')

Bu gün:


FutbolPress.Az | Rəqibi tanıyaq: "Panatinaikos" (DOSYE)

Rəqibi tanıyaq: "Panatinaikos" (DOSYE)


oxunma sayı: 673 Paylaş:

FutbolPressAvropa Liqasının III mərhələsinə yüksələn “Qəbələ” burda “Panatinaikos” klubu ilə qarşılaşacaq. 2016/2017 mövsümündə Yunanıstan Super Liqasında 3-cü yeri tutan Afina təmsilçisi cari mövsüm avrokuboklara III təsnifat mərhələsindən başlayır.

Tarixi

1908-ci ildə yaranan komanda gələn il 110 yaşını qeyd edəcək. “Panatinaikos” idman cəmiyyətinin nəzdində yaradılan futbol klubu sonradan 23 bölməsi olan birlikdən ayrılıb. Eyni adda digər növlər üzrə klublar da mövcuddur. Klubun yaradıcısı Giorgos Kalafatisdi. İlk prezidenti onun qardaşı Aleksandros Kalafatis olub. “Panatinaikos” adının mənası "Bütün Afina" deməkdi. İlk gündən yaşıl rənglərə sadiq qalan komanda ev oyunlarını 16 min tamaşaçı tutan “Apostolos Nikolaidis” stadionunda keçirir. 1922-ci ildə inşa edilən, 2001, 2007 və 2013-cü ildə təmir olunan stadionun 3 dəfə təmirinə 9,8 milyon avro хərclənib. Daha böyük maraq doğuran qarşılaşmalarda “Panatinaikos” rəqiblərini Afinadakı 69 min 618 tamaşaçılıq Olimpiya stadionunda qəbul edir.

Uğurları

Paytaxt təmsilçisi digər Yunanıstan klubu – Pirey “Olimpiakos”u ilə əzəli rəqabətdədir. Təsadüfi deyil ki, onların qarşılaşmaları “Əbədi düşmənlərin derbisi” adlanır. Titullarında rəqibindən geri qalan afinalılar ölkənin ikinci populyar komandası sayılır. Aparılan sorğulara əsasən, klubun azarkeşlərinin sayı 1 milyonu keçib.

“Panatinaikos” ilk uğurunu yarandıqdan 1 il sonra qazanıb. Super Liqanın sələfi sayılan Ümumyunanıstan çempionatında qalib gələn Afina klubu bu yarışda 6 dəfə çempion olub. Super Liqada 20 çempionluq, 20 gümüş, 15 bürünc medal qazanan “Panatinaikos” 18 kubok əldə edərək, 8 “Qızıl dubl”a imza atıb. 5 dəfə də Super Kuboka yiyələnən komanda son illər əzəli rəqibinin kölgəsində qalıb.

2003/2004 mövsümündəki çempionluqdan sonra yalnız 1 dəfə - 2009/2010 mövsümündə qızıl medallara yiyələnən komanda növbəti zəfərin həsrətindədir. Bu son iki çempionluq həm də “Qızıl dubl”la əlamətdar olub. Bundan sonrakı yeganə titul 2013/2014 mövsümündə ölkə kubokudur.

Avrokuboklarda çıxışı

“Panatinaikos” Yunanıstanın beynəlxalq arenadakı ən yaxşı təmsilçisidir. Avrokuboklarda 1960-cı ildə debüt edən Afina komandası finala qədər də irəliləməyi bacarıb. 1970-ci ildə futbolçu kimi əfsanələşən Ferens Puşkaşı baş məşqçi postuna gətirən klub tarixinin ən böyük uğurunu qazanıb. 1971-ci ildə Londonun “Uembli” stadionunda Çempionlar Liqasının finalında oynayan “Panatinaikos” Hollandiya “Ayaks”ı ilə görüşüb. Amsterdamlılar 2:0 hesabı ilə qalib gəlsə də, qitələrarası kubokda oynamaqdan imtina edib. Uruqvay “Nasional”ı ilə qarşılaşan yunanlar ən güclü olmaq şansını qaçırıb – 1:1, 1:2.

“Yaşıllar”ın növbəti uğurları ötən əsrin 80-ci illərində əldə edilib. 1985-ci ildə Çempionlar Liqasının yarımfinalında “Liverpul”a uduzan afinalılar 3 il sonra UEFA kubokunda 1/4 finaladək irəliləyib. 1996-cı ildə Çempionlar Liqasının yarımfinalında “Ayaks”a uduzan yunanlar daha 3 dəfə 1/4 final həyəcanı yaşayıb. Komanda 1992 və 2002-ci illərdə qitənin ən nüfuzlu turnirində, 2003-cü ildə isə UEFA kubokunda buna nail olub.

Baş məşqçisi  Marinos Ouzunidis olan rəqib ötən mövsüm Superliqada liderdən 10 xal geri qalaraq 3-cü olub. Komanda son mövsüm Avropa Liqasında da uğur qazana bilməyib. Qrup mərhələsinə qədər irəliləyən afinalılar burda sonuncu olaraq mübarizəni dayandırıblar. Komanda son illərdə yalnız 2013/2014 mövsümündə avrokuboklardan kənarda qalıb. Bu, 1997/98 mövsümündən sonra yeganə belə uğursuzluqdur.

“Panatinaikos” avrokuboklarda ümumilikdə 285 oyun keçirib. Afinalılar bu oyunların 99-da qalib gəlib, 70-də heç-heçə edib, 116-da uduzub.

Bu, “Panatinaikos” və “Qəbələ”nin Avropa Liqasında ilk dueli olmayacaq. Komandalar daha əvvəl 2015/16 mövsümündə də üz-üzə gəliblər. Pley-off mərhələsində keçirilən qarşılaşmalarda “qırmızı-qaralar” üstün olmaqla tarixində ilk dəfə qrup mərhələsinə yüksəliblər. Həmin vaxt Bakıda keçirilən ilk matçda hesab açılmamışdısa, Afinada qeydə alınan 2:2-lik bərabərlik “Qəbələ”ni sevindirmişdi. “Qırmızı-qaralar”ın hər iki qoluna hazırda heyətdə olmayan Dodo imza atmışdı.

Ümumiyyətlə, Yunanıstan klubları təmsilçilərimiz üçün münasib rəqiblər sayılır. İndiyə qədər avrokuboklarda baş tutan 8 oyunun heç birində Azərbaycan klubları uduzmayıblar – 2 qələbə, 6 heç heçə. Son 5 oyunda isə ellinlilər qol üzünə də həsrətdilər.

Heyəti

“Transfermarkt” “Panatinaikos”un heyətinə 25,40 milyon avro qiymət qoyub. Komandanın ən bahalıları 2,5 milyon kimi dəyərləndirilən braziliyalılar – Rodriqo Moledo və Luçiano sayılırlar.

Heyətdə yerli futbolçularla yanaşı Almaniya, Portuqaliya, İsrail, İsveç, İngiltərə, Finlandiya, Braziliya, Argentina, Norveç, Ekvador və Malidən olan futbolçular da çıxış edir.

Son transfer dönəmində komandanın heyətinə bir neçə futbolçu cəlb edilib. Onların arasında xüsusislə “Korintians”dan gələn mərkəz hücumçusu Luçiano və “Atalanta”dan cəlb olunan vinger Brayan Kabezas qeyd olunmalıdır. Onların hər ikisi icarə ilə cəlb edilib. Ümumiyyətlə, “Panatinaiko” transferlərə yüksək məbləğ xərcləyən komanda sayılmır.

Hazırda komandanın heyəti belədi:

Qapıçılar: Konstantinos Kotsaris, Odisseas Vlakodimos (hər ikisi Yunanıstan), Luk Stil (İngiltərə)
Müdafiəçilər: Yens Vemmer (Almaniya),  Giorgos Koutroubis, Dimitros Koluvetsios, Teodoros Minqos, Stefanos Evangelou (hamısı Yunanıstan) Niklas Halt (İsveç), Rasmus Telander (Norveç), Rodriqo Moledo (Braziliya), Usmane Kulibali (Mali)
Yarımmüdafiəçilər: Nuno Reis (Portuqaliya), Dimitros Kolovetsios, Zeka (k), Dimitris Kourbelis, Xristos Donis, Paskalis Staikos (hamısı Yunanıstan), Omri Altman (İsrail), Brayan Kabezas (Ekvador), Robin Lod (Finlandiya), Lukas Vilyafanes (Argentina)
Hücumçular: Gulyermo Molnis (İsveç), Luçiano (Braziliya), Lautaro Rinaldi (Argentina), Anastasis Çatziciovannis, Sotisis Pantelis-Pispas (hər ikisi Yunanıstan)



oxunma sayı: 673 | Paylaş:





?>