AFFA-dakı "saçyoldu" və sonrası (KİÇİK QEYD)
Paylaş:
Ötən ayın sonlarında AFFA-nın ünvanına xoş olmayan informasiya yayıldı. Məlumat əksər nüfuzlu ictimai-siyasi KİV-də dərc olunsa da, maraqlıdı ki, buna hələ də reaksiya verilməyib.
Mübahisə (informasiyanın təqdim olunduğu formada ifadə etsək: saçyoldu) qurumun meneceri Xanım Hüseynovanın bacısı Sevinclə işə yeni qəbul olunmuş bir xanım arasında yaşanıb. Buna səbəb Sevincin yüksək səslə musiqi dinləməsi və bunun yeni işçiyə xoş gəlməməsi olub.
Bu zaman həmin xanım Sevincə iradını bildirib. Yeni işçinin iradını təhqir kimi qəbul edən Sevinc qarşı tərəfə təhqiramiz cavablar verib. Mübahisə qarşıdurmaya çevrilib.
Bacısına köməyə gələn Xanım Hüseynova AFFA-nın baş katibi Elxan Məmmədovla dostluq münasibətlərinə güvənərək, "Elxançikə deyərəm, səni buradan iti qovan kimi qovsun" - deyib.
*** *** ***
İnformasiyanı ilk dərc edən olke.az əlavə edib ki, mübahisədə Sevincin halı pisləşib və hətta AFFA-nın inzibati binasına təcili tibbi yardım maşını çağırılıb.
Redaksiyamız məlumat ətrafında müəyyən araşdırmalar apardı və aydın oldu ki, həqiqətən belə bir hadisə olub. Həqiqəti əks etdirən informasiyaya reaksiya verilməsə də, durumun təhlili heç xoş olmayan nəticələrə aparıb çıxarır.
Deməli, xoşagəlməz hadisə AFFA-nın İnzibati Binasının sonuncu - 5-ci mərtəbəsində baş verib. Həmin mərtəbədə də əsasən baş katib və onun köməkçiləri olur. Hadisə Məmmədovun olduğu həndəvərdə cərəyan edir/böyüyür və bu həddə çatır, ancaq heç bir nəticəsi olmursa...
*** *** ***
Xanım Hüseynova haqqında mediada dolaşan "əfsanələr" əbəs deyilmiş. İndiyədək onun haqqında dərc edilənlərin ümumi məcmusu təxminən belədir: AFFA-da işə götürüləndə avtobusla gedib-gəlirdi, indi isə ən bahalı avtomobillər, dəbdəbəli yerlərdə/xaricdə istirahət və s. Ən müxtəlif üsullarla, məsələn, elə qurumun əməkdaşlarının çoxsaylı xarici səfərlərindən "otkat"ların edilməsi haqqında iddialar Xanım Hüseynovanın birdən-birə dəbdəbəli həyat tərzinə keçidi barədə informasiyalarla uyğunluq təşkil edir.
İstənilən halda, araşdırmaya gərək olan detaldı və AFFA prezidenti Rövnəq Abdullayevin bunadək də şübhəli məqamlara görə yoxlanışların aparılmasına göstəriş verdiyini nəzərə alsaq, güman etmək olar ki, bu məsələ açıq qalmaz.
| Paylaş: