"Fan-şopdan qazanılan bütün məbləğ "Qarabağ"ın büdcəsinə əlavə ediləcək" - Tahir Gözəl
Paylaş:
“Qarabağ”ın fan-şopunun rəsmi açılışı olub.
Mağazanın açılışında klubun vitse-prezidenti Tahir Gözəl də iştirak edib. O, açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb:
- “Qarabağ” Azərbaycanda ən çox sevilən addır. “Qarabağ” Azərbaycanı dünyaya tanıtdıran futbol klubudur. Bugünkü açılışı Ağdamın işğal gününə salmaq istədik. Şəhidlərimizi də yad etdik. Biz Qarabağ, Ağdam sevgisini ürəyimizdə yaşadacağıq. Bunu dünyaya göstərəcyik, onlarla paylaşacağıq. Bizdən “Qarabağ”ın formasını istəyənlər həddən artıq çoxdur. Artıq klubumuzun fan-şopu var. İnsanlar bura gəlib geyimləri əldə edə bilər. İstər gündəlik köynəklər, istərsə də futbolkalar almaq olar. Hesab edirəm ki, bu bizə lazım idi. Bu əlamətdar hadisə üçün hər kəsi təbrik edirəm. Xeyirli olsun, Azərbaycana və “Qarabağ” klubunu sevənlərə. Azarkeşlərimizə də səslənirəm ki, gəlib bizə dəstək olsunlar. Xaricdən gələn yeni dostlarla da paylaşmaq lazımdır. Buradan qazanılan hər məbləğ klubumuzun büdcəsinə əlavə ediləcək.
- “Qarabağ”ın döyüş bölgəsini təmsil etdiyini, hərbi rənglərdə formaların hazırlanması mümkün ola bilərmi?
- Formaların dizaynı ilə məşğul olan insanlar var. Bu da bir fikirdi. Məncə, mümkün olar. Həm də hərbi geyim son vaxtlar dəbə minib. Gənclər arasında bu cür geyimə üstünlük verənlər var.
- "Şerif"lə oyunlar barədə nə düşünürsüz?
- Bəli, qarşıda bizi “Şerif”lə oyun gözləyir. Yeni transferlərimiz də xoş təsir bağışladılar. Ciddi şəkildə hazırlaşsaq, inşallah uğurlu nəticə əldə edəcəyimizə inanıram. Ancaq çox çətin oyun olacaq.
- “Qarabağ” yeni transferlər edəcək?
- Hesab edirəm ki, bugünkü “Qarabağ” hazırdı. Son oyunçularımız da çox uğurlu oldular. Qısa müddətdə inanmıram ki, yeni transfer olsun.
| Paylaş: