')

Bu gün:


FutbolPress.Az | Azarkeş komandası

Azarkeş komandası


oxunma sayı: 688 Paylaş:

FutbolPress
“Azarkeş komandaları” ilə bağlı beynəlxalq praktika

İspaniya

Azarkeş komandalarından İspaniyanın “Barselona” klubunu misal gətirə bilərik. İspaniyanın və dünyanın ən güclü, baxılan və sevimli klublarından olan “Barselona” heç kimə məxsus deyil. İstər İspaniyada, istərsə də dünyanın heç bir yerində elə bir fiziki və hüquqi şəxs (şəxslər) yoxdur desin ki, mən “Barselona”nın sahibiyəm. “Barselona” xalq komandasıdır, yəni klubun 160 000 azarkeşi onun birbaşa üzvləridir. “Barselona”nın sahibi, yəni üzvü olmaq istəyən hər bir şəxs aşağıdakı şərtlərə əməl etməklə bu şərəfə nail ola bilər. Həmin şəxs yetkinlik yaşına çatmalı, hər il klub büdcəsinə 150 Avro üzvlük haqqı ödəməlidir. Bu zaman onun milliyyəti, vətəndaşlığı, irqi, dini və yaşı heç bir əhəmiyyət kəsb etmir. Burada bir anı qeyd etməliyəm ki, klubun ən hörmətli üzvləri 75 yaşını haqlamış şəxslərdir. Onlar malik olduqları üzv hüquqlarını saxlamaqla üzvlük haqlarını verməkdən azaddırlar.

Üzv hüquqlarından ən əsası seçmək və seçilməkdir. Prezidentin seçilməsində klubda üzv kimi ən azı 1 il olan bütün üzvlər iştirak edə bilərlər. Bu posta namizədliyini vermək üçün 3 min nəfər üzvün dəstəyinə malik olmaq şərtdi. Hər il klubun bütün üzvlərindən püşkatma yolu ilə illik assambleyanın iştirakçıları seçilir. Assambleyada üzvlər onlar tərəfindən seçilən rəhbərin fəaliyyətini, komandanın çıxışlarını müzakirə edir və mövcud rəhbərin yeni müddətə seçilməsinə layiq olub-olmaması məsələsini müəyyənləşdirirlər. Əgər komandanın nəticələri təqdirəlayiq deyilsə, prezidentə impiçment elan edib yeni seçkilər təyin edə bilərlər. Prezident onun seçildiyi bütün dörd illik müddət ərzində yerində qala bilərsə, o, ikinci müddətə də seçilə bilər. İstənilən halda klub qanunvericiliyi ən yaxşı nəticələr əldə etmiş prezidentə belə üçüncü müddətə seçilməyə imkan vermir.

İngiltərə təcrübəsi



İngiltərədə xalq komandasının yaradılmasına təkan verən hal "Hilsboro" stadionunda baş verən faciə və "Norsempton Taun" klubunun müflisləşməsi oldu. Bu hadisə 15 aprel 1989-cu ildə “Liverpul”la “Nottinqem Forest” arasında olan oyunda baş vermişdi. Hadisə zamanı 96 azarkeş toqquşmalar nəticəsində həlak olmuşdu. Bu insidentin tədqiq olunması məqsədilə hökumət komissiyası yaradılmış və onlar da öz hesabatlarında baş vermiş faciənin səbəblərindən biri kimi klub menecmenti ilə azarkeşlər arasında ünsiyyətin lazımi səviyyədə olmamasını göstərmişlər. Bu sənəd klub və azarkeş münasibətlərini araşdıran ilk və ən mühüm sənədlərdən biri olmuşdur. "Norsempton Taun" klubu və azarkeşlər arasında münasibətlərin inkişafının ən bariz nümunəsi klubun müflisləşməsi zamanı ortaya çıxdı. 1990-cı illərin əvvəllərində “Norsempton Taun” klubunun menecmentinin qeyri-effektiv idarəçiliyi sayəsində klub müflis olmaq həddinə gəldi. Klubun borcları onun illik büdcəsindən iki dəfə çox olan 1,6 mln. funt sterlinqə qədər artmışdı. Bu halı aradan qaldırmaq üçün klubun azarkeşləri öz birliyini yaratdı və öz iclaslarına klub menecmentini dəvət etdilər. Görüş nəticəsində azarkeşlər birliyinin fəaliyyəti aşağıdakı vəzifələrin həll olunmasına yönəldi.

1. Klubun fəaliyyətinin təmin olunması üçün əlavə maliyyələşdirmənin cəlb edilməsi.
2. Klubun inkişaf etdirilməsi məqsədilə azarkeşlərin idarəçiliyə cəlb edilməsi.

“Norsempton Taun” klubunun əsas maliyyələşdirmə mənbəyi ildə 5 funt olan üzvlük haqları oldu. Azarkeşlərin fəaliyyəti demokratik əsasda bir üzv - bir səs prinsipi ilə qurulub. İstənilən azarkeş klubun direktorlar şurasının, menecmentinin, oyunçuların, yerli polisin, stadion menecmentinin də iştirak etdiyi aylıq açıq forumda öz fikrini açıqlamaq və suallar vermək hüququna malikdir.

Öz fəaliyyəti zamanı “Norsempton Taun” klubunun azarkeşlər birliyi qısa zaman çərçivəsində aşağıdakı böyük nəticələr əldə etdi.

1. Birliyin 2 üzvünü Klubun Direktorlar Şurasına daxil etdi;
2. Klub üçün yeni stadionun tikilməsi ilə bağlı pul tapılması üçün köməklik etdi;
3. Azarkeşlərin, klubun, şəhər sovetinin, stadion menecmentinin, polisin və digər maraqlı tərəflərin nümayəndələrini bir şurada birləşdirdi;
4. Klubun tarixi borcunu tam ləğv etdi;
5. Klubun səhmlərinin 7 faizini aldı;
6. Klubun sosial aktivliyini kifayət qədər artırdı.

“Norsempton Taun” klubunun azarkeşlər birliyinin yaradılması İngiltərədə futbolun kommersiyalaşması ilə əlaqədar olaraq ortaya çıxan analoji və aktual vəzifələri həll etmək üçün azarkeşlərin müxtəlif müstəqil birliklərinin yaradılmasına gətirib çıxardı.

Azarkeşlərin fəaliyyətinin əsas nəticəsi əvvəllər müxtəlif barrikadalarda olan azarkeşlər və klub menecmentini vahid cəmiyyət ideologiyası ilə birləşdirmək oldu. Azarkeşlərin klubun həyatındakı rolu yeni bir mərhələyə girdi. İndi hər bir azarkeş özünü klubun gəlir mənbəyi yox, onun fəaliyyətinə təsir edə bilən tam hüquqlu səhmdarı sayırdı. Azarkeşlərin statusunun dəyişdirilməsinin nəticəsi olaraq komandanın oyunlarının baxımlılığı 3 dəfə artıb, azarkeşlər və menecment arasında sosial gərginlik aradan qaldırılıb. Məsələn, klubun menecmenti azarkeşlər qarşısında müəyyən əsaslandırma apardıqdan sonra klubun oyunlarının qiymətini 3 dəfə artırdı və bu da azarkeşlər tərəfindən qəbul olundu.

İngiltərədə futbolun sistemli inkişafını təmin etmək üçün azarkeş birliklərinin fəaliyyətinin effektivliyi aşağıdakı faktlar və rəqəmlərdə özünü göstərir.

1. Hal-hazırda İngiltərə və Uelsdə 71 azarkeş birliyi fəaliyyət göstərir.
2. 36 Birlik öz klublarının Direktorlar şurasına daxildir.
3. Premyer liqanın 20 klubundan 8-i rəsmi qeydiyyata alınmış azarkeşlər birliyinə malikdirlər (o cümlədən “Arsenal” və “Mançester Yunayted”).
4. “Enfild Taun” və “Çesterfild” klubları ilk iki klubdur ki, səhmlərinin nəzarət paketi azarkeşlər birliyinə məxsusdur.

Klubun bazar qiyməti və azarkeşlərin ora cəlb olunması arasında nəzərəçarpacaq asılılıq var. Böyük klublarda azarkeş birlikləri bir qayda olaraq məsləhətçi rol oynayır, kiçik klublarda isə Birliklər idarəetmə prosesində əsas rol oynayırlar. Azarkeşlərin fəaliyyətinin mübahisəsiz mənfəəti aşağıdakılardır:

1. klubların maliyyə stabilliyinin artırılması;
2. azarkeşlərin sayının artması və onların kluba olan loyallığı;
3. azarkeşliyin keyfiyyətinin artırılması;
4. klubun sosial aktivliyinin artması;
5. klubun tarixinin və ənənələrinin saxlanılması və artması;
6. klub menecmenti və azarkeşlər arasında olan konfliktlərin sayının azaldılması.
 
Ölkəmizdə “Azarkeş Futbol Komandası”nın yaradılması yolları




Dünyanın bir sıra futbol ölkələrinin praktikasında “azarkeş komandalarının” yaradılması 3 formada baş verir. 1-ci forma - klublar özləri İctimai Birlik formasında yaradılır və üzvləri qəbul edir. 2-ci forma - klublar Səhmdar cəmiyyət formasında yaradılır və azarkeşlər klubun səhmlərini almaqla kluba sahib olurlar. 3-cü forma - klub azarkeşləri öz birliklərini yaradır və azarkeşi olduğu klubun səhmlərini almaqla və ya ona başqa bir formada dəstək göstərməklə klublarına dayaq olurlar.

Bu istiqamətdə birinci yol ictimai birlik formasında yeni futbol klubunun yaradılmasıdır.

İctimai birliklərin fəaliyyəti Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında 13 iyun 2000-ci il tarixli qanunu ilə tənzimlənir. İctimai birliyin yaradılması mənfəət əldə etməyi nəzərdə tutmur. Birliyin əsas məqsədi ümumi məqsədlərə çatmaq, müəyyən kateqoriya insanların (azarkeşlərin) maraqlarının realizə olunmasına kömək etməkdir.

Qanuna əsasən ictimai birlik hüquqi şəxs statusuna malik olaraq hüquq və vəzifələr əldə edir, o cümlədən

1. əmlak əldə etmək, ona sahiblik etmək və özgəninkiləşdirmək;
2. təsərrüfat cəmiyyətlərinin yaradılmasında və idarə olunmasında iştirak etmək;
3. öz hüquqlarını müxtəlif instansiyalarda, o cümlədən məhkəmədə müdafiə etmək.

İctimai birlik üzvlüyə əsaslanan qeyri-kommersiya təşkilatıdır. Burada üzvlük əsasnamələrə əsasən yeni üzvlər üçün açıq (yəni müəyyən tələblər yerinə yetirildikdən sonra, üzvlük haqqı və başqa hərəkət edildikdən sonra) və ya qapalı ola bilər. Bu zaman bütün məsələlər birliyin Nizamnaməsində və əsasnamələrdə öz əksini tapır.

İctimai birlik onun təsisçiləri tərəfindən yaradılır və dövlət qeydiyyatından keçdikdən sonra hüquq və fəaliyyət qabiliyyətli olur. Bundan sonra Təsisçilər istənilən şəxslərə birliyə üzvlük əsasında daxil olmaq təklifi verə bilərlər. Üzvlər birliyə daxil olduqdan sonra onlar da təsisçilərin malik olduqları hüquqlara malik olurlar yəni layihənin təşəbbüskarı olan Təsisçilər sonradan birliyə daxil olan üzvlərlə eyni hüquqlara malik olurlar. Onu da bir daha vurğulamaq lazımdır ki, birlik yeni üzvlərin Nizamnamənin bir sıra tələblərinə uyğun olaraq üzvlük haqqını vermək tələbini ödəməklə üzvlüyə qəbul edilməsinə hazırdır. Üzv istənilən vaxt öz istəyi ilə birlikdən çıxa və sonradan oraya daxil ola bilər.

Birliyin təsisçiləri və üzvlərindən başqa onların köməkçiləri də olur. Köməkçilər birliyin fəaliyyətində iştirak etməklə, öz fəaliyyətini birliklə rəsmiləşdirmədən ona müxtəlif kömək və xidmətlər göstərməklə birliyi dəstəkləyən fiziki və hüquqi şəxslərdir. Köməkçilərin mövcudluğu və onların hüquqi statusu birliyin Nizamnaməsi və əsasnamələri ilə müəyyən edilir.

Birliyin fəaliyyətini tənzimləyən əsas sənəd onun Nizamnaməsi və əsasnamələridir. Nizamnamənin və əsasnamələrin tələbləri birliyin təsisçiləri və üzvləri üçün məcburi şərtlərdir. Nizamnamənin və əsasnamələrin tələblərinin pozulması üzvlükdən çıxarılma ilə nəticələnə bilər.

Birliyin üzvləri Nizamnaməyə ümumi yığıncaq vasitəsilə dəyişikliklər və əlavələr edə bilərlər, yəni dəyişən şəraitlə bağlı təşkilati, idarəçilik və digər fəaliyyət sahələrinə dəyişikliklər etmək olar.
Birlik qanuni əsasda öz fəaliyyətinin aparılması üçün üzvlük haqları yığır. Üzvlük haqlarının keçirilməsi Nizamnamədə və üzvlük barədə əsasnamələrdə öz əksini tapır. Üzvlük haqqı məcburi və könüllü ola bilər. Könüllü üzvlük haqlarının məbləği dəqiq müəyyən olunmur. Bu zaman böyük məbləğdə üzvlük haqqı vermiş üzvlər əlavə hüquqlar əldə etmirlər.

Üzvlük haqları və bu haqlar hesabına əldə edilən aktivlər birliyin mülkiyyəti sayılır və həmin əmlak üzvlər arasında bölüşdürülmür. Bundan əlavə birlik öz fəaliyyət məqsədlərinə çatmaq üçün sahibkarlıq fəaliyyəti ilə də məşğul ola bilər və bu fəaliyyətdən gəlir əldə edə bilər. Bu gəlir də üzvlər arasında bölüşdürülmür.

Birliyin ali idarəetmə orqanı üzvlərin ümumi yığıncağıdır. Bilavasitə cəmiyyətin idarə olunmasına icra orqanı başçılıq edir.

İctimai Birlik formasında klub (bundan sonra “Futbol klubu”) yaratmaq üçün ilkin olaraq ilk təsisçilər yığışaraq klubu təsis edirlər. “Futbol klubu”nu təsis edən zaman onun adı, hüquqi ünvanı, təsisciləri və pay bölgüsü müəyyənləşməlidir. Bunlar müəyyənləşdikdən sonra “Futbol klubu” Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçir. Dövlət qeydiyyatından sonra “Futbol klubu” möhür düzəltdirir və bank hesabları açır. Bununla da “Futbol klubu”nun yaradılmasının birinci mərhələsi olan qeydiyyat mərhələsi bitir.

İkinci mərhələ “Futbol klubu” üçün veb-səhifənin açılması və növbəti üzvlərin İnternet vasitəsilə qəbul olunmasıdır. Veb-səhifə açıldıqdan sonra “Futbol klubu”na üzv olmaq istəyən şəxslər veb-səhifədə qeydiyyata düşmək və üzvlük haqqını (təxminən ildə 100 manat) ödəməklə daxil ola bilər. Bu şərtləri yerinə yetirdikdən sonra azarkeşlər “Futbol klubu”nun üzvlərinə çevrilirlər. Veb-səhifədə 10000 nəfər qeydiyyatdan keçdikdən və illik üzvlük haqqını ödədikdən sonra “Futbol klubu” fəaliyyətə başlayır. “Futbol klubu”nun üzvlərinin uçotu birliyin üzvləri barədə əsasnaməyə uyğun olaraq vahid reyestrdə aparılır. Həmin reyestrdə aşağıdakı məlumatlar öz əksini tapmalıdır.

Üzvün adı, atasının adı və soyadı;
Veb-səhifə üçün fərdi logini;
Qeydiyyatda olduğu yer və yaşayış yerinin ünvanı, elektron poçtu;
Üzvlük haqqında əsasnamədə üzvlərin reyestri üçün nəzərdə tutulan digər məlumat.

İlkin olaraq müəyyən edilmiş minimum doldurulduqdan və təxminən 100 min manatlıq büdcənin yaradılması ilə “Futbol klubu”nun yaradılması başa çatır və o əsas - 3-cü mərhələyə futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionuna daxil olur.

Bu formada “Futbol klubu”nun yaradılmasının azarkeşlər ücün üstün cəhətləri aşağıdakılardır:

Azarkeş klubun idarə edilməsində iştirak edəcək – o, üzvlük haqlarına görə bir pay və qərarların qəbul olunmasında səs hüququ alır. Üzv, “Futbol klubu”nun fəaliyyətində qərarların qəbul olunması və idarəetmə komitəsində veb-səhifə vasitəsilə səs verməklə iştirak edir. Bundan əlavə üzv “Futbol klubu”nun idarəetmə orqanlarının üzvü də seçilə bilər.

Azarkeş klubun büdcəsinin strukturuna təsir edəcək – klubun büdcəsinin necə olması, necə doldurulması və xərclənməsi məsələlərini müəyyən edəcək.

Azarkeş klubun maddi vəsaitləri hara və necə xərcləyəcəyini müəyyən edəcək – birbaşa olaraq klubun maliyyə siyasətinə təsir edə biləcəklər. Xüsusilə üzvlər büdcə maddələrinin həcmini müəyyən edəcək. Məsələn, “transfer büdcəsi”, “stadion”, “gənclər komandası”, “sosial büdcə” və s.

Layihənin heç bir iştirakçısı digər azarkeşlərdən çox hüquqa malik olmayacaq – hər bir məsələni azarkeşlərin qərarı həll edəcək.

Azarkeş Azərbaycan futbolunda inqilabın iştirakçısına çevriləcək - o, nəinki kluba sahiblik edəcək, eyni zamanda Azərbaycan futbolu üçün yeni idarəetmə sistemini yaradacaq.
(ardı növbəti yazıda)
 
CEYHUN ƏLİYEV (Sport24.az)



oxunma sayı: 688 | Paylaş:





?>