Bu gün:


FutbolPress.Az | “Dinamo Arena”da formal oyun

“Dinamo Arena”da formal oyun


oxunma sayı: 744 Paylaş:

FutbolPressSabah Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyunlarına start veriləcək. Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da növbəti matçını keçirəcək. Son çempion səfərdə Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

Komandalar arasında Bakıda keçirilən ilk görüş təmsilçimizin böyük hesablı (5:0) qələbəsiylə başa çatdığı üçün cavab oyunu formal xarakter daşıyır. “Qarabağ”ın Tiflisdəki "Dinamo Arena"da 5 topluq üstünlüyü əldən verməyəcəyini gözləmək olar.

Ancaq belə böyük üstünlüyün komandada rahatlıq yaradacağını düşünmək də olar. Təbii ki, klubdan verilən açıqlamalarda bütün diqqətin bu oyuna yönəldildiyi deyilir, ancaq müəyyən qədər III mərhələ barədə də düşündüklərini bilmək üçün xüsusi bacarıq lazım deyil.

“Samtredia” isə əksinə, artıq növbəti məhələ şansı qalmayan bu komanda turnirlə qalib kimi vidalaşmaq istəyəcək. Keçən mövsüm Bakıda “Qəbələ”yə 1:5 hesablı məğlubiyyətdən sonra evdə 2:1 üstün olması da bu fikri təsdiqləyir. Üstəlik baş məşqçi və futbolçuların son açıqlamalarında da cavab oyununa hansı səviyyədə motivasiya olunduqlarını aşkar göstərir.

Gürcüstan klubu ilə matçın digər əhəmiyyətli tərəfi isə UEFA reytinqidi. Mövsümə əla başlayan klublarımız son iki oyunda uğursuzluq yaşasalar da, builki qazancı qənaətbəxş saymaq olar. Belə komandalarla oyunlar isə UEFA reytinqini artırmaq üçün əla fürsətdi. Bu amili “Qarabağ” üçün yaxşı stimul hesab etmək olar. Gürcülərlə oyunda qələbə Azərbaycanın aktivinə daha 0, 250 xal əlavə edəcək ki, bu da reytinqdə irəliləməyə imkan yaradacaq.

Son çempion “Samtredia” ilə görüşə itkiylə çıxacaq. Komandanın kapitanı Rəşad Sadıqov oyunu buraxmalı olacaq. Bakıda keçirilən ilk matçda zədələnən təcrübəli müdafiəçi artıq sağalsa da, sabah meydana çıxmayacaq. Ancaq ötən mövsümlərdən fərqli olaraq, artıq onu əvəzləyə biləcək futbolçu var. Yeni transfer Yakub Jezniçak ilk görüşdəki çıxışı ilə mövqeyin etibarlı əllərdə olduğunu göstərdi.

“Samtredia” ilə oyun bir baxımdan da III mərhələ öncəsi hazırlıq xarakteri daşıyacaq. Bu, həm yeni transferlərin komandaya uyğunlaşması, həm də ümumilikdə yoldaşlıq matçlarından sonra rəsmi oyunlarda komandanın yüksək formaya düşməsi üçün yaxşı imkandı.

“Qarabağ”ın “Samtredia” ilə cavab matçı növbəti mərhələ baxımından formal olsa da, bir çox amilə görə əhəmiyyətlidi və Qurban Qurbanovun komandası bu oyundan hərtərəfli qazancla çıxmalıdı.


oxunma sayı: 744 | Paylaş: