')

Bu gün:


FutbolPress.Az | Nikolov qeybdən xəbər vermir... Oliqarx savaşı (YAZI)

Nikolov qeybdən xəbər vermir... Oliqarx savaşı (YAZI)


oxunma sayı: 995 Paylaş:

FutbolPress2006-15-ci illərdə mərhum "İnter"in prezidenti olmuş Georgi Nikolov sosial şəbəkədə "bankirlər"in ad dəyişməsinə münasibət bildirib: "İnter"in adına 10 illik hücumlar axır ki, nəticəsini verdi. Dəyişirdilərsə, heç olmasa, "Zabrat" qoyaydılar. Axı, klub orada doğulub... Hər halda keşləlilər rahat nəfəs ala bilərlər. İndi "Aqrarkredit" onlar üçün "Keşlə Arena"da əlavə tribunalar tikdirməlidi".

Sonrakı cümlələri boş verin, əsas ilk cümlədir. Nikolov əvvəllər də bu haqda danışıb. Hətta yeganə köşə yazan klub rəhbəri olaraq o qədər açıq fikirli biriydi ki, rəsmi saytda "İnter"ə qarşı hücumların olduğunu dolayısıyla da olsa, bildirirdi.

Bəs hücumlar nə deməkdir?

Buna aid çox misallar çəkmək olar.

Məsələn, "Xəzər Lənkəran"ın süqutu nə qədər öz idarəçilərinin maxinasiyaları ucbatından olsa da, bir qədər də AFFA rəhbərliyinin bunda istəyi/arzusu/marağı vardı. Dağılan populyar klublar arasında ən çevik tərpənib aradan külli-ziyansız çıxan tək "Karvan" olmuşdu.

Bu mövzuda ən bariz müzakirə isə Hafiz Məmmədov və Rövnəq Abdullayev arasındakı soyuq müharibənin birinciyə ağır zərbəsiylə nəticələndi.

Hələ zamanında "FutbolPress" Məmmədovun AFFA prezidenti olması arzusunu öz əməlləriylə aşkar büruzə verdiyini dəfələrlə yazmışdı. Ancaq Abdullayev bundan o zaman duyuq düşmüşdü ki, "Atletiko Madrid" Bakıya gəldi, prezident İlham Əliyevin qəbuluna getdi, lakin Abdullayev dəvət almadı/iştirak etmədi. Üstəlik bu ajiotaj Azərbaycan futbolunun 100 illiyinə həsr olunan tədbirlər seriyasının ən vacib məqamında - dünya yığmasıyla ölkə futbolunun ulduz veteranları arasında yoldaşlıq görüşünün keçirilməli olduğu ərəfədə baş verdi.

Bundan da təsiredici məqam olub. AFFA İcraiyyə Komitəsinin iclasından sonra toplananların bəziləri brifinq keçirirdi. Bu zaman hadisə yerində jurnalistlərin, demək olar, hamısı Məmmədova yaxınlaşıblar, Abdullayev isə qalıb belə...

Bu hadisələrdən sonra tərəflər arasında soyuq savaş açıq mübarizəyə - "Hafka"nın "vurulmasına" keçdi və "Bakı" da süquta uğradıldı.

Rövnəq Abdullayev rəqibləriylə rəqabəti sevmir. Güvəndiyi qüvvələrin dəstəyi ilə rəqibləri devirir, məhv edir və s.

Hətta ANS kimi tarixi olan kanalın bağlanmasında da "Fətullah Gülənlə müsahibə" hadisəsi yox, məhz Abdullayevin müsahibəsində "Ermənilərlə düşmənçiliyimiz yoxdu... Gürcüstandakı erməni kilsələrini qazla təchiz edirik" kimi söhbətlərin efirə getməsi daha böyük rol oynamışdı.

Bəli, Nikolov qeybdən xəbər vermir, olanları/gördüklərimizi açıq deyir.

Abdullayevin natamam idarəçilik fəlsəfəsi Azərbaycan futbolunu, Azərbaycan futbolu isə neft gəlirlərini havaya sovurmaqda davam edir. Görünən bu...

Elçin Cəlilov



oxunma sayı: 995 | Paylaş:




?>