')

Bu gün:


FutbolPress.Az | Abbasov “Differdanj”ı təhlil edib: “Komandaya tapşırmışam ki...” (MÜSAHİBƏ)

Abbasov “Differdanj”ı təhlil edib: “Komandaya tapşırmışam ki...” (MÜSAHİBƏ)


oxunma sayı: 1045 Paylaş:

FutbolPress“Zirə”nin baş məşqçisi Ayxan Abbasovun “FutbolPress”ə müsahibəsi...

- Türkiyədə hazırlıq keçdiz. Bu gündən isə məşqləri Bakıda davam etdirirsiz. Komandanın hazırkı vəziyyəti necədir?
- Hazırlıq planlaşdırdığımız kimi keçdi. Komandada hər hansı problem yoxdur. Təkcə Rəşad Sadiqovun yüngül zədəsi var idi, ancaq o da sonradan kollektivlə birgə hazırlığa başladı. Yeni transferlərimizin gec qoşulması bir qədər çətinlik yaratdı. Bu da onların fiziki cəhətdən tam hazır olmamasına səbəb oldu. Amma hələ bir həftə vaxtımız var və çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Avropa Liqasında iştirak etməyimiz komandanın istirahət üçün vaxtının az olmasına çıxardı. Düzdü, bizdə Premyer Liqa tez başa çatıb, amma yeni legionerlərin istirahət üçün çox az vaxtı oldu.

- Türkiyədə üç yoxlama oyunu keçirdiz. Rəqiblərin arasında Rumıniya çempionu kimi güclü komanda da var idi. Oyunçularınız özlərini necə göstərdilər?
- Hər oyuna ayrı tapşırıqlarımız var idi. Futbolçular çalışırdılar yerinə yetirsinlər. Əlbəttə, hər şey mükəmməl deyil. Həmin oyunlarda öz çatışmazlıqlarımızı gördük. Bir az əvvəl də ediyim kimi, yeni oyunçularımız var və onların komandaya uyğunlaşması üçün zaman lazımdır. Bunlar get-gedə yoluna düşəcək. Əsas odur ki, komandadan istədiyim oyunu görə bildim.

- “Zirə” transfer dönəminin ən aktiv komandasıdır. Xüsusilə legionerlərin cəlb olunmasında rəqibiniz yoxdur. Demək olarmı ki, artıq heyəti gücləndirmək fəaliyyətiniz başa çatıb?
- Ümumi götürsək, bəli, əsas transfer fəaliyyətini başa vurmuşuq. Ancaq daha iki futbolçu istəyirik. Bir neçə oyunçu ilə danışıq gedir. Hansılarla razılıq əldə edilsə, cəlb edəcəyik. Hücuma və müdafiəyə oyunçu alacağıq. Əgər bu keçidləri də reallaşdırsaq, transfer fəaliyyətimizin başa çatdığını deyə bilərik.

- Avropa Liqasında ilk rəqibinizin Lüksemburqdan olması çoxlarında mərhələni asan keçəcəyiniz fikrini formalaşdırıb. Belə fikirlər komandaya necə təsir edir?
- Mən də eşidirəm belə sözlər. Ancaq rəqibə ölkənin adına görə yanaşmaq düzgün deyil. Belə danışanda deyirlər ki, “Zirə” rəqibindən çəkinir. Xeyr, söhbət çəkinməkdən getmir. Real yanaşmalıyıq. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, biz debütantıq. Rəqib isə avrokuboklarda daha əvvəl də oynayıb. Müəyyən məsələlər var ki, “Differdanj”dan geri qalırıq. Bu klub Lüksemburqun ən güclü 3 komandasından biridir. Hər il də avrokuboklarda oynayırlar. Keçmiş matçlarına baxsaq, görürük ki, Hollandiya, Uels kimi ölkələrin klublarına qalib gəliblər. Artıq son illər bütün kiçik ölkələrin komandaları da ciddi rəqabət aparırlar. Elə götürək Azərbaycan futbolunu... Bir neçə il əvvəl ilk mərhələni keçmək uğur sayılırdısa, indi komandalarımız qrup mərhələsinə rahat yüksələ bilirlər. İnkişaf bütün ölkələrdə gedir. Rəqibə Lüksemburq klubu kimi yuxarından aşağı baxsaq, bunun ziyanını çəkə bilərik. Oyunçulara da tapşırmışam ki, rahatlaşmasınlar. İlk gündən dediyimiz kimi rəqib kim olursa-olsun, meydanda eyni mübarizəni göstərəcəyik. Digər söhbətlərə fikir verməməyə çalışırıq.

- Yəqin ki, artıq “Differdanj”ı müəyyən qədər analiz etmisiz...
- Normal komandadır. Yaxşı hücum və müdafiə xəti var. Oyunçuları fiziki cəhətdən güclüdülər, bizə nisbətən hündürboydular. Komandanın əsas qol silahı Ömər Ər Rafik keçən mövsüm 23 qol vurub. Çempionatın ən sərrast oyunçusu olub. Komanda atletik futbola üstünlük verir və bütün heyətlə müdafiə olunub, eyni cür hücum edə bilir. Rəqibə qarşı necə oynayacağımızı fikirləşmişik, artıq bu gündən həmin oyunlar üçün hazırlığa başlayırıq.

- İlk oyunu evdə keçirəcəksiz. Məşqçilər adətən əvvəlcə səfər matçını arzulayır, ancaq açıqlamanızda birinci görüşün Bakıda olmasını üstünlük saydığınızı demişdiz...
- Bəli, çox zaman ilk oyunu səfərdə keçirmək yaxşıdır. Ancaq indi konkret vəziyyətə baxmaq lazımdır. Biz təlim-məşq toplanışında idik və Bakıya qayıtmalıydıq. Əgər Bakıya gəlib sonradan Lüksemburqa getsəydik, arada iki gün vaxt itirəcəkdik. Birinci oyunun evdə olması üstünlükdür ki, hazırlaşmağa daha çox zamanımız olur. Əvvəlcə səfərdə oynasaydıq, çətinlik yaradacaqdı. İndiki vəziyyətə görə ilk oyunun Bakıda olması xeyrimizə oldu.

- Mərhələ adlasaz, növbəti rəqib Rumıniyanın “Astra” klubu olacaq. Bu komanda barədə maraqlanmısız?
- Yox, hələlik yalnız “Differdanj”ı düşünürük. İnşallah mərhələni keçsək, “Astra”nı analiz etməyə vaxtımız olacaq.

- “Zirə”nin ilk dəfə iştirak etdiyi avrokuboklar üçün əsas məqsədi nədir? Azarkeşlərə nə söz verə bilərsiz?
- Konkret neçə mərhələ keçəcəyimizlə bağlı söz verə bilmərəm. Çalışacağıq ki, debütümüz uğurlu alınsın. Azarkeşlərə əsas onu söz verirəm ki, meydana onların istədikləri güclü bir komanda çıxarmağa çalşışacağıq.

Faiq



oxunma sayı: 1045 | Paylaş:




?>