Bu gün:


FutbolPress.Az | TPL klublarının transferlәri - jurnalist dәyәrlәndirmәsi (LAYİHӘ)

TPL klublarının transferlәri - jurnalist dәyәrlәndirmәsi (LAYİHӘ)


oxunma sayı: 407 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız bu dəfə idman jurnalistlərinin yay transfer dövrünün geridə qalan hissəsinin dəyərləndirməsini təqdim edəcək. 
 

Mövzu: 
Yay transfer dövründə klublarımızın fəaliyyəti
 
Ceyhun Əliyev ("Sport24")


 
Zaman ötdükcə, klublarımız da müdrikləşir. Sevindiricidi ki, indi “Bakı”, “Xəzər Lənkəran” nümunələrinə rast gəlmirik. Doğrudu, “moşennik” menecerlər hələ də atmosferi korlamağa cəhd edirlər. Ancaq günümüzdə onların sayı azalma xəttindədi. Nəzərə alsaq ki, komandanın əsas simasını legionerlər təşkil edəcək, medallar uğrunda mübarizədə əsas söz sahiblərinin dəyişməyəcəyini proqnozlaşdıra bilərik. “İnter”in məlum transfer qadağası cari mövsümdə paytaxt təmsilçisinin medallara iddia edə biləcəyini sual altına salır. Düşünürəm ki, üçlüyü qapatmağa əsas namizəd “Neftçi” və “Zirə” olacaq. Ötən mövsümün ikinci hissəsində gətirilən legionerlərlə yolu davam etmək “ağ-qaralar”ın oturuşmuş komanda obrazının yaranmasında yardımçı olmalıdı. “Qartallar”a gəlincə, düşünürəm ki, Ayxan Abbasov çempionata yeni nəfəs gətirməyi bacaracaq. “Qızıl”ın isə son illərdə olduğu kimi, “iki adaxlısı” – “Qarabağ” və “Qəbələ” olacaq.
 
“Qarabağ”ın Anton Kanibolotskisini iş başında bir dəfə görmüşəm. O da 5:0-lıq qələbədən sonra heç bir əhəmiyyət kəsb etməyən “Samtredia” ilə matçda. Doğrudu, ukraynalı kiper bir neçə epizodda özünü yaxşı tərəfdən göstərdi. Ancaq bir oyunla rəy bildirmək çox müşkül məsələdi. Donald Geryeni artıq iş başında görmüşük. Zənnimcə, vinger “Zenyov effekti”ni verəcək: avrokubokların təsnifat mərhələləri və daxili yarışlar üçün uğurlu, qrup mərhələsində (istər Avropa Liqası olsun, istərsə də Çempionlar Liqası) “boz oyunçu” olacaq. Yakub Jezniçakı “Qarabağ”ın ən uğurlu transferi adlandırardım. Polşalı müdafiəçi çempionun müdafiə redutlarını nəzərəçarpacaq dərəcədə gücləndirəcək.
 
“Qəbələ”nin yeni legionerlərini 3 qrupa bölərdim. Uğurlu olacaqlırını düşündüyüm qrupa Deyv Bultuislə Famussa Koneni daxil edərdim. “Gözüm su içmir” qrupunda Xavi Ernandeslə Dion Maloneni görürəm, “ümidverici” kimi isə Stiven Jozef-Monroz və Endi Hallideyi  göstərərdim. 
 
“Zirə”nin “yorğanı”nı da nəzərə almaq gərəkdi. Məhdud büdcəyə uyğun əldə edilən transferlər alqışalayiqdi. Yeganə istisna kimi Qabriel Mateyi göstərmək olar. Rumıniyalı cinah müdafiəçisi hələ ki, özünü göstərə bilməyib. Ən azından avrokubok matçlarında “qartallar”ın oyun nəzəriyyəsinə uyğun olaraq, hücumlara olduqca az dəstək verib. Jozef Boum II, David Manqa və Kervens Belford zənnimcə, “Zirə”nin oyununa rəng qata biləcəklər.
 
“Kəpəz”in və “Səbail”in əcnəbiləri “sirli qutu”dular. Yalnız onu deyə bilərəm ki, Şahin Diniyev suyu da üfürə-üfürə içən mütəxəssisdi və onun legioner seçimində yanılmayacağını proqnozlaşdırmaq olar. Paytaxt təmsilçisinə gəlincə, yerli kadr olmadığı üçün legionerə ehtiyac duyulubsa bu əcnəbilərin əlahiddə nəyləsə yadda qalacağını proqnozlaşdırmaq absurd olardı.
 
“Neftçi”nin yeganə yeni legioneri Mateo Mujekdi ki, barəsində nə müsbət, nə də mənfi rəy bildirmək doğru olar. İş başında görməmişik.
 
 
Rəşad Rafiqoğlu (“İdman Azərbaycan”)
 

Ümumiyyetlə, bu mövsüm klublarımızın transfer fəaliyyəti əvvəlki illərlə muqayisədə bir qədər durğundur. Bu da çox güman ki, maliyyə problemi və devalivasiyadan sonra yaranan durumdan qaynaqlanır.
 
"Qarabağ": Düzdür, klubun oturuşmuş heyəti olsa da, "Şerif"lə oyun da göstərdi ki, bu heyət Avropa, xüsusilə Çempionlar Liqası üçün deyil. Bəlkə də klub rəhbərliyi düşünür ki, komanda avrokuboklarda qrup mərhələsinə düşə bilməsə, bu qədər oyunçunu yerli çempionat üçün niyə alsınlar. O ki qaldı yeni oyunçulara - "Qarabağ"ın ən uğurlu transferi Yakub Jezniçakdır. Çünki Rəşad Sadıqov artıq 45 dəqiqə daha keyfiyyətli oynayırdı. Onun çoxdan butsılarını mismardan asmaq vaxtı çatıb. Bəlkə də yerli çempionatda oynaya bilər, ancaq beynəlxalq sviyyəli qarşılaşmalar artıq onunçün gecdir. Qapıçı Kanibolotski də normal transferdi. Şehiç nə qədər yaxşı qapıçı olsa da, sabit deyil. Məncə, ukraynalı yavaş-yavaş "Qarabağ"ın əsas qapıçısına çevriləcək. Geryeyə gəlincə, hesab edirəm ki, onun potensialı həddən artıq şişirdilir.
"Qəbələ": Zənnimcə, transfer baxımından çempionatn ən fəal klubu "Qəbələ"di. Yeni futbolçular pis deyil, sadəcə, komandanın son illər köklü dəyişməsi problemdir. Həmişəki kimi. "Qriqorçuka vaxt lazımdır". Ancaq o, bunu bacara bilər. Fikrimcə, növbəti mövsüm çempionluğa ən real namizəd "Qəbələ"dir.
"Neftçi": Bu klubdan danışmağa ehtiyac görmürəm. Elə günə qoyublar ki, olan-qalan potensialını da itirib. Transfer fəaliyyəti də demək olar, yox kimidi.
"İnter" qanadsız quşdur. Komandanın necə olacağı maliyyə durumuna aydınlıq gələnədək naməlum olacaq.
"Sumqayıt": Mövsümün ikinci ən fəal klubudu. Legionerlər gətirilməsə də, heyətə təcrübəli, iddialı yerli futbolçular cəlb olunub. Fikrimcə, bu komanda növbəti mövsümün sürprizi olacaq.
"Kəpəz": Hiss olunur ki, AFFA-dan bu kluba ayrılan büdcə çox kasaddır. Hətta stadionun ot örtüyünün yenilənməsinə xərclənən vəsait də büdcəyə əhəmiyyətli dərəcədə təsir edib. Bu qədər sıxılmaqla "Kəpəz" ən yaxşı halda keçənilki nəticəni təkrarlaya bilər.
"Zirə": Bu klubun özünəməxsus siyasəti var. Cəlb olunan yeni oyunçular pis deyil. Klub ayağını yorğanına görə uzadır; pillə-pillə inkişafa gedir və bu, xoşdur.
"Səbail": Bu klub haqqında, ümumiyyətlə, danışmaq istəmirəm. Çünki komandanın nəyə görə yaradıldığı, hansı məqsədə qulluq etdiyi mənə məlum deyil. Bundansa hansısa bölgə klubu gücləndirilsəydi, daha yaxşı olardı. Bir də, maliyyəsi AFFA-dan gələn klubun futbolumuza nə fayda verəcəyi mənə qaranlıqdır.
 
 
Mahir Rüstəmli ("Futbol+")


 
“Transfer pəncərəsi” açıq olan dövrlərdə, xüsusən də yayda komandaların heyətlə bağlı ciddi islahatlar aparması anlaşılandı. Hər klubun konkret hədəfi olur və buna da uyğun strategiya müəyyənləşdirir. Azərbaycan klublarının transfer siyasətinə gəlincə, məlum səbəbdən “İnter”, eləcə də əcnəbi transferi baxımından fəallıq göstərməyən “Kəpəz”, “Səbail” və “Sumqayıt” haqda danışmağa dəyməz. Yerdə qalır ölkəni avrokuboklarda təmsil edən komandalar və “Neftçi”. Şəxsən mənə elə gəlir ki, “Qarabağ”la “Qəbələ”nin çempionluq mübarizəsinə ən azı “Zirə” qədər “Neftçi” də müdaxilə etməyə çalışacaq. 
Konkret adlar üzərində mühakimə yürütməli olsaq... “Qarabağ”dan Jezniçakla Geryenin, “Qəbələ”dən Jozef-Monrozla Hallideyin, “Zirə”dən Belfortun, “Neftçi”dən Mujekin necə təsir bağışlayacağını maraqla gözləyirəm. Onu da unutmayaq ki, ölkə çempionatı mübarizəyə rəng qatan Zenyov, Kvekveskiri, Xizanişvili, Dario Federiko, Navalovski kimi adları itirib. 
 
Yekun olaraq, demək istəyirəm ki, ölkə klubları maliyyə imkanları baxımından əvvəlki kimi əzəmətli görünməsə də, hər halda, müəyyən transferləri həyata keçirməyi bacarıblar. Əslində bizi növbəti mövsüm həm də bir başqa yöndə maraqlı mübarizə gözləyir. Söhbət daha çox legionerlərə güvənən “Qarabağ”, “Qəbələ”, “Zirə”, “Neftçi” “dördlüy”ü ilə əsasən yerlilərə etibar edən başqa klublar arasındakı intriqadan gedir.
Açığı, məni transferlərlə bağlı tam və qəti fikir söyləməkdən çəkindirən daha bir amil də var ki, bu da “Qarabağ”la “Qəbələ”nin avrokubok perspektivinin müəyyənləşməməsindən ibarətdi.
 
 
Elnur Məmmədli ("CBC Sport")


 
“Qəbələ”: Bu il avrokuboklarda çıxış edən klublarımızdan “Qəbələ”nin heyətində əsaslı dəyişikliklər baş verdi. Komandanın demək olar ki, 80 faizi dəyişdi. Gedənlərdən itki kimi yalnız Nika Kvekveskiri  və Daniel Subotiçi qeyd etmək olar. Düzdür, Subotiçin zədədən əziyyət çəkdiyi deyilirdi. Ancaq hiss olunurdu ki, o, heç cür Roman Qriqorçukun oyun sisteminə alışa bilmədi və son günə kimi baş məşqçi ilə dil tapmadı. Kvekveskiri isə Qazaxıstandan yaxşı təklif aldı və “Qəbələ” rəhbərliyi birdən-birə onun illik əmək haqqını təxminən 100 min manat qaldırmağa razı olmadı. 
Gələnlərə gəlincə, düzü İlqar Qurbanovun komandaya bu dərəcədə xeyir verəcəyini gözləmirdim. Düzdür, “Panatinaikos”la səfər oyununda penaltiyə səbəb olduğu üçün əksəriyyət onu qınayır. Amma əvvəlki görüşlərdə Qurbanov yetərincə yaxşı təsir bağışlamış, müdafiəçi olmasına baxmayaraq, qol da vurmuşdu. Monroz, Malone, Hallidey, Kone, Bultuis səviyyəli legionerlərdir. Onların  çıxış etdiyi klublara baxsaq, sözümüz təsdiqini tapar. Düzdür, bu futbolçuların da komandaya uyğunlaşması üçün vaxt lazımdır. Xavi Ernandesdən çox şey gözləsəm də, o ümidləri doğrultmur və artıq əsas heyətdə yerini itirir. Komanda hardasa 70-80 faiz dəyişib deyə, Qriqorçukun üzərinə yenə böyük iş düşəcək. 
“Qarabağ”: Çempion “Qarabağ”da bu dəfə də ciddi dəyişiklik edilmədi. Qurban Qurbanov bu günlərdə qeyd etdi ki, o hər il komandanı yeniləməyin tərəfdarı deyil. Təəssüf ki, Jezniçak “Şerif”lə matçın əvvəlində zədələndi və onun nəyə qadir olduğunu tam bilmədik. Düzü, Gerye o qədər də yaxşı təsir bağışlamadı. Fərdi oynayırdı, komanda sisteminə uyğunlaşmayıb. Vaxtilə “Qarabağ”da çıxış edən futbolçularla müqayisə aparsaq, Gerye heç də Leroy Corcdan daha effektli görünmədi. Amma 1-2 oyuna əsasən də fikir bildirmək çətindir. “Qarabağ”ın hələ yeni transferlərə ehtiyacı var. Xüsusən də hücum xəttinə. 
“Zirə”: “Zirə”də mövsüm başa çatandan sonra xeyli dəyişiklik oldu. Komandanı əsasən heyətə düşməyən futbolçular tərk etdi. Yalnız Elvin Məmmədovla Akim Latifunu istisna etmək olar. Latifunu niyə buraxdıqları mənə aydın olmadı. Çünki bu nüdafiəçi ötən mövsüm yaxşı təsir bağışlayırdı. Bəlkə də xasiyyəti ilə bağlı hansısa problemlər var idi. Komandaya yeni cəlb olunan Belfort, Manqa, Matey yeni mövsümdə “Zirə”yə çox kömək edə bilər. Yalnız müdafiənin mərkəzində oynayan Bum bir qədər ağırdır. ”Zirə”nin əsas problemi ehtiyat oyunçular skamyasında olan futbolçuların əsas heyətdəkilərdən xeyli geri qalmasıdır. 
“Neftçi”: Digər klublar rəsmi oyunlara çıxmayıblar deyə, müfəssəl məlumata malik deyilik. Hamıya maraqlı olan “Neftçi”nin bu mövsüm nəyə qadir olacağıdır. “Ağ-qaralar” qışda çox transfer etmələrinin əziyyətini indi çəkirlər. Heyətə yeni legionerlər cəlb etmək çətindir. “Neftçi” üçün əsas itki Novalovski ilə Folprexti saxlaya bilməmələri oldu. Paytaxt klubunun nəyə qair olduğunu çempionatda biləcəyik. Amma “Neftçi”yə nəinki “Qarabağ” və “Qəbələ” hətta “Zirə” və “Sumqayıt”la da ayaqlaşmaq çətin olacaq. 
“Kəpəz”: “Kəpəz” yerli bazarda fəal deyil. Komanda əsasən digər klublara lazım olmayan oyunçuları cəlb edib. Amma Gəncə klubunun ötən mövsüm də oyunu əsasən 2-3 legionerin üzərində qurulmuşdu. Dario Federikonun gedişi ciddi itkidir. Görək yeni gələnlər Darionun yerini verə biləcəklərmi? 
“Sumqayıt”: “Sumqayıt”ın transferlərini müsbət dəyərləndirmək olar. Samir Abasov sona qədər qaçan, döyüşən futbolçuları sevir. İndi Tural Axundov, Cavid İmamverdiyev, Rəşad Eyyubov, Cavid Tağıyev bu tələbləri yerinə yetirə biləcək, ya yox, bu, ayrı mövzudur.  Vaqif Cavadov nümunəsi var ki,  o baş məşqçinin tələblərini yerinə yetirmədiyinə görə, komandadan kənarlaşdırıldı. Hər hansı problem yaranmasa, “Sumqayıt” avrokuboklara vəsiqə qazana biləcək gücdədir. 
“Səbail”: “Səbail”in transfer büdcəsi geniş olmadığından Samir Əliyev daha çox gənc futbolçulara dəvət göndərdi. Hiss olunur ki, o sonadək qaçan döyüşkən komanda formalaşdırır. Amma debütanta çətin olacaq. Türkiyədəki yoldaşlıq oyunlarındakı məğlubiyyətlər də göstərir ki, “Səbail”in komanda kimi formalaşması üçün xeyli vaxt lazımdır.
 
