Bu gün:


FutbolPress.Az | Quardiola ilə problem və “Milan”a transfer “oyunu” - İbranın nəzərindən

Quardiola ilə problem və “Milan”a transfer “oyunu” - İbranın nəzərindən


oxunma sayı: 512 Paylaş:

FutbolPressZlatan İbrahimoviçin qısamüddətli "Barselona" macərası, "Milan"a transfer olunmaq üçün oynadığı oyunlar və bütün bunların başında duran Pep Quardiola ilə münasibətləri... - İbranın nəzərindən:

Xəyallarımın asanlıqla puç olmasını istəmirdim. Qərara almışdım ki, məşqlərdə daha çox çalışıb, daha da yaxşı olacam. Heç kim məni dayandıra bilməz. Onlara göstərəcəm. Amma nə baş verdiyini bilirsiz? Özümü göstərmək üçün şansım belə olmadı. Quardiola mənə bir daha zəng elədi. İyulun 19-u idi. Oyunçuların əksəriyyəti Dünya çempionatından qayıtmamışdı. Pep mini-dialoqa cəhd elədi. Aydın məsələdi ki, həll etməli olduğu bəzi önəmli mövzular var idi. Əsəbi və bir o qədər də yöndəmsiz idi. Əvvəlcə nələrinsə xatirinə bir az xoş davranmaq istədi:

- İstirahətin necə keçir?
- Yaxşı.
- Yeni mövsüm öncəsi nə düşünürsən?
- Hazıram. 100 faizimi ortaya qoymağa hazıram.
- Dinlə...
- Eşidirəm.
- Əvəzedicilər skamyasında oturmağa hazır olmalısan.


Mövsüm hazırlıqları heç başlamamışdı. Quardiola bir dəqiqə belə olsun məni oyun zamanı izləməmişdi. Şəxsimə yeni hücum dalğası idi – bunu başqa cür başa düşmək olmazdı.

- Yaxşı. Anladım.
- Bildiyin kimi, “Valensiya”dan David Vilyanı transfer etmişik.


Vilya əla investisiya idi – buna şübhə yox. Dünya çempionatını qazanan İspaniya millisinin əsas ulduzlarından biri idi, amma o, vinqerdi, mən isə mərkəz oyunçusuyam. Mənimlə nə əlaqəsi?

“Bu haqda nə deyə bilərsən?”, - deyə davam etdi. Heç nə. Öncə təbrik etmək istəyirdim. Amma sonra düşündüm: bəlkə Quardiolanı test edim? Onun bütün bu addımları sadəcə futbolla əlaqədardı, yoxsa tək dərdi məni komandadan göndərməkdi? Niyə də öyrənməyim?

Cavab verdim: “Çox çalışacam. Komandadakı yerimi tutmaq üçün dəlilər kimi çalışacam. Səni kifayət qədər yaxşı olduğuma inandıracam”.

Düzünü desəm, öz dediklərimə özüm də inanmırdım. Heç vaxt bir məşqçini xoşbəxt etmək üçün belə dil tökməmişdim. Həmişə oyunumla sözümü demişdim. Yüz faizimi ortaya qoymağa hazıram? Dediklərim axmaqlıqdan başqa bir şey deyildi. Ancaq onun əsil niyyətini anlamaq üçün tək seçimim bu idi. Nə deyəcəyini gözləyirdim. Razılaşsa, bir məna ifadə edərdi. Amma...

- Bilirəm. Amma biz birlikdə necə davam edə bilərik axı?
- Dediyim kimi, çox çalışacam və əgər sən kifayət qədər yaxşı olduğumu düşünsən, istədiyin mövqedə oynamağa razı olacam – fərq etməz, Messinin önündə ya arxasında, necə istəyirsən, qərar sənindi.
- Bilirəm. Amma biz birlikdə necə davam edə bilərik axı?


Eyni sözləri təkrarlayırdı. Bir dəfə də olsun mənalı bir şey demədi. Bacarıqsız idi. Amma deməyə məcbur da deyildi. Anlamışdım. Məsələ şəxsi zəmində idi. Kişi kimi xarakterimi sevmədiyini demək əvəzinə, ört-basdır eləməyə çalışırdı.

- Biz birlikdə necə davam edə bilərik axı?
- Hamı kimi çalışacam. Messi üçün oynayacam.
- Bilirəm. Amma biz birlikdə necə davam edə bilərik?


Axmaqlıq idi. Yəqin ki, özümdən çıxmağımı, dediklərini qəbul etməməyimi və nəticədə klubdan ayrılacağıma dair ifadələr işlətməyimi istəyirdi. Belə olan halda, çıxıb rahatla deyəcəkdi ki, getmək istəyən Zlatandı, bu, mənim qərarım deyil. Bəlkə də mən aqressiv biri idim – tez-tez konfliktlərdə adı hallanan vəhşi. Amma özümü nə zaman cilovlamaq lazım olduğunu da yaxşı bilirdim. Satışa çıxarılacağımı açıqlamaqla heç nə qazanmayacaqdım. Mənimlə danışdığına görə təşəkkür edib, onunla sağollaşdım.

Təbii ki, qəzəblənmişdim. Çox əsəbi idim. Amma danışığımızı məhsuldar hesab etmək olar. Ən azından vəziyyətin nə yerdə olduğunu dərk etmişdim. Məni oynatmaq niyyəti yox idi. Əsas suallar burada yaranır: bununla başa çıxa bilərəmmi? Bunları bilə-bilə məşqə gedib, hər gün bu adamı görməyə dəyərmi? Şübhələrim var idi. Bəlkə də problemə yanaşmamı dəyişməliyəm - bütün gün bu barədə düşünürdüm.

Yeni mövsüm hazırlıqları üçün Cənubi Koreyaya, ardınca isə Çinə yollandıq. Oradakı bəzi matçlarda meydana çıxdım, amma bu, bir məna ifadə etmirdi. Əsas oyunçular hələ Dünya çempionatından qayıtmamışdılar. Mən hələ də ailəyə yad biri idim və Quardiola məsafəni qoruyurdu. Nəsə lazım olanda mənimlə danışmaları üçün başqalarını yollayırdı. Media nəzarətdən çıxmışdı. Bütün yay boyu belə idi: Zlatanla aranızda nə baş verir? Zlatan transfer olunacaq? Zlatan komandada qalacaq? Daim bu tip suallar ünvanlanırdı – mənə və Quardiolaya. Sizcə, o suallara necə cavab verirdi? Zlatanı sevmirəm və onu burada istəmirəm – belə? Əlbəttə yox. Rahat deyildi və mənasız cavablarla kifayətlənirdi – “Zlatan gələcəyi ilə bağlı qərarını özü verəcək”.

İçim içimi yeyirdi. Tənqid olunurdum və qəzəbli idim. Birdən-birə “partlamaq” istəyirdim. İçimdə qığılcım yaranırdı. Hadisələrin yeni mərhələyə qədəm qoyduğunu anlayırdım. Bu, sadəcə müharibə deyildi. Artıq transfer bazarında da qarşıdurma başlamışdı və mən bu oyunu sevirdim. Bu işləri ən yaxşı bacaran adam mənim tərəfimdə idi – Mino Rayola (meneceri). Bütün gün danışırdıq və oyun oynamaq qərarına gəlmişdik. Quardiola heç nəyə layiq deyildi.

Cənubi Koreyada klubun yeni vitse-prezidenti Josep Bartomeu ilə görüşdüm. Oteldə danışdıq. Ən azından o daha açıq danışırdı:

- Zlatan, əgər təkliflər varsa, onlar barədə düşünə bilərsən.
- Heç hara getmirəm. “Barselona”nın futbolçusuyam, “Barça”da da qalacam.
- Bunu necə həll edə bilərik?
- Bir ideyam var: “Real”a zəng edə bilərsən.
- Niyə onlara zəng etməliyik ki?
- Çünki “Barça”dan ayrılacağım təqdirdə “Real”da oynamaq istəyirəm. “Real”a transferimi həll edə bilərsən.
- Zarafat edirsən.


Bartomeu qorxmuşdu. Mən isə ciddi görünürdüm.

Davam etdim: “Problemimiz var. Məni burada istəmədiyini kişi kimi üzümə deyə bilməyən məşqçiyə sahibik. Mən qalmaq istəyirəm. O, məni satmaq istəyirsə, önümə çıxsın və açıq-aydın bunu desin. Bilmək istəyirsizsə, getmək istədiyim yeganə klub “Real”dı”.

Otağı tərk etdim. Artıq situasiya daha aydın idi. Oyun oynayırdıq. “Real” demişdim. Bu, hələ başlanğıc idi – provakasiya, stratejik jest. Həqiqətə gəlincə, “Mançester Siti” və “Milan”la danışıqlar aparırdıq.

“United Arab Emirates” klubu aldıqdan sonra “Mançester Siti”dəki irəliləyişin fərqində idim. “Siti”nin bir neçə il ərzində böyük klub olacağından əmin idim. Amma mənim tezliklə 29 yaşım olacaqdı. Uzun müddətli planlara ayırmağa vaxtım yox idi və pul heç də önəmli faktor deyildi. Sadəcə, yaxşı formada olan klubda oynamaq istəyirdim və onların arasında tarixi “Milan” kimi böyük olan klub yox idi. Odur ki, "Milan"ı seçdim.

Quardiolanın zəng edib, mənə əvəzedicilər skamyasında yer verəcəyini dediyi gündən bəri oyun oynayırdıq. Quardiola və idarə heyətini stressə saldığımızı anlayırdıq. Onları demotivasiya edib transferimi aşağı qiymətə bitirəcəkdik, ki bu, mənə əla şərtlərlə müqavilə bağlamaq imkanı verəcəkdi - hər şey plana uyğun davam edirdi. Sandro Rozellə görüşümüz var idi. Yeni prezident seçilmişdi və biz bundan da istifadə etmək fikrində idik. O, çətin vəziyyətdə idi.

Quardiola və mənim aramdakı problemi tam olaraq bilmirdi. Tək bildiyi o idi ki, baş verənlərin müdafiə ediləsi tərəfi qalmamışdı: ya məni satmalı, ya da məşqçini qovmalıydı. Amma klubun qazandığı uğurlardan sonra ikincini edə bilməzdi. Bu, mümkünsüz idi. Rozelin şansı qalmamışdı. Məni sevsin, ya sevməsin, mənə qarşı getmək məcburiyyətində idi:

- Hadisələr bildiyin kimidi. Səninlə maraqlanan klub var?

Mino və mən Bartomeuya qarşı oynadığımız oyunu təkrarladıq:

- Var.
- Əla. Hansı klub?
- “Real”.


Birdən birə rəngi soldu. “Barça”nın ulduzunu “Real”a göndərmək? Xəyanət kimi bir şey idi.

- Mümkün deyil.

Qorxmuşdu və həm mən, həm də Mino oyunun plana uyğun getdiyini yaxşı bilirdik. Sakitcə davam etdim: “Sual verdin, mən də cavablandırdım. Bunu təkrarlamaqdan şadam: getmək istədiyim yeganə klub “Real”dı. Mourinyonu bəyənirəm. Amma sən onlara zəng etməlisən və özün bu barədə danışmalısan. Oldu?”

Sandro Rozelin qorxuya düşdüyünü görürdük. Klub məni 700 milyon İsveç kronası ekvivalenti müqabilində transfer etmişdi. Sandro təbii ki, transferə xərclənən pulu qaytarmaq niyyətində idi, ancaq digər tərəfdən, məni “Real”a – Mourinyonun yeni klubuna satacağı təqdirdə azarkeşlər tərəfindən linç ediləcəkdi. Onun üçün belə bir qarışıq vəziyyətin öhdəsindən gəlmək çətin idi.

Məşqçiyə görə mənim qalmağıma razılıq verə bilmirdi, eyni zamanda, məni əbədi düşmənə sata bilməzdi. Üstünlük bizim tərəfimizdə idi və biz təzyiq etməyə davam edirdik: “Məsələni problemsiz həll etmək lazımdı. Mourinyo məni nə qədər çox istədiyini özü deyib”.

Əslində, belə bir şey yox idi, sadəcə, bu yolu seçmişdik.

Rozel: Yox. Olmaz.
Biz: Utancvericidi. Həqiqətən! Ağlımızda olan tək klub “Real”dı.

Otağı gülə-gülə tərk etdik. Əslində isə həmin zaman “Real” yox, “Milan” məsələsi üzərində işləyirdik. Ümidsiz bir Rozel “Barça” üçün yaxşı deyildi, amma “Milan” üçün əla idi. Rozel ucuz qiymətə “Milan”a keçməyimə razılıq verəcəkdi və sonda bu işdən qazanclı çıxan tərəf mən olacaqdım. Təbii ki, bu, oyun idi – hamının önündə və yeri gələndə pərdə arxasında davam edən oyun. Amma saat əleyhimizə işləyirdi. “Transfer pəncərəsi” avqustun 31-də bağlanacaqdı. Avqustun 26-da isə bizim “Kamp Nou”da “Milan”la yoldaşlıq görüşümüz var idi. Heç bir şey dəqiqləşməmişdi, amma mediada bəzi işartıları görə bilərdiz. Fərziyyələr hər yerdə idi və “Milan”ın vitse-prezidenti Adriano Qalliani formal olsa da, mənsiz Barselonanı tərk etməyəcəyini açıqlamışdı.

Stadionda azarkeşlər üzərində “İbra, qal” yazılmış plakatlar açmışdılar. Diqqətlər üzərimdə idi. Amma bu, daha çox Ronaldinyonun matçı idi. Ronaldinyo Barselonada Allah kimi bir şeydi.

"Milan"da oynayırdı. Ancaq əvvəllər “Barça”da forma geymiş və hətta o zamanlarda ardıcıl iki il dünyanın ən yaxşı futbolçusu seçilmişdi. Oyundan öncə stadiondakı böyük ekranda onun ən yaxşı anlarından ibarət video yayımlanırdı. Meydanda şərəf turu atırdı, ürəyi istədiyini edirdi.

Biz isə meydana çıxmaq üçün gözləyirdik. Qəribə hisslər idi. Azarkeşlərin səsi içəriyə kimi gəlirdi. Təbii ki, Quardiolanın diqqəti yenə məndə deyildi. Mənə isə maraqlı idi: görəsən, bu, “Barça”dakı sonuncu oyunumdu? Ümumiyyətlə, nə baş verir? Heç bir fikrim yox idi. Sonra hamı yerinə oturdu.

“İbra” – paltardəyişmə otağımıza səssizcə gələn Ronaldinyo gülərək səsləndi. “Çantanı toplamısan? Səni Milana aparmaq üçün gəlmişəm”, - deyə davam etdi. Ronaldinyonun bunları deməsi hamının gülüşünə səbəb oldu. Təbii, diqqətlər bir anlıq mənə yönəldi.

Hamının şübhələri var idi, amma heç kim bu barədə birbaşa, belə formada eşitməmişdi. İndi bu söhbət dəfələrcə təkrarlanacaqdı. Oyuna yenidən başlamalı idim. Matç isə mənim üçün həqiqətən də bir məna ifadə etmirdi. Start fiti səslənməmiş meydanda Ronaldinyo ilə bu barədə zarafatlaşdıq da. “Sən dəlisən?” – belə bir şey dedim. Meydanda gülüşməyimiz hər yerdə yayımlandı. Amma daha pisi fasilədə oldu. “Milan”ın böyük oyunçuları məni çağırırdılar: Pirlo, Nesta, Qattuzo və Ambrozini... “İbra, “Milan”a gəlməlisən. Sənə ehtiyacımız var” – dedilər.

“Milan” yaxşı günlərini yaşamırdı. “İnter” son illərdə İtaliya A Seriyasında dominantlıq edirdi və təbii ki, “Milan”da hər kəs yeni uğurlarla dolu eranı səbirsizliklə gözləyirdi. Oyunçuların, xüsusilə də Qattuzonun klub idarəçilərini təzyiq altında saxladığını bilirdim: “İbranı alın. Komandada əsil qalib zehniyyətli birinə ehtiyac var”.

Amma hər şey bu qədər bəsit deyildi. “Milan” maliyyə cəhətdən əvvəlki qədər əzəmətli deyildi və nə qədər pis vəziyyətdə olursa-olsun, Sandro Rozel mümkün qədər çox pul qopartmaq istəyirdi. Ən azından 40-50 milyon avro tələb edirdi. Amma Mino oyuna davam edirdi:

- İbra “Real”a keçəcək. “Milan”ı istəmirik.
- 30 milyon avroya da?


Vaxt keçdikcə Rozel qiyməti düşürməyə davam edirdi. Bu arada Qalliani məni və Helenanı ziyarət etmək üçün evimizə gəldi. Qalliani güclü insandı. O, Berluskoninin keçmiş dostu və biznes ortağıdı. Danışıqlar aparmaqda, vasitəçilikdə ondan yaxşısı yoxdu.

“Yuventus”dan ayrılanda da onunla danışıqlar aparmalı olmuşdum. O zaman demişdi: “Təklifim budu. Ya bu, ya da heç nə”. “Yuventus” böhranda idi və üstünlük onun tərəfində idi. Amma indi isə vəziyyət tərsinə idi. Təzyiq altında olan tərəf o idi. İndi o, verdiyi sözlərə görə, azarkeşlərin və futbolçuların təzyiqinə görə məni almadan geri qayıda bilməzdi. Əlavə olaraq, biz də ona bu səfər kömək etdik. Transfer məbləğini aşağı salmağa çalışırdıq.

Mən: Bu, mənim şərtlərimdi. Ya bunlar, ya da heç nə.

Dəfərlərlə məsələlərin üstündən keçdiyini düşüncəli halından təxmin edirdim. Əslində, orada bəzi çox sərt maddələr var idi, amma qəbul etdi.

Əl sıxışdıq, transfer məbləği ilə bağlı danışıqlar isə davam edirdi. Qalan məsələlər klublar arasında idi – mənlik bir şey deyildi. Amma bir az drama bənzəyirdi və bir çox faktor araya qarışmışdı. Satan tərəfin narahatlığı onlardan biri idi. Həmçinin fakt bu idi ki, məşqçi mənlə yola getmirdi. Hər saat Rozel daha da gərginləşirdi. Nəhayət 20 milyon avroya razı oldu. 20 milyon! Bir adam sayəsində qiymətim 50 milyon avro aşağı düşmüşdü.

Quardiola problemi klubu bərbad anlaşmaya məcbur etdi. Dəlilik idi, bunları Rozelin özünə də dedim. O da gözəl bilirdi, əminəm ki, bütün gecəni hadisələrin gedişatını izləmək üçün oyaq olub. “Barselona”dakı ilk mövsümümdə 22 qol, 15 məhsuldar öyürmə ilə yadda qalmışdım. Buna baxmayaraq, dəyərim 70 faiz aşağı düşmüşdü. Bu, kimin səhvi idi? Sualın cavabını Sandro Rozel də yaxşı bilirdi.

“Kamp Nou"nun ofisindəki halımız indi də yadımdadı: o, Mino, mən, Qalliani, hüquqşünas və Josep Maria Bartomeu. Müqavilə önümüzdə dururdu. Geriyə tək bir şey qalırdı: onu imzalamaq və sağollaşmaq.

Rozel dilləndi: “Bilməyini istərdim ki, bu, həyatımın ən bərbad anlaşmasıdı. Səni çox aşağı məbləğə satıram”.
Dərhal cavab verdim: “Görürsən, bərbad liderlik nələrə səbəb olur...”
“Bilirəm, vəziyyət düzgün idarə olunmadı” – dedi və müqaviləni imzaladı.

Sonra sıra mənə çatdı. Qələmi götürdüm, hamı məni izləyirdi, nəsə deməli olduğumu hiss etdim. Sonra düşündüm: bəlkə yox, bəlkə sakit durum? Amma içimdən atmaq istədiyim bəzi şeylər var idi.

“Quardiolaya mesajım var”. Təbii, bir anlıq gərginlik oldu. Görəsən, nə baş verir? Yetərincə müzakirə olmadımı? Təkcə imza atmalı deyilmi?
“Ona demək istərdim ki...” – başladım və ona demək istədiklərimi bir-bir dedim.

Otağa sükut çökmüşdü. Amma inanın, deməli idim. Birdən-birə beynimdə nəsə oldu. Motivasiyamı geri qazandım. Yenidən özüm olmaq məni həvəsləndirdi – həqiqətdi.

Müqaviləyə imza atanda həmin sözləri dedim və yenidən özüm oldum. Kabusdan oyanmaq kimi idi. Uzun müddət idi ki, ilk dəfə o an yenidən futbol oynamaq üçün alışıb yanırdım. Hər şey bir anda getdi və mən sevinclə dolu yeni mərhələyə qədəm qoydum. Ya da, sevinc və qəzəb dolu – “Barça”dan ayrıldığım üçün sevinirdim, həmçinin eyni anda bir insanın xəyalımı məhv etdiyi üçün qəzəblənirdim.

Sanki yenidən azadlıqda idim və hər şeyi daha aydın görməyə başladım. Baş verənlərin ortasında pozitiv hiss etməyə çalışırdım: çox da pis deyil vəziyyət, mən onlara göstərəcəm... Ancaq hər şey bitdikdən sonra həmin günlərin nə qədər ağır olduğunun fərqinə vardım. Böyük təzyiq altında olduğunuz anlarda məşqçinin yardımına ehtiyacınız olur. Mənim əlimdə nə var idi? Məndən qaçan adam, mənlə sanki yoxmuşam kimi davranan adam... Ulduz olacaqdım, amma əvəzində istənməyən adam oldum.

Mourinyo və Kapello kimi iki ən intizamlı məşqçi ilə çalışmışam və onlarla heç vaxt problemim olmayıb, amma Quardiola... Bu barədə düşünəndə əsəbiləşirəm və Minoya dediklərimi heç vaxt unutmayacam: “O, hər şeyi məhv etdi”.

Mino: “Zlatan, xəyallar gerçəkləşə bilər və onlar səni bir gün xoşbəxt edə bilər. Amma eyni zamanda xəyallar reallaşaraq səni öldürə də bilər” – bir anda dediklərinin doğru olduğunu anladım.

“Barça”da xəyallar həm gerçəkləşdi, həm də məhv oldu. Çöldə jurnalistlər məni gözləyirdilər. O an onun adını çəkmək istəmirdim, başqa bir sözə ehtiyacım var idi. Danışdığı bütün cəfəngiyatları xatırladım və birdən ağlıma bir söz gəldi: Filosof!

Onu “filosof” adlandıracam. İçimdəki bütün qəzəb və iftixarla dedim: “Problemin nə olduğunu filosofdan soruşun”.

Tərcümə: Rüfət Məcid


oxunma sayı: 512 | Paylaş: