')

Bu gün:


FutbolPress.Az | Uşaqlarımız idmançı olsun! (YAZI)

Uşaqlarımız idmançı olsun! (YAZI)


oxunma sayı: 1154 Paylaş:

FutbolPressBuyaxınlarda, siz də məni bağışlayın (xexe), oğlumun 2-ci sinifə keçid imtahanı idi (bu da təzə hoqqadı). Maşallah, namxuda uşaq test imtahanlarından əla qiymət alıb. İlboyu valideyn olaraq çox həyəcan keçirdik, əziyyət çəkdik ki, uşaq dərslərini yaxşı qavrasın, məktəbdə seçilənlərdən olsun – həm müəllimin, həm sinif yoldaşlarının sevimlisi/nümunə olsun. 

Doğrudur, bəzi məqamlar var ki, baş açmadım, açmadıq, açmayacağıq da. Məsələn, 1-ci sinifdə keçirilən dərslərdə “fonetika” da var. Soruşuram ki, nədir bu fonetika? Uşaq deyir: “fone” yunan sözü olub, səs haqqında...”

Dəhşətə gəldim! 1-ci sinif nə bilir/niyə bilməlidir ki, “fone” nədir, yunan kimdir, Yunanıstan haradır və onun səslər haqqında elm nəyinə lazım? Ancaq ümid var.. tapmışıq! Çıxış yolunu bilirik birazdan sizinlə bölüşəcəyik!

***                           ***                        ***

Çox keçməyib üstündən – bizim vaxtımızda bu dərsləri 4-5-ci siniflərdə keçirdilər. İndi bunları 1-ci sinifə tətbiq edib, uşağın məktəb çantasını elə doldurublar ki, onlar bilik öyrənməkdən çox “kitab yüklü eşşək” olurlar...

Deməli, “Həyat bilgisi” adlı dərslikdə 1-ci sinif uşağına ən əcaib misallar, məsəllər “öyrədilir”, bütpərəstlik, nə bilim, mollabaşlıq təbliğ edilir - bir sözlə xəşil. Riyaziyyat isə deyiləsi deyil.
Baxçadan yenicə məktəbə adlamış uşağa  4 ay sonra “məchulu tap” tənliyi verilir. Müəllimlərə soruşanda ki, bu nə hoqqadır, bu nə yükləmədir belə - onlar da şikayətçi olub bizə qoşulurlar: “Hə ee, bu nə proqramdı axı, uşaqların qavrayışı üçün deyil” və s. və i. a.

***                          ***                         ***

Çıxış yoluna keçək. Deməli, İslam Həmrəyliyi Oyunlarında Ruslan Lunyov atıcılıqda 4, ya 5 qızıl medal qazandı. Valideynləri də məşqçisidi. Deməli, hökumətimizin qərarına görə oyunların "qızıl"ını qazanan 150 min, onun məşqçisi isə 50 min manat alacaqdı. Beləliklə, Ruslan adlı novcavan bu oyunlardan ailəlikcə 1 milyondan çox pul götürdü.

Camaatın pulunu saymaq kimi mərəzdən uzağam. Əziyyət çəkib, idmanla məşğul olub, qazanıb. Ancaq bir balaca ciddi söhbət eləyək. Adam səviyyəli idmançı olsaydı, İslam Oyunlarından sonra Münhendə keçirilən Avropa kubokunda, heç olmasa, final mərhələsinə vəsiqə qazanardı (11-ci yer).

Deyəsən, “məchulu” tapmışıq! Ailəlikcə oturub, durub fikirləşdik ki, İslam Həmrəyliyi Oyunlarında 1 döyüş keçirdib, ikincidə uduzan idmançılar da var idi ki, 3-cü yer tutmaqla 50 min manat götürdülər - əla!

Biz uşağı idmana yazdırmalıyıq!

“Fone” səslər haqqında elm olur, ya olmur – özü bilər, “məchulu” da kim necə tapır, tapsın! Biz övladımızı oxumağa yox, idmana yönəldəcəyik! Artıq bu işə başladığımızı da bildirək. İlkin bəhrələri var: 20-25 jim, şpaqat və s. Maşallah! Yaxın gələcəkdə ya güləşə, ya da cüdoya “yazdıracağıq”.

Biz idman ölkəsiyik! Öhhööö!

***                          ***                           ***

Cənab prezidentimiz İlham Əliyev  İslam Oyunlarından sonra dəbdəbəli ziyafət qurdu, idmançıların hamısını topladı ora və onlara vəd olunan mükafatların kartı təqdim olundu. Prezidentlə “selfi” çəkdirməklər və s.

Məsələn, xaricdə bilik olimpiadalarında mükafat qazanmış gəncləri heç belə qəbul edib onlara 150-100-50 min qalsın bir yana, 5 manatlıq mükafat təqdim edibmi? Onlarla “selfi” çəkdirib, cəmiyyətə “bu insanlar nümunədir” mesajı veribmi? Nrç! 

***                             ***                               ***

Bilirsinizmi, hər şey bununla bitmir. Gərək yüz ölçüb, bir biçəsən. Necə? Biz daha dərindən düşünərək qərara almışıq ki, uşağın yaxşı  mənimsədiyi “məchulu tap” tənliyinin həllini, fonetikanı, bir çox məntiqi misalları ona unutduraq.

Burda bir az biclik işlətmişik. Paxıl deyilik, sizinlə də bölüşək bu taktikanı. Deməli, bir xeyli araşdırmadan sonra  gördük ki, azca savadlı idmançı olmaq da yaxşı deyil. Yarışlarda medal götürəndə onu yox, “inşallah”, “maşallah”, “yəni ki” kimi sözlərdən ibarət cümlələri belə doğru qura bilməyənlər daha çox əzizlənir.

Bir sözlə, uşağı elmdən tamamilə azdırıb, zırrama bir idmançı halına gətirəcəyik! İnşallah!

Həm də nəyi pisdi ki? Məktəbdə ona artıq-əskik söz deyəni kəllə qoyub, yatızdırar yerə. Nə də olmasa, polislər də yekəpər, köntöy görünüşlü idmançılara  qarşı rəğbət bəsləyir, onları çox “ilişdirmir”.

Qardaş, “vorzakon” kimi – xəyallar dünyası quracağıq!

Onsuz yaxın və uzaq gələcəkdə ölkəmizdə xeyli beynəlxalq yarışlar keçiriləcək. Məsələn, 2019-cu ildə Yay Universiadası olacaq. Olimpiya Komitəsi də açıqladı ki, Türkiyə ilə birlikdə 2024-cü ildə Yay Olimpiya Oyunlarının keçirilməsinə namizədik. Bir dəfə 2020-ə namizəd olsaq da, alınmamışdı, ancaq axır-əvvəl bunu da tutuzduracağıq. Yay Olimpiya Oyunları Bakıda keçiriləcək!  Ona qədər hələ neçə-neçə müdhiş idman yarışları olacaq. Bu fürsətləri fövtə verəcək qədər əfəl deyilik. Uşağımızı elmə yönəldib, alçaltmayın, əzməyin, çıxdaş eləməyin cəmiyyətdən. Onlara muskul çıxartmağı tərbiyə edin, idmançı olmağı aşılayın.

...Axmaq da varsınız, səfeh də :)


Elçin Cəlilov


oxunma sayı: 1154 | Paylaş:




?>