Araz Əhmədov ("Sport fm")


 
Bu yay ölkə klublarının transferlərini iki hissəyə bölmək olar – “Qarabağ”la, “Qəbələ” və digərləri. Son illər istər Premyer Liqada, istərsə də Avropada uğurla çıxış edən “Qarabağ” və “Qəbələ” transfer siyasətləri ilə Azərbaycan futboluna xas olan olan bir çox stereotipləri sındıra bilib. Məhz bu iki klub “bir vaqon legioner”i gətirərək, təlim-məşq toplanışında baxışdan keçirən komandalarımızın getdiyi “yolu” təmizləməklə məşğul olub.
Konkret Ağdam klubunun bu mövsüm səviyyəli futbolçu “ovunda” axtardığı şikarı Polşada tapdığını düşünürəm. Fikrimcə, Yakub Jezniçak Bundesliqa səviyyəsində bir müdafiəçidir. Ona Rəşad Sadıqovun əvəzləyicisi gözü ilə baxanlara isə demək istəyirəm ki, Yakub Rəşaddan daha güclü futbolçudur. Yerli gənclərdən Abbas Hüseynovun komandaya gəlişini də alqışlamaq gərəkdir, son illər istedadı ilə adından bəhs etdirən futbolçudur, təbii ki, oynayacaqsa, kluba xeyri dəyəcəyinə əminəm. Haitili futbolçunun da yerində transfer olduğu qənaətindəyəm. “Qarabağ”ın transferdə çözə bilmədiyi iki düyünü var – qapıçı və hücumçu transferi. Bu mövsüm hələ ki, bu iki mövqedə klubun transferlərinin axsadığı görünür. Düzdür, yeni qolkiper transfer olunub. Ancaq onun Şehiçdən nə qədər üstün olduğu böyük bir sualdır.
“Qəbələ”nin bu yay transferdə uğursuzluğa düçar olduğu açıq-aşkar görünür. Bəli, komandanın lideri Filip Ozobiçi saxlamaq mümkün oldu, ancaq orta sahənin digər aparıcı futbolçusu Nika Kvekve klubu tərk etdi. Gürcüstan yığmasının üzvünü və ötən mövsüm icarəyə götürülən Teo Uiksi saxlamaq mümkün olsaydı, daha yaxşı olardı. Yeni transferlərin Roman Qriqorçukun taktikasına uyğunlaşması isə vaxt aparacaq. Hamısı demək olar ki, eyni səviyyəli futbolçulardır. Yeganə alqışlanası məqam İlqar Qurbanovun keçididir.
Digər klublara gəlincə, “Zirə”nin transfer etdiyi David Manqa və Kevin Belfort bu il Premyer Liqaya “rəng qatacaq”. “Sumqayıt”ın az-çox tanınan bir neçə yerli futbolçunu transfer etməsinin kluba böyük xeyri dəyəcək. Rəşad Eyyubov və Cavid İmamverdiyev əvvəlki formasını bərpa edərsə, “Sumqayıt” növbəti mövsüm avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparacaq. “Kəpəz”in durumu məlumdur, kluba ayrılan büdcə yalnız digər klublara lazım olmayan futbolçuları heyətə cəlb etməyə imkan verir. Gəncə klubunun legionerlərinin Dario Federiko və Renan Alveşdən daha yaxşı futbolçular olacağına şübhə edirəm. “Neftçi”nin nə istədiyini, klubun hədəfinin nə olacağını, hələ ki, məşqçilər korpusu belə bilmir. Ola bilsin fasilədə yenidən heyəti 10 nəfər tərk etsin, 15 yeni oyunçu alınsın. Ona görə bir klubda olmayan mövzudan bəhs etmək düzgün deyil. “Səbail” heyətə xeyli yerli futbolçu cəlb edib, legionerlər də var. Premyer Liqanın gedişində Samir Əliyevin transfer siyasətinin necə olduğu üzə çıxacaq
 
 
Rüstəm Piriyev ("Exo")
 


“Qarabağ”ın transferlərini xüsusi qeyd etmək istərdim. Hazırki çempion, digər klublardan fərqli olaraq, say artırmaq xatirinə deyil, komandanı real gücləndirə biləcək futbolçular cəlb etdilər. Artıq neçə ildir Ağdam klubunun zəif yeri sayılan müdafiənin mərkəzi bu dəfə təcrübəli və kifayət qədər iddialı polşalı Yakub Jezniçak ilə dolduruldu. Əslində, bu transfer çoxdan edilməli idi, çünki komandanın kapitanı və əsas lideri Rəşad Sadıqov artıq neçə ildir zədələrdən, fiziki gərginlikdən və qeyri-sabitlikdən əziyyət çəkir. Nə qədər acı olsa da, etiraf etmək lazımdır ki, “Terminator” əvvəlkitək əzəmətli, inamlı və uğurlu deyil. Həm yığmanın, həm də “Qarabağ”ın oyunlarında Sadıqov yarı zədəli, optimal formasından uzaq vəziyyətdə iştirak edir ki, bu da ona və komandaya mənfi təsir edir. Belədə, “Qarabağ” hələ xeyli əvvəl yaxşı mərkəz müdafiəçisi cəlb etməliydi və nəhayət, istəyinə çatdı. Fikirləşirəm ki, Jezniçak yeni mövsümdə özünü sübut edəcək və komandanın əvəzolunmaz simasına çevriləcək.
 
“Qarabağ”ın digər transferi Donald Gerye oldu ki, o da “Samtredia” və “Şerif”lə matçlarda özünü ən yaxşı tərəfdən göstərə bildi. Düzdür, moldavalılarla oyunda hücumameylli yarımmüdafiəçi çoxsaylı qol epizodlarının heç birindən istifadə edə bilmədi, lakin öz oyunu, texnikası və sürəti ilə komandasına lazımlı futbolçu olduğunu sübut edə bildi. Açığı, Muarem Muarem “Qarabağ”ı tərk edəndə düşünürdüm ki, onu layiqli əvəz edə biləcək futbolçunu tapmaq çətin olacaq, amma Donald bütün bədbin gümanları alt-üst etdi.
 
“Qarabağ”a gələn digər iki yeni oyunçu – Anton Kanibolotski və Abbas Hüseynova gəlincə, onları əsas heyətdə daim yer alacaq futbolçular siyahısında görmürəm. Düzdür, İbrahim Şehiçin tez-tez səhvlərə yol verdiyini də qeyd etməliyik, lakin bosniyalı qapıçının ehtiyata göndəriləcəyi təqdirdə belə, ən azından, Premyer liqa matçlarında onu Şahrudddin Məhəmmədəliyev əvəzləyəcək, avrokuboklarda isə Qurban Qurbanovun nisbətən az təcrübəyə malik ukraynalıya şans verəcəyi böyük şübhə doğurur. Ona görə də Kanibolotskinin “Samtredia” ilə səfər oyununda olduğu kimi, o qədər də böyük və prinsipial əhəmiyyət kəsb etməyən matçlarda şans qazanacağını düşünürəm. Həmin sözləri Abbas Hüseynova da aid etmək olar. Çempionatda legioner limitinə görə o, Ansi Aqollinin yerinə meydana çıxa bilər, amma vacib və çətin oyunlarda baş məşqçi, böyük ehtimalla, yenə də albaniyalı müdafiəçiyə güvənəcək.
 
Ötən çempionatın gümüş mükafatçısı – “Qəbələ” mövsümlərarası dövrdə daha böyük dəyişikliklərə əl atdı. Birdən-birə 9 yeni oyunçu gətirən komandanın siması xeyli dəyişdi. Düzdür, Kverkveskiri, Mirzəbəyov, Rikardinyo, Zenyov, Sadiqov, Subotiç, Uiks və s. futbolçuların gedişi Roman Qriqorçuka əlavə çətinlik və başağrısı gətirdi, lakin, fikrimcə, bugünki “Qəbələ” daha perspektivli, cəld və iddialıdır. Yeni oyunçuların adaptasiya prosesi yekunlaşandan sonra, komandanın oyunu xeyli yaxşılaşacaq və “Qəbələ” real olaraq çempionluğa əsas namizəd olacaq. Düzdür, burada hər şey tam əksinə də ola bilər. Yenilənmiş komandanın uğursuzluğa düçar olacağı təqdirdə klub rəhbərliyi, çox güman, mövsüm sonunu gözləməmiş Qriqorçukla yollarını ayıracaq. Amma son avrokubok oyunlarına əsasən deyə bilərəm ki, hazırkı heyətin potensialı böyükdür, sadəcə bu potensialı tam açmaq üçün güclü məşqçi işi və vaxt lazımdır. Bunların hər ikisi, fikrimcə, bugünki “Qəbələ”də var.
 
Ciddi dəyişikliklərə gedən digər klub “Zirə”dir ki, o da uğurlu çıxış üçün əlindən gələni əsirgəmir. Müdafiə, yarımmüdafiə və hücum xəttini yeniləyən Ayxan Abbasov üzünü Haiti, Kamerun, Rumıniya, Fransa kimi ölkələrə üz tutdu və məhdud imkanlar çərçivəsində komandasını xeyli gücləndirdi. Fikrimcə, transfer pəncərəsinin bağlanmasına qədər “Zirə” daha 2 mövqe – müdafiənin sağ cinahını və hücumu gücləndirə bilsə, bakılılar yenidən Premyer liqanın mükafatçıları sırasına düşməyə iddialı olacaq.
 
Azərbaycan futbolunun flaqmanı – “Neftçi” yenə də azarkeşlərini məyus etməkdədir. Komandadan mövsümlərarası dövrdə ciddi transferlər gözlənilsə də, rəhbərlik və məşqçi heyəti başqa istiqamət seçdi və yalnız 4-5 yeni oyunçu ilə kifayətləndi. Əksinə, bakılılar komandaya xeyir verə bilməyəcək Boban Baykoviç, Edson Kastilyo, Cavid İmamverdiyev, Mahir Şükürov, Jayro Rodriges, Murad Ağayev və digər fubolçularla vidalaşmaqla, heyətini bir qədər təmizləmiş oldu. Bunun qarşılığında, Azərbaycan milli yığma komandasının 2 üzvü Səlahət Ağayevlə Məhəmməd Mirzəbəyov, gənc xorvatiyalı müdafiəçi Mateo Mujek, “İnter” və “Qəbələ”dəki oyunu ilə bizə yaxşı tanış olan təcrübəli Derlis Meza Kolli, habelə bir neçə ortayaşlı, amma indiyədək “gənc və perspektivli” sayılan yerli oyunçular komandanı sıralarına qatıldılar. Düşünürəm ki, transfer pəncərəsinin bağlanmasına qədər klub yeni futbolçular cəld edə bilməsə, “Neftçi” yeni mövsümü də adına layiq olmayan yerlərdə yekunlaşdıracaq.
 
Son illər heç bir iddiası və ciddi uğuru olmayan komandalara gəldikdə, burada “Sumqayıt”ın transferlərini də qeyd etməyə dəyər. Ötən mövsüm tez-tez heyətdəki problemlərdən, rəhbərliyin biganəliyindən, oyunçuların səriştəsizliyi və təcrübəsizliyindən şikayətlənən Samir Abasov bu dəfə işinə daha məsuliyyətli yanaşdı və demək olar, heyətin yarısını yenilədi. Açığı, komandaya cəlb edilən oyunçular kifayət qədər iddialı və təcrübəli olduğundan, bu il “Sumqayıt”dan daha böyük uğur gözləmək olar. Cavid İmamverdiyev, Rəşad Eyyubov, Cavid Tağıyev, Tural Axundov və digər futbolçulara yiyələnən komanda, fikrimcə, 4-5-ci yerlər uğrunda mübarizə aparmağa qadirdir.
 
“Mövsümlərarası dövrün autsayderi” mükafatı təsis olunsaydı, heç şübhəsiz, ona vaxtilə əzəmli və iddialı olmuş “Kəpəz” yiyələnəcəkdi. Şahin Diniyev komandasına az sayda oyunçu qatıb, əvvəlki heyətin yarısından çoxunu itirib və hazırda çıxılmaz vəziyyətdədir. Düzdür, burada təcrübəli mütəxəssisi qınamaq bir o qədər də düzgün olmazdı, çünki AFFA və SOCAR-ın balansında olan kluba ciddi maliyyə dəstəyi də göstərilmir ki, məhdud imkandan hüdudlarında iddialı komanda qurmaq qeyri-mümkündür. Diniyev, əvvəllər olduğu kimi, yenə də digər klubların əvəzedici heyətlərində oynayan, ehtiyatda qalan və Premyer liqada oynamaq arzusu ilə alışıb-yanan futbolçulara şans verib, onlarla bərabər isə 3-4 əcnəbi futbolçu oynatmaq fikrindədir, lakin bu gedişlə “Kəpəz”in autsayder statusundan qurtulacağı inandırıcı görünmür.
 
Nəhayət, növbəti mövsüm Premyer liqada debüt edəcək “Səbail” klubu hal-hazırda ümidləri doğrultmamış “Neftçi” yetirmələrindən ibarət komanda formalaşdırmaqdadır. Vaxtilə millimizin şərəfini qorumuş Samir Əliyevin rəhbərliyi altında hazırlaşan kollektiv əsasən yerli oyunçulara bel bağlayacaq. Əvvəlki illərdə “Neftçi”də çıxış etmiş və yaxud flaqmanın yetirməsi olan futbolçularla gənc mütəxəssis, çox güman, özü də ciddi uğurlara imza atacağına inanmır. Lakin bu eksperimentin uğurlu olacağı təqdirdə, Əliyev həm özünü istedadlı məşqçi kimi sübut etmiş, həm də ixtiyarında olan futbolçulara “ikinci həyat” vermiş olacaq.

"FutbolPress"

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb




oxunma sayı: 407 | Paylaş: