Bu gün:


FutbolPress.Az | “Neftçi” və “Kəpəz” autsayder qismində (LAYİHƏ)

“Neftçi” və “Kəpəz” autsayder qismində (LAYİHƏ)


oxunma sayı: 560 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində qalib olan “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda yazıları davam etdirir. 

Ölkədə futbol mövsümünün bitimindən təxminən 1 ay keçib. Əvvəlki illərlə müqayisədə Premyer Liqanın apreldə, kubok yarışının isə mayın lap əvvəlində başa çatması klublara transfer fəaliyyəti üçün daha çox zamanın qalması deməkdir.
 
Transfer pəncərəsi rəsmən iyunun 9-da açılacaq. Ancaq klublar mövsüm bitər-bitməz növbəti futbol ili üçün heyət qurmağa başladılar. Əsasən “təmizlik işləri”nin getdiyi ilk ayın ən fəalı “Sumqayıt” oldu. Bu baxımdan autsayderlər “Neftçi” və “Kəpəz”dirsə, “İnter”in vəziyyəti hər kəsə bəllidir – transfer qadağası.
 
Son çempion “Qarabağ” xüsusi fəallığı ilə seçilməsə də, əsasən daxili bazardakı “dəyiş-düyüş”ün getdiyi ilk aya görə, işlər qaydasındadır. Çünki onsuz da ölkənin ən yaxşı yerlilərinin bu komandada olduğuna şübhə yoxdur. Ağdam klubu “İnter”dən Abbas Hüseynovun keçidini həll edibsə, əsas heyət oyunçularından Əfran İsmayılov, Qara Qarayev və Ansi Aqolli ilə müqavilə yenilənib. Xüsusilə, adı Avropa klubları ilə hallanan Qaranın komandada saxlanması böyük addımdır. Lazımsızlar – Vüqar Nadirov, Boyan Şaranov və İlqar Qurbanov əvvəlcədən gözlənildiyi kimi yola salınıb. Muarem Muaremin də yol üstə olduğu deyilir.
 
Komandanın legioner transferləri ilə bağlı iddialar da gəzir – Kayl Lafferti, Tokelo Rantie, Nikola Çitro və s. Klub isə bunlardan yalnız biri, Tokelo Rantie ilə maraqlandığını təsdiqləyib. Hətta komandanın CAR-dan olan futbolçu ilə razılığa gəldiyi də deyilir. “Gənclərbirliyi”nə məxsus forvardla münasibətlərin Türkiyə Super Liqası başa çatdıqdan sonra rəsmiləşdirilməsi gözlənilir. Ancaq istənilən halda, qarşısına ÇL-də uğurlu çıxış məqsədi qoyan “atlılar”a yaxın zamanda bir neçə ciddi transfer gərəklidir.
 
Vitse-çempion “Qəbələ” son mövsümü icarə əsasında “Sumqayıt”da keçirən Yusif Nəbiyevi geri qaytarıb, Elvin Məmmədovla yalnız münasibətlərin rəsmiləşdirilməsi qalır. Komandadan göndərilənlər/gedənlər isə daha ciddi adlardır: Nika Kvekveskiri, vitse-kapitan Rəşad Sadiqov, Sergey Zenyov, Teo Uiks, Daniel Subotiç, Rafael Santos, Məhəmməd Mirzəbəyov... Düzdü, onlardan yalnız Kvekve özü getmək istəyib, digərləri ilə klub vidalaşmağı lazım görüb, ancaq istənilən halda adıçəkilənlər son mövsümü əsasən ilk “11-lik”də keçirənlərdir. Komandanın hələlik ən böyük, ifadə yerinə düşürsə, transferi Roman Qriqorçukun saxlanmasıdır. Ukraynalı çalışdırıcı daha bir il “qırmızı-qaralar”ın uğurları üçün “baş sındıracaq”. Kapitan Cavid Hüseynov, Vitali Vernidub, Dmitri Bezotosnı kimi vacib oyunçularla da müqavilə yenilənib.
 
Gedənlərin yerinin doldurulması – klubla bağlı əsas müəmma bununla bağlıdır. Bir müddət əvvəl Türkiyə “Trabzonspor”unun müdafiəçisi Luis İbanyesin icarəyə götürüləcəyi deyilsə də, həqiqətə uyğun olmadığı üzə çıxdı. Komandaya ən azı gedənlər səviyyəsində oyunçular cəlb edilməsə, Avropa Liqasında uğurlu çıxış uzaq görünür.
 
Transfer edə bilməyən “İnter” Abbas Hüseynov və Səlahət Ağayevi əldən buraxıb. Düzdü, Səlahət avrokuboklarda komandanın düşərgəsində olacaq, ancaq bundan sonra “Neftçi”yə qoşulacaq. Komandanın müdafiə xəttinin lideri Zurab Xizanişvili isə karyerasını başa vurub. Zaur Svanadzenin yalnız bir variantı var - əvəzedici heyətdən, akademiyadan oyunçular gətirmək...
 
Digər avrokubok təmsilçimiz “Zirə” kapitan Elvin Məmmədovu əldən buraxıb. Ancaq ümumilikdə komanda heyətinin əsasını qorumağı bacardı. Vüqar Mustafayevi “Qarabağ”dan birdəfəlik alan qəsəbə klubu Rəşad Sadiqov kimi təcrübəli futbolçunu heyətinə cəlb etdi. Maliyyə məsələlərinə görə Məmmədovun gedişi klubun transfer məsələsində çətinlik çəkəcəyini deməyə ciddi əsasdır.
 
Artıq qeyd etdiyimiz kimi, ilk ayın ən fəal klubu “Sumqayıt” oldu. Onsuz da legioner cəlb etməyəcək “kimyaçılar”ın transfer fəaliyyətini başa vurduğunu da demək olar. Tural Axundov, Cavid İmamverdiyev, Rəşad Eyubovun keçidini həll edən “Gənclik şəhəri” təmsilçisi Mirabdulla Abbasov və Yusif Nəbiyev kimi vacib adları itirib. Digər gedənlər isə baş məşqçi Samir Abasovun "yola getmədikləri"dir. Bundan sonra yəqin ki, yalnız 1-2 yeni futbolçu gətirilər, ya yox.
 
Transfer fəaliyyəti baxımından autsayderlər “Neftçi” “Kəpəz”dir. Gəncə klubunu tərk edənlərin demək olar, hər biri əsas heyət oyunçusudur. Xüsusilə Tural Axundov, Dario Federiko, Julien Ebah, Serjio Kosta, Orxan Əliyevin gedişi komandaya problem yaradacaq. Renan Alveşin qalıb-qalmayacağı isə qeyri-müəyyəndir. Gələnlər isə digərlərinə lazım olmayanlar...

Görünür, gəncəlilər növbəti mövsüm də avrokuboklara həsrət qalacaqlar. Bir az da irəli getsək, əgər gələn il Premyer Liqanı tərk edən olsa (!), buna ən real namizədlərdən biri "Kəpəz"i saya bilərik. Belə görünür ki, stadionunu təmir etdirən Gəncə klubu qazanıla biləcək hər hansısa nəticə ilə ot örtüyünün dəyişdirilməsi dilemması qarşısında qalıb və ikincini seçib.
 
“Neftçi”də vəziyyət oxşar olmasa da, yaxşı da deyil. Hətta daha pisdir. Məsələ burasındadır ki, çoxları bu komandadan son mövsümdəki nəticələrdən sonra transfer bazarında böyük fəallıq gözləyirdi. Ancaq əsasən yerli futbilçuların alınıb-satıldığı ilk ay ərzində yalnız Mirabdulla Abbasov icarədən qaytarılıb və müəyyən şərtlər altında Səlahət Ağayevin keçidi həll edilib. Gedənlərin arasında isə Zdenek Folprext, Cavid İmamverdiyev kimi adlar var. Komandanın iki futbolçu - Nizami Hacıyev və Elvin Məmmədovla razılığa gəldiyi deyilsə də, heç birinin keçidi baş tutmadı. Hər iki oyunçu son anda “Neftçi”yə gəlməkdən imtina etdi. Hazırda “Qəbələ”dən ayrılan Məhəmməd Mirzəbəyovun “ağ-qaralar”la anlaşdığı bildirilir. Ancaq o da, tezliklə, məsələn “Zirə”də, “Səbail”də görünsə, təəccüb yaratmayacaq. Komandanın əsas diqqətini yenidən legioner transferinə yönəldəcəyi təəssüratı yaranır. Ancaq bunun ölkə futbolunda işə yaramadığı keçən mövsümlərdə bəlli olub. Geridə qalan müddət ərzində yerli bazarda aktiv olmaması paytaxt klubuna problem yarada bilər.
 
“Səbail”in yeni baş məşqçisi Samir Əliyevin qarşısında isə gələcəyin komandasını qurmaq tapşırığı qoyulub. Bu baxımdan debütantdan böyük transfer gözləmək artıq olardı. Hər nə qədər klubundan ayrılan istənilən futbolçunun yeni ünvanının “şəhərin mərkəzi” olacağı deyilsə də... Hazırda komanda ilə saysız-hesabsız futbolçunun adı hallanır, reallaşanlar isə daha çox Samir Əliyevin əvvəldən potensialına bələd olduğu adlardır. Bundan sonra da legioner olmayacaq, yalnız yerlilərdən uyğun sayılan adlardan bir neçəsinin "Səbail"ə keçəcəyini ehtimal etmək olar.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb



oxunma sayı: 560 | Paylaş: