Bu gün:


FutbolPress.Az | Geriyə doğru irəli?  (LAYİHƏ)

Geriyə doğru irəli? (LAYİHƏ)


oxunma sayı: 401 Paylaş:

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihə ilə bağlı növbəti yazıda geridə qalan mövsümdə məhsuldarlıq göstəricilərinə nəzər yetirəcəyik.





 
Gülünc bombardirlik



 
Bunu TPL-in sonuncu – 28-ci turunun “Sumqayıt”la səfər oyununda çempionatın bombardiri adı uğrunda yarışan Filip Ozobiçi meydana buraxmamısının səbəbləri ilə bağlı suala cavab verərkən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk demişdi.
 
Doğrudan da, 11 qolluq bombardirlik bir qədər gülməlidir və Azərbaycan çempionatları tarixi üçün mütləq antirekorddur. Hansı ki, ötən mövsüm məhz bu sayda qolla Rauf Əliyev (“İnter”) və Filip Ozobiç (“Qəbələ”) hamını qabaqladılar. Rəqibindən 1 oyun az keçirən Əliyev yekun siyahıda lider kimi qeyd edildi.
 
1992-ci ildən keçirilən Azərbaycan çempionatında  hələ bu qədər az qolla bombardirlik qeydə alınmamışdı. Buna qədərki ən aşağı nəticə 2000/2001 mövsümündə 13 dəfə fərqlənən Paşa Əliyevə (“Dinamo”) məxsus olub. Ancaq, o, 17 matçda bu qədər fərqlənibsə, Rauf Əliyev mövsümboyu 26, Ozobiç isə 27 oyunda meydana çıxıblar və daha az qola seviniblər.

via GIPHY


Digər aşağı göstəricilər də son mövsümlərə təsadüf edib. 2014/15 sezonunda Nurlan Novruzov “Bakı”nın, növbəti il Dani Kintana “Qarabağ”ın heyətində 15 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub. (Daha bir dəfə belə hal 2001/02 mövsümündə qeydə alınıb: Alay Bəhramov (“Şəmkir”) – 15 qol). Yəqin ki, elə bu get-gedə azalan məhsuldarlığın məntiqi nəticəsi kimi bu il çempionatda mütləq antirekorda şahidlik etdik.

Ən yüksək bombardirlik isə 1992 və 1993/94 mövsümlərində. Nazim Əliyev (“Xəzər” Sumqayıt) və Musa Qurbanov (“Turan”) müvafiq olaraq, 30 və 35 qolla ən məhsuldar oyunçular olublar.

 
Bütün mövsümlər üzrə ən yaxşı bombardirlər cədvəli

M F K Q O
1992 Nazim Əliyev Xəzər (Sumqayıt) 39 33
1993 Samir Ələkbərov Neftçi 16 17
1993/94 Musa Qurbanov Turan 35 29
1994/95 Nazim Əliyev Xəzər, Neftçi 26 24
1995/96 Fazil Pərvərov Kəpəz 23 26
1996/97 Qurban Qurbanov Neftçi 34 29
1997/98 Nazim Əliyev Dinamo, Sumqayıt 23 23
1998/99 Alay Bəhramov Viləş 24 28
1999/2000 Badri Kvaratsxeliya Şəmkir 16 21
2000/01 Paşa Əliyev Dinamo-Bakılı 13 17
2001/02 Alay Bəhramov Şəmkir 15 23
2003/04 Samir Musayev Qarabağ-Azərsun 20 23
2004/05 Zaur Ramazanov Karvan 21 26
2005/06 Yakuba Bamba Karvan 16 22
2006/07 Zaur Ramazanov Xəzər Lənkəran 20 24
2007/08 Xaqani Məmmədov İnter 19 23
2008/09 Valter Quqlemon İnter 17 24
2009/10 Fərid Quliyev Standard 16 29
2010/11 Georgi Adamiya Qarabağ 18 30
2011/12 Bahodir Nasimov Neftçi 16 29
2012/13 Nikolas Kanales Neftçi 26 31
2013/14 Reynaldo Silva Qarabağ 22 31
2014/15 Nurlan Novruzov Bakı 15 30
2015/16 Dani Kintana Qarabağ 15 32
2016/17 1.     Rauf Əliyev
2.     Filip Ozobiç
1.     İnter”
2.     İnter
1. 11
2. 11
1. 26
2. 27
 
 
 
Ümumi məhsuldarlıq da aşağıdır
 
Bombardirin bu qədər az fərqlənməsi təbii ki, həm də ümumi məhsuldarlığın aşağı olmasının göstəricisidir. Bir müddət öncə CIES təşkilatının hazırladığı statistikada məlum olmuşdu ki, Azərbaycan  Premyer Liqası siyahıya düşən 31 çempionatdan yalnız Rusiya və İsrail liqalarını qabaqlayır.

Premyer Liqada ötən mövsüm baş tutan 112 matçda qapılara ümumilikdə 251 qol vurulub. Bu isə hər oyuna orta hesabla 2.24 qol deməkdir. Müqayisə üçün qeyd edək ki, Avropanın ən məhsuldar çempionatı sayılan İsveçrə Super Liqasında bu göstərici 3.4-dür.

Keçən mövsüm Premyer Liqada ən çox fərqlənən komandalar “Qəbələ” və “Qarabağ” olub. Onlar müvafiq olaraq, 48 və 46 qola seviniblər. 3-cü “İnter” 39 dəfə rəqib torunu silkələyib. Bu baxımdan ən aşağı göstərici I Diviziona yuvarlanan AZAL-dadırsa (13 qol), “Kəpəz” və “Neftçi” də hərəyə cəmi 24 dəfə fərqləniblər.

Elitada ən bol qollu qarşılaşmalar da “Qəbələ” və “Qarabağ”ın payına düşür. Mövsüm ərzində 1 oyunda ən çox 8 qol qeydə alınıb ki, bu, 4-cü turun “Neftçi” – “Qəbələ” görüşü olub. 8 topun hamısı “ağ-qaralar”ın qapısına vurulub. Həmin turun “Qarabağ” – AZAL matçı məhsuldarlığına görə mövsümün 3-cü oyunu olub. “Süvarilər” 6 dəfə topu tora qovuşdurublar və “təyyarəçilər”dən cavab gəlməyib. 2-ci göstərici isə yenə “Qəbələ”nin oyununa təsadüf edib. 27-ci turun “Qəbələ” – “İnter” matçında 7 qol vurulub – 4:3.

via GIPHY


 
Susqun hücumçular
 
TPL-n son mövsümü klubların hücum xəttində yer alan oyunçuların məhsuldarlığının aşağı olması ilə də diqqət şəkib. 251 qolun 86-nı ampluaca hücumçular vurublarsa, 115 dəfə yarımmüdafiəçilər fərqləniblər. Müdafiə xəttinin aktivində 42 qol var. 8 dəfə isə oyunçular qapıları səhv salıblar.

Hücumçuları ən çox fərqlənən “Qəbələ” (20), ən az qol vuran isə “Zirə” (4) olub. Ancaq qəsəbə təmsilçisinin yarımmüdafiəçiləri məhsuldarlıqları ilə öyünə bilərlər. Onlar bu göstəricidə “Qarabağ”ın orta xətt oyunçuları ilə eyni göstəriciyə malikdirlər – 20 qol. Yarımmüdafiəçiləri ən az fərqlənən AZAL-dır (6).

Müdafiə xəttindəki ən aşağı məhsuldarlıq isə “Neftçi”dədir. “Ağ-qara”ların arxa xətt oyunçuları cəmi 1 qol vurmağı bacarıblar. Bu baxımdan ən yaxşı göstərici “Qəbələ” yə məxsus olub – 7 qol.

“Neftçi”nin müdafiəçiləri avtoqollarla “fərqləniblər”. Ümumiyyətlə, bu komandanın oyunçuları 5 dəfə qapıları səhv salıblar ki, bunlardan 3-ü stoper Jayronun “aktivinə düşür”, digər uğursuz toxunuşlar sol cinah müdafiəçisi Georgi Navalovski və dayaqda oynayan Ruslan Abışovdan gəlib. “İnter”də Skarlatake və Denis Silva, “Kəpəz”dən isə Renan Alveş avtoqol müəllifi olublar.

Bir qədər əvvəlki statistikaya, yəni hücumçuların az fərqlənməsinə qayıtsaq, bunun səbəbləri kimi ilk növbədə - nə qədər banal ifadə olsa da – ümumi ustalıq səviyyəsinin aşağı olması qeyd edilməlidir. Hücumçuların hər oyun əllərinə düşən imkanlarıl sağa-sola xərcləməsə Premyer Liqada adi hal idi. Digər tərəfdən baş məşqçilər adətən meydana yalnız bir nominal hücumçu buraxırdılar. Nadir hallarda 2, 3 hücumçulu sistem müşahidə edilib. (Ən çox 4-2-3-1, 4-1-4-1 taktiki sxemləri istifadə olunub). Bu isə özlüyündə artıq ümumi məhsuldarlığın aşağı olması və rəqib müdafiəçilər arasında tək qalan hücumçuların az qol vurması üçün ciddi səbəbdir. Məşqçilərin daha çox qapının toxunulmazlığını qorumaq barədə düşünməsi belə mənzərənin yaranmasında əsaslardan biridir.


Qeyd: Oyunçuların ampluaları TPL-in rəsmi saytına uyğun qeyd olunub



Stadion amili
 
Premyer Liqada məhsuldarlığın aşağı olmasının səbəblərindən biri kimi stadionları qeyd etmək olar. Məsələ burasındadır ki, əksər arenaların örtüyü idealdan çox uzaqdır və həmin meydançalarda oynamaq qəliz işə çevrilib. Meydançaların belə vəziyyəti həm məhsuldarlığı aşağı salır, həm də bir çox hallarda oyunçuların zədələnməsinə səbəb olur. Xüsusilə, bu baxımdan Gəncə şəhər stadionuna diqqət emək yerində olar.

Mövsümün müəyyən hissəsində hətta az qala şumlanmış əraziyə oxşayan stadionun meydançası Premyer Liqada ən az qol vurulan “arena” olması ilə diqqət çəkib. Gəncə şəhər stadionunda keçirilən 14 matçda azarkeşlər cəmi 18 qola şahidlik ediblər. Bu isə hər oyun üçün orta məhsuldarlığın 1.28 olması deməkdir.

“Kəpəz”in ev oyunlarını keçirdiyi stadionun özünəməxsus statistikası var – ordakı bütün oyunlara 2-dən az qol vurulubb. Başqa heç bir stadionda belə göstərici yoxdur. Təkcə bir statistika bu stadionun futbol oynamaq üçün yox, antifutbola, rəqibə oynamağa imkan verməməyə yaradığının göstəricisidir. Təsadüfi deyil ki, həmin meydançaya öyrəşən “Kəpəz” ev oyunlarında cəmi 4 qol buraxdığı halda, səfər matçlarında bundan az qala 6 dəfə artıq – 23 halda topu öz qapısında görüb (təbii ki, doğma azarkeş və s. amillər də var). Buna oxşar olaraq ev oyunlarında 18 qol qeydə alınan “sarı-göylərin” səfər görüşlərində 33 top vurulub (Yeri gəlmişkən, artıq Gəncə şəhər stadionunun örtüyü dəyişdirilməyə başlanıb. Yəqin ki, növbəti mövsümdə bu stadionda futbol oynamaq üçün daha əlverişli vəziyyət olacaq).


***     ***     ***


Məhsuldarlıq baxımından ümumi mənzərə onu deməyə əsas verir ki, dünyada futbol sürətləndikcə, Azərbaycanda bunun əksi baş verir - komandalar müdafiəyə daha çox diqqət edir, qol vurmağa, hücum futbolu oynamağa meyllilik azalır. Bunun obyektiv və subyektiv səbəblərini nəzərdən keçirdik. Premyer Liqadakı belə vəziyyət yəqin ki, klubların qitəmiqyaslı turnirlərdə çıxışında özünü göstərəcək. Çünki Avropada yalnız müdafiə olunmaq artıq kifayət etmir. Mövcud durum isə o qədər də ürəkaçan deyil. Demək olar, hər il geriləmə müşahidə edilir.


Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb






oxunma sayı: 401 | Paylaş: