')

Bu gün:


FutbolPress.Az | Yoxdu belə ölkə...  (KİÇİK QEYD)

Yoxdu belə ölkə... (KİÇİK QEYD)


oxunma sayı: 1359 Paylaş:

FutbolPressLənkəranın Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə feysbuk vasitəsiylə İslam Həmrəyliyi Oyunlarında medal qazanmış idmançılara müraciət ünvanlamışdı. Müəllim təklif eləmişdi ki, medal qazananlar əldə elədiyi pul mükafatının (məsələn, “qızıl” 150 min manat) 5% məbləğini ucqar kənd məktəblərinə ayırsın.

Məsələ xeyli müzakirə edildi/çək-çevir mövzusu oldu. Ancaq müraciət olunanlardan hələ heç bir səs-səmir çıxmır.

150 min manatın cəmi 5 faizi xeyli düşünməyə, qərar verməkdə çətinliyə səbəb olur.

***                              ***                              ***

Yay Olimpiya Oyunlarında bundan üç dəfə çox 500 min ayrılır “qızıl” qazananlara. Fantastik məbləğdi. Hələ görməmişik ki,  bilik yarışmasında ölkəyə medal gətirən gəncə bunun 10 qat aşağı məbləği belə verilsin, hansısa oliqarx maşın hədiyyə eləsin və s. Təhsil  medalı pul mükafatıyla tərs mütənasibdir.

Ona görə də Həbib müəllimin o müraciəti məntiqə əsaslanır. Ancaq bu məntiqin tərs bucağı bu ölkənin tərs reallığından doğur.

Cəmiyyətdə belə altşüur məhsulu var: yuxarılara xoş gəlməz bu. Ölkədə məktəblərin bərpası, yenidən qurulması hərəkatı var axı..

Təhsil Nazirliyi ola-ola hansısa müəllim niyə idmançının mükafatından ayrılmasını istəməlidir?

Məgər ölkədə təhsilə ayrılan pul bəs eləmir?

Təfəkkürün təzahürü bu cürdü. İnsanlar/kütlə özü özüyçün tezislər formalaşdırır və özü yaratdığı mühitdə özüyçün hökmlər çıxardır, qərarlar verir və s.

***                              ***                              ***

Dəstək olmaq istəyən idmançı bunu açıq olmasa da edərdi. Maraqlanmışıq, yoxdur elə bir şey. Olmayıb da. Dindirsən, “neçə ailə saxlayıram” (yaxın/uzaq qohum) eşidəcəksən.

Bəli, ölkənin idmançısı da kasıbdı, bilik adamı da. Paylaşım hissi isə kasıblıqla zidd deyil. Bunun itki yox, böyük mənəvi, ruhi qazanc olduğunu dərk eləməkçünsə böyük ürəyə, beyinə, ruha, mənəviyyata, incə hissə, ən əsas isə qanunların işlək olduğu, yüksək intellektli cəmiyyətə sahib olmalısan...

Axi həmişə özündən razı, özünü haqlı sayan Azərbaycanda niyə bu vərdişlər,  gündəlik həyatımız bir yana, ayda ildə bir dəfə olmasın? 

...Yoxdur belə ölkə, Həbib müəllim.


Elçin Cəlilov


oxunma sayı: 1359 | Paylaş:




?>