Bu gün:


FutbolPress.Az | “Sədərək”də endirimdə satılan formalardan heç bir fərqi yoxdu” (SORĞU)

“Sədərək”də endirimdə satılan formalardan heç bir fərqi yoxdu” (SORĞU)


oxunma sayı: 1261 Paylaş:

FutbolPressAFFA bu gün əsas milli komandanın yeni formasını təqdim etdi. Yığma üçün geyimləri artıq "Umbro” deyil, “Nike” şirkəti hazırlayacaq. Bununla bağlı edilən rəsmi açıqlamada bildirilib ki, aradakı 11 faizlik qiymət fərqi qurumun daha ucuz “Nike”ı seçməsində əsas səbəb olub.
 
Yeni formanın dizaynı isə heç də birmənalı qarşılanmadı. AFFA-nın oyun üçün təqdim etdiyi geyimlər ilk baxışdan məşq formalarını xatırladır.
 
Yığmanın yeni oyun forması ilə bağlı idman yazarlarının fikirlərini öyrəndik...

Millinin yeni forması haqda fikirlәr...
“Umbro”dan “Nike”a keçid bu mәqamda niyә lazım idi?
Yeni formanı әvvәlkiylә müqayisә etsәk...
Yeni forma haqda tәәssüratlar? (Nә çatır, nә çatmır?)
 
 
Natiq Muxtarlı (“Kaspi” qəzeti): “AFFA-dan verilən məlumatda bildirilirdi ki, “Nike” istehsallı formalar ucuz başa gələcək. Bu məlumatı inandırıcı qəbul edirəm. AFFA-da maliyyə böhranının işartıları görünür. Zarafat deyil, az qala ölkə çempionatında çıxış edən bütün klubları AFFA “saxlayır”. Mən hələ birinci dəstəni demirəm. Böyük ehtimalla, AFFA nəzarətində olan klubları da “Nike” vasitəsilə geyindirəcək.

Formanın dizaynına gəldikdə isə deyəsən, köynəklərin çiynindəki yamaqla diqqəti cəlb etmək istəyiblər. Amma bütün hallarda formanın necə olmasının sərgilənən futbola heç bir aidiyyəti yoxdur. Formalarda dəyişiklik etməklə, inkişaf olmur. İnkişaf AFFA məmurlarının beynində, idarəetmə təfəkküründə olmalıdır. Azərbaycanın futbol təsərrüfatında çatışmayan məqamlar bunlardır. Formada nəyinsə çatışıb-çatışmamağı futbolda nəticəyə təsir etmir”.

 
Saleh Arslan (Korner.az saytının baş redaktoru): "Umbro"-dan imtina edib "Nike" seçən təkcə AFFA deyil. "Umbro" İngiltərə şirkəti olsa da, bu ölkənin milli komandası 2012-ci ildən ondan imtina edərək "Nike" keçib. Ümumiyyətlə, son illər "Umbro"-dan imtina edənlərin sayı getdikcə artır. Bilirsiniz ki, 2008-ci ildə "Nike" bu şirkəti 565 milyon dollar xərcləyərək özünün törəmə şirkətinə çevirmişdi. Ancaq bütün ehtimallara baxmayaraq, bu sövdələşmə uğurlu olmadı və 2012-ci ildə "Nike" 401 milyon dollar zərər etdiyi bu şirkəti 225 milyon dollara satdı. Bundan sonra isə klublar, milli komandalar da "Umbro"-dan imtina etməyə başladılar. Görünür, 5 il bundan əvvəl başlayan bu "dalğa" Xəzərin sahilinə indi çatıb. Bir də ki, formanın nə fərqi var? Axı bizə formanın markası yox, onu geyinəcək 11 nəfər adam kimi adam lazımdır. Dağıstan, Türkiyə yox, "öz istehsalımız" olan 11 nəfər adam kimi adam...”

 
Rəşad Rafiqoğlu (“İdman Azərbaycan” TV): "Çox mənasız formadı. Xoşuma gəlmədi. Gör neçə illərdi ki, öz rənglərimizə, simvollarımıza uyğun forma düzəltdirə bilmirik.
Məncə, köhnə formada da elə bir cəlbedici detal yox idi. Forma dizaynı bizə adi gəlir, ancaq dünyada bu ciddi marketinq yanaşması tələb edir. Formanın gözəlliyinə görə konkret satışından xeyli gəlir əldə edilir. Bizdə isə buna nisbi yanaşırlar. Hələ də millimizin forma rəngini düzgün tapmamışıq. Heç olmasa, milli komanda öz oyununu tapsın"

 
Aydın Bağırov (Qol.az saytının baş redaktoru): “1. Bunlar xırda və texniki detallardı.Rəsmi olaraq açıqlanıb ki, "Nike" şirkəti "Umbro" ilə müqayisədə tələb olunan geyimləri daha tez və ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə Nike arasında razılıq əldə olunub. Dünyanın bir çox milli və klub komandasının təcrübəsində belə hallar olur. 2. AFFA-nın saytında bugün ictimaiyyətə göstərilən forma oyun yox, məşq formasına bənzəyir. Əgər həqiqətən bu forma olacaqsa, şəxsən mən bunu bəyənmədim. Formaya baxanda adamın ürəyi sıxılır. Ümumiyyətlə, göy və tip boğucu rənglərə niyə üstülük verilir, anlamıram. Məncə, üzərində dövlət rəmzlərimiz əks olunmaqla açıq rəngli forma olsa yaxşı idi. Amma bu, sırf zövq məsələsidi və buna görə kimisə günahlandırmaq da doğru olmaz. Nəysə, formamızın rəngi ürəkaçmayn ola bilər, əsas odu nəticələr ürəkaçan olsun”.

 
Mahir Rüstəmli (”Futbol+” qəzetinin baş redaktoru): “AFFA yeni forma dəstinin əvvəlki ilə müqayisədə 11 faiz ucuz başa gəldiyini iddia edir. Bəlkə də doğrudan da belədi və indiki pul qıtlığında qurumun brend dəyişikliyinə getməsini anlayışla qarşılamaq olar. Amma məsələnin başqa tərəfi var. Formanın dizaynı qətiyyən xoşuma gəlmədi, hətta Belçika yığmasının hansısa formasını xatırlatdı mənə. Yalnız göy rəngdən, bir də formanın qolunda həmin rəngin daha tünd çalarından istifadə olunub. Məncə, bayrağımızın rənglərindən yaxşı formada yararlanmaq, başqa rənglərdən xətt və ya zolaq şəklində istifadə etmək mümkün idi. Kəsəsi, forma estetik baxımdan qeyri-adi təsir bağışlamır. Amma təki yeni forma düşərli olsun və yığma bu oyun üçün hədəfinə çatsın”.

 
Ceyhun Əliyev (Sport24.az saytının baş redaktoru): “Adətən forma dəyişikliyi gəlir əldə edilməsinə, yaxud hansısa mötəbər yarışa gedərkən baş tutur. Bu gün futbol yığmamız elə bir zirvə fəth etməyib ki, forma satışı AFFA-ya astronomik gəlirlər gətirsin. İlk cümlənin ikinci hissəsində də pozitiv bir hadisə yaşanmayıb. Yəni, yığmamız nə Avropa, nə də dünya çempionatının final mərhələsinə vəsiqə əldə etməyib. Yanılmıramsa, “Nike” məhsulları “Umbro”dan daha bahadı. Ancaq müqavilə şərtlərindən xəbərimiz yoxdu. Bəlkə “Nike” AFFA-ya futbolçularımızı geyindirdiyinə görə pul ödəyəcək?

O ki qaldı dizayn fərqinə, bunu şərh etməyib subyektivliyə və şəxsi zövqə söykənəcək. Zənnimcə, bu sahə üzrə ekspertlərin rəyi daha düzgün olar”.
 

Anar Şabanoğlu (Köşə yazarı): “Dizayner deyiləm, amma ilk görünüşdən “Sədərək”də endirimdə satılan formalardan heç bir fərqi yoxdu. Axtarsan, “Sədərək”dən daha xoşagəlimlisini tapmaq olar. Ümumiyyətlə, millinin tarixində ən yaxşı forma 1999-cu ildə Portuqaliyaya qarşı oyunda Bakıda geydiyimiz formadı. Yəni, Amerika kəşf etmək lazım deyil, həmin formanın eynisini və ya onu əsas götürüb kiçik dəyikliklə nəsə etmək olar. Futbolda düşər-düşməzə də çox inam var. İsveçrəylə Portuqaliyayla oyunlardakı formaları bərpa etmək, məncə, ən doğrusudu. Amma daha bunu hazırlayıblarsa, edəcək bir iş yoxdu. Nə qədər zövqsüz olsa da, futbolçular model deyil, podiuma çıxmır. Təki, düşərli alınsın, qalib gələk və DÇ-2018-ə yüksələk. Sonra yəqin ki, daha gözəlini fikirləşərlər”.
 
 
İbrahim Cəfərov (Futbolxeber.az saytının baş redaktoru): “Yaxşı olardı ki, AFFA bu məsələ ilə bağlı daha ətraflı məlumat verərdi. Məncə, forma ilə bağlı qurumun rəsmi saytında edilən açıqlama bir az qeyri-ciddidir. Belə çıxır ki, seçmə mrəhələ üçün formalar tsiklın yarısında sifariş edilir. Digər tərəfdən, biz də formalarla, onların qiymətləri ilə maraqlanırıq və “Nike” “Umbro”dan 11 faiz ucuz olması inandırıcı görünmür. Bunu yoxlamaq çətin deyil. Bakıdakı brend idman geyimləri satılan istənilən yerdən soruşub dəqiqləşdirmək olar. İndiyə qədər görməmişəm ki, orijinal “Nike” orijinal “Umbro”dan ucuz olsun. Əgər 11 faiz aşağı qiymətə alınırsa, yəqin ki, keyfiyyətdə ondan geri qalır. Dizaynına gəlincə, şəklinə baxmışıq, ancaq daha dəqiq təsəvvür üçün meydanda görmək lazımdır. Bu, həm də zövq məsələsidi. Yenə əvvəlki fikrimə qayıdım ki, seçmə mərhələnin ortasında forma dəyişmək qeyri-ciddi görünür. Adicə klublar belə mövsümün gedişi zamanı formalarını dəyişmirlər. Yalnız sona yaxın, yeni formaların təqdimatı üçün 1-2 oyunda geyinirlər ki, azarkeşlər görsünlər. Çox da şişirtməyə dəyməz, yəqin ki, hər şeydən əvvəl maliyyə məsələləri rol oynayıb. Həm də necə formada çıxmaqdan çox, necə oynamaq daha əhəmiyyətlidir”.
 
 
Elşən Məmmədov: (Sportnet.az saytının baş redaktoru): “Əvvəl elə bildim ki, bu, məşq formasıdır, gərgin məşqdən çıxıb tərli halda şəkil çəkdiriblər. Amma AFFA ilə dəqiqləşdirdikdə, təəssüf ki, oyun forması olduğunu dedilər. Bəli, təəssüf ki! Formanın ilk baxışdan keyfiyyətsiz görünməsi bir tərəfə, heç Azərbaycan bayrağının rənglərini ifadə edən əlamətləri yox dərəcəsindədir. Tünd göy və mavi rənglərin Azərbaycan bayrağındakı 3 rənglə nə əlaqəsi var? Bu, 5 qat dünya çempionu Braziliya, son Avropa çempionu Portuqaliya və hamımızın sevə-sevə izlədiyimiz Türkiyə millisini yüksək keyfiyyətli geyimlərlə təchiz edən “Nike” şirkətinin adına da yaraşmır. Ümidvaram ki, çoxsaylı tənqidlərdən nəticə çıxarılacaq, millimizə keyfiyyətli və normal dizaynlı oyun geyimləri təqdim olunacaq”.

Ceyhun Rzayev ("Xəzər" TV): "Bu barədə geniş danışmaq istəmirəm. Deyilənə görə, "Nike"in şərtləri maddi baxımdan daha sərfəli olub. Həm də "Nike" bütün dünyada "Umbro"dan daha prestijli brend qəbul olunur. Yeni formaları yaxından görməmişəm. Amma şəkillərdən yaxşı görünür".
 


oxunma sayı: 1261 | Paylaş: