Bu gün:


FutbolPress.Az | "Belə bir hal yaşansa, "Kəpəz" üçün mövsüm itirilmiş olacaq" - RƏY

"Belə bir hal yaşansa, "Kəpəz" üçün mövsüm itirilmiş olacaq" - RƏY


oxunma sayı: 343 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının yeni mövsümünün startına cəmi bir həftə qaldı. Mövsümün diqqətçəkən məqamlarından biri də "Kəpəz"in dörd dövrəli mövsümün ilk dövrəsində bütün oyunları səfərdə keçirməsi (7) olacaq. Buna səbəb Gəncə şəhər stadionunda ot örtüyünün yenilənməsidi.

İşlər çempionat bitəndə - apreldə başlasaydı, meydança oynanılacaq vəziyyətə çatmışdı. Ancaq elə olmadı. Və "Kəpəz" anormal situasiya ilə üz-üzədi. Ölkədə ən çox azarkeşin stadiona gəldiyi şəhərdə ilk iki aya yaxın böyük futbol olmayacaq.

Bu məqam komandaya  psixoloji faktorda mənfi təsir göstərəcək. Baş məşqçi Şahin Diniyev də bu fikirdədi:

"Kəpəz” keçən mövsüm də, ondan əvvəl də oyunlarını ən çox azarkeşin izlədiyi komandadı. Bu ilsə ilk 7 oyunun hamısını səfərdə keçirməyimiz böyük bir zaman kəsiyində onların dəstəyindən məhrum olmağımız deməkdi. Belə hal bir sıra cəhətlərdən bizə mənfi təsir edəcək. Start həmişə ən önəmli hissədi və belə demək olarsa, necə başladınsa, elə də gedirsən. Əgər ardıcıl səfər matçlarında uğursuzluq olsa, bu, komandanı psixoloji olaraq “sındıra” bilər. İlk dövrəni tamamilə səfərdə keçirməyimiz bizim əleyhimizə, rəqiblərin lehinə olan amildi. İstəməzdik belə olsun, ancaq stadionun hazır olması, digər rəqiblərin Gəncədə futbol oynaya bilməsi üçün bu çətinliyə dözməliyik. Çalışacağıq ilk dövrədəki oyunlarda xallar qazana bilək və Gəncə stadionuna normal vəziyyətdə qayıdaq”.

Jurnalist Ceyhun Əliyev düşünür ki, bu məqam ən çox "Kəpəz"in nəticələrinə təsir edəcək:

"Hansısa fors-major hal yaşansa (təbii fəlakət, müharibə və s.) və alternativ seçim (yaxın ərazidə stadion yoxdursa) də olmasa, normal. Əslində bu, ən böyük zərbəni "Kəpəz"ə vuracaq. Gəncə klubu əsasən azərbaycanlı futbolçulardan qurulub. Bu komanda da ən yaxşı oyunlarını evdə keçirir. Ardıcıl 7 qarşılaşmanı səfərdə keçirməsi, Şahin Diniyevin komandasının ilk dövrədən sonra avrokubok zonasından aralı düşəcəyindən xəbər verir. Bu da psixoloji cəhətdən növbəti görüşlərdə fəsad verəcək. Zənnimcə, belə bir hal yaşansa, "Kəpəz" üçün mövsüm itirilmiş olacaq".

"FutbolPress"



oxunma sayı: 343 | Paylaş: