yalnız “Sumqayıt” ola bilsin ki, Premyer Liqaya bir hücumçu ilə başlasın. Yeni transfer Ramil Həsənovun sənədlərində problem yarandığı üçün onun adı PFL-ə göndərilən sifariş ərizəsində yer almayıb.
 
Bu oyun komandaların milli çempionatlarda 17-ci qarşılaşması olacaq. Əvvəlki 16 matçda onlar hərəyə 5 qələbə qazanıblar, 6 görüşdə qalib müəyyənləşməyib. Top fərqində “Sumqayıt”ın minimal üstünlüyü var – 20:19.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb



oxunma sayı: 644 | Paylaş:




?>