')

Bu gün:


FutbolPress.Az | Doqquz, on, qırmızı don (LAYİHƏ)

Doqquz, on, qırmızı don (LAYİHƏ)


oxunma sayı: 1399 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihə ilə bağlı yazılarımızı davam etdirəcəyik.
 
Futbol klubu üçün ən önəmli tərəflərdən biri onun atributikasıdır. Bura daxil olan daha vacib məqam formadır. Əgər logo, himn konkret, statikdirsə və interaktivlik əhəmiyyəti daşımırsa, geyim bu mənada tamamilə fərqlidir. Forma klubun özünü azarkeşlərə sevdirməsi üçün bir nömrəli vasitədir. Axı bu geyim yalnız futbolçuların meydana çıxıb 90 dəqiqə oynadığı müddətdə əyinlərində olması üçün deyil. O həm də azarkeşlərindi. Tribunalarda hamının eyni formada olması kimə xoş gəlməz ki? İllərdir Avropa futboluna baxıb həsrətini çəkdiyimiz görüntülər bir tərəfdən elə bununla bağlıdır.
 
Bunun başqa bir cəhəti isə bilet satışından (ki, bu da bizdə həddən artıq primitiv səviyyədədir) sonra formaların önəmli gəlir mənbəyi olmasıdır. Əvvəllər çox açıq izah var idi: Klub uğur qazansa, azarkeş də formasını alar, onu geyinib oyunlarına gedər. Son illər artıq bu fikir dəbdən düşüb. Az-çox uğurlar var, amma yenə də klubların formasını geyinənlərin sayında artım ya ümumiyyətlə yoxdur, ya da cüzidir.

 Səbəbləri ilə bağlı kiçik araşdırma apardıqda məlum oldu ki, klublar forma satışında maraqlı görünmürlər. Dünya praktikası çox aydındır, komandalar yeni geyimlərinin ciddi PR kampaniyalarını aparırlar. Bununla bağlı reklam videoları, təqdimatlar təşkil olunur və s. Avropanın bir sıra ölkələrində, elə qonşu Türkiyədə də son illər bir çox klublar başa çatmaqda olan mövsümün yekununda yeni çempionat üçün formasından istifadə praktikası yayılıb. Bu da bir növ artıq azarkeşlərin də klubla birgə növbəti mövsümə hazırlaşmasını təlqin edir – o da yeni formanı alır, yenilənən, dəyişən klubla birgə o da yenilənir və s.
 
Azərbaycanda isə formaların təqdimatı ən aşağı səviyyədədir. Sonuncu dəfə nə zaman hansısa klubun xüsusi tədbirlə yeni mövsüm üçün geyimlərini təqdim etdiyini xatırlamaq çətindir. Millinin yeni formalarının ictimaiyyətə çatdırılması isə çox yaxın keçmişdir. Rəsmi sayt və feysbuk hesabı vasitəsilə elandan başqa heç nə olmadı. Qısa zaman yeni formaların müzakirələri aparıldı, ardınca tamamilə unuduldu.

Bizdə belə tədbirlərin olmaması ilə yanaşı, forma satış nöqtələri də ciddi problemdir. Hətta bəzi xarici ölkə klublarının fan-şopunun olduğu paytaxtda yerli komandaların formaları çətin tapılır. Bakıdakı mağazalarda Azərbaycan klublarının orijinal formalarını tapmaq az qala mümkünsüzdür. Keyfiyyətsizləri belə çox az yerdə gözə dəyir. Mağazalar əsas səbəblər kimi, klubların onlarla əməkdaşlıq etmək istəməməsini və yerli formalara marağın çox olmamasını göstərirlər. Bəzi klublar rəsmi sayt vasitəsilə forma satışı həyata keçirsələr də, bir çoxunda heç bu da yoxdur. İstisna hal kimi “Neftçi”nin son mövsümün gedişində fan-şopunun açılışının olmasını və klubun orjinal geyimləri orda satışa çıxarılmasını qeyd etmək olar.
 
Formalara tələbatın olmamasının əsas səbəbi hər nə olursa-olsun, bunda dizayn elementlərinin, klubların formaya komandanın çox əhəmiyyətli bir hissəsi kimi yanaşmamasının da təsiri var. Konkret olaraq, əgər forma gözəl olsa, azarkeş onu tribunadan əlavə gündəlik geyimi kimi də istifadə edər, “məhlə uşaqları” ilə futbol oynayanda da geyinər və s.
 
“Blankos”, “Biankonero”, “Rossoneri”... Avropa klublarının bir çoxunu belə də tanıyırıq. Hamıya aydın oldu ki, söhbət “Real”, “Yuventus”, “Milan”dan gedir. Tərcümələrinə baxaq: “ağlar”, “ağ-qaralar”, “qırmızı-qaralar”.
 
Qeyd etdiyimiz ləqəblər hər biri klubların rəngləri hesabına yaranıb, yayılıb və artıq sanki bir brend halına çevrilib. Bu, klubların uzun illər belə təbliğat aparması hesabına ərsəyə gəlib. Komandanın rəngləriylə tanınması ciddi marketinq strategiyasıdır. Hazırda Avropa klublarının sosial şəbəkə hesablarına da, rəsmi saytlarına da baxdıqda yazılarda bəzən klubun adının çəkilmədiyini, belə ləqəblərlə ifadə olunduğunu müşahidə edirik. Azərbaycanda bu baxımdan nəzərə çarpanlar “Qəbələ” (“qırmızı-qaralar”) və “Kəpəz”dir (“sarı-göylər”).
 
Azərbaycan klubları hardan və necə geyinir?
 
TPL klubları hamısı brend markaların geyimlərindən istifadə edir. Onların arasında daha çox müraciət ediləni “Joma”dır. Keçən mövsüm “Qəbələ”, “İnter”, “Sumqayıt” və AZAL bu şirkətin formalarını geyinib.
 
“Umbro”, “Adidas” və “Kappa" da istifadə edilir. Birincini “Zirə” və “Kəpəz” geyinirsə, "Kappa"dan “Neftçi” və gələn mövsümdən PL-də oynayacaq “Səbail” istifadə edir. “Ağ-qaralar” keçən mövsümdən "Kappa"ya keçiblər. "Adidas" geyinən yeganə Azərbaycan klubu son çempion “Qarabağ”dır.
 
Klubların forma rəngləri və dizaynına gəlincə, onlar əsasən uzun illər eyni rəng ev və səfər geyimlərindən istifadə edirlər. Son illərdə yalnız “Neftçi”də dəyişiklik baş verib. Dizayn elementlərinə görə diqqət çəkən “Qəbələ”nin geyimidir. Bu da xüsusilə formanın çiyin hissəsində ay-ulduzun təsir edilməsiylə bağlıdır. Digər klubların formalarında diqqət çəkən hər hansı məqamı qeyd etmək çətindir. Yalnız rənglər, zolaqlar...
 
TPL klublarının əksəriyyətinin ev formasında göy rəngdən istifadə olunur. Daha doğrusu “Neftçi” və “Qəbələ”dən başqa hamısının geyimində bu rəng var.  Qarabağ” ev oyunlarında tünd-göy və qara zolaqlı, “İnter” tamamilə göy, “Zirə” və AZAL açıq-göy, “Sumqayıt” tünd-göy, “Kəpəz” sarı-göy formalar geyinir. Premyer Liqanı tərk edən AZAL-ı əvəz edəcək “Səbail” də olduqca oxşar geyimlərdən istifadə edəcək.
 
Klubların formalarına baxdıqda belə təəssürat yaranır ki, sankli başqa rənglərin mövcudluğundan xəbərsizdilər. Bunu xüsusilə sonradan yarananlara, yenilərə aid etmək olar. Yalnız “Neftçi” və “Qəbələ” ümumi ansambldan “geri” qalır. Onların formaları müvafiq olaraq, ağ-qara və qırmızı-qara zolaqlıdır. Klubların səfər və 3-cü formalarına gəldikdə isə burda əsasən ağ rəngli geyimlər gözə dəyir.
 
TPL komandalarının yeni formalarının necə olacağı hələlik rəsmən açıqlanmayıb. “Qarabağ”ın forması ilə bağlı bir məqam bəllidir ki, bu klub yeni mövsümdən 5 çempionluğu simvolizə edən ulduzlu forma geyinəcək. Dünya praktikasından götürülən bu addımı hər halda dəstəkləmək lazımdır. Ən azı azarkeş kütləsi 5 qat çempionluq formasına maraq göstərəcək.
 
Yeni mövsüm öncəsi klubların forma təqdimatı edib-etməyəcəkləri bəlli deyil, ancaq artıq belə ənənələrin formalaşma vaxtının çatdığı dəqiqdir. 

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb




oxunma sayı: 1399 | Paylaş:




?>