Yalnız Kintana və Almeyda
Paylaş:
Avropa Liqasında başa çatan 2016/17 mövsümünün statistik göstəriciləri açıqlanıb.
Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" və "Qəbələ" hansısa göstəriciyə görə xüsusi fərqlənməyiblər. Yalnız Ağdam klubunun 2 futbolçusunun çıxışı yüksək qiymətləndirilə bilər. Söhbət legionerlər - braziliyalı Riçard Almeyda və ispaniyalı Dani Kintanadan gedir.
"Sambaçı" turnirin ən dəqiq ötürmə edən futbolçularından olub. Almeydada dəqiqlik göstəricisi 89 fiaz təşkil edib. Onun 423 ötürməsindən 377-si ünvana çatıb.
Bu baxımdan lider Pol Poqba ("Mançester Yunayted") olub. Onun faiz göstəricisi (87) Almeydadan aşağı olsa da, say baxımından hamını qabaqlayıb - 863 dəqiq pas. Ander Errera isə həm faiz, həm də say baxımından Riçarddan üstün olub. 643 ötürmə edən ispaniyalı 91 faizlik dəqiqliklə çıxış edib - 583. "Selta"nın futbolçusu Pablo Ernandez isə üçüncü yeri tutub. Onun 637 ötürməsinin 544-ü dəqiq alınıb (85 faiz).
İlk "onluq"da Davinson Sançes ("Ayaks"), Benedikt Hövedes ("Şalke"), Leoandro Paredes ("Roma"), Mallo ("Selta"), Conni ("Selta"), Bruno Soriano ("Villareal"), Matiya Nastasiç ("Şalke") də yer alıblar.
"Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintana isə Avropa Liqasının ən çox uğurlu driblinq edən futbolçuları sırasında olub. Orta hesabla hər oyun 2.5 uğurlu driblinqlə yadda qalan yarımmüdafiəçi siyahıda ilk "10-luğ"u qapayıb.
Bu göstəriciyə görə lider "Ayaks"ın oyunçusu Amin Yunis olub - 5.1. "Fənərbağça"dan Jermen Lens (4) ikinci, "Genk"in futbolçusu Leon Beyli (3.8) isə iüçüncü nəticəni göstərib.
Kintana həm də mövsümün ən çox məhsuldar ötürmə edən futbolçuları sırasında yer alıb. keçirdiyi 6 matçda 3 assistlə yadda qalan Dani bu göstəriciyə görə 9-20-ci sıraları bölüşüb. O, İbrahimoviç, Runi, Eder kimi ulduz futbolçularla eyni nəticəni göstərib.
Bu göstəriciyə görə liderliyi "Zenit"dən Juliano edib - 6 assist. "Genk"in futbolçusu Pozuelo (5) ikinci nəticəni göstərib. Totti ("Roma"), Taliska ("Beşiktaş"), Traore ("Ayaks"), Marlos ("Şaxtyor"), Ziyek ("Ayaks") və Dokal ("Sparta") 4 məhsuldar ötürmə ilə 3-8-ci yerləri bölüşüblər.
| Paylaş